“Azərsu” kəndlərdə yeni layihələrin icrasına başlayıb

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq içməli sudan əziyyət çəkən kəndlərdə yeni layihələrin icrasına başlayıb.

“Azərsu” Açıq  Səhmdar Cəmiyyəti ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə qısa müddətdə layihələr hazırlanıb, yeni su mənbələri və infrastruktur imkanları müəyyənləşdirilərək tikinti-quraşdırma işlərinə başlanıb. Sərəncama uyğun olaraq hazırda 40-dan çox kənddə layihələrin icrası intensiv şəkildə davam etdirilir.

Lənkəran rayonunda həyata keçirilən layihə 7 kəndi əhatə edir. Layihə çərçivəsində rayonun Səpnəkəran, Yuxarı Nüvədi, Lüvəsər, Kosalar, Bala Şürük, Tütəpeştə, Gərmətük kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulub.

Lənkəran rayonunun kəndlərinə içməli su 2013-cü ildə istismara verilmiş və məhsuldarlığı sutkada 30 min kubmetr olan Xanbulançay sutəmizləyici qurğusundan veriləcəkdir. 7 kəndi su ilə təmin etmək üçün 36 kilometr uzunluğunda magistral kəmərlərin tikintisinə başlanıb, artıq kəmərlərin 15 kilometrlik hissəsində işlər yekunlaşıb. Magistral kəmərlərin tikintisi başa çatdıqdan sonra kəndlərdə bulaqlar quraşdırılacaqdır. Tikinti-quraşdırma işlərinin 2017-ci ilin avqustunda tam başa çatdırılması nəzərdə tutulur. Bununla da Lənkəran rayonunun 7 kəndinin 12 mindən artıq sakini keyfiyyətli içməli su ilə təmin olunacaq. Bu layihənin davamı olaraq növbəti mərhələdə daha 8 kəndin içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulur. 

Qeyd edək ki, Xanbulançay sutəmizləyici qurğusu Lənkəran, Astara şəhərləri və bu rayonların kəndlərinin dayanıqlı və keyfiyyətli içməli su təminatının aparılmasına hesablanıb.

Xatırladaq ki, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq 22 rayonun 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemləri yaradılacaq. Bu layihələrin icrası nəticəsində həmin kəndlərdə 267 min nəfər içməli su ilə təmin olunacaq. Layihələrin həyata keçirilməsi məqsədilə dövlət büdcəsindən “Azərsu” ASC-yə  14 milyon manat ayrılıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında