Heydər Əliyevin milli qurtuluş missiyası müstəqil Azərbaycanı sabitlik və tərəqqi yoluna çıxarmışdır

Dövlət müstəqilliyini qanı, canı ­bahasına bərpa edən xalqımızın 1993-cü ilin iyun ayınadək böyük sarsıntı və fəlakətlərlə üzləşməsi yeni suveren dövlətin özünün gələcəyini sual altında qoymuşdu. Yaranan vəziyyət Azərbaycanın müstəqilliyinin də ­deklorativ səciyyə daşımasına gətirib çıxarmış, dövlətin suveren hüquqlarının reallaşdırılmasında əsaslı maneəyə çevrilmişdi.

Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq qurumların, bir sıra ölkələrin  tanıdığı Azərbaycanda dövlət təsisatlarının qurulması, müstəqil dövlətçilik atributlarının formalaşdırılması obyektiv sosial zərurət kimi qarşıda dururdu. Xüsusən də AXC--Müsavat hakimiyyətinin birillik naşı və yarıtmaz fəaliyyəti nəticəsində hüquq-mühafizə orqanlarının üzərinə düşən qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların cövlan etməsinə, qeyri-sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu. Respublikada qanunçuluğun, hüquq qaydalarının son dərəcə zəif olması, dövlət idarəçiliyinin iflic vəziyyətinə düşməsi, ayrı-ayrı siyasətçilərin “könüllü döyüşçü” adı altında qanunsuz silahlı dəstələr yaratması nəticə etibarı ilə hakimiyyətdə olan qüvvələrin iflasını daha da sürətləndirirdi.

O dövrdə ölkədə xaos və anarxiya hökm sürürdü. İqtisadiyyat tamamilə dağıdılmış, gənclər müxtəlif qanunsuz silahlı birləşmələrə cəlb edilərək üz-üzə qoyulmuşdu. Azərbaycanın ərazisi müxtəlif “xanlıq” və “nüfuz dairələri”nə parçalanmış, Dağlıq Qarabağda isə torpaqlarımızın müdafiəsi taleyin ümidinə buraxılmışdı. Qanunsuz odlu silah gəzdirmək və tətbiq etmək adi məişət hadisəsinə çevrilmişdi. Ağır zirehli texnikaya və qanunsuz silahlı dəstələrə sahib olan siyasi partiyalar bir-birinə “əzələ” nümayiş etdirir və ölkədəki xaos və özbaşınalığı daha da mürəkkəbləşdirirdi.

Azərbaycanın yeni konstitusiyasının qəbul edilməsi, milli parlamentin formalaşdırılması barədə düşünmək belə istəməyən AXC-Müsavat cütlüyünün yüksək dövlət vəzifəsi tutan nümayəndələri məsuliyyətsiz siyasi bəyanatlar verməklə Azərbaycanı həm qonşu dövlətlərlə, həm də regionda geosiyasi maraqları olan dövlətlərlə, az qala, müharibə vəziyyətinə gətirmişdilər. Cinayətkarlığın səviyyəsi kritik həddə çatmışdı. Respublikada əsl hakimiyyətsizlik hökm sürürdü. Azərbaycan xalqı vətəndaş müharibəsinin astanasına, Azərbaycan dövlətçiliyi isə məhv olmaq ərəfəsinə gətirilmişdi. Çünki Azərbaycanın coğrafi ərazisində dövlət deyil, dağıdıcı ünsürlərdən təşkil olunmuş “siyasi özfəaliyyət dərnəyi” mövcud idi. Heç bir idarəçilik təcrübəsi olmayan, səriştəsiz, dövlət quruculuğundan xəbərsiz “mitinq qəhrəmanları”ndan elə bunu gözləmək olardı.

1993-cü ilin iyun ayında o zamankı iqtidarın “milli qəhrəman” statusuna qaldırdığı Surət Hüseynovun Gəncədəki qanunsuz hərəkətləri, mərkəzi hakimiyyətə tabe olmaması isə ölkədəki hərc-mərcliyin, anarxiya mühitinin, o zamankı iqtidara qarşı inamsızlığın məntiqi sonluğa yetişməsi idi. Faktiki olaraq müəyyən xarici qüvvələrin dəstəklədiyi bu itaətsizlik respublikamızın yenicə nail olduğu dövlət müstəqilliyinə ciddi təhlükə olmaqla yanaşı, vətəndaş müharibəsinə, Azərbaycanın ayrı-ayrı bölgələrə parçalanmasına zəmin yaratmışdı. Yaranmış münbit şəraitdən istifadə edən “Sadval” hərəkatı və həmin dövrdə mövcud olmuş digər etnik-hərbi qruplaşmalar dövlətçilik əleyhinə təxribatçı fəaliyyətlərini genişləndirirdilər. Cənubda qondarma “Talış-Muğan Respublikası”nın elan olunması Azərbaycanın ərazi bütövlüyünün pozulması, ölkədəki hakimiyyətsizliyin, xaos və anarxiyanın, qanunsuzluğun bariz təcəssümü idi.

Belə bir böhranlı və ağır vəziyyətdə xalqın çıxış yolunu yenə də müdrik rəhbərinin – ulu öndər Heydər Əliyevin hakimiyyət sükanı arxasına keçməsində görməsi bir sıra obyektiv reallıqlarla şərtlənirdi. Əksəriyyət başa düşürdü ki, yaranmış ekstremal şəraitdə ölkədə ictimai-siyasi gərginliyi aradan qaldırmaq, qiyamı yatırmaq, qanunsuz silahlı qüvvələri zərərsizləşdirmək, dövlət təsisatlarının normal fəaliyyətini təmin etmək bacarığına malik alternativsiz lider məhz Heydər Əliyevdir. Həmin dövrdə xalqın ulu öndərə olan böyük sevgi və inamını dolayısı ilə etiraf etmək məcburiyyətində qalan AXC hakimiyyətinin Heydər Əliyevi acizanə şəkildə Bakıya dəvət etməsi həm də xalqın təkidli tələbi ilə bağlı idi. Belə böhranlı və ağır vəziyyətdə ölkə vətəndaşları yeganə çıxış yolunu yenə də müdrik rəhbərinin hakimiyyət sükanı arxasına keçməsində görürdü.Bu taleyüklü sınaq anında xalqın çağırışına səs verən, dövlətin gələcək taleyinə biganə qalmayan böyük strateq Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya dönərək respublikada yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başladı.

Ümummilli liderin bir qrup ziyalı ilə Gəncəyə səfər etməsi və heç bir riskdən çəkinməyərək qarşı duran tərəflərlə danışıqlar aparması vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınmasında mühüm addım oldu. Bundan bir neçə gün sonra – iyunun 15-də isə ulu öndər parlamentdə səslənən təkidli xahişləri, ən əsası, xalqın istəyini nəzərə alaraq o zamankı Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçildi. Bu tarixi hadisə respublika həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlanğıcına çevrildi.

1993-cü il iyunun 15-də Ali Sovetdə dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev respublikanı xaos və anarxiya burulğanından çıxarmaq, xalqın etimadını doğrultmaq üçün səylə çalışacağını bəyan etdi: “Azərbaycan Respublikasının dövlət müstəqilliyi ən əsas məsələdir. Müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməlidir. Siyasi plüralizmə geniş yol verilməlidir. Azərbaycan Respublikasında Konstitusiyanın pozulmasına, qanun pozuntularına yol verilməməlidir. Dövlət quruculuğu və cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır. Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan hüquqlarının qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır. Yəni bizim respublikamız bir il bundan öncə başladığı yolla getməkdə davam etməlidir.”

Ulu öndər Heydər Əliyevin iyunun 15-də Ali Sovetin sədri seçilməsi böyük strateqin, sadəcə, hakimiyyətə qayıdışı deyil, eyni zamanda, xalqın qurtuluş və özünütəsdiq tarixidir. Bu tarixi qayıdış ilk növbədə Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxlamış, ölkəni parçalanmadan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından xilas etdi. Heydər Əliyev iqtisadi islahatların həyata keçirilməsi istiqamətində mühüm addımlar atdı. İlk günlərdən Azərbaycanın perspektiv inkişaf prioritetlərini açıqladı, demokratik inkişafa doğru sürət götürmüş müstəqil Azərbaycan dövlətini qısa müddət ərzində möhkəmlənən, qüdrətlənən, regionda, habelə dünyada əhəmiyyətli dərəcədə artan sosial-siyasi reallığa çevirdi.

Ordu quruculuğu, dövlət orqanlarının formalaşdırılması, iqtisadiyyatın dirçəldilməsi, insanların maddi rifahının yaxşılaşdırılması, cinayətkarlıqla mübarizə, qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, Azərbaycana investisiyaların cəlb edilməsi, xarici siyasət və s. sahələrdə ciddi uğurlar əldə edildi.

Heydər Əliyevin siyasi kursu bu gün onun ideyalarına sadiq qalan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli liderimizin “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyərək qiymətləndirdiyi Prezidentimiz İlham Əliyev bu gün, həqiqətən də, xalqın etimadını doğrultmaqla həmin ümidləri gerçəkləşdirir.

Mən fikrimi konkret olaraq çalışdığım sahədə – dəmiryolu sistemində həyata keçirilən islahatlarla bağlı əsaslandırmaq istərdim. Ümummilli liderin rəhbərliyi ilə yaradılan nəqliyyat infrastrukturunun inkişafı və modernləşdirilməsi prosesi hazırda intensiv şəkildə aparılır. Azərbaycan dəmir yolu ölkənin sosial-iqtisadi inkişafında mühüm yer tutan təsərrüfat kompleksi kimi dinamik inkişaf edir. Dəmir yollarında mövcud infrastrukturun yenilənməsi istiqamətində son dövrdə təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Ötən müddət ərzində ümumilikdə yüz kilometrlərlə dəmir yolu əsaslı təmir olunub, kontakt şəbəkə üzrə əsaslı təmir və yenilənmə işləri aparılıb, yeni yoldəyişən qurğular alınıb. Bakı-Böyük Kəsik sahəsində yolun enerji təchizatı sisteminin sabit cərəyandan dəyişən cərəyana keçirilməsi üçün yarımstansiyalarda tikinti işləri reallaşdırılıb.  

Hazırda kontakt şəbəkə üzrə yenilənmə və dəyişikliklər, rabitə və işarəvermə sisteminin təkmilləşdirilməsi tədbirləri həyata keçirilir. Asiya İnkişaf Bankının ayırdığı texniki yardım hesabına Fransanın “Sistra” məsləhətçi şirkəti tərəfindən Bakı-Yalama dəmir yolu xətti üzrə yolun əsaslı təmiri və eləcə də Dünya Bankı tərəfindən maliyyələşdirilən “Dəmir yolu ticarətinin dəstəklənməsi layihəsi” çərçivəsində Yalama-Astara marşrutu üçün texniki-iqtisadi əsaslandırma hazırlanır.

Azərbaycan Prezidentinin iştirakı ilə 2015-ci il sentyabrın 12-də Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik sürət qatarı istifadəyə verilib. Hazırda 98 kilometr uzunluğu olan Bakı-Pirşağı-Sumqayıt dəmir yolunun təmiri aparılır ki, bunun da nəticəsində Bakı-Biləcəri-Sumqayıt-Pirşağı-Bakı dairəvi dəmir yolu sərnişinlərin istifadəsinə veriləcək.

Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə yenidən qurulan Bakı dəmir yolu vağzalı binası əsaslı təmir olunduqdan sonra, 2017-ci il fevralın 10-da, ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilib. Təmir-bərpa işləri 200 min kvadratmetr sahəni əhatə edib. İşlər 1883-cü ildə inşa olunan və “Bakının Tiflis vağzalı” adı ilə tanınan binada, 1976-cı ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilən vağzal – mehmanxana kompleksində və ümumiyyətlə, bütün vağzal ərazisində aparılıb. Təmir-bərpa işləri hər iki binanın memarlıq üslubunun saxlanılması ilə həyata keçirilib.

Bu gün Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı fəaliyyət göstərir. Astara-Rəşt dəmir yolunun inşası başa çatdıqdan sonra isə Naxçıvan-Bakı qatarı işə salınacaq ki, bununla da muxtar respublika əhalisinin Bakı ilə dəmir yolu vasitəsilə asan əlaqəsi təmin olunacaq, həmçinin Naxçıvanda istehsal olunan travertin, mərmər, gips, Badamlı və Sirab kimi məşhur təbii mineral sular, duz, müxtəlif növ kənd təsərrüfatı, o cümlədən meyvə-tərəvəz məhsullarının, təqribən, 30-32 saata paytaxta daşınması reallaşacaq. Eyni zamanda, sadalanan ixrac məhsullarının qonşu ölkələrin bazarlarına çıxarılmasına imkan yaranacaq. Bu məqsədlə hazırda muxtar respublikanın dəmir yolu təsərrüfatında yenilənmə prosesi sürətlə həyata keçirilir.

Azərbaycan dəmir yollarının beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya olunması üçün müvafiq infrastrukturun yaradılması istiqamətində lazımi tədbirlər də görülməkdədir. Bakı-Tbilisi-Qars dəmir yolunun artıq bu il istismara verilməsi planlaşdırılır. Bununla yanaşı,  Azərbaycan Dəmir Yolları ölkəmizin digər nəqliyyat strukturları ilə birgə, artıq bir neçə iri beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısıdır. Ötən ilin sonunda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Assosiasiyası yaradılıb, həmin xətdə vahid qiymətlər və vahid pəncərə sistemi tətbiq olunub. Hazırda Şərq-Qərb dəhlizində alternativ marşrutların hazırlanması istiqamətində işlər aparılır. Bununla bərabər, Çinin cənub rayonlarından Avropaya nəql olunan yüklərin Qırğızıstan, Özbəkistan və Türkmənistandan keçməklə Azərbaycana və daha sonra Avropa ölkələrinə daşınmasını nəzərdə tutan yeni marşrutun yaradılması istiqamətində danışıqlar aparılır.

Azərbaycan dəmir yollarının hazırkı vəziyyəti, son dövr ərzində həyata keçirilən islahatlar gələcəyə ümidlə baxmağa əsas verir. Bununla belə, inkişaf etmiş dünya ölkələrinin səviyyəsinə çatmaq üçün modernləşmə baxımından hələ daha çox iş görülməlidir. Ölkə Prezidentinin tapşırığına uyğun olaraq, bununla əlaqədar dəmir yollarının inkişaf proqramı hazırlanıb. Belə ki, qarşıdakı 3 il müddəti üçün müəyyən edilmiş investisiya portfelinə əsasən, Yalama-Astara istiqamətində dəmir yolunun əsaslı təmiri, Bakı-Gəncə-Bakı sürət qatarının istifadəyə verilməsi, Yevlaxda Kür çayı üzərində ikinci körpünün tikintisi işlərinin yerinə yetirilməsi nəzərdə tutulur. Daha sonrakı illər üçün müəyyənləşdirilən perspektiv planda isə Heydər Əliyev Beynəlxalq Aeroportuna, Şahdağ və Qəbələ turizm mərkəzlərinə dəmir yolu çəkilməsi planlaşdırılır ki, hazırda bu xətlərin layihələndirilməsi işləri aparılır.

Bütün bunlar Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasını uğurla davam etdirən cənab İlham Əliyevin Azərbaycan dəmir yollarının inkişafına, müasirləşməsinə və mövcud problemlərinin həllinə böyük həssaslıqla, diqqətlə yanaşmasının məntiqi nəticəsidir. Şübhəsiz ki, dəmir yollarında son dövrdə başlanan islahatlar nəticəsində Azərbaycan dəmir yolları regionun mühüm və əhəmiyyətli nəqliyyat-logistika holdinqinə çevrilərək dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları sırasında öz layiqli yerini tutacaq.

Bu gün bizim hər birimiz dahi öndərə məhəbbətimizin təzahürü olaraq Prezidentin ətrafında sıx birləşməyə, onun qarşıya qoyduğu mühüm vəzifələrin yerinə yetirilməsində daha fəal iştirak etməyə çalışırıq. İnanırıq ki, siyasət aləmində öz sözünü deyən, beynəlxalq aləmdə böyük nüfuz qazanan möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizin hərtərəfli inkişafı naminə bu işləri bundan sonra da uğurla davam etdirəcək, işğal altında olan torpaqlarımız geri qaytarılacaq, Azərbaycan inkişaf etmiş dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirəcəkdir.

Məhərrəm MƏMMƏDOV,
iqtisadçı-ekspert, fəxri dəmiryolçu


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında