Aqrar sahənin inkişafına yönələn dövlət dəstəyi müsbət nəticələr verir

Azərbaycan Prezidenti cənab İlham Əliyevin son illərdə qeyri-neft sektoruna göstərdiyi yüksək diqqət nəticəsində iqtisadiyyatın prioritet istiqamətlərindən olan aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi və regionların inkişafı istiqamətində mühüm uğurlar qazanılıb. Aqrar sahədə aparılan uğurlu islahatlar nəticəsində bir sıra strateji məhsullara olan tələbatın yerli istehsal hesabına tam ödənilməsinə, ölkənin ərzaq təhlükəsizliyində xarici bazardan asılılığın azalmasına, ixracyönümlü məhsulların istehsal həcmini artırmaqla regionların inkişafına nail olunub. Fermerlərin dövlət tərəfindən çoxşaxəli subsidiyalarla təmin edilməsi kənd təsərrüfatı ilə məşğul olanların rifah halının yüksəldilməsinə gətirib çıxarıb.

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyətdən əldə etdikləri mənfəət gəlir vergisindən, həmin fəaliyyət prosesində istifadə olunan əmlakları əmlak vergisindən, kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən 5 il müddətinə azad olunması da sözügedən sektorun inkişafına müsbət təsir göstərib.

Aqrar sektorda ənənəvi sahə olan pambıqçılıq, baramaçılıq, çayçılıq, tütünçülük, fındıqçılıq və digər valyuta gətirən, ixracyönümlü və sosialyönümlü sahələrin inkişafına diqqət artırılıb. Bu da təsadüfi deyil. Çünki əsas hədəf Azərbaycanı dünyada təkcə neft-qaz ölkəsi kimi deyil, həm də aqrar ölkə kimi tanıtmaqdır. Bunun üçün ilk növbədə yüksək keyfiyyətli və ekoloji təmiz məhsullar istehsal olunmalıdır.

Həyata keçirilən islahatların nəticəsidir ki, artıq kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə müsbət nəticələr əldə edilib. Məsələn, keçən il artım barama üzrə 300 dəfə, soya üzrə 2,8 dəfə, pambıq üzrə 2,5 dəfə, yaşıl çay yarpağı üzrə 75 faiz, şəkər çuğunduru üzrə 73 faiz, düyü üzrə 72 faiz, buğda üzrə 9,8 faiz, kartof üzrə 7,5 faiz olub. Bununla da kənd təsərrüfatı məhsullarının artım tempi ölkə əhalisinin artım tempini xeyli üstələyib. Belə əlverişli şərait, eyni zamanda, respublikada ayrı-ayrı məhsullar üzrə özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olub.

Aqrar sektorun dinamik inkişafı əkin dövriyyəsinin getdikcə artmasında da özünü göstərir. Yazlıq əkinlərin proqnozlaşdırılan templə getməsi də bunun bariz ifadəsidir; mayın 31-dək olan statistik məlumata əsasən, ümumilikdə, 363 min 346 hektar sahədə yazlıq əkin aparılıb. Əsas bitki növləri üzrə göstəricilərə nəzər salaq: kartof - 49952,7 hektar, qarğıdalı - 26921,6 hektar, pomidor-xiyar - 16908,6 hektar, dənli və dənli paxlalı bitkilər - 9628,4 hektar, soya 9074,9 hektar, baş soğan - 8519,7 hektar, çəltik - 3683,9 hektar və s. əkilib.

Aqrar sektorun inkişafı, əkin sahələrinin genişləndirilməsi həm də yeni iş yerləri, kənd əhalisinin əhalinin məşğulluğunun təmin olunması və artan gəlirlər deməkdir. İyunun 1-nə olan məlumata görə, respublika üzrə yazlıq əkinlərə 432 min 146 nəfər cəlb olunub. Bu, may ayının 1-i ilə müqayisədə 60,4 faiz artım deməkdir.

İndi isə hazırda ayrı-ayrı sahələr üzrə işlə təmin olunanların sayı ilə bağlı göstəricilərə nəzər salaq. Pambıqçılıqda 75 min 417, şəkər çuğunduru yetişdirilməsində 12 min 485, tütünçülükdə 7962 iş yeri açılıb. Fındıq istehsalçılarının sayı isə 8 min 897-yə çatıb.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, aqrar sahədə intensiv metodlar əsasında istehsalın genişləndirilməsi tədbirləri də hazırda uğurla davam etdirilir. Son illərdə 20 rayonda 44 min hektaradək ərazidə 22 sahibkar tərəfindən müasir suvarma sistemlərinin və innovativ texnologiyaların tətbiqinə əsaslanan 32 iri fermer təsərrüfatının, 22 rayonda isə 27 aqroparkın yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsi bunun bariz ifadəsidir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında