Davamlı inkişafda qadınların rolu artır

Dünən Bakıda BMT-nin Azərbaycandakı nümayəndəliyi və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri: Qadınlar və İnkişaf” mövzusunda panel müzakirələr keçirildi. Xatırladaq ki, müzakirələrin əsas məqsədi Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olması üçün qadınların cəmiyyətdə iştirakının daha da artırılması və sözügedən sənədin səlahiyyətləndirmə yollarını və gender bərabərliyini nəzərdə tutan 5-ci bəndində qadınlara aid hədəf və göstəriciləri müzakirə etmək idi.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, Baş nazirin müavini Əli Əhmədov bildirdi ki, 2015-ci ilin sentyabr ayında BMT tərəfindən 2030-cu ilə qədər dünyanın dayanıqlı inkişafını təmin etmək məqsədilə “Dünyamızı dəyişdirmək” devizi altında qəbul olunmuş Dayanıqlı İnkişaf Gündəliyinin qəbul edilməsində əsas məqsəd ümumbəşəri problemlərin BMT-nin təşəbbüsü ilə milli dövlətlər tərəfindən aradan qaldırılması istiqamətində səylərin artırılmasına nail olmaqdan ibarətdir. Qeyd olundu ki, 2016-cı ilin yanvarından başlayaraq dünyanın əksər ölkələri,  BMT üzvləri 17 məqsəd və 169 hədəf şəklində tərtib edilən bu təşəbbüsə qoşulmağa başlayıb. Azərbaycanın da bu təşəbbüsə qoşulduğunu vurğulayan Əli Əhmədov dedi ki, Prezident İlham Əliyevin məlum fərmanı ilə ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı Milli Əlaqələndirmə Şurası yaradılıb və ölkəmiz artıq  bu istiqamətdə mühüm səylər həyata keçirməkdədir.

Qadınların siyasi və ictimai sferada yüksək fəallıq nümayiş etdirdiklərini vurğulayan Ə. Əhmədov hazırda dünyada qadınlar və kişilər arasında bərabərliyin tam təmin olunmadığını diqqətə çatdırdı. Qeyd olundu ki,  beynəlxalq təşkilatların hesablamalarına görə, dünyada kişilərin 70 faizi, qadınların isə 46 faizi ictimai fəaliyyətə cəlb edilib. Natiq bildirdi ki, hazırda bütün işlərin üçdə ikisinin qadınlar tərəfindən icra edilməsinə baxmayaraq, hesablamalara görə, zərif cinsin nümayəndələri yaradılan dəyərdən cəmi 10 faiz pay ala bilirlər. Eyni zamanda, tədqiqatlar nəticəsində dünyada təhsil səviyyəsi, təhsil dərəcəsi və ya təhsil almaq imkanlarına görə də böyük bir qeyri-bərabərliyin olduğu sübuta yetirilib. BMT-nin hesablamalarına görə, dünya üzrə hər bir dəqiqədə doğuş zamanı 500 min qadının həlak olması da  dövlətləri, beynəlxalq qurumları narahat edən  faktlar kimi getdikcə aktuallıq kəsb edir. Hazırda dünya ölkələrində gender bərabərliyinin təmin edilməsi sahəsində mühüm  proqramların həyata keçirildiyini bildirən natiq qeyd etdi ki, artıq 140-dan çox dövlətdə qadınların və kişilərin hüquq bərabərliyi konstitusiya ilə təsbit olunub.

Bildirildi ki, bəzi hallarda faktiki bərabərlik, iqtisadi və siyasi həyatda, ictimai iştirakçılıq məsələlərində qeyri-bərabərliyə  təsadüf olunur ki, hazırda bu kimi halların aradan qaldırılması sahəsində ciddi işlər görülür. 2015-ci ildə Dünya İqtisadi Forumu tərəfindən dünyanın 144 ölkəsində gender bərabərliyi üzrə reytinqin müəyyənləşdirilməsi zamanı bu göstəricinin daha çox təmin olunduğu dövlətlərin siyahısında inkişaf etmiş, insanlar üçün daha yaxşı həyat tərzi yaradılmış  ölkələrdə yüksək səviyyədə olması aşkar edilmişdir. Az inkişaf etmiş ölkələrdə isə gender bərabərliyi indeksi problemi daha qabarıq nəzərə çarpmışdır.

Baş nazirin müavini cəmiyyətin, bütövlükdə dünyanın mövcud insan potensialının, intellektual potensialın yarısının qadınlarda cəmləşdiyini vurğulayaraq bildirdi ki, həmin  potensialdan daha çox istifadə edən ölkələrdə yüksək iqtisadi inkişafa nail olunur,  qadınların potensialından nisbətən az istifadə edən ölkələrdə isə bunun tam əksi müşahidə edilir. Gender bərabərliyinin təmin olunmasının qadınların potensialından istifadə imkanlarının yaratdığını diqqətə çatdıran Ə. Əhmədov bildirdi ki, bu mənada cəmiyyətin inkişafı qadının inkişafından, bütövlükdə insanın inkişafından kənarda mövcud ola bilməz.

Hazırda Azərbaycan cəmiyyətinin dünyanın ayrılmaz bir hissəsi kimi bütün bu məsələlərə kifayət qədər həssaslıqla yanaşdığını bildirən natiq qeyd etdi ki, tarixən bir çox mədəniyyətlərdə qadına xüsusi hörmət bəslənilib, qadın hüquqlarının qorunması fəlsəfəsi mövcud olub. Fərq yalnız ondan ibarətdir ki, vaxtilə qadın hüquqlarının qorunması, qadına hörmət kimi  başa düşülən bu cür yanaşmalar indiki əxlaqi yanaşma ilə üst-üstə düşmür. Bu da  baxışların dəyişməsi ilə bağlıdır. Qadının ictimai işlərdən kənarda saxlanılması 200 il bundan əvvəl qadın hüququnun pozulması kimi deyil, əksinə qadına olan hörmətin ifadəsi kimi qəbul olunurdu. Amma indiki əxlaq baxımından yanaşdıqda qadının istər ailədə, istər ictimai və  siyasi həyatda, istərsə də həyatın bütün sferalarında kişilərlə bərabərliyin təmin edilməsi yeni bir əxlaqın, yeni bir mədəniyyətin yanaşmasını ortaya qoyur. Bu da təbiidir. Çünki cəmiyyətin inkişafını bu əxlaqdan, bu mədəniyyətdən, bu yanaşmadan kənarda təsəvvür etmək mümkün deyil. Ə. Əhmədov bildirdi ki, bu mənada gender bərabərliyi, qadın və kişilərin hüquq bərabərliyinin təmin edilməsi hər bir müasir cəmiyyətin, o cümlədən Azərbaycan cəmiyyətinin qarşısında duran çox əhəmiyyətli bir vəzifədir. Qeyd olundu ki, ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan cəmiyyətində qadınların ictimai, siyasi həyatda fəallığının yüksəldilməsi sahəsində həyata keçirilmiş tədbirlər bu gün də uğurla davam etdirilir. Azərbaycanda qadınların bir çox sahələrdə kişilərdən daha çox fəallıq göstərdiklərini diqqətə çatdıran Baş nazirin müavini bildirdi ki, hazırda ölkəmizdə təhsil və səhiyyədə çalışanların 70 faizindən  çoxu məhz qadınlardır. Bu, ölkəmizdə qadınların təhsil səviyyəsinin kifayət qədər yüksək olmasından xəbər verməklə yanaşı, həm də onların iqtisadi fəaliyyət sferasındakı fəallığını sübut edir. Hazırda Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının böyük bir hissəsi qadınlar tərəfindən idarə olunur. Bununla yanaşı, qadınlar əvvəlki dövrlərə nisbətən parlamentdə, bələdiyyələrdə daha çox təmsil olunur, onların sayı iqtisadi sferada, sahibkarlıqda getdikcə artır ki, bu da xanımlarımızın ictimai fəallığını sübut edir. Bununla belə, hazırda Azərbaycan cəmiyyətini narahat edən və dayanıqlı inkişaf gündəliyi kontekstində götürülən öhdəliklər baxımından həlli vacib vəzifələrin də olması diqqətə çatdırıldı. Qeyd olundu ki, hüquqi baxımından Azərbaycanda qadın və kişi bərabərliyi sahəsində hər hansı bir problem olmasa da, siyasi, ictimai həyatda qadınlarımız kişilərlə müqayisədə azlıq təşkli edir.

Ə. Əhmədov çıxışının sonunda Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ölkəmizdə qadın  fəallığının artırılmasında mühüm işlər gördüyünü, çoxsaylı layihələrin həyata keçirdiyini diqqətə çatdırdı. Davamlı İnkişaf Məqsədləri Gündəliyinin həyata keçirilməsinə, qadınların cəmiyyətdə fəallığının artırılması ilə bağlı layihələrin reallaşdırılmasına göstərdiyi dəstəyə görə BMT-nin Bakı ofisinə və onun rəhbərliyinə təşəkkür etdi. Qeyd olundu ki, “Dayanıqlı İnkişaf Məqsədləri: Qadınlar və İnkişaf" mövzusunda BMT-nin Azərbaycandakı nümayəndəliyi və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının birgə təşkilatçılığı ilə keçirilən panel müzakirələr 2030-cu ilədək seçdiyimiz başlıca hədəflərə çatmaqda mühüm rol oynayacaq.

Konfransda çıxış edən Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai  BMT-nin Azərbaycanda gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi sahəsinə daim maraq göstərəcəyini, bu dəstəyin gələcəkdə də davam edəcəyini bildirdi. Qeyd olundu ki, BMT İnkişaf Proqramı və BMT hökumət, vətəndaş cəmiyyəti və digər tərəfdaşlarla gender bərabərliyinə nail olmaqda istənilən sərhədin aradan götürülməsi məqsədi ilə əməkdaşlığa hazırdır. 2030-cu ilədək  Dayanıqlı İnkişaf Gündəliyinin üzv ölkələrə inkişaf prosesində heç kəsin kənarda qoymamağı birmənalı şərt kimi qoyduğunu diqqətə çatdıran rezident əlaqələndirici bildirdi ki, bu, həm də qadınların kənarda qalmaması deməkdir. O qeyd etdi ki, gender bərabərliyi bütün inkişaf məqsədlərində tərəqqiyə aparan gücdür.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirdi ki, gender bərabərliyinin təmin edilməsi və qadınların səlahiyyətlərinin genişləndirilməsi ölkə siyasətinin mühüm prioritetlərini təşkil edir. Bu baxımdan ötən müddətdə qadınların iştirakçılığının artırılması üçün imkanların genişləndirilməsi, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm  işlər görülüb. Prezident  İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda güclü  hüquqi qanunvericilik  bazasının yaradıldığını diqqətə çatdıran komitə sədri qeyd etdi ki,  “Gender  bərabərliyinin təminatları haqqında” qanun qəbul olunduqdan sonra bütün qanunlar  gender ekspertizasından keçirilib. 

Bildirildi ki, son illər ölkəmizdə hər bir ailənin sosial rifahını yüksəltmək,  qadınlar arasında yoxsulluğun aradan qaldırılması və məşğulluğun artırılması sahəsində mühüm işlər görülür, aparılan iqtisadi islahatlar və bu istiqamətdə qəbul olunan dövlət proqramları, sahibkarlığın, o cümlədən, qadınlar arasında sahibkarlığın inkişafına gətirib çıxarır. 2012-ci ildə sahibkar qadınların iqtisadiyyatda xüsusi çəkisi 17 faiz təşkil edirdisə, cari ilin əvvəlinə bu göstərici 21 faizə çatmışdır.   2015-ci ilin sonunadək qərarların qəbul edilməsi prosesində qadınların iştirak səviyyəsinin yüksəldilməsi hədəfinə nail olunduğunu vurğulayan natiq qeyd etdi ki,  ötən müddətdə qadınlarımızın  sosial və iqtisadi sahələrdə  fəal iştirakı üçün hərtərəfli imkanlar yaradılmış, gender zorakılığı və uşaqlara qarşı zorakılıq, eləcə də, insan alveri hallarına qarşı mübarizə tədbirləri gücləndirilmişdir.

H. Hüseynova, həmçinin bildirdi ki, ölkəmizdə gender bərabərliyi mexanizminin yaradılmasına və inkişafına nail olunsa da, qadın hüquqlarının yerinə yetirilməsində imkanların genişləndirilməsi və bütün qadın və qızların fəallığının artırılması qarşıda mühüm bir vəzifə kimi dayanır.  Qeyd olundu ki, Dayanıqlı İnkişaf Məqsədlərində gender bərabərliyinin təmin edilməsi və bütün sahələrdə qadınların və qızların imkanlarının genişləndirilməsi məsələsi müstəqil məqsəd olaraq müəyyən edilmiş və bu məqsədə çatmaq üçün 9 hədəf göstərilmiş, bütövlükdə isə 17 məqsədin, demək olar ki, hamısında gender amilinə xüsusi diqqət yetirilmişdir. Mövcud ölkə siyasətinin dayanıqlı inkişaf məqsədlərinə uyğunluğunun qiymətləndirilməsində yoxsulluq indeksi, insan inkişafı indeksi ilə yanaşı, gender bərabərliyi göstəricilərinin də mühüm əhəmiyyət daşıdığını diqqətə çatdıran komitə sədri bildirdi ki, Dayanıqlı İnkişaf Məqsədləri Gündəliyində 5-ci məqsədin əsas istiqamətlərdən biri kimi seçilməsi digər məqsədlərin sürətlə həyata keçirilməsinə dəstək ola bilər. Qeyd olundu ki, hazırda Azərbaycanda 5-ci məqsəd üzrə göstəricilərdə çatışmazlıqların mövcudluğu real vəziyyətin qiymətləndirilməsində çətinliklər yaradır. Qadınların iqtisadi resurslara, informasiya-kommunikasiya texnologiyalarına çıxışının, gender əsaslı zorakılıqla bağlı vəziyyətin öyrənilməsində boşluqlar vardır.  Bu sahədə ilk olaraq, müvafiq statistik məlumatların toplanması sahəsində işlər gücləndirilməlidir.

Milli Məclisin sədr müavini Bahar Muradova qeyd etdi ki, qadınların nə dərəcədə inkişaf komponenti kimi çıxış etməsinə diqqət yetirmək lazımdır. “Qadınlar cəmiyyətin ayrılmaz hissəsidir. Biz, ümumilikdə, cəmiyyəti maarifləndirməliyik. Bu zaman dayanıqlı inkişaf da mümkün olacaq. Azərbaycanda qanunvericilik bazası və ənənələrimiz baxımından gender bərabərliyi ilə bağlı problem yoxdur. Necə olur ki, ailədə qadınlara hər şeyi etibar edirik, cəmiyyət və dövlət həyatında qadınları qərar qəbul etməyə nisbətən az buraxırıq?! Qadınların iştirakçılığının artırılması, ümumən, cəmiyyətin və dövlətin inkişafına xidmət edir”, – deyə Bahar Muradova əlavə edib.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova cəmiyyətin inkişafında qadınların rolundan söhbət açdı. Nazir müavini ölkəmizdə dövlət qadın siyasətinin uğurla həyata keçirilməsində, ictimai-siyasi, iqtisadi, mədəni proseslərdə qadınların fəal iştirak etdiklərini bildirib. Qeyd edib ki, Azərbaycan qadınları fəaliyyət göstərdikləri sahələrdə fədakarlıqla çalışır, dövlət quruculuğu prosesinə layiqli töhfələr verirlər. Ölkəmizdə qadınların ictimai-siyasi, iqtisadi, mədəni və digər sahələrdə iştirakı, gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm addımlar atılır.

Tədbir mövzu ətrafında müzakirələrlə davam etdi.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında