Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində Azərbaycanın perspektivli və potensial üstün sahələri müəyyənləşdirilib, 2025-ci il və sonrakı dövr üçün görüləcək tədbirlərin yol xəritəsi göstərilib. Orta və uzunmüddətli dövrləri əhatə edən sənədlər iqtisadi inkişafa töhfə verən bütün amilləri, o cümlədən yerli və beynəlxalq özəl sektor nümayəndələrinin kommunikasiyası və əməkdaşlığı üçün imkanlarının təmininə yönəlib.
Xatırladaq ki, qlobal miqyasda baş verən iqtisadi böhrandan Azərbaycan analoji problemlərlə üzləşən ölkələr arasında az itkilərlə çıxan dövlətdir. Cari ilin beş ayının sosial- iqtisadi qiymətləndirməsi də deməyə əsas verir ki, respublikamızda maliyyə sabitliyinin təmini yönümündə həyata keçirilən tədbirlər praktik baxımdan özünü doğruldub. Əvvəlki illərdə yaradılan möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılıb. Ötən dövrün pozitiv nəticələri respublika iqtisadiyyatının yalnız neft amilindən asılılığı barədə indiyədək irəli sürülən müəyyən iddiaların əsassızlığını tam sübuta yetirib.
Azərbaycanda qeyri-neft sektorunun davamlı inkişafı, sahibkarlığa göstərilən diqqət beynəlxalq miqyasda təqdir olunur. Bir müddət əvvəl Azərbaycan ABŞ-ın www.usnews.com portalının və Pensilvaniya Universitetinin birgə təşkilatçılığı ilə keçirilən sorğunun nəticələrinə görə, dünyanın ən yaxşı ölkələrinin reytinqində yer alıb. Reytinqdə ölkələr turizm sektorunun inkişafı, innovasiyalar, mədəniyyət, iqtisadi artım, əlverişli biznes mühiti və tarixi irs meyarları üzrə seçilib. Dünyanın 36 ölkəsində 20 min nəfər arasında aparılan sorğunun nəticələrinə görə, Azərbaycan ən yaxşı 80 ölkə arasında 69-cu yerdə qərarlaşıb. Dünya Bankının 190 ölkənin biznes mühitini qiymətləndirən “Doing Business 2017” hesabatında isə Azərbaycan 65-ci pilləni tutub. Hesabata əsasən, Azərbaycan dünyada üç və daha çox islahat aparan 29 ölkədən biridir.
Prezident İlham Əliyev Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə keçirdiyi rəsmi qəbulda deyib: “Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliyinə görə dünyada 37-ci yerdədir. Baxmayaraq ki, beynəlxalq maliyyə böhranı bizə də təsir etdi. Baxmayaraq ki, neftin qiymətinin aşağı düşməsi, təbii ki, gəlirlərimizə mənfi təsir etdi. Artıq Azərbaycan iqtisadiyyatı mövcud vəziyyətə adaptasiya olundu, milli valyutamız sabitləşdi, qeyri-neft ixracımız artır. Dörd ayın iqtisadi göstəriciləri çox müsbətdir. Bizim valyuta ehtiyatlarımız, ticarət dövriyyəsi artıb. Ticarət dövriyyəsində müsbət saldo 1,2 milyard dollara çatıbdır. Ticarət dövriyyəsi 11 faiz, ixrac 41 faiz, qeyri-neft ixracı 22 faiz, kənd təsərrüfatı ixracı 44 faiz artmışdır.
Azərbaycanda bugünkü maliyyə və iqtisadi vəziyyət sabitdir, dayanıqlıdır. Bütün büdcə proqnozları yerinə yetirilir. Mən nə bu il, nə gələn il ölkə iqtisadiyyatı üçün heç bir problem görmürəm. Xüsusilə nəzərə alsaq ki, bizim valyuta ehtiyatlarımız da artır, bu il də artıbdır. Valyuta ehtiyatlarımız xarici borcdan 4-5 dəfə çoxdur. Ona görə, istənilən ölkə, bax, bu vəziyyəti özü üçün arzulaya bilər”.
Azərbaycan bu gün qeyri-neft sektoruna əsaslanan iqtisadi inkişaf modelini prioritet seçib. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı, sənaye müəssisələrinin yaradılması, respublikamızın xammal ixrac edən respublikadan elmtutumlu sənaye və informasiya texnologiyaları istehsalçısına, münbit turizm məkanına çevrilməsi məqsədinin reallığa çevrilməsi üçün bütün imkanlar səfərbərliyə alınıb. Xüsusən də regionların sosial-iqtisadi inkişafı tədbirlərinin genişlənməsi ölkəmizin sənaye potensialının gücləndirilməsi zərurətini ön plana çıxarıb və bu istiqamətdə müəyyən addımlar atılıb.
Azərbaycan iqtisadiyyatının hədəfi çoxşaxəliliyin təmin olunmasıdır. Məhz bu məqsəd hazırda kənd təsərrüfatının, turizmin, informasiya texnologiyalarının və bir çox digər sahələrin inkişafına təkan verib. Məsələn, burada diqqəti bir fakta yönəldək. Müstəqilliyin ilk illərində xaricdən elektrik enerjisi alan ölkəmiz indi bu sahədə ixracatçıya çevrilib. 2004-cü ildən bu günədək 26 elektrik stansiyası tikilib ki, onların da ümumi istehsal gücü 2400 meqavatdır. Həmin vaxtdan indiyədək ölkənin ərazisində 11 min kilometr avtomobil yolu tikilib. Buraya həm magistral, həm də şəhərlərarası və kənd yolları daxildir.
Kənd təsərrüfatını stimullaşdırmaq üçün böyük həcmli meliorasiya tədbirləri görülüb. Yüz minlərlə hektar torpağın meliorasiya vəziyyəti yaxşılaşdırılıb və suvarılan sahələr dövriyyəyə buraxılıb. Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə nəhəng su anbarları tikilib.
Azərbaycanda istifadəyə verilən hər bir obyekt, hər bir müəssisə yeni-yeni iş yerləri deməkdir. Məsələn, Sumqayıt Kimya Sənaye Parkındakı “Azertexnolayn” zavodunda 750 nəfər işlə təmin olunub. Bu nəhəng parkda açılacaq yeni müəssisələr növbəti illərdə daha yüzlərlə insanın öz məşğulluq problemini həll etməsinə imkan verəcək. Keçən il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 8 mindən çox yeni iş yerləri açılıb.
Azərbaycanın iqtisadi uğurlarının mühüm amillərindən birini xarici iqtisadi əlaqələrinin inkişafı, tədiyyə balansının müsbət saldosu təşkil edir. İxracın həcmi artıq neçə illərdir ki, idxalın həcmini əhəmiyyətli dərəcədə üstələyir. Ölkəmizdə ixracyönümlü istehsalın genişləndirilməsi istiqamətində görülən işlər ixracın strukturunun təkmilləşməsini təmin edir. Məsələn, təkcə bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 4,12 milyard dollar olub. İdxalın həcmi 1,51, ixracın həcmi isə 2,61 milyard dollar təşkil edib. Bu dövr ərzində Azərbaycan 149 ölkə ilə ticarət sahəsində qarşılıqlı əməkdaşlıq edib və xarici ticarət saldosu müsbət 1,2 milyard dollar olub. Bu ilin dörd ayında isə Azərbaycan ixracı 41 faiz artıb.
Siyasi sabitlik, zəngin təbii ehtiyatlar və iqtisadi potensial, yaradılmış əlverişli biznes və investisiya mühiti, müasir infrastruktur, əlverişli coğrafi mövqe, zəngin mədəniyyətimiz, beynəlxalq aləmdə etibarlı tərəfdaş olması ölkəmizi investisiya qoyuluşu üçün cəlbedici məkana çevirib.
Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı qeyd edib ki, indiki qlobal böhran şəraitində ölkəmizin dayanıqlı inkişafı təmin olunub. Prezident, həmçinin ölkəmizdə yaradılan nəqliyyat infrastrukturunun Azərbaycan üçün əhəmiyyətini vurğulayıb: “Bu ilin əvvəlindən nəqliyyat sektorunda da yaxşı nəticələr var. Xüsusilə qeyd etməliyik ki, Astaraçay çayı üzərində tikdiyimiz körpü vasitəsilə bu ilin mart ayında Azərbaycandan İrana artıq birinci qatar keçib. Biz “Şimal-Cənub dəhlizi” ilə bağlı ərazimizdə olan bütün işləri yekunlaşdırdıq. Əminəm ki, bu il Şimal-Cənub layihəsinin icrasında birgə səylərlə müsbət irəliləyiş olacaq. O ki qaldı Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə, Türkiyə tərəfi artıq bir neçə dəfə rəsmi qaydada bəyan edib ki, bu il bu layihə də istifadəyə veriləcək. Bilirsiniz ki, Azərbaycan bu layihə ilə bağlı öz üzərinə düşən bütün vəzifələri artıq icra edib”.
Məlumdur ki, Azərbaycan dəmir yolları ölkəmizin digər nəqliyyat infrastrukturları ilə birgə artıq bir neçə iri beynəlxalq layihənin təşəbbüskarı və iştirakçısıdır. Ötən ilin sonunda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Assosiasiyası yaradılıb. Marşrutda vahid qiymətlər və vahid pəncərə sistemi tətbiq olunub.
Hazırda “Şərq-Qərb dəhlizi”ndə alternativ marşrutların hazırlanması istiqamətində işlər aparılır. Çinin cənub rayonlarından Avropaya nəql olunan yüklərin Qırğızıstan, Özbəkistan və Türkmənistandan keçməklə Azərbaycana və daha sonra Avropa ölkələrinə daşınması nəzərdə tutulan yeni marşrutların yaradılması istiqamətində də danışıqlar aparılır.
Şimal-Cənub beynəlxalq nəqliyyat marşrutunun inkişaf etdirilməsi üçün Rusiya, Azərbaycan və İran dəmir yolları administrasiyalarının birgə fəaliyyəti nəticəsində İranın Bəndər Abbas limanından Rusiyanın Moskva şəhərinə 14 gün ərzində sınaq yüklərinin daşınması həyata keçirilib və hazırda Hindistan yüklərinin bu dəhlizə daha intensiv və davamlı cəlb olunması üçün qarşı tərəflə iş aparılır. Bundan əlavə, “Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi”nin yeni bir qolu kimi Cənub-Qərb nəqliyyat marşrutunun inkişafı üçün iştirakçı ölkələrlə İran-Azərbaycan-Qara dəniz-Avropa və əks istiqamətdə yüklərin daşınmasının təhlükəsiz, sürətli və vahid qiymət siyasəti tətbiq edilməklə nəql olunması üçün tədbirlər görülür.
Azərbaycan artıq dünyada özünəməxsus milli inkişaf modeli ilə seçilən, habelə sərmayədar dövlət və qlobal böhran şəraitində belə makroiqtisadi sabitliyi təmin edən ölkə kimi tanınıb. Prezident İlham Əliyevin rəhbərliyi altında son on dörd ildə respublikamız, eyni zamanda, dünyada güclü, müstəqil və müasir inkişaf edən bir respublika olaraq nüfuz qazanıb.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.