İnsan kapitalının inkişafı sosial-iqtisadi siyasətin başlıca istiqamətidir

Azərbaycan əhalisinin rifah halının yüksəlməsinə xidmət edən sosial siyasət Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyət göstərdiyi ötən illər ərzində dövrün tələblərinə uyğun şəkildə zənginləşdirilərək hazırda yeni keyfiyyət mərhələsinə daxil olub və daha da güclənib. Bu gün ölkəmizdə  yoxsulluğun azaldılması istiqamətində reallaşdırılan iqtisadi islahatlar nəticəsində əhalinin maddi rifah halının və yaşayış, eləcə də məşğulluq səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsi özünü qabarıq göstərir.

Azərbaycanda  əhalinin sosial müdafiəsinin günün tələblərinə uyğun təşkili, bu sahədəki problemlərin aradan qaldırılması istiqamətində görülən işlərin nəticəsidir ki, respublikamızda yoxsulluq həddində yaşayanların sayı getdikcə azalır. Sözügedən məsələnin ardıcıl şəkildə həlli üçün reallaşdırılan tədbirlər kompleks xarakter daşıyır. Məhz elə bunun məntiqi nəticəsidir ki, cari il  mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1,5 milyon nəfərdən çox olub. Onlardan 887,4 min nəfəri iqtisadiyyatın dövlət, 632,8 min nəfəri qeyri-dövlət sektorlarında fəaliyyət göstərib. 2017-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,8 faiz artaraq 520,5 manata çatıb. Mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. 

Əhalinin sosial müdafiəsinin güclənməsi şübhəsiz ki, iqtisadi inkişafla bağlıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 4 ayında qeyri-neft sənayesinin 2,8, kənd təsərrüfatının 3,2, ticarət dövriyyəsinin 11,5, ixracın təqribən 41, qeyri-neft ixracının isə 23 faiz artması bu fikrin bariz ifadəsidir.

Xatırladaq ki, bu dövrdə, həmçinin valyuta ehtiyatları 1,3 milyard dollar artaraq 39 mlyard dollara çatıb. Cari il aprelin 1-nə valyuta ehtiyatları xarici borcdan 3,2 dəfə çox olub. Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatı”nda (2016-2017) 138 ölkə arasında 37-ci, MDB ölkələri arasında isə bir neçə ildir 1-ci yerdədir.

Onu da deyək ki, siyasi sabitlik, zəngin təbii ehtiyatlar və iqtisadi potensial, yaradılan əlverişli biznes və investisiya mühiti, müasir infrastruktur, əlverişli coğrafi mövqe, beynəlxalq aləmdə etibarlı tərəfdaş olması ölkəmizi investisiya qoyuluşu üçün cəlbedici məkana çevirib.

Yeri gəlmişkən, burada diqqəti mühüm bir məqama da yönəltmək istərdik. Son illərdə dövlət neftdən asılılığı azaltmaq üçün qeyri-neft sektorunun inkişafına xüsusi önəm verir. Qeyri-neft sektorunun aparıcı sahəsi olan kənd təsərrüfatında ciddi islahatlar həyata keçirilir. Bölgələrdə yaradılan infrastruktur – abad yollar, müasir hotellər və s. turizmin inkişafını gücləndirir, İqtisadiyyatın şaxələn­dirilməsini sürətləndirir. Bütün bunların  nəticəsidir ki, hazırda Azərbaycanın ümumi daxili məhsulunda neft amili təxminən 30 faizdən bir qədər çoxdur. Ümumi gəlirlərin əksəriyyəti isə qeyri-neft sektoru hesabına formalaşır.

Yaradılan infrastruktur və aparılan yenidənqurma işləri də bu məqsədi daşıyır ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəli olsun, biznes imkanları genişlənsin, neftdən və qazdan asılılıq daha da azalsın. Neftdən əldə olunan vəsaitin şəffaf saxlanılması və idarə edilməsi üçün hələ 1999-cu ildə Azərbaycanda Dövlət Neft Fondu yaradılıb. Bu, dünya miqyasında ən şəffaf, suveren neft fondlarından biridir.

Qeyri-neft sektorunun müxtəlif sahələrində istifadəyə verilən müəssisələrdə minlərlə insan öz məşğulluq problemini həll edir. Təkcə bu ilin birinci rübündə 85 min yeni iş yeri yaradılıb ki, bunların da 70 mini daimidir. Həmin dövrdə 9 min iş yeri bağlansa da, insanların işlə təmin olunmasında müsbət dinamika danılmazdır.

Prezident İlham Əliyev mühüm sosial proqramların icrasını, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin təmin edilməsini dövlət qarşısında strateji vəzifələrdən biri kimi müəyyənləşdirib. Bu istiqamətdə təkcə ötən il ərzində 30-dək fərman və sərəncamın imzalanması ümumilikdə 3,6 milyon nəfərə və ya ölkə əhalisinin 38 faizinə yönələn əməkhaqları və pensiyaların, təqaüd və müavinətlərin növbəti dəfə artırılması ilə nəticələnib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən il ərzində  30-dan çox rayonda 140 fərdi yaşayış evi, Beyləqan rayonunda 54 mənzilli yaşayış binası, Abşeron rayonunda təmir etdirilən 64 mənzil istifadəyə verilməklə, 258 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi müasir tələblərə uyğun yeni mənzillə təmin olunub.  

Prezident İlham Əliyevin 23 dekabr 2013-cü il və 30 aprel 2014-cü il tarixli sərəncamları müharibə əlilləri və onlara bərabər tutulanların dövlət büdcəsi hesabına minik avtombilləri ilə təminatı işlərinin əhəmiyyətli şəkildə sürətlənməsinə şərait yaradıb. Bu sərəncamların icrası sayəsində 2014-2015-ci illərdə və 2016-cı ildə  3 minə yaxın müharibə əlili və onlara bərabər tutulan şəxsə “Naz-Lifan” markalı minik avtomobili verilib.  

Son illərdə əmək və sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya sahələrində elektron texnologiyalardan istifadənin genişləndirilməsi, əhali ilə sıx ünsiyyətin mövcud olduğu fəaliyyət sektorlarının təkmil proqram təminatları əsasında avtomatlaşdırılması həmin sahələr üzrə əhaliyə xidmətlərin elektron müstəviyə keçirilməsinə imkan verib.

Azərbaycanda qurulan etibarlı sosial müdafiə sistemi səmərəli və şəffaf olmaqla yanaşı, əhatəliliyi ilə də diqqəti cəlb edir. Dünya Bankı mütəxəssislərinin hesablamalarına görə, hazırda Azərbaycanın sosial müdafiə sistemi geniş əhatəliliyə malikdir və yoxsul sayıla biləcək əhalinin 90,1 faizini əhatə edən bu sistem yoxsulluğun azaldılmasında mühüm rol oynayır.

Respublikamızda əmək və sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya sahələrində yeni elektron sistemlər ölkəmizə məxsus olan, milli səviyyədə təşəbbüslərin nəticəsi kimi formalaşan uğurlu innovativ təcrübələr kimi beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. BMT tərəfindən artıq Azərbaycanın əmək və sosial müdafiə sahəsində avtomatlaşdırılmış sistemlərin digər ölkələrdə də tətbiqinin təşviq olunmasına başlanılıb. Bu məqsədlə ötən ilin may ayında həmin avtomatlaşdırılmış sistemlər qabaqcıl təcrübə nümunələri kimi BMT-nin “Ərəb ölkələri, Avropa və MDB regionlarında Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Əməkdaşlıq Mexanizmləri və Həllər” adlı portalında yerləşdirilib.

Azərbaycanın irəli sürdüyü qlobal geoiqtisadi təşəbbüslər, yeni iş yerlərinin yaradılmasının prioritet vəzifə kimi qarşıya qoyulması, yoxsulluq səviyyəsinin getdikcə azaldılması, respublika vətəndaşlarının maliyyə imkanlarının mərhələlərlə və mütəmadi artırılması, çoxsaylı infrastruktur layihələri, ölkəmizin nəqliyyat yollarının şaxələndiyi məkana çevrilməsi, yol infrastrukturunun əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, idarəçilərin yeni kreativ sinfinin yaradılması bu gün  dövlətimizin gələcək üçün formalaşdırdığı tədbirlər portfelidir.

Nüfuzlu beynəlxalq təşkilatlar da etiraf edirlər ki, Prezident İlham Əliyevin enerji resurslarından asılılığın azaldılmasına, innovasiyalı və ya başqa sözlə, “ağıllı” iqtisadiyyatın yaradılmasına yönələn siyasəti,  “qara qızıl”ın intellektual kapitala çevrilməsi nəzərə çarpan real nəticələr verir. 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında