Ulu öndər Heydər Əliyev İlham Əliyev haqqında “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” demişdi. Həyat bu sözlərin nə qədər böyük bir həqiqət olduğunu bütün dünyaya göstərdi.
İlham Əliyev Heydər Əliyevin bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas etdiyi Azərbaycanı yüksələn xətlə inkişaf etdirərək ona bütün sahələrdə böyük uğurlar qazandırdı. Son 13 il ərzində onun rəhbərliyi altında yaşayıb -yaradan Azərbaycan tək Cənubi Qafqazın deyil, Qərblə Şərqin qovuşuğunda yerləşən böyük bir bölgənin ən nüfuzlu dövlətlərindən birinə çevrildi. İndi beynəlxalq siyasi müstəvidə Azərbaycanın nüfuzu yüksələrək elə bir səviyyəyə çatıb ki, o artıq dünyanın super dövlətləri arasında baş verən münaqişələrin nizamlanmasında öz sözünü deyə bilir. Belə uğur Heydər Əliyev siyasi və iqtisadi kursunun layiqli davamçısı İlham Əliyevin düşünülmüş siyasətin məntiqi nəticəsidir.
Hakimiyyətə gəldiyi ilk gündən “biz bundan sonra elə yaşamalıyıq ki, sanki bir neft ölkəsi deyilik və neftimiz yoxdur” deyən gənc Prezident, neftlə bağlı iqtisadiyyatın çətinliklərini layiqincə qiymətləndirərək daha uzaq perspektivə nəzər salmağı bacardı. Neft pullarının daimi olmadığını yaxşı dərk edən İlham Əliyev ölkə iqtisadiyyatının köklü şəkildə yenidən qurulması işlərinə başladı. Ölkə iqtisadiyyatının real sektorunun yüksək səviyyədə inkişaf etdirilməsinin mümkünlüyünü ona münbit fəaliyyət meydanı yaratmaqdan keçdiyini yaxşı dərk edən dövlət başçısı 2004-cü ildən başlayaraq “Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı” dövlət proqramları çərçivəsində iri infrastruktur layihələrinin reallaşdırılmasına start verdi. Bu illər ərzində bölgələrin enerji, qaz, su təchizatının yüksək səviyyədə təmin edilməsi, yol infrastrukturunun yenidən qurulması sahəsində inqilabi nəticələrə gətirib çıxaran layihələr həyata keçirildi. Bakı şəhərinin avtomobil tıxaclarından xilas edilməsi istiqamətində nəhəng layihələr öz sözünü dedi. Bu gün dünyanın bir çox böyük şəhərləri avtomobil tıxaclarının yaratdığı məngənədə sıxıldığı halda, Bakıda bu problem qismən də olsa, aradan qaldırılıb.
Ümumiyyətlə, dövlət başçısının rəhbərliyi ilə görülən işlərin nəticələri özünü çox gözlətmədi. Bir neçə il ərzində Ümumi Daxili Məhsulda qeyri-neft sektorunun payı 50 faizdən 70 faizə qədər yüksəldi. Bu, bir neft ölkəsinin iqtisadiyyatında baş verən əsl inqilab idi. İndiyə qədər dünyanın heç bir neft ölkəsində buna bənzər hadisə müşahidə olunmamışdı. Bütün bu uğurlardan sonra qarşıda duran başlıca hədəf real sektorda ixracın həcmini dəfələrlə artırmaq və son nəticədə ölkə iqtisadiyyatının neftdən asılılığını optimal hesab edilə biləcək səviyyəyə çatdırmaq idi. Lakin çox təəssüf ki, heç kimin gözləmədiyi halda 2014-cü ilin ikinci yarısından etibarən dünya bazarlarında neftin qiyməti kəskin şəkildə aşağı düşməyə başladı. Neft gəlirlərinin qısa zaman kəsiyində belə azalması ölkə iqtisadiyyatının yenidən qurulması və onun qeyri-neft sektoruna davamlı şəkildə transformasiya olunması sahəsində bəzi problemlər yaratdı. Neftin qiymətləri ətrafında gedən siyasi oyunlar vəziyyəti bir qədər də mürəkkəbləşdirdi.
Baş verən bu proseslərin nə qədər davam edəcəyini müəyyənləşdirmək çətin idi və elə bu səbəbdən də Azərbaycan Prezidenti cənab İlham Əliyev gözləmə mövqeyinə qətiyyətlə yox deyərək ölkədə post-neft dövrünün başlandığını rəsmi şəkildə elan etdi. Yeni dövr düşünülmüş iqtisadi siyasətlə, praktik olaraq yeni iqtisadi modellə idarə olunmağa başlandı. 2015-ci ilin son aylarından ölkədə azad sahibkarlığın inkişafını təmin edən və ona hər yerdə yaşıl işıq yandıran mühüm qərarlar qəbul edildi. Azərbaycan iqtisadiyyatının bütün istiqamətlər üzrə hərtərəfli inkişafını nəzərdə tutan Strateji Yol xəritələri təsdiq olundu. Bu sənədlərin işlənib hazırlanmasında yerli xüsusiyyətlər nəzərə alınmaqla beynəlxalq təcrübədən geniş istifadə edildi və bu işə dünyanın aparıcı mütəxəssisləri cəlb olundu.
Bu gün Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə real sektorun əsas istiqamətləri üzrə ölkə iqtisadiyyatında inqilabi dəyişikliklər baş verməkdədir. Qeyri-neft sənayesində iri və orta istehsal müəssisələrinin qurulması yaxın gələcəkdə Azərbaycanı xam neft satan ölkədən neftdən hazırlanan məhsulların ixracatçısına çevirəcək. Bu məqsədlə Sumqayıtda tikilən Kimya Sənaye Parkı ilk qaranquş rolunu oynayacaq.
Azərbaycanda ənənəvi sahə olan aqrar sektor öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Son bir neçə il ərzində dünənə qədər Azərbaycana möhkəm valyuta gətirə biləcək texniki məhsulların – pambığın, baramanın, tütünün və başqa məhsulların istehsalında yüksək nəticələr əldə edilib. İki il öncə cəmi 200 kiloqram barama istehsal etmiş bir ölkədə qarşıdakı üç ildə barama tədarükü 1300 tona çatdırılacaq. Bu sahənin inkişafını təmin etmək üçün ötən il bölgələrimizdə 1 milyon 600 min tut ağacı əkilib. Belə sevindirici uğurlar aqrar sektorun demək olar ki, bütün sahələrində əldə olunub. İndi artıq ölkə rəhbərliyi qeyri-neft sənayesi və aqrar sektorda istehsal ediləcək məhsulların “Made in Azerbaijan” brendi ilə dünya bazarlarında öz layiqli yerini tutması istiqamətində lazımi tədbirlər görür.
Hazırda Azərbaycan dünyanın turizm mərkəzinə çevrilməkdədir. Bunun üçün hər cür şəraiti olan ölkəmizdə cənab İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən qərarların əhəmiyyəti misilsizdir. Azərbaycanın dünyaya daha yaxından tanıdılması məqsədilə atılan addımların önəmi çox böyükdür. Bu istiqamətdə ilk addım kimi Azərbaycanın Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təşkilatçılığı ilə keçirilən “Eurovision” mahnı müsabiqəsi dünyanın diqqətini Azərbaycana cəlb edə bildi. Bunun ardınca ölkəmizdə bir- birindən əhəmiyyətli beynəlxalq tədbirlərin keçirilməsi, 2015-ci ildə bütün dünyanı heyran edən birinci Avropa Oyunlarının, bu ilin iyun ayında isə IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili milyardlarla insanın diqqətini Azərbaycana yönəltdi. Yüksək səviyyədə keçirilən bu tədbirlər, eyni zamanda, Azərbaycanın bütün dünyaya təqdimatı demək idi. Bu təqdimatın məntiqi nəticəsi isə göz qabağındadır: bu gün ölkəmizin hər yerində, xüsusilə də Bakı şəhərində əcnəbi turistlərin sayının nə qədər artdığını aydın görmək mümkündür.
İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatına çox böyük töhfə verməyi hədəfləmiş istiqamətlərdən biri də ölkəmizin əlverişli coğrafi mövqeyindən məharətlə istifadə etməklə onu tranzit yükdaşımalar sahəsində nəhəng ticarət dəhlizinə çevirmək bacarığı oldu. Son bir neçə il ərzində bu sahədə görülən işlərə rəğmən çəkinmədən demək olar ki, Azərbaycan bu gün Qərblə Şərq, Cənubla Şimal arasında tranzit yükdaşımaların lokomotivinə çevrilir. Tarixi İpək Yolunun bir qolu kimi Şərqlə Qərbi birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub – Şərqi Asiya ölkələrindən və Hindistandan tranzit yüklərin Azərbaycan üzərindən şimala və qərbə daşınmasını hədəfləyən Şimal–Cənub ticarət dəhlizi, Xəzər hövzəsinin Ələt zonasında ən boyük Beynəlxalq Ticarət Limanının tikintisi əslində bu sahədə yeni eranın təməlini qoydu. Azərbaycan bu gün həmin transmilli layihələrin reallaşdırılması sahəsində öhdəsinə düşən bütün işləri başa çatdırmaq üzrədir. Bütün bu layihələr və ölkədə tranzit yükdaşımaların sistemləşdirilərək müasir bazarın tələblərinə uyğun yenidən qurulması Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsünün nəticəsidir . Bu layihələrin icrası əsasında Azərbaycan üzərindən yüklərin daşınması ölkəmizə milyardlarla dollar valyuta axınını təmin edəcək.
Prezidentin iradəsi ilə ərsəyə gələn və bütün dünyanın diqqət mərkəzində olan ən böyük transmilli layihələrdən biri də “Cənub” qaz dəhlizi layihəsidir. Bu layihə Prezident İlham Əliyevin şah əsəridir və onun ərsəyə gəlməsi bilavasitə Azərbaycan Prezidentinin iradəsi və qətiyyəti nəticəsində mümkün oldu. Layihənin reallaşdırılması ilə bağlı yaradılan çətinliklərə və təziqlərə baxmayaraq İlham Əliyev bütün məsuliyyəti öz üzərinə götürərək 11 şirkətin, yeddi hökumətin və 11 topdan qaz alıcısının sıx əməkdaşlığını təmin edə bildi. Uzun illər boyu qaz təchizatının şaxələndirilməsini arzulayan Avropa dövlətlərinin bu istəyini məhz Azərbaycan Prezidenti cənab İlham Əliyev reallaşdırdı. Bu, ABŞ-ın böyük dəstəyi ilə ərsəyə gələn əsrin ən nəhəng enerji layihəsidir.
Bütün bu görülən işlər və əldə olunan yüksək nəticələr hesabına indi Azərbaycan həm Qərb, həm də Şərq üçün, sözün əsl mənasında, strateji tərəfdaşa çevrilib. Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp bir ay ərzində Azərbaycan Prezidentinə iki məktub ünvanlayıb və həmin məktublarda ölkəmizlə münasibətlərə yüksək qiymət verib. Bununla da ABŞ kimi nəhəng bir dövlət Azərbaycanın simasında özünə ən etibarlı bir tərəfdaş seçməkdə qərarlı olduğunu ortaya qoyub. Bu faktın özü çox mühüm məqamlara aydınlıq gətirir.
Müasir və multikultural dəyərləri ilə dünyəvi bir dövlətə çevrilmiş gənc Azərbaycan Respublikasının qısa bir zamanda əldə etdiyi bu uğurlar, heç şübhəsiz, ölkə Prezidenti cənab İlham Əliyevin gərgin əməyinin məntiqi nəticəsidir. Bu gün bütün sahələrdə Cənubi Qafqazın lider dövləti statusunu qazanmış və dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevrilmiş Azərbaycan iqtisadi cəhətdən tənəzzül içərisində boğulan, öz iqtisadi və siyasi müstəqilliyini itirən, əhalisi səfalət üzündən kütləvi şəkildə immiqrasiya edən Ermənistana acizlik məngənəsində çabalayan və bundan sonra nə edəcəyini bilməyən bir dövlət kimi baxmaqda tam haqlıdır. Hazırda Azərbaycan öz iqtisadi və hərbi qüdrətinə arxalanaraq Ali Baş Komandan İlham Əliyevin bir göstərişi ilə işğal altındakı torpaqları bir neçə gün ərzində azad etmək iqtidarındadır. Lakin biz həmişə sülh tərəfdarı olmuşuq. Ötən ilin aprel ayında Azərbaycan Ordusunun hərbi uğurları çox mətləblərə aydınlıq gətirdi. Bu gün Ermənistan mətbuatında bizə qarşı ən radikal mövqedə dayanan erməni siyasətçiləri belə Xocalı qatili Serj Sarkisyana “İlham Əliyev dedi və elədi, bəs sən nə edirsən?” deyərək onu aşağılayır və Azərbaycanla hesablaşmağa çağırırlar. Çünki az- çox ağlı başında olan bu siyasətçilər yaxşı başa düşürlər ki, Azərbaycan kimi güclü və qüdrətli bir dövlətlə hesablaşmamaq artıq onların sonunu yaxınlaşdırır. İlham Əliyevin rəhbərliyi altında yüksək uğurlara imza atmış müasir Azərbaycan dövləti artıq təkcə Azərbaycanda yaşayan azərbaycanlıların deyil, əlli milyonluq bütün dünya azərbaycanlılarının dövlətinə çevrilib. Bu güclə, bu qüdrətlə hesablaşmamaq isə mümkün deyil!
Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.