“Doing Business 2017”nin hesabatına görə, Azərbaycan “Biznesə başlama” indikatoru üzrə dünyada 5-ci, postsovet ölkələri arasında ilk yerdədir

Hazırda dünyanın nüfuzlu iqtisadi və maliyyə institutlarının rəyləri və proqnozları, ən əsası, uğurlarımızın real mənzərəsi bir daha təsdiq edir ki, ölkə rəhbəri cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin ilk günündən bəyan etdiyi strateji hədəflər, qarşıya qoyduğu vəzifələr artıq  reallığa çevrilib. Təsadüfi deyil ki, Azərbaycan artıq 2009-cu ildə iqtisadi keçid dövrünü başa çatdırıb və hazırda dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə olunur.

Azərbaycanın son illər əldə etdiyi sosial-iqtisadi uğurları nüfuzlu beynəlxalq reytinq qurumlarının hesabatlarında da öz ifadəsini tapıb. Bununla əlaqədar bir neçə fakta diqqət yetirək. Dünyanın aparıcı “Fitch”, “Moody's” və “Standard & Poor's” reytinq agentlikləri əksər inkişaf etmiş ölkələrin kredit reytinqini aşağı saldıqları halda, ölkəmizin reytinqini artırıblar.   Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, “Qoldman Saks” təşkilatı, Beynəlxalq Maliyyə Korporasiyası, Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsi, habelə digər qurumların hesabatlarında iqtisadiyyatın sürətli inkişafı ilə bağlı mühüm uğurlar,  o cümlədən Azərbaycanda investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi məsələləri  əksini tapıb. 

Azərbaycanda biznes mühitinin inkişafından danışarkən, diqqəti əvvəlcə bir məqama yönəltmək istərdik. Son illərdə sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən gələn gəlirlərin sürətlə artması bazar iqtisadiyyatı sisteminin formalaşdırılması və özəl mülkiyyətin əsaslarının möhkəmləndirilməsi fonunda baş verib ki, buna da səbəb qanunvericilik bazasının təkmilləşdirilməsi, müxtəlif dövlət proqramları həyata keçirilərək iqtisadiyyatın ayrı-ayrı sahələrinə dövlət qayğısının artırılması  və iqtisadiyyatın idarə edilməsinə müasir yanaşmanın ortaya qoyulması olub. Gəlirlərin artımının inflyasiyanı ciddi faizlərlə üstələməsi həm son istehlaka,  həm də yığıma yönəldilən vəsaitlərin effektiv artımına gətirib çıxarıb.  

Biznes mühitinin dinamik inkişafı ilə bağlı onu da xatırladaq ki, respublikada təkcə yerli sərmayədarlar üçün deyil, həm də xarici investisiyalara əlverişli vergi mühiti yaradılıb. Biznesə başlama prosedurları əsaslı şəkildə sadələşdirilib, vergi qanunvericiliyində çoxlu güzəştlər müəyyən edilib, sahibkarlığın və ixracın təşviqinə yönələn tədbirlər reallaşdırılıb.

Özəl sektor, kiçik və orta sahibkarlıq, sadəcə olaraq, biznes mühitini yaxşılaşdırmaq, yeni iş yerləri yaratmaq üçün deyildir. Sahibkarlığın inkişafı, əslində, çox böyük islahat deməkdir. Bu islahat ölkə başçısı İlham Əliyevin fərman və sərəncamlarına əsasən Azərbaycanda uğurla aparılır. Ölkə başçısının “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq son illərdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən prosedurların sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əsassız yoxlamaların qarşısının alınması və digər istiqamətlər üzrə davam etdirilib. 

Ölkədə sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində hazırda sistemli tədbirlər davam etdirilir, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla daha mütərəqqi normativ-hüquqi baza formalaşdırılır. Sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı sahəsində keçirilən islahatların davamı olaraq, tikintiyə icazələrin verilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflisləşmə üzrə qanunvericiliyə zəruri dəyişikliklər edilib.

Prezident İlham Əliyevin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 3 mart 2014-cü il tarixli fərmanı sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının, özəl bölməyə dövlət dəstəyi tədbirlərinin ardıcıllığının göstəricisi kimi mühüm konseptual sənəddir. Dövlət başçısının bu fərmanı Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, onun ən qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi üçün əsas olmaqla, qarşıdakı illərdə sahibkarlığın inkişafı üçün geniş imkanlar açır. Fərmanla müəyyənləşdirilmiş vəzifələr sahibkarlıq sahəsində 8 istiqamət üzrə geniş islahatların aparılmasını tələb edir.

Bununla yanaşı, ölkə Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda  onun tətbiq dairəsi, yoxlamaların məqsəd və prinsipləri, yoxlayıcı orqanların səlahiyyətləri ilə yanaşı, sahibkarlara məsləhətlərin verilməsi kimi çox əhəmiyyətli müddəalar nəzərdə tutulub. Hazırda ölkədə tətbiq edilən bu qanun vahid məlumat reyestrinin olmasına, sahibkarların işə məsuliyyətlə yanaşmalarına və nəticədə istehlakçıların hüquqlarının qorunmasına yönəldilib.  

Hazırda ölkədə biznesə başlama ilə bağlı prosedurlar 15-dən 2-yə, sərf olunan vaxt isə 30 gündən 2 günə endirilib. Fərdi sahibkarlar 2011-ci ildən, yerli investisiyalı müəssisələr isə 2012-ci ildən etibarən elektron qaydada qeydiyyata alınır.  Bütün bunların nəticəsidir ki, “Doing Business 2017”nin hesabatına görə, ölkəmiz “Biznesə başlama” indikatoru üzrə dünyada 5-ci, postsovet ölkələri arasında isə 1-ci yerdədir”.

Biznesə başlanılması prosedurunun sadələşdirilməsi ilə bağlı digər faktlara da nəzər salaq. Hazırda ölkəmizin Vergi Məcəlləsində 104 azadolma və 25 güzəşt növü olmaqla cəmi 129 güzəşt və azadolma mövcuddur. Bununla yanaşı, Azərbaycan Respublikasının digər dövlətlərlə bağladığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin (DTA) inzibatçılıq qaydaları sadələşdirilib. Eyni zamanda, elektron müraciət olunması, bütün gəlir növləri üzrə güzəştlərin əvvəlcədən tətbiq edilməsi, formanın təsdiqinin gəlir ödəyən şəxsə birbaşa onlayn göndərilməsi imkanı yaradılıb.

Yaxın gələcəkdə isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza, o cümlədən “ASAN imza” sertifikatının verilməsi də nəzərdə tutulur. Xarici ölkələrlə elektron imza, o cümlədən “ASAN imza” sertifikatlarının qarşılıqlı tanınmasının təmin edilməsi istiqamətində intensiv işlər aparılır.

Prezident İlham Əliyevin rəhbərliyi altında hazırda Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ yaşanır. Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olmasının, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir, tərəqqi prosesində biznesin payını və rolunu davamlı şəkildə artırır.

Dövlət başçısının “Ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq son illər ərzində həyata keçirilən kompleks və ardıcıl tədbirlər, səmərəli dövlət dəstəyi sistemi, vergi güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi, layihələrin güzəştli şərtlərlə kreditləşdirilməsi, dövlətlə birgə maliyyələşdirmə və risklərin bölüşdürülməsi səmərəli nəticəsini verib. Sənaye və texnologiyalar parklarının və zonalarının, aqroparkların, biznes-inkubatorların yaradılması, maarifləndirici tədbirlərin, biznes forumların, sərgilərin təşkili və s. kimi tədbirlər nəticəsində sahibkarlıq iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib. ÜDM-də özəl bölmənin payı 80 faizi, məşğulluqda 75 faizi ötüb. Son dövrlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla sahibkarlıq sahəsində lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, satınalmalarda yerli sahibkarlara üstünlük verilməsi, gömrük sahəsində görülən işlər, ixracın və investisiyaların təşviqi mexanizmlərinin tətbiqi biznesin inkişafına göstərilən diqqətin davamı olmaqla özəl bölmənin inkişafında xüsusi əhəmiyyət daşıyır.

Şəffaf biznes və sağlam rəqabət mühitində sahibkarlığın genişlənməsinə əlverişli şərait yaradılması Azərbaycanın dinamik və uzunmüddətli inkişafı məqsədilə aparılan uğurlu siyasətin əsas istiqamətləri sırasındadır. Bu siyasət milli iqtisadiyyatda, eyni zamanda, yeni iş yerlərinin açılmasında, əmək bazarının inkişafında, məşğulluq səviyyəsinin yüksəldilməsində özəl sektorun, o cümlədən biznesin rolunun əhəmiyyətli şəkildə artmasına səbəb olub. Təsadüfi deyil ki, respublika iqtisadiyyatında məşğul əhalinin 70 faizdən çoxunu qeyri-dövlət sektorunda çalışanlar təşkil edir.

Göründüyü kimi, Azərbaycan hazırda biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biridir. Postneft iqtisadiyyatının qurulması, idxaldan asılılığın azaldılması, ölkənin ixrac potensialının yüksəldilməsi üçün rəqabətqabiliyyətli mal və məhsulların istehsal olunması məqsədilə hökumət sahibkarlar üçün böyük imkanlar yaradır. Ölkədə qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində mühüm işlər görülür.

Azərbaycan Prezidentinin rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələrini əhatə edən islahatlar hüquqi-siyasi istiqamətdə də həyata keçirilməklə həm də sahibkarlığın inkişafına güclü təkan verir. Ölkədə iqtisadiyyatın bütün sahələri üzrə müasir sahibkarlıq subyektlərinin formalaşmasına geniş imkan yaradılır, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün əlverişli mühit formalaşdırılır.  

Onu da xatırladaq ki, ölkə rəhbərliyinin yüksək dəqiqliklə seçdiyi və uğurla həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət kursu nəticəsində əlverişli biznes və investisiya mühiti investisiya axınının sürətlənməsinə şərait yaradıb. Son 13 ildə iqtisadiyyatımıza 200 milyard dollar investisiya qoyulub, ölkəmizdə orta illik iqtisadi artım 12,2 faiz təşkil edib, daxili mənbələr hesabına əsas kapitala yönəldilən investisiyaların həcmi 3,6 dəfə, o cümlədən qeyri-neft sektoruna yönəldilən investisiyalar 9,6 dəfə, minimum əməkhaqqının səviyyəsi 3,5 dəfə, ölkə üzrə orta aylıq əməkhaqqı 3,3 dəfə, orta aylıq pensiya isə 4,7 dəfə artıb. Nəticə etibarilə ölkədə yoxsulluğun səviyyəsi 6 faizdən, işsizlik səviyyəsi isə 5 faizdən aşağı enib. Bu dövrdə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə iş adamlarına dövlət tərəfindən 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib.

Respublikamızda 2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına səbəb olub, bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyən edilmiş məqsədlərə nail olunmasına əhəmiyyətli töhfəsini verib.

Bu il yanvarın 30-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısının qeyd etdiyi kimi, həqiqətən də 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı bütövlükdə tarixi hadisədir və tarixi nailiyyətdir.

Regionların davamlı inkişafında və əhalinin məşğulluğunda olduqca əhəmiyyətli rol oynayan sahibkarlığın inkişafı üzrə tədbirlər hesabat ilində də davam etdirilib. Yoxlamaların dayandırılması ilə bağlı qanunun qəbulundan sonra ötən il vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq sahəsində cəmi 60 yoxlama keçirilib. Müqayisə üçün 2015-ci ildə bu yoxlamaların sayı 62 minə yaxın olub. Sahibkarların maarifləndirilməsi məqsədilə ötən il regionlarda 3400 sahibkarın iştirakı ilə 33 işgüzar forum reallaşdırılıb.

Bu gün qarşıda duran ümdə vəzifələrdən biri də ixracın həm məhsulların çeşidi, həm də coğrafiyası baxımından şaxələndirilməsidir. İqtisadiyyatın şaxələndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, özünütəminat səviyyəsinin yüksəldilməsi, məşğulluğun təmin olunması, qeyri-neft məhsullarının ixracının artırılması, idxaldan asılılığın azaldılması və digər strateji vəzifələrin həllində özəl sektor həlledici rola malikdir.

Ölkə rəhbərliyi tərəfindən qəbul edilən mühüm qərarlar sayəsində qlobal miqyasda baş verən maliyyə böhranından Azərbaycan analoji problemlərlə üzləşən ölkələr arasında az itkilərlə çıxan ölkədir. İqtisadi dayanıqlılığın təmin olunmasında ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin, bu siyasətin prioritet istiqamətlərindən olan regionların sosial-iqtisadi inkişafı proqramlarının müstəsna əhəmiyyəti var. Hazırkı dövrdə əlavə valyuta tələbi yaradan, idxalı əvəz edən və ölkəyə valyuta gətirən ixracyönümlü yerli istehsalın genişlənməsinin sürətləndirilməsi məqsədilə dövlət tərəfindən konkret layihələrə yönəldilən infrastruktur dəstəyi yerli istehsalın daha sürətli artımına, dövlət investisiyalarının məqsədyönlü və səmərəli istifadəsinə, əhalinin məşğulluğuna öz töhfəsini verəcək.

Ötən müddət ərzində dövlət investisiyaları hesabına rəqabətqabiliyyətli məhsul istehsalının əsas şərtlərindən olan elektrik enerjisi, qaz, su, suvarma, yol-nəqliyyat və digər infrastruktur layihələri həyata keçirilib və bu istiqamətdə işlər davam etdirilir. Cari ilin birinci rübündə 150 min hektardan çox torpağı əkin dövriyyəsinə cəlb etmək və burada yüksək məhsuldarlığa nail olmaq məqsədilə suvarma suyu və elektrik enerjisi ilə təminat layihələrinə 250 milyon manatdan çox dövlət vəsaiti yönəldilib. Bununla yanaşı, qeyri-neft sənayesi və kənd təsərrüfatı, o cümlədən fındıqçılıq, üzümçülük və şərabçılıq, tütünçülük, pambıqçılıq, baramaçılıq, ipəkçilik sahələrində, turizm və tranzit potensialının genişləndirilməsi və digər sektorların inkişaf etdirilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması təmin edilir, müxtəlif dövlət dəstəyi mexanizmləri həyata keçirilir.

Bütün bunlar isə iqtisadiyyatın dinamik  inkişafına öz müsbət təsirini göstərib. Nəticədə isə Azərbaycanın şəhər və kəndlərinin siması dəyişib,  insanların həyat tərzi yeniləşib. Geniş miqyaslı dövlət proqramları həyata keçirilib, xalqımızı düşündürən sosial-iqtisadi problemlər həll edilib. İstehsal və sosial infrastruktur obyektləri yaradılıb, yeni iş yerləri açılıb. Təhsilə, elmə, mədəniyyətə, səhiyyəyə, idmana dövlət qayğısı artıb. Aqrar sahədə müsbət dinamika davamlı xarakter alıb.

Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası sürətlənib. Respublikamızın Qafqaz bölgəsində lider mövqelərinin möhkəmlənməsi, Avropanın enerji təhlükəsizliyi sistemində mühüm yer tutması onun dünya birliyində nüfuzunu artırıb. Dövlətimizin beynəlxalq mövqelərinin daha da güclənməsi ölkəmizin inkişafı yolunda ən böyük maneə olan Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq prinsipləri və normaları, xüsusən onların arasında təməl prinsipi olan dövlətlərin ərazi bütövlüyü əsasında sülh yolu ilə həll edilməsinə yeni imkanlar açıb.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında