Azərbaycanda qeyri-neft sektorunun inkişafına prioritet istiqamət kimi diqqət yetirilir

Azərbaycanda aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəlməsinə, neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da sürətli inkişafına, yoxsulluğun azalmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşılmasını təmin edib.  

Respublikada elmi əsaslara söykənərək hazırlanan regional dövlət proqramlarının uğurla reallaşdırılması nəticəsində ölkəmizin dünyadakı nüfuzu durmadan artıb, regionun siyasi, iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilib. 

Azərbaycanda neftdən əldə olunan gəlirlər hesabına infrastrukturun modernləşdirilməsi, qeyri-neft iqtisadiyyatına sərmayə yatırılması, ümumi daxili məhsulun həcmindən artıq strateji valyuta ehtiyatlarının yaradılması, biznes mühitinin daha da yaxşılaşması və ölkəmizin beynəlxalq tranzit imkanlarının çoxalması nəticə etibarilə iqtisadi inkişafa təkan verib. 2014-cü ildən etibarən isə beynəlxalq iqtisadi sistemdə baş verən proseslərin yekunu olaraq neftin qiymətinin kəskin ucuzlaşması, eyni zamanda, Azərbaycanın ticarət tərəfdaşları olan ölkələrdə böhran nəticəsində iqtisadi artımın dinamikasının azalması nəticə etibarilə respublikamızda iqtisadi inkişafa dair yeni yanaşmaların ortaya qoyulmasını zəruri edib. Bu zaman qarşıya qoyulan əsas vəzifə qeyri-neft sektorundakı mövcud potensialın hərəkətə gətirilməsi, bu sahədə dinamik inkişafın təmin edilməsi üçün yeni iqtisadi islahatların həyata keçirilməsi olub.

Xatırladaq ki, 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərindən başlayaraq bu istiqamətdə yeni islahatların həyata keçirilməsinə start verildi. Qeyri-neft istehsalının stimullaşdırılması, sahibkarlıq fəaliyyətinə daha münbit şəraitin yaradılması, o cümlədən kənd təsərrüfatında ölkəmizə valyuta gətirə biləcək sahələrin inkşafı üçün təxirəsalınmaz addımlar atıldı. Dövlət başçısının imzaladığı fərman və sərəncamlar, Milli Məclisin, Nazirlər Kabinetinin qəbul etdiyi müvafiq qanun və qərarlar yeni iqtisadi islahatların hüquqi bazasını təşkil etdi.

Reallıq göstərir ki, aparılan iqtisadi islahatlar nəticəsində son illər sözügedən sahədə mühüm nailiyyətlər əldə olunub, qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi artıb, rəqabətqabiliyyətli malların istehsalı genişlənib.

Dövlət başçısı qeyri-neft sektorunu, xüsusən də kənd təsərrüfatı və emal sənayesini ölkənin gələcək inkişafında əsas prioritet sahələr kimi göstərib, bununla bağlı hökumətin qarşısında ciddi tələblərin qoyulduğunu, görüləsi işlərin çox olduğunu bəyan edib: “Əlbəttə ki, indiki şəraitdə qeyri-neft sektorunun inkişafı daha da böyük prioritet olmalıdır. Mən qeyri-neft sektorunun inkişafı haqqında artıq neçə ildir ki, həm deyirəm, həm də praktik addımlar atılır. Regionların inkişafı, regionlarda infrastrukturun, sosial infrastrukturun yaradılması, yolların, qaz xətlərinin, elektrik stansiyalarının, kənd yollarının tikintisi, müəssisələrin, iş yerlərinin yaradılması - bütün bunlar son illər Azərbaycan reallıqlarını əks etdirir. Əgər vaxtilə qeyri-neft sektorunun inkişafı ilə məşğul olmasaydıq, bu gün biz ölkə daxilində olan tələbatı heç ödəyə də bilməzdik”.

Aparılan iqtisadi islahatlar, həyata keçirilən sənayeləşmə siyasəti, qeyri-neft sektoruna verilən dövlət dəstəyi nəticəsiz qalmır. Bu, Dövlət Statistika Komitəsinin açıqladığı son rəqəmlərdən də aydın görünür. Belə ki, bu ilin 5 ayı ərzində ölkə üzrə 25 milyard 338,7 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Hesabat dövründə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər istehsalı 2,3 faiz artıb və ÜDM-də onun xüsusi çəkisi 58,9 faizə yüksəlib. 

Statistika Komitəsinin hesabatında, həmçinin bildirilir ki, göstərilən müddətdə əlavə dəyərin 44,1 faizi sənaye, 10,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,3 faizi tikinti, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,3 faizi kənd və meşə təsərrüfatları, balıqçılıq, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə, 14,5 faizi digər sahələrdə istehsal edilib. Bu dövrdə məhsula və idxala xalis vergilər ÜDM-in 7,1 faizi həcmində olub. Əhalinin hər nəfərinə 2610,3 manat ÜDM düşüb. Sənayenin qeyri-neft sektorunda 3,9 faiz artım müşahidə olunub. 

Hesabata görə, cari ilin yanvar-may aylarında ölkə üzrə əsas kapitala 5 milyard 671,7 milyon manat vəsait yönəldilib. Bu dövrdə qeyri-neft sektorunun inkişafına sərf edilən vəsaitin həcmi də kifayət qədər yüksəkdir - 338,8 milyon manat.

Azərbaycanda qeyri-neft sektorunun inkişafına mühüm təsir göstərən sahələrdən biri də aqrar sahədir. Ölkə rəhbəri İlham Əliyevin intensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönələn siyasəti,  həyata keçirilən dövlət dəstəyi tədbirləri də öz uğurlu nəticəsini verib, bu, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olub. 

Bu gün əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkəmizdə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində bölgələrdə müasir infrastruktur qurulur, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilir.

Dövlət fermerlər üçün bir sıra güzəştlər müəyyən edib. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad ediliblər. Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət subsidiyalar verir.

Ölkə Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilən ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsinin reallaşdırılması da qeyri-neft sektorunun, eləcə də sənayenin inkişafına təkan verəcək. Xatırladaq ki, adıçəkilən xəritə qeyri-neft sektorunda müşahidə edilən proseslərə çevik adaptasiya, habelə  postneft iqtisadi inkişaf modelinin dəstəklənməsi üçün sənayenin qarşısında duran yeni çağırışlar və imkanlar nəzərə alınmaqla hazırlanıb. Bu zaman ağır sənaye və maşınqayırmanın  rəqabətqabiliyyətliliyi, innovativliyi və iqtisadi inkişafı dəstəkləməsi prinsipləri diqqət mərkəzində saxlanılıb.

Sözügedən Strateji Yol Xəritəsində bildirilir ki, əsas müddəaları   ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən sosial-iqtisadi siyasətin həyata keçirilməsi nəticəsində ölkə iqtisadiyyatı son on ildə sürətlə inkişaf edib, iqtisadiyyatın diversifikasiyası neft amilindən asılılığı azaldıb, iqtisadi artımda qeyri-neft sektorunun payı yüksəlib.

2008-ci ildən başlayaraq dünyada gedən iqtisadi proseslər yerli müəssisələrin rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının dinamik inkişafını və insan kapitalından səmərəli istifadəni gerçəkləşdirmək istiqamətində islahatların daha da dərinləşdirilməsini zəruri edib. Bununla əlaqədar, iqtisadiyyatın prioritet sektorlarının, beynəlxalq məsləhətçilər də cəlb olunmaqla, hərtərəfli təhlili nəticəsində sahəvi yanaşmanın tətbiqi və müvafiq sahələr üzrə spesifik təkliflərin hazırlanması üçün ardıcıl işlər görülüb.

Bu dövrdə neft-qaz sektorundan əldə edilən gəlirlərin bir hissəsi sənayenin müxtəlif sahələrinin inkişafına yönəldilib, regionlarda sənaye strukturunun optimallaşdırılması üçün dövlət proqramları tərtib olunub, ümumi infrastrukturun yaxşılaşdırılması, yeni istehsal obyektlərinin açılması üçün çoxsaylı layihələr icra edilib. Sənayenin inkişafında ölkədə yaradılan əlverişli biznes mühitinin, həmçinin sahibkarlığın tənzimlənməsi sahəsində mühüm qərarların böyük rolu olub. Ötən illər ərzində sənaye strukturunda tədricən optimallaşdırma prosesləri gedib, mədənçıxarma sektorunun payı azalıb,  emal sektorunun payı isə artıb.   

Strateji Yol Xəritəsinin icrası nəticəsində sənayenin strukturu təkmilləşdiriləcək, qeyri-neft sənayesi iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən birinə çevriləcək, ağır sənaye və maşınqayırmanın sənayedə və məşğulluqda payı artacaq, ümumi iqtisadi potensial 2020-ci ildən sonrakı dövr üçün nəzərdə tutulmuş məqsədlərin reallaşdırılması üçün hazır vəziyyətə gətiriləcək, yəni mövcud resurslardan optimal istifadəyə, habelə müəssisələrdə səmərəli istehsal metodlarının tətbiqinə başlanacaq.

Qeyri-neft sənayesinin inkişafına mühüm təsir göstərəcək sənaye məhəllələrinin yaradılması da bu gün diqqət mərkəzində saxlanılır. Xatırladaq ki, yaxın və uzunmüddətli perspektivdə texnoparkların inkişafını stimullaşdırmaq üçün ölkənin vergi qanunvericiliyində sənaye və texnologiyalar parkında çalışan fiziki və hüquqi şəxslərə, eləcə də parkların idarəedici təşkilat və operatorlarına gəlir, mənfəət, ƏDV, əmlak və torpaq vergiləri üzrə 7 illik güzəştlər nəzərdə tutulub. 

Prezident İlham Əliyev deyib ki, sənayenin inkişafı ilə bağlı hazırda texnoparklar yaradılır, dövlət burada da öz üzərinə böyük məsuliyyət götürür, böyük maliyyə töhfəsini verir. Çünki texnoparkların yaradılması, infrastrukturun qurulması, yolların çəkilməsi dövlət hesabına olan məsələlərdir. Bütün bunlar dövlət büdcəsi hesabına özəl sektorun səmərəli fəaliyyəti məqsədilə həyata keçirilir. 

“Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın  əsas istiqamətlərindən biri də sənaye və texnologiyalar parklarının, eləcə də sənaye məhəllələrinin yaradılmasıdır. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə 2011-ci ildə Sumqayıt Kimya Sənaye Parkı və Balaxanı Sənaye Parkı, 2012-ci ildə Yüksək Texnologiyalar Parkı təşkil edilib. Görülən işlərin davamı kimi 2015-ci ildə də ölkədə yeni sənaye zonalarının yaradılması ilə bağlı tədbirlər həyata keçirilib. Hazırda isə Mingəçevir Sənaye Parkı, Mingəçevir Yüksək Texnologiyalar Parkı, Qaradağ Sənaye Parkı və Neftçala Sənaye Məhəlləsi yaradılır.

Dövlətimizin başçısı cənab İlham Əliyev vurğulayıb ki, hazırda Azərbaycanın qarşısında duran ən mühüm strateji məqsəd ölkəmizin müstəqilliyini bundan sonra da gücləndirmək və respublikamızı  dünyanın ən inkişaf etmiş və rəqabətə davamlı dövlətləri səviyyəsinə yüksəltməkdir. Buna görə də müasir dünyanın çağırışları da nəzərə alınmaqla, regionlardakı sürətli inkişaf davam etdiriləcəkdir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”nın və digər böyük layihələrin icrası qeyri-neft sektorunun davamlı inkişafına şərait yaradacaq, ictimai xidmətlər və sosial infrastruktur daha da təkmilləşəcək , eyni zamanda,  Azərbaycan dünyanın aparıcı ölkələri sırasına çıxacaqdır.

 Son illərdə əldə edilən uğurlar deməyə əsas verir ki, 2017-ci il də Azərbaycan iqtisadiyyatının inkişaf ili olacaq. Səmərəli iqtisadi islahatların həyata keçirilməsi davam etdiriləcək.  İqtisadiyyatın şaxələndirilməsi prosesinin başa çatdırılması istiqamətində mühüm tədbirlər reallaşdırılacaq. Hazırda ölkəmizin ümumi daxili məhsulunun 70 faizi qeyri-neft sektorunun payına düşür. Bu gün qarşıda duran əsas məqsəd ixracın şaxələndirilməsidir. Azərbaycan artıq Dünya İqtisadi Forumunun Qlobal Rəqabət Qabiliyyətliliyi İndeksinə görə 37-ci yerdədir (MDB ölkələri sırasında 1-ci yerdə) və ölkəmiz bu uğuru daha da möhkəmləndirmək əzmindədir.

 Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında