Əvvəlcə xatırladaq ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi 1994-cü ilin yanvar ayında ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Horadiz əməliyyatı zamanı işğaldan azad edilib. Lakin ətraf yüksəkliklərdə Ermənistan ordusunun mövqe tutması kəndin ərazisini faktiki olaraq təhlükə altında saxlayırdı. 2016-cı il aprelin 2-də isə Azərbaycan Silahlı Qüvvələrinin əks həmləsi ilə Lələtəpə yüksəkliyinin azad edilməsi Ermənistan ordusunun kəndə, oradakı mövqelərimizə yaratdığı təhlükəni aradan qaldırdı. Bu gün artıq Cocuq Mərcanlıda sakinlərin asayiş içində yaşaması üçün şərait var.
İşğaldan azad edilmiş yüksəkliklərdən düşmənin mövqeləri tam olaraq nəzarət altındadır, təxribat imkanları vaxtında aşkarlanaraq zərərsizləşdirilir. Öz növbəsində, Aprel döyüşlərinin nəticələri və Azərbaycan Ordusunun qüdrəti insanların öz doğma yurdlarına qayıdıb əmin-amanlıq şəraitində yaşamalarına stimul yaradır. Prezident İlham Əliyevin ötən ilin noyabr ayında Füzuli rayonuna səfəri zamanı Lələtəpə yüksəkliyində və işğaldan azad edilmiş digər ərazilərdə hərbçilərlə, sakinlərlə görüşü də onlarda olan inamı artırıb.
Onu da deyək ki, 2016-cı il noyabrın 12-də Füzuli rayonunun Horadiz şəhərində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yaradılan şəraitlə tanışlıq zamanı Prezident, Ali Baş Komandan İlham Əliyev Lələtəpə əməliyyatını şanlı tariximiz adlandırıb: “Aprel döyüşləri Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun gücünü göstərdi. Düşmənə döyüş meydanında sübut etdik ki, biz güclüyük. Biz ermənilərin uzun illər ərzində yaratdıqları mifi, yalanı dağıtdıq ki, guya, onların belə güclü ordusu var. Bu gün döyüş meydanında biz sübut etdik ki, kimin ordusu güclüdür, kimin ordusu nəyə qadirdir”.
Burada bir məqamı da xatırlatmaq istərdik. Möhtərəm dövlət başçımız aprel döyüşlərindən sonra cəbhə bölgəsində olmuş, əsgərlərlə və yerli sakinlərlə görüşmüş, eyni zamanda, Müdafiə Nazirliyinin “N” hərbi hissəsinin yeni hərbi şəhərciyinin açılışında iştirak etmişdi. O vaxt Prezident İlham Əliyev demişdi: “Münaqişənin həlli çox sadədir. Birincisi, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy, əbəs yerə gözləməsin. Bu, olmayacaq! Dağlıq Qarabağ Azərbaycan torpağıdır, həm tarix, həm bütün dünya birliyi bunu belə qəbul edir. Azərbaycan müstəqilliyə qovuşanda, vahid dövlət kimi BMT-yə üzv olanda Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edilmişdir. Yəni, bu məsələnin həlli bundan ibarətdir. BMT Təhlükəsizlik Şurasının qətnamələrində göstərildiyi kimi, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Azərbaycan vətəndaşları, məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar.
O ki qaldı, Dağlıq Qarabağın gələcək statusuna, bu status ancaq vahid Azərbaycan dövləti çərçivəsində mümkün ola bilər. Münaqişənin həlli bundan ibarətdir və Ermənistan rəhbərliyi bunu nə qədər tez anlasa, onlar üçün bir o qədər yaxşı olacaq. Ərazi bütövlüyünün təmin olunması, işğala son qoyulması bu münaqişənin həlli üçün əsas amillərdir. Bu məqsədlərə nail olmaq üçün bir daha demək istəyirəm, daha da güclü olmalıyıq və biz bu gün dünya miqyasında böyük təqdirlə qarşılanan güclü Azərbaycan dövləti yaradırıq. Biz öz azad gələcəyimizi qururuq, müstəqil həyatımızı qurmuşuq. Biz 25 ildir ki, müstəqil dövlətik və bir daha demək istəyirəm, heç kimdən heç bir yardım almadan, bəzi başqa ölkələr kimi heç kimin ətəyindən yapışmadan bunu əldə etmişik. Bu gün açığını deməliyik, Ermənistan müstəqil dövlət kimi dünya xəritəsində, sadəcə olaraq, formal mövcuddur. Ermənistan asılı ölkədir, öz gələcəyini özü müəyyən edə bilmir. İşğalçı siyasəti onları, bax, bu vəziyyətə gətirib çıxarıbdır. Onların vəziyyətdən yeganə çıxış yolu qonşularla münasibətləri bərpa etməkdir. Bunun üçün isə işğala son qoyulmalıdır”.
Hazırda Ermənistanda bir qorxu, təlaş hökm sürür. Bu, bir tərəfdən, Azərbaycan Ordusunun gündən-günə güclənməsi, qüdrətlənməsi ilə, digər tərəfdən isə Prezident İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncamının uğurla gerçəkləşməsi ilə bağlıdır. Hazırda düşmən ölkədə açıq və qəzəbli şəkildə qeyd olunur ki, Serj Sarkisyanın cəfəng fikirləri, rəsmi Yerevanın uydurduğu yalanlar daha erməni xalqı tərəfindən qəbul olunmur.
Bəli, Prezident İlham Əliyevin imzaladığı sözügedən sərəncamdan sonra Ermənistanda pessimist ovqat daha da güclənib. İşğalçı dövlətin vətəndaşlarının Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasından, bununla bağlı Ermənistanın üzləşdiyi çoxsaylı problemlərdən narazılıqları daha da artıb. Onlar artıq həm hərbi, həm də diplomatiya cəbhəsində Azərbaycana daha böyük fərqlə uduzmağın gerçəkliyini dərk ediblər.
Cocuq Mərcanlı kəndinin yenidən qurulması və sakinlərin doğma yurd-yuvalarına qayıtmaları əslində Azərbaycanda böyük qayıdış proqramının başlanğıcıdır. Eyni zamanda, cənab İlham Əliyevin 24 yanvar 2017-ci ildə imzaladığı “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncamı bütün məcburi köçkünlərimizdə öz doğma torpaqlarına qayıdacağı günün uzaqda olmaması ilə bağlı inam hissini daha da gücləndirib.
“İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncamın imzalanmasından ötən qısa müddətdə nəzərdə tutulan tədbirlər tam həcmdə yerinə yetirildi. Texniki-tədqiqat işləri aparıldı, köhnə əmlakların müəyyənləşdirilməsi və qiymətləndirilməsi prosesi reallaşdırıldı. Bu yaşayış məntəqəsi bərpa olundu və müasir infrastruktur formalaşdırılaraq insanların doğma torpaqlarında rahat və təhlükəsiz yaşamasına şərait yaradıldı.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri qısa müddətdə 2 milyon 600 min kvadratmetr ərazinin minalardan, partlamamış döyüş sursatlarından təmizlənməsini həyata keçirdi, həmin ərazilər yaşayış üçün əlverişli vəziyyətə gətirildi.
Möhtərəm dövlət başçımız iyunun 14-də adıçəkilən sərəncamın imzalanmasından ötən müddətdə görülən işlərlə tanışlıq məqsədilə həmin yaşayış məntəqəsinə səfər edib. Burada ölkə rəhbərinə görülən işlərlə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, birinci mərhələdə kənddə 10 hektar ərazidə 50 fərdi evin və müvafiq infrastrukturun tikintisi aparılıb. Tikilən evlərə Cocuq Mərcanlı kəndindən olan, əsasən Bakı şəhərində müvəqqəti məskunlaşan məcburi köçkünlər köçürüləcək. Ümumi sahəsi 3850 kvadratmetr olan evlərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır.
Dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində kənddə bərpa işlərinin birinci mərhələsi artıq başa çatıb və Cocuq Mərcanlı öz sakinlərini qəbul etməyə hazırdır. Bu kəndin bərpası ilə bağlı dövlət səviyyəsində reallaşdırılan tədbirlər bir daha təsdiqləyir ki, Azərbaycan öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq, düşmən tapdağı altında qalan əzəli torpaqlarımızın azad olunması uğrunda son ana qədər mübarizə aparacaq.
Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası çərçivəsində görülən işlərlə tanışlıq zamanı bildirib: “Keçən ilin aprelində erməni hərbi təxribatının qarşısını alarkən Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatı keçirmiş və minlərlə hektar Azərbaycan torpağını işğalçılardan azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının minlərlə hektar torpağı azad edildi və bu gün on minlərlə hektar torpağa Azərbaycan Ordusu nəzarət edir. Lələtəpə yüksəkliyinin qaytarılması nəticəsində Cocuq Mərcanlıda təhlükəsiz şəraitdə yaşamaq mümkün oldu. Mən keçən ilin sonlarında bu bölgədə, Lələtəpədə, işğaldan azad edilmiş torpaqlarda olarkən, hərbçilərlə görüşərkən maraqlandım ki, Cocuq Mərcanlıda təhlükəsiz şəraitdə yaşamaq mümkündürmü, yoxsa yox. Mənə dedilər ki, mümkündür.
Bu ilin yanvar ayında müvafiq sərəncam imzalandı, Prezidentin Ehtiyat Fondundan vəsait ayrıldı. Martın 22-dən başlayan tikinti işləri mayın 20-də başa çatdırılmışdır – cəmi iki aya. Yəni bütün bu tikinti işləri sizin gözünüzün qabağında olub və bu, doğrudan da, tarixi hadisədir. Cəmi 2 ay ərzində kəndin bir hissəsi bərpa edildi, birinci mərhələdə 50 ev, məktəb, tarixi Şuşa məscidinin bənzəri olan məscid tikilib, Horadizdən Cocuq Mərcanlıya yol çəkilib. Növbəti mərhələdə təqribən 100 əlavə ev, – bəlkə ondan da çox, – tibb məntəqəsi tikiləcək və iş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görüləcəkdir. Bax, Cocuq Mərcanlı kəndinin tarixi bundan ibarətdir, bu, doğrudan da, şanlı tarixdir. İşğaldan əziyyət çəkən kənd bərpa olunubdur. Azərbaycan öz torpaqlarının bir hissəsini işğalçılardan azad etdi. Bu, doğrudan da, tarixi hadisədir və əminəm ki, Cocuq Mərcanlı kəndinin gələcək həyatı uğurlu olacaq, xoşbəxt olacaq və kənd sakinləri buraya qayıdandan sonra həyat daha da canlanacaqdır”.
Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan genişmiqyaslı işlərin davam etdirilməsi bu kateqoriyadan olan insanlar tərəfindən yüksək qiymətləndirilir. Xatırladaq ki, həmin kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirən Prezident İlham Əliyev tərəfindən 2003-2017-ci illərdə 55 fərman və sərəncam verilib. 2001-2016-cı illərdə 95 qəsəbə salınıb, 151 məktəb, 58 mədəniyyət müəssisəsi, 59 səhiyyə ocağı və digər infrastruktur obyektləri tikilib.
Cocuq Mərcanlı qaçqın və məcburi köçkünlər üçün inşa edilən sayca 96-cı, məcburi köçkünlərin öz yurdlarına qaytarıldığı ilk yaşayış məskəni kimi tarixə düşüb. Qeyd edək ki, Cocuq Mərcanlı kəndində hazırda 400 ev təsərrüfatı, 1428 sakin qeydiyyatdadır. Kəndin əhalisinin əksəriyyəti yığcam şəkildə Biləsuvar rayonu ərazisində salınmış məcburi köçkün qəsəbələrində məskunlaşıb. Respublikanın 17 şəhər və rayonunda müvəqqəti yaşayan həmin ailələrdən 250-dən çoxu müraciət edərək öz yurdlarına qayıtmaq arzusunda olduqlarını bildiriblər.
Prezident İlham Əliyevə Cocuq Mərcanlı kəndinə səfəri çərçivəsində Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün son 23 ildə görülən işlər barədə də məlumat verilib. Bildirilib ki, 6 milyard manatdan çox vəsait sərf olunub. Ümumilikdə indiyədək 95 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. Bunun da 95 faizi son 13 ildə inşa edilib. Görülən işlər nəticəsində 50 min ailənin və ya 250 min nəfər qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Hazırda 80 min ailə və ya 340 min məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var. Bu il Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün dördmərtəbəli 34 yaşayış binasının tikintisinin başa çatdırılması nəzərdə tutulur. Artıq Abşeron rayonunun Masazır və Ramana qəsəbələrində yaşayış binalarının tikintisinə başlanılıb, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksinin təməli qoyulub.
Cocuq Mərcanlı kəndinin bərpası həm də Ermənistana, onun havadarlarına bir xəbərdarlıqdır. Yəni, bu, o deməkdir ki, dövlətimiz təcavüzkar ölkənin işğalçılıq siyasəti ilə heç vaxt barışmayacaq, ərazilərinin tapdaq altında qalması ilə razılaşmayacaq, torpaqlarının azad edilməsi üçün bütün vasitələrdən istifadə edəcək. Digər tərəfdən işğaldan azad edilən ərazilərimizdə infrastrukturun yeniləşdirilməsi, vətəndaşlarımız üçün evlərin tikilməsi, təhlükəsiz həyat şəraitinin təmin edilməsi onu göstərir ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən xalq qarşısında götürülən öhdəliklər məsuliyyətlə yerinə yetirilir, dövlətimiz işğal faktı ilə barışmır, əhalinin doğma yurd-yuvalarına qayıdışı üçün beynəlxalq hüquq normalarına söykənilərək respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi missiyası əzmlə həyata keçirilir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.