“Yaşıl Çay” fermer təsərrüfatı daha bir ilkə imza atıb

“Yaşıl Çay” fermer təsərrüfatı ilə Lənkəran peşə liseyi arasında memorandum imzalanıb

İyunun 20-də Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran Şəhər Kənd Təsərrüfatı İdarəsinin təşkilatçılığı ilə  “Yaşıl Çay” Fermer Təsərrüfatı MMC və Lənkəran peşə liseyi arasında tərəflərin geniş elmi və istehsalat bazasının, təcrübəli ixtisaslı kadrlarının mövcudluğunu, habelə müvafiq sahələrdə bilik və bacarıqlarının inkişaf etdirilməsinin zəruriliyini nəzərə alaraq anlaşma memorandumu imzalanıb.

Mərasimi açan Lənkəran Şəhər Kənd Təsərrüfatı İdarəsinin rəisi Tofiq Rzayev aqrar sahənin inkişafı istiqamətində dövlət tərəfindən aparılan ardıcıl tədbirlər barədə məlumat verərək bildirib ki, son illər möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən qeyri-neft sektorunun inkişafı ilə bağlı görülən məqsədyönlü tədbirlər, kənd təsərrüfatının subsidiyalaşdırılması,  qəbul edilən dövlət proqramları bu sahəyə diqqət və qayğını əsaslı surətdə artırıb. Aqrar sahənin inkişafında mütəxəssislərin hazırlanması da başlıca yer tutur.  Bu gün ilə “Yaşıl çay” fermer təsərrüfatı ilə Lənkəran peşə liseyi arasında bağlanan memorandum da Prezident İlham Əliyevin qeyri-neft sektorunun, xüsusən də aqrar sahənin inkişafına hesablanan siyasətinə verilən dəstək  rolunu oynamalıdır. Bu tədbir həm də onunla əlamətdardır ki, “Yaşıl Çay” Fermer Təsərrüfatı MMC-yə məxsus təsərrüfat sahələrində  dövlət-özəl əməkdaşlığı çərçivəsində bölgədə ilk dəfə olaraq birgə istehsalat və təlimlərin təşkil edilməsi vasitəsilə təhsilalanlarda sahibkarlıq vərdişlərinin aşılanmasını təşviq etmək mümkün olacaqdır.

Tədbirdə “Yaşıl çay” fermer təsərrüfatının direktoru Araz Yağubov çıxış edərək rəhbərlik etdiyi təsərrüfat barədə məlumat verib. Bildirib ki, 2006-cı ildə “Yaşıl çay”  Fermer Təsərrüfatı MMC-ni yaratmışıq. Mülkiyyətimizdə 150 hektar torpaq sahəsi vardır. Əsas məqsədimiz çayçılığı inkişaf etdirməkdir. Bu məqsədlə  2012-ci ildə 42 hektarda, 2014-cü ildə daha 19 hektar sahədə çay əkini keçirərək plantasiyaların ümumi həcmini 61 hektara çatdırmışıq. Təsərrüfatımızda 60-dan yuxarı işçi çalışır. İndiyədək həyata keçirilən bütün tədbirlər daxili imkanlar hesabına aparılıb. Şəxsi vəsaitimizlə xarici ölkələrdən müxtəlif növ traktorlar, qoşqular və digər texnikalar gətirmişik. Bu gün istər çayçılıqda, istərsə də heyvandarlıqda  həmin mexanizmlərdən səmərəli surətdə istifadə edilir. Ölkəmizin ərzaq təminatında mühüm rol oynayan heyvandarlığın inkişafına da xüsusi diqqət yetiririk. Hazırda fermamızda qara malın sayını 17 başdan 300 başa çatdırmışıq. Bu sahəni inkişaf etdirməkdə əsas məqsədimiz çayçılığı ayağa qaldırmaq və daha da inkişaf etdirməkdir. Sevindirici haldır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan etdiyi 2015-ci ildə ilk dəfə olaraq 42 hektar çay sahəsindən seçmə üsulu ilə yaşıl çay yarpağı dərmişik. Uğurlarımıza baxmayaraq, aqrar sahə mütəxəssilərinə böyük ehtiyac duyulur. İnanırıq ki, bu əməkdaşlıq hər birimiz üçün faydalı olacaqdır.

Lənkəran peşə liseyinin direktoru Afər Kərimov bildirib ki, dövlətimiz tərəfindən peşə təhsilinə diqqət xeyli artıb. 2016-ci ilin aprel ayında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb. Həmin ilin dekabrında isə Peşə təhsilinin inkişafı üzrə Strateji Yol Xəritəsi hazırlanıb. Məktəbimizdə 2 ixtisas üzrə aqrar mütəxəssislər – “Geniş profilli mexanizator-maşınist” və “Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermerlər” də hazırlanır.
Bugünkü memorandumdan isə çox şey gözləyirik.

Sonra memorandum imzalanıb.

 İmzalanma mərasimində Lənkəran Şəhər Kənd Təsərrüfatı İdarəsi, Lənkəran peşə liseyi və “Yaşıl çay” fermer təsərrüfatının əməkdaşları iştirak ediblər.

Sərraf Mirsəfəroğlu


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında