Neft kimyasının atası Mendeleyev və Bakıda neft işi

Dünya kimya elminin korifeyi, elementlərin dövri cədvəlinin yaradıcısı Dmitri Mendeleyevin yaradıcılığında neft məsələsi həlledici yer tutur. XIX əsrin ikinci yarısında Rusiya, xüsusilə də Bakı neft sənayesinin təşəkkül tapmasında onun çoxşaxəli və sistemli xidmətləri olmuşdur. Neft problemlərini dərindən öyrənən Mendeleyev sənayeçilərə zavodlarda aparılan texnoloji proseslərin təkmilləşdirilməsi ilə bağlı praktiki göstərişlər verməklə kifayətlənmir, onlara həm də radikal tədbirlərdən çəkinməməyi məsləhət görürdü.

 Alimin həyat və fəaliyyəti XIX əsrin II yarısından neft Bakısı ilə sıx bağlı olmuşdur. O, ilk dəfə Bakıya 1863-cü ilin avqustunda işgüzar fəaliyyəti ilə Qafqaz canişininə yaxın olan sahibkar Vasaili Kokorevin xahişi ilə gəlmişdir. Kimyaçı alim həmin il sentyabrın 6-dan oktyabrın 8-nə kimi Kokorevin zavodunda neftin parçalanması ilə bağlı tədqiqatlar aparmışdır. Onun rəhbərliyi ilə bir sıra radikal tədbirlər həyata keçirilmişdir: neftin zavoda və gəmilərdəki xüsusi rezervuarlara nəql edilməsi üçün quyulardan zavoda, zavoddan da dəniz sahilinə xüsusi borular çəkilmişdir; Xəzər dənizindən Volqa keçidinə qədər neftin iki və ya üçdorlu gəmilərdə, Volqa keçidindən Nijni Novqoroda isə barjlarda daşınması təşkil olunmuşdur; Nijni Novqorod yaxınlığında Bakı neftinin emal olunması və müxtəlif neft məhsulları alınması məqsədi ilə böyük zavod tikilmişdir.

Bu tədbirlər sayəsində Kokorevin iqtisadi baxımdan nisbətən zəif zavodu bir ildən sonra 200 min rubl gəlir əldə etmişdir. 1867-ci ildə isə Suraxanı zavodu artıq Moskva, Sankt-Peterburq, Tiflis və imperiyanın digər şəhərlərini təchiz etmək üçün ildə 100 min pud kerosin istehsal etmək gücünə çatdırılmışdı. Xatırladaq ki, Avropaya Amerika kerosininin gətirilməsinə 1860-cı ildə başlanılmışdır. Rusiyada isə artıq 1863-cü ildə Bakı (Balaxanı) kerosini işlədilirdi. O zamanlar bu maddəni fotonaftil adlandırırdılar.   

İmperator Rus Texniki Cəmiyyətinin Bakı şöbəsinin iclaslarından birində alim qeyd etmişdi ki, mükəmməl neft sənayesinin yaradılması üçün öncə iltizam sistemini və kerosin aksizini ləğv etmək lazımdır, bu, Rusiya neft işinin kapitalist inkişafına gətirib çıxarar. Mendeleyev qeyd edirdi: “Mənim şəxsi mövqeyim budur ki, təkcə neftə deyil, həmçinin necə olmasından asılı olmayaraq kerosinə də vergi qoyulmamalıdır. Vergi sənayeni sıxışdırır, çünki istehsalçı və fabrikant onu istehlakçıya qarşı çevirir və nəticədə tələbat azalır. Bütün hallarda vergi sənaye üçün sıxıntı yaradır və inkişaf dayanır”.

Alimin Qafqaza növbəti səfəri 1880-ci ildə baş tutur və Bakını, Qroznını, Vladiqafqazı, Tiflisi, Batum və Novorossiyskı əhatə edir. Əsas məqsəd Bakıda böyük neft ehtiyatları olduğu halda niyə 7 milyon puda yaxın neft hasil olunduğunu aydınlaşdırmaq idi: istehsalı nə ləngidir; niyə dənizə yaxın olan Bakı və Kuban neft mədənləri qənaətlə istismar olunmur?

1880-ci il sentyabrın 22-də “Qolos” qəzetində dərc etdirdiyi “Bakı nefti ilə nə etməli?” məqaləsində Mendeleyev neft emalı sənayesinin rasional şəkildə qaydaya salınması məsələsini qaldırır. Onun müstəqil fikri neft sənayeçiləri ilə münaqişəyə səbəb olur. Burada maraqlı bir faktı nəzərə çatdıraq: “Nobel qardaşları” şirkətinin rəhbəri Lüdviq Nobel Mendeleyevin texniki tövsiyələrini praktikada ilk tətbiq edənlərdən olmuşdur. O, kerosinin saxlanması və daşınması üçün dəmir rezervuarlar və dəmiryol sisternləri, buxar gəmiləri və barjlar hazırlatmışdı. Alim qeyd edirdi: “Bütün bunlar onun adını mənim üçün fövqəladə surətdə cəlbedici edirdi. Lakin mən Rusiyanın daxilində neftdən kerosin və həmçinin sürtkü yağları emal edilməsi üçün zavod tikdirilməsi fikrimin orada, Bakıda, cənab Nobel tərəfindən qərəzlə qarşılanmasından sarsıldım”.

Mendeleyev dəyərsiz neft qalıqlarından kerosindən, demək olar, 4 dəfə baha olan yağ istehsal olunmasını təklif edirdi: “Neft qalıqlarından sürtkü və işıqlandırıcı yağlar hazırlamaq lazımdır, onları kobud yanacaq kimi yandırmaq olmaz… Bizim çoxlu ağır qalıqları olan Bakı nefti üçün ağır neft yağlarından davamlı istifadə yolları axtarıb tapmaq lazımdır. Bu məsələnin həlli buxar qazanlarında bəsit üsullarla yandırılma deyil”. 

O dövrün iki görkəmli şəxsi – elementlərin dövri sisteminin yaradıcısı Mendeleyev ilə Qafqazın ən böyük sahibkarı Hacı Zeynalabdin Tağıyev arasındakı dostluğu xüsusi qeyd etmək lazımdır. Onları çox şey birləşdirirdi: iqtisadi maraqlarını hər şeydən üstün tutmaq, ruh yüksəkliyi və fədakar əmək.

Azərbaycan neftinin Mendeleyevin elmi həyatında oynadığı rolu aydın əks etdirmək üçün onun Bakıya səfərinin və Bakı nefti ilə bağlı fəaliyyətinin xronikasına nəzər süalmaq kifayətdir. Kokorev 17 avqust 1863-cü ildə ilk dəfə Mendeleyevlə görüşündə ona Qafqaza səfər etməyi və özünün qır və neftdən işıqlandırıcı yağlar istehsal edən zavoduna baxmağı təklif etmişdir. 6 sentyabr 1863-cü ildə Mendeleyev Bakıya gəlmiş və Kokorevin Suraxanıdakı zavoduna baş çəkərək yağların keyfiyyətinin yüksəldilməsi üçün bir sıra tədbirlər təklif etmişdir.

Mendeleyev 13 may 1880-ci ildə Qafqazda (Bakı, Qroznı, Vladiqafqaz, Tiflis, Batum və Novorossiysk) neft mənbələrini və neft işinin vəziyyətini öyrənmək məqsədi ilə regiona ezam olunmuşdur. O bu səfəri zamanı 25–29 mayda Abşeron neft mədənlərində olmuş, Suraxanı və Balaxanı yataqlarını nəzərdən keçirmiş, H.Z.Tağıyevin Bibiheybətdəki neft mədənlərinə baş çəkmişdir. Oğlunun şərəfinə “Vladimir Mendeleyev” adlandırılan neft fəvvarəsinin açılışında onunla birlikdə iştirak etmişdir. Abşeron yataqlarını nəzərdən keçirdikdən sonra “Qolos” qəzetinə məktubunda Bakıda neft işinin vəziyyəti ilə bağlı təəssüratlarını bölüşmüşdür.

Mendeleyev 2 iyun 1880-ci ildə Rusiya Texniki Cəmiyyətinin Bakı şöbəsinin iclasında “Bakıda kerosin istehsalının vasitələri” haqqında məruzənin müzakirəsi zamanı Bakı neftinin tədarükünü artırmaq üçün Mərkəzi Rusiyada yeni zavodların tikilməsini təklif etmişdir. Alim o günlərdə Kuban vilayətinin rəisi general N.N.Karmalinə amerikalıların Qafqaz (Qroznı və Bakı) neft regionunu inhisara almaq cəhdi barədə məktub yazmışdır.

Alim 7 yanvar 1882-ci ildə Rusiya Fizika-Kimya Cəmiyyətinin kimya şöbəsinin iclasında Azərbaycan neftinin 6 müxtəlif növündə yüngül məhsulların miqdarının eyniliyi barədə məlumat vermiş və Azərbaycan neftinin Amerika neftindən fərqini göstərmişdir. O, 2 dekabr 1882-ci ildə isə cəmiyyətin kimya şöbəsinin iclasında Bakı neftindən pentan alınması haqqında məruzə etmişdir. Mendeleyev 3 aydan sonra həmin şöbəsinin iclasında neftin emalının yeni üsulu və Azərbaycan neftinin tədqiqində ondan istifadə olunması barədə məlumat vermişdir.

Azərbaycan nefti ilə bağlı tədqiqatlar silsiləsini zənginləşdirən Mendeleyev 1884-cü ildə Bakı neft sənayeçilərinin I qurultayında (26 oktyabr – 8 noyabr) fəal iştirak etmişdir. Alim 1886-cı ilin mayında yenidən Bakıya ezamiyyətə gəlmiş, Abşeron neft mədənlərində olmuşdur. O, Rusiya Texniki Cəmiyyətinin Bakı şöbəsində “Neft işinin sonrakı inkişafının şərtləri” və “Bakı neft sənayesinin sonrakı inkişafına dəstək tədbirləri” adlı məruzələrlə çıxış etmişdir.

Kimyaçı alim 15 mart 1887-ci ildə dövlət əmlakı naziri M.N.Ostrovskiyə “Neft və kerosin boru kəmərləri məsələsi” barədə hesabat xarakterli məruzə təqdim etmiş və Bakı–Batum boru kəmərinin əhəmiyyətini ətraflı şəkildə izah etmişdir. “Novoye vremya” qəzetində 16 fevral 1889-cu il tarixli sayında   Mendeleyevin “Rotşild və neft kəməri” adlı məqaləsi çap olunmuşdur.

Ümumiyyətlə alimin, təxminən, 500-dək çıxış və yazısının 71-i Bakıda neft işinə həsr olunmuşdur. Mendeleyevin bu mövzuda 1886-cı ildə Bakıda nəşr olunmuş kitabçasından bir parçanı“Xalq qəzeti”nin oxucularına təqdim edirik.

Tərcümə edən: Akif ƏHMƏDGİL,
“Azərbaycan neft təsərrüfatı” jurnalının redaktoru

 

Dmitri Mendeleyev: Neft işi

 

II məqalə. Xaricə satış haqqında

Əgər bizim neftin yalnız dörddəbir hissəsinin çoxundan ibarət olan kerosinin əvəzinə, işıqlandırma üçün neftin digər növlərindən (benzin, pironaft, sürtkü yağları və b.) istifadə olunsa, yaxın illərdə işıqlandırma üçün neftə olan daxili tələbatı Qafqazda hasil olunan neftin hesabına artıqlaması ilə ödəmək mümkündür. Çünki ötən 1884-cü ildə orada 70 milyon puddan çox neft çıxarılmışdır. Həmin miqdarda neftdən, təxminən, 20 milyon pud kerosin alınır, amma Rusiya üçün asanlıqla 50 milyon pud neft məhsulu almaq mümkündür.

 Nəzərə almaq lazımdır ki, yerdə qalan 30 milyon pud neft nəql edilərkən və emal olunarkən yanacaq və tullantı kimi israf olunur. İşıqlandırma üçün neft məhsullarının 50 milyon pudunun yalnız yarısını ölkənin daxilində hasil etmək olar. Nəzərə alsaq ki, bu o qədər də çox deyil, çünki Rusiyaya araba, maşın və vaqonların yağlanması, həmçinin digər məqsədlər üçün, təxminən, 10 milyon pud müxtəlif neft məhsullarının tələb olunmasına baxmayaraq, daxili tələbatı ödəmək üçün hazırda kifayət qədər neft ehtiyatları var. Bu, son illərdə neft məhsullarının qiymətinin xeyli aşağı düşməsində özünü büruzə verir. Saritsindən çəlləksiz gətirilən kerosinin bir pudu 40 q-yə və daha ucuz qiymətə başa gəlir.

Bu cür neft məhsullarının bolluğu hazırda qismən, az da olsa, xaricə neft nəqli məsələsini gündəmə gətirir. 1878-ci ildə V.İ. Raqozin Baltik dənizi limanlarından Rusiyadakı zavodlarında istehsal olunan sürtkü yağlarını xaricə satmağa başladı. Sonradan 1882-ci ildə L.Nobel rus kerosinini Avstriya və Almaniyaya göndərməyə nail oldu. Mühüm rus işinin təşəbbüskarları kimi – 1861-ci ildə Bakıda kerosin istehsalına nail olduğu üçün V.A. Kokorevin, habelə 1866-cı ildə (Kudako) neft hasilatına görə A.N. Novoseltsevin adlarını çəkmək olar. Onların adları heç vaxt Rusiya sənayesinin inkişaf salnaməsində unudulmayacaq və Qafqaz neft işinin təbii inkişafı bizim neft yataqları geniş miqyas aldıqca, həmçinin ilkin olaraq böyük səylə istismarına başladığımız Bakı ərazisinin sərvətləri sayəsində daha gur səslə anılacaqdır. Çünki bütün Qafqaz bu cür yerlərlə əhatə olunub.

Orada həddindən artıq iş çoxdur, daha doğrusu, neft çoxdur. Onunla nə etməli? Nefti çıxarmaqmı lazımdır? Qadağanedici qanunlarmı tərtib etmək lazımdır? Heç olmasa, Kolxidada gizlədilmiş qızıl yun (runo) bizə və varislərimizə çatsın. Qoy amerikalılar, hətta rumınlar Avropanı neftin ucuz olduğuna və kerosin lampalarının rahatlığına görə insanların alışdığı yüz milyonlarla pud işıqlandırıcı yağla təmin etsinlər. Biz isə guya, özümüzünkünü daxili ehtiyaclarımız üçün qoruyub saxlayırıq, yəni gələcəkdə lazım ola bilər. Bu, haqda ətraflı düşünmək lazımdır. Bu əslində, xəsislik və ya acgözlükdən deyil, qeyri-düzgün inkişafdan irəli gələn eybəcərlik və yaltaqcasına qulluq göstərməkdəndir.

Bundan başqa, daha liberal neft tələbatı da var: daş kömürünün yerinə artıq neft məhsullarını bütövlükdə yandırmaq. Ucuzdur, münasibdir, yoxlanılıb, torfu, yaxud daş kömürü isə zəhmət çək çıxar, odun da yoxdur, olanı da qorumaq lazımdır. Əks halda Volqa dayazlaşar və onunla neft daşınması qeyri-mümkün olar. Bu məsələləri təfsilatı ilə araşdırmağa indi mənim həvəsim yoxdur və mən sonradan mübahisəyə girmədən məntiqi sıçrayış etməyə üstünlük verirəm: nə qədər mümkündürsə, Qafqazdan o qədər çox neft çıxarmaq lazımdır. Rusiyanın tələbatından artıq qalan məhsulu Rusiyadan kənara əlbəttə, xam maye yanacaq kimi yox, işıqlandırma materialı, sürtkü yağı və ya benzinə, vazelinə bənzəyən başqa növ məhsul kimi satmaq lazımdır.

 Bakılılar qeyri-iradi olaraq neft məhsullarını xaricə satmaq tələbatını çoxdan başa düşüblər və ona görə də daha çox onlar üçün yazıram, habelə yuxarıda göstərdiyim vəziyyəti çıxış nöqtəsi kimi dəyərləndirirəm. Ona görə də hər şeydən əvvəl satış imkanlarına nə cür nail olmaq haqqında fikirləşmək, incəliklərə varmaq lazımdır. Xaricə bizim neftin satılmasının əlverişli, sərfəli və mənfəətli olması üzərində artıq dayanmağa dəyməz.

Burada hansı incəliklərə diqqət yetirmək vacibdir. Birincisi – kəmiyyət, ikincisi – daşınan neft məhsullarının keyfiyyəti, üçüncüsü – məhsulun qiyməti, dördüncüsü – daşınma üsulları. Bunu da nəzərdən keçirək.

Əgər keyfiyyəti və qiyməti tələbə uyğun gələrsə, bizim neft məhsullarını hansı həcmdə xaricə nəql etmək mümkündür? Bu araşdırılması vacib olan birinci məsələdir, çünki tələb az olarsa, çox şəy göstərməyə dəyməz. Amma tələb çox olduqda buna uyğunlaşmaq və xeyli iş görmək gərəkdir. Bunun üçün isə vəsait sərt etmək lazım gələcək. Hara yol yoxdursa, hara məhsul daşınmırsa, ora dəmir yolu xətti çəkmək lazım deyil. Bəs tələbatın həcmini necə müəyyənləşdirmək mümkündür? Hətta məhsulun keyfiyyəti və qiyməti qənaətbəxş olsa belə.

Bu iki yolla – hesablamalar aparmaqla və dəqiq statistik məlumatlara əsaslanmaqla mümkündür. Yalnız sonuncu üsul kifayət deyil. Axı, əllinci illərin əvvəlində neft yağlarına heç bir tələbat yox idi. Amma ilk neft quyuları Pensilvaniyada 1859-cu ildə qazılmışdır. Neft istehsalının mənfəətli olması haqqında birbaşa mühakimə yürütmədən yalnız statistik məlumatlara əsaslanmaq, yaxud on il ərzində neft hasilatını 40 milyon puda, iyirmi il ərzində isə 200 milyon puda çatdırmaq mümkündürmü?

 Statistika artıq tətbiq olunan, artmaqda olan bir prosesin inkişafı haqqında mühakimə yürütməyə kifayət edir. Ancaq söhbət inkişafdan və bərpadan yox, işin təməlini qoymaqdan gedirsə, onda əvvəlcə statistik rəqəmlər haqqında fikirləşməkdənsə, birbaşa mühakimə yürütmək lazımdır və mümkündür. Yəqin ki, adamlar yaşayış yerlərini, şəhərləri, zavodları, dükanları, teatrları və s. işıqlandırmaq istəyəcək və bunun üçün sərfəli, təhlükəsiz və ucuz vasitələr axtaracaqlar və işıqlandırma üçün maye halındakı neft məhsullarının daha əlverişli olduğunu hamı bilir. Bundan başqa, neft digər işıqlandırma vasitələrindən ucuzdur.

Əlbəttə, buxar və dinamo-elektrik maşınlarının, həmçinin qazla işıqlandırmanın da təkmilləşdirilməsinə ehtiyac var və regenerasiya olunmuş ovduqlar adi ovduqlardan fərqli olaraq, az qala çəkilən xərcləri iki dəfə azaldır, amma eyni miqdarda işıq verir. Ona görə də aydındır ki, işıqlandırmaq üçün elektrikdən və ya qazdan istifadə etməyimizdən asılı olmayaraq, daş kömürünə sərf edilən maddi xərclərlə eynidir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında