Varlığımızın da, yoxluğumuzun da ünvanı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Torpaq: “Öldür məni, dirildim səni”

 

Yaranışından insan övladı ruzisini torpaqdan qazanıb. Torpağa sığınıb, ondan güc alıb və ona Vətən deyib. Vətən deyib qoruduğu torpağı alın təri, əl qabarı ilə gülüstana çevirib. Doyub, dolanıb, maddi nemətlər bolluğu yaradıb. Beşikdən qəbrə qədər belə bir ömür yolu keçən insan övladı axırda yenə də torpağa qovuşub. Deməli, varlığımızın da, yoxluğumuzun da məkanı torpaqdır.

Azərbaycanın, eləcə də muxtar respublikamızın iqtisadi cəhətdən möhkəmlənməsi, inkişaf etməsi üçün uzaq perspektivdə nəzərdə tutulan müəyyən hədəflər vardır. Bu hədəflərə çatmaq üçün mərhələli şəkildə həyata keçirilən bir sıra islahatlar mahiyyət etibarilə ərzaq təhlükəsizliyinə nail olmaq, əhalini keyfiyyətli məhsullarla təmin etmək, təbiəti zənginləşdirmək, ekoloji tarazlığı qorumaq, ixrac imkanlarını genişləndirmək məqsədinə xidmət edir. Bu yol ulu öndərimiz Heydər Əliyevin uzaqgörənliklə başladığı torpaq islahatlarının uğurlu nəticələri ilə açıldı. Müstəqil Azərbaycan iqtisadi böhran vəziyyətindən çıxdı. İllər keçdikcə gözümüzdə adiləşən islahatların yerini irimiqyaslı dövlət proqramları tutmağa başladı. Dövlət proqramlarının qəbul olunması ilə perspektiv planlar müəyyənləşdirildi və işlər bu istiqamətdə aparıldı. Kəndliyə, torpaq adamına, sahibkara yerli məhsulların istehsalını artırmaq üçün ən yüksək səviyyədə dövlət qayğısı göstərildi. Bu qayğıdan ruhlanan kəndli də “öldür məni, dirildim səni”,– deyən torpağı imkanı çatdıqca heşan etməyə, alın təri axıtmağa, yaxşı məhsul götürməyə səy göstərdi. Torpaqlar vaxtında əkildi, becərildi, suvarıldı, gübrələndi. Zəhmətin bəhrəsini görən kəndli, beləcə, torpağın əsl sahibinə çevrildi.

Muxtar respublikamızda da kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı məqsədilə dövlət proqramlarının qəbul edilməsi öz bəhrəsini verir. Artıq bazarlarımızda sağlamlığımıza balta çalan, geni dəyişdirilən, dadsız-tamsız məhsulların yerini dadlı-tamlı yerli məhsullar tutub. Hər birimizə bəllidir ki, bir neçə il bazarlardan evlərimizə zənbil-zənbil “dərd-bəla” daşımışıq. Damaq dadımıza yad olan, sağlamlığımızı əlimizdən alan idxal meyvə-tərəvəzi, bostan məhsullarını üzümüzü turşudaraq, əlacsız qalıb yemişik və sağlamlığımıza zərbə vurmuşuq. Yad ellərdən süfrələrimizə ayaq açan məhsulları yeyəndə illər öncə damağımıza dad verən yerli sortlardan əlçatmaz bir xatirə kimi söhbət açırdıq. Yerli sortların toxumlarının itib-batdığına, yox olduğuna təəssüflənərək, günahkar axtarırdıq. Amma günahkarın elə özümüz olduğunu unutmuşduq. Şükürlər olsun ki, bu tendensiyanın qarşısı alınıb. Yerli məhsulların istehsalını artırmaq üçün qəbul olunan dövlət proqramları sayəsində indi muxtar respublikamızda qədim sortların əldə edilməsi və əkilməsi həsrətində olduğumuz o tamı dadmağımıza imkan yaranıb.

 Bu yerdə bir cəhəti də xüsusilə vurğulamaq lazımdır ki, muxtar respublikamızda meyvəçilikdə, əkinçilikdə, heyvandarlıqda, quşçuluqda, maldarlıqda, tərəvəzçilikdə, arıçılıqda özünü doğrultmuş mütərəqqi üsullardan istifadə qəbul olunan dövlət proqramlarında qarşıya qoyulan əsas vəzifələrdəndir.

Oxucularımıza dövlət proqramlarının kənd sakinləri üçün əhəmiyyətini sadə bir nümunə ilə açıqlamaq istəyirəm. Deyək ki, Şahbuz rayonunda bir neçə sakin arıçılıqla məşğul olmaq istəyir. Bu istəyin reallaşması üçün məlumdur ki, həmin şəxs xeyli vəsait xərcləməklə yanaşı, həm də günlərlə vaxt sərf etməlidir. Amma arıçılığın inkişafı ilə bağlı ­“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın qəbul olunması həmin şəxsin həm vəsaitə, həm də vaxta qənaət etməsinə, o cümlədən ona lazımi köməkliyin göstərilməsinə şərait yaradır. Çünki bu proqramda qarşıya qoyulan vəzifələrin icrası üçün müvafiq qurumlar öz üzərlərinə düşən işi yerinə yetirməyə çalışırlar. Arıçılıq təsərrüfatı yaradanlara lazımi dəstəyin göstərilməsi – kreditlərin ayrılması, arı ailələrinin verilməsi, xəstəliklərə qarşı mübarizə tədbirlərinin aparılması üçün zəruri dərman preparatlarının təminatı, o cümlədən istehsal olunan məhsulun satışının təşkili müəyyən qurumlar tərəfindən həyata keçirilir. Deməli, qalır həmin vətəndaşın qol çırmayıb işə girişməsi.

Muxtar respublikamızda meyvəçiliyin, tərəvəzçiliyin, üzümçülüyün, taxılçılığın, kartofçuluğun, o cümlədən heyvandarlığın, maldarlığın, quşçuluğun inkişaf etdirilməsi məqsədilə Ali Məclis sədrinin uzaqgörənliklə təsdiq etdiyi dövlət proqramlarının mahiyyətini qısaca olaraq təhlil edərkən bu sahələrin bir-biri ilə sıx əlaqəli olduğunu görə bilərik. Arıçılığın inkişafı həm də bağlardan yaxşı məhsul götürülməsinə təsir göstərən ən güclü amildir. Əkin sahələrinin genişləndirilməsi, meyvə bağlarının salınması arıların yaxşı bal toplamasına, həmçinin baltutarların zənginləşdirilməsinə imkan verir. Bu sahələrin inkişafı heyvandarlıqda yem bazasının möhkəmləndirilməsinə də öz təsirini göstərəcəkdir. Belə ki, Şahbuz kimi dağlıq ərazidə yerləşən və ilin 6 ayının soyuq keçdiyi yerlərdə heyvandarlar, maldarlar mövsüm ərzində güclü yem bazası yaratmalıdırlar. Məlumdur ki, arpa, buğda zəmilərinin çoxluğu küləş istehsalına, qarğıdalı əkinlərinin çoxluğu silosluq yem bazasının yaranmasına imkan verir. Beləcə, xırdalıqlarına kimi təhlil aparsaq, təkcə Şahbuz rayonunda dövlət proqramlarının qarşıya qoyduğu vəzifələrin icrasının kənd təsərrüfatının bütün sahələrinin inkişafına necə təsir etdiyini təsəvvür edə bilərik. Məlumdur ki, aqrar sahənin inkişafında suvarmanın da rolu əvəzsizdir. Ona görə də deyə bilərik ki, muxtar respublikamızda qəbul olunan dövlət proqramları mahiyyət etibarilə bir-birini tamamlayır.

Muxtar respublikamızda innovasiyaların tətbiq olunması, mütərəqqi suvarma üsullarının yaradılması, rentabelli suvarma şəbəkəsinin qurulması əkinçiliyin inkişaf etdirilməsinə, torpaqlardan və su ehtiyatlarından səmərəli istifadəyə təminat yaradır. Şahbuz rayonunda da suvarma suyuna olan tələbatın ödənilməsi üçün son illərdə onlarca nasos stansiyası qurulub və suvarma şəbəkəsi yaradılıb. Bu isə əkinçini razı salır. Ayrınc kənd sakini Eldar Həsənovun redaksiyamıza göndərdiyi minnətdarlıq məktubundan bir hissəni təqdim edirəm: “Elə bil, 70 ilin ağrı-acısına, arxların “dərd-sərinə” indi məlhəm qoyulub. Su üstə qonum-qonşu illərlə küsülü olardı əvvəllər. Dədə-babadan Şahbuz şəhərindəki arxa bir qətrə su vurulmadığından o, “quru” ləqəbini qazanmışdı. Buna görə də yüzillik ağaclar quruyar, bar-bəhər götürmək çətin olardı. Amma indi bağımızı, bostanımızı suvarmaq dərdini çəkmirik. Bir vaxtlar bu, bizim üçün böyük dərd idi. İndi dağın, dərənin suları havayı axıb getmir. Dövlət qayğısı ilə suvarma suları kəndimizə, şəhərimizə gətirilir, taxılçılıq, yemçilik, meyvə-tərəvəzçilik sahələrindən bol məhsul toplanılır. Subartezian quyuları, kəhriz və yaxşı tutuma malik arxlar və nasoslar vasitəsilə mövsüm ərzində əkinləri suvara bilirik. Sevinirik ki, indi artıq ən ucqar dağ kəndlərimizdəki qədim və unudulmuş arxların hamısı bərpa edilib. Artıq içməli suda olduğu kimi, suvarma suyunda da çətinliyimiz yoxdur. Bu, məni bir kənd sakini kimi çox sevindirir”.

Bir zəhmət adamını bu qədər sevindirən dövlət tərəfindən həyata keçirilən irimiqyaslı layihələrin nəticəsidir. Deməli, kənd təsərrüfatının hərtərəfli inkişafı məqsədilə muxtar respublikamızda qəbul olunmuş dövlət proqramları, sözün həqiqi mənasında, zəhmət adamının qarşılaşdığı problemləri kökündən həll edir. Həmçinin yaxşı yaşamaq, sağlam olmaq, çəkilən zəhmətin müqabilində bol məhsul götürmək, ekoloji tarazlığı qorumaq üçün də bu sənədlər yol xəritəsidir. Maraqlıdır, dövlət proqramları qəbul olunmamışdan əvvəl hansı ab-hava hökm sürürdü?

 

 Keçmişə bir nəzər

 

Ötən əsrin sonlarında baş verən məlum hadisələrdən sonra həyatımızın hər bir sahəsində mizan pozuldu, tərəzi əyildi. Əkinçi əkindən, taxılçı taxıldan, fəhlə də öz işindən üz çevirdi. Lakin əli işdən soyuyan insanların tələbatı dəyişmədi. Həmin tələbatları dəyişməyən insanlar ötən əsrin 90-cı illərində əlini ağdan qaraya vurmaq istəmirdilər. İnsanlarda sanki bir laqeydlik, arxayınlıq yaranmışdı. “Ver yeyim, ört yatım, gözlə canım çıxmasın” prinsipi şüurlara hakim kəsilən illərdə torpaqlarımız da əkinçi-biçinçi üzünə həsrət qalmışdı.

Bunun acısını da elə torpaqdan üz çevirən insanlar çəkirdilər. Süfrələr boşalmışdı. Bir dəstə göyərtiyə, bir qab tərəvəzə, bir vedrə meyvəyə həsrət qalan torpaq adamları günahı başqa yerlərdə axtarmağa başlamışdılar. Əvvəllər ovuc içi boyda torpaqdan bol məhsul götürən kənd sakinləri məlum hadisələrdən sonra bazar, dükan axtarışına çıxıb daha ucuz məhsul almağa çalışır, kartof, soğan ardınca hətta başqa yerlərə üz tuturdular. Altı da, üstü də xəzinə olan torpaqlar, beləcə, hər yerdə dəmyə qaldığından qızıl kimi əkin sahələri tikan-qanqal məskəninə çevrilmişdi. Həmin illərdə ölkəmizdə, eləcə də muxtar respublikamızda kənd təsərrüfatı digər sahələrə nisbətən geri qalırdı. Amma ulu öndərin böyük uzaqgörənliklə həyata keçirdiyi siyasət nəticəsində torpaq islahatlarının məqsədyönlü şəkildə aparılması muxtar respublikada aqrar sahənin inkişafında əsaslı dönüş nöqtəsi oldu. Təəssüflər olsun ki, bəzən sevinə-sevinə torpaq sahibi olan insanlar onu çəpərləməklə işlərini bitmiş hesab etdilər. Əkilməyən boş torpaq sahələri otlaqlara çevrildi. Bəlkə elə buna görə də əkinçilikdə elə bir irəliləyiş nəzərə çarpmırdı. İnsanların bu süstlüyünün, laqeydliyinin aradan qaldırılması üçün dövlət proqramlarının qəbulu bu sahədə böyük dəyişikliyə təkan verdi.

 

 Bugünkü mənzərə

 

Elimizdə belə bir məsəl var: “Qonşu qonşuya baxar, özünü oda yaxar”. Qonşusunun çox işləyib, yaxşı məhsul götürüb, qazanc əldə etdiyini, müasir mənzil sahibi olduğunu, gəlirinin artdığını görən başqa bir qonşu da qol çırmayıb işə girişdi. Getdikcə elə bil ki, kənd sakinlərinin gözü açıldı. Sanki dünənə kimi “bacarmıram, bilmirəm, satammıram, əkəmmirəm” bəhanələri ilə işdən boyun qaçıranlar bunlar deyilmişlər. Torpağa mehr salmaqla, yaxşı qazanc əldə edənləri görənlər yaxşı da dolanışıq yolunun elə torpaqda olduğunu şəksiz, şübhəsiz, dərk etdilər. İndi artıq torpaqları qarış-qarış ölçüb-biçib əkən kənd adamları torpağa alın təri axıdıb əvəzində tonlarla məhsul yığırlar. Zəhmət çəkən hər kəsə məhsulunu yığmaqda, satmaqda dövlət səviyyəsində hər bir şəraitin yaradılması bu tendensiyanı gücləndirib, sahibkarlığın hərtərəfli inkişafına təkan verib. Nəticədə, dünənə kimi kartof, soğan, meyvə, tərəvəz ardınca dükan-bazara üz tutanlar indi artıq ilboyu məhsul satır, qazanc əldə edirlər.

Müxtəlif sahələrin inkişafı üçün kəndliyə maddi dəstək göstərilməsi, güzəştli şərtlərlə kreditlər verilməsi, toxum, gübrə, yanacağın dövlət tərəfindən təminatı da qəbul olunmuş dövlət proqramlarında qarşıya qoyulmuş çox mühüm vəzifələr kimi öz həllini tapıb.

Əkinçinin sağ əli olan maşın-mexanizmlərin əlverişli şərtlərlə icarəyə verilməsi də kənd təsərrüfatının inkişafına və yerli məhsulların istehsalının artırılmasına göstərilən qayğının təzahürüdür. Məhsul istehsalını artırmaq üçün aqrar sahəyə dövlət tərəfindən bu qədər yüksək səviyyədə dəstək göstərilməsi, vəsait xərclənməsi, şərait yaradılması qarşılığında kənd zəhmətkeşləri də tənbəllikdən uzaqlaşaraq, daha çox işləməklə yaxşı məhsul əldə etməyə səy göstərirlər. Bu gün dünyada baş verən proseslər göstərir ki, yaxşı yaşamağın, sağlam olmağın, uzunömürlülüyün, güclü iqtisadiyyatın əsas mənbəyi torpaqdır. Dünyanı ağuşuna alan ərzaq problemləri də bunun təsdiqidir.

Əgər bu gün Şahbuz rayonunda əlli minə yaxın üzüm qələmi əkilib, ona qulluq göstərilirsə və gələn il həmin körpə fidanlar üzüm bağları üçün hazırlanan sahələrə əkiləcəksə, deməli, bir neçə ildən sonra bu bağlardan yığılan tonlarla məhsul ailələrin illik tələbatını ödəyəcək vəsaitə çevriləcək. Həmçinin keyfiyyətli və dadlı üzüm sortlarından çeşid-çeşid məhsullar hazırlanaraq süfrələrimizi bəzəyəcək. Həm sağlamlığımıza, həm də yaxşı yaşayışımıza öz təsirini göstərəcək. Bu da üzümçülüklə bağlı qəbul olunmuş dövlət proqramının qarşıya qoyduğu vəzifələrin təkcə Şahbuz rayonunda yaratdığı mənzərədir.

 

 Nə əkərsən, onu da biçərsən

 

Məlumdur ki, muxtar respublikamızda həyata keçirilən yaşıllaşdırma tədbirləri sayəsində yüz hektarlarla meyvə bağları salınıb. Yerli məhsulların istehsalını artırmaq üçün sahibkarlara dəstək göstərilir, istehsal müəssisələrinin fəaliyyətinə stimul yaradılır. Əkilən torpaqlar, salınan yeni bağlar, fəaliyyətə başlayan istehsal müəssisələri muxtar respublikamızda indi yüzlərlə adda yerli məhsulun bazara çıxarılmasına səbəb olub, həm də bu, yüzlərlə insan üçün yeni iş yerlərinin açılması deməkdir. Qazancın yaxşı olması alıcılıq qabiliyyətinin də artması deməkdir. Bu isə ailələrin maddi təminatının güclənməsinə, ümumilikdə isə iqtisadiyyatın şaxələnməsinə və inkişaf tempinin artmasına gətirib çıxarır. Bütün bunlar deməyə əsas verir ki, muxtar respublika sakinləri artıq yaxşı yaşamağın, bolluğun, ucuzluğun yolunu tapıblar.

İndi ən ucqar dağ kəndlərindən başlayaraq üzüaşağı – şəhər və qəsəbələrimizə qədər göz işlədikcə görünən hektarlarla torpaq sahələrinin bir qarışını belə, boş qoymayan zəhmətkeşlər torpağın dəyərini, qədrini bilirlər. Onu istədikləri kimi əkir, biçir, istehsal edir, məhsulu satır və qazanırlar. Çəkilən zəhmətin hədər getməməsi üçün artıq muxtar respublikamızda torpaqların təyinatı üzrə istifadəsi məqsədilə atlasların hazırlanması da əkinçinin daha çox və keyfiyyətli məhsul istehsal etməsinə zəmin yaradır. Sevindirici haldır ki, indi tək Naxçıvan yox, respublikamızın başqa yerlərində də bazarlarda Naxçıvan məhsulları adla deyilir. Naxçıvanın istər meyvəsi, tərəvəzi, əti, südü, pendiri, istərsə də təbii sərvətlərimizdən olan mineral suları, yabanı tərəvəzləri hər yerdə əl-əl gəzir. Hətta xarici ölkələrdə belə, bu məhsulların böyük alıcı kütləsi olduğu məlumdur. Belə olan halda heç kimin dolanışıqdan giley-güzar etməyə haqqı yoxdur. Çünki muxtar respublikamızda torpaq mülkiyyətçilərinə ən yüksək səviyyədə dəstək göstərilməsi, onlara şərait yaradılması danılmaz faktdır.

Ən ucqar dağlıq rayon olan Şahbuzda belə, istənilən sakinin hər hansı bir istehsal müəssisəsi açması, təsərrüfat sahəsi yaratması, kiçik sahibkarlıqla məşğul olması üçün dövlət tərəfindən dəstək göstərilməsi dediklərimizin sübutudur. Bunun nəticəsidir ki, bir vaxtlar bir istehsal müəssisəsi olmayan Şahbuzda indi quşçuluq, balıqçılıq, arıçılıq, heyvandarlıq, maldarlıq sahələri ilə yanaşı, həm də çörək, su, bal istehsal edən müəssisələr də fəaliyyət göstərir. Yaradılan şəraitdən istifadə edərək zəhmətə qatlaşanlar həm dövlət siyasətinə dəstək olur, həm də yaxşı yaşamaq, övladlarının gələcəyi, arzularının reallaşması üçün təminat yaradırlar.

P.S. Kəndli qardaş, atalarımız demişkən, gəl əyri oturaq, düz danışaq. Sən özün torpağa əyilməsən, o, sənə yaxın gəlməz. Sən yaxşı bilirsən ki, istifadənə verilən bu qədər maşın-mexanizmlərin milyon manatlarla dəyəri var. Hələ məhsuldar toxumu, gübrəni, yanacağı demirəm. Bütün bunlar dövlət dəstəyi ilə evinin içindəcə sənə verilirsə, deməli, sən də gecəni gündüzə qatıb işləməlisən. Atalarımız demişkən, “Nə əkərsən, onu da biçərsən”.

 

Şəhla NƏBİYEVA,
Şahbuz rayonunda çıxan
“Oğuz səsi” qəzetinin redaktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında