Azərbaycan neft kapitalının insan kapitalına çevrilməsinin xüsusi nümunəsini yaradır

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi müasir Azərbaycan dövlətinin qurulması və inkişafı xətti XXI əsrdə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu, artıq XXI əsrin qlobal çağırışlarına uyğun modernləşmə, sürət və yeni keyfiyyət standartları, harmonik inkişaf, dünya iqtisadiyyatına sıx inteqrasiya və mükəmməl dövlət quruculuğu siyasətidir. Bu siyasətin həyata keçirilməsində, şübhəsiz ki, Prezident İlham Əliyevin 2003-cü ildən başlayaraq uğurla həyata keçirdiyi proqram xarakterli iqtisadi inkişaf istiqamətləri mühüm yer tutur. 2004-cü ilin fevralında qəbul olunmuş “Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nda bütün ölkə ərazisini əhatə etməklə 9 sosial-iqtisadi istiqamət üzrə infrastrukturun yeniləşməsi, təbii və iqtisadi potensialın müəyyənləşdirilməsi məsələləri öz həllini tapdı. 2008-ci ildə qəbul olunan ikinci Dövlət Proqramı isə artıq qurulmuş infrastruktur üzərində yeni iş yerlərinin açılması, kadr hazırlığının həyata keçirilməsi, məhsuldarlığın yüksəldilməsi, əhalinin sosial rifah halının yaxşılaşdırılması kimi məsələləri həll etdi.

2013-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı isə artıq Azərbaycan regionlarının özünümaliyyələşdirmə imkanlarını qətiləşdirdi, Azərbaycan brendi altında ixrac potensiallı məhsulların istehsalını təmin etdi, əhalinin regionda məskunlaşması, iş təminatı, sosial və mədəni ehtiyaclarının ödənilməsi üçün lazımi şəraitin yaradılmasını şərtləndirdi. Bu proqramların, eləcə də 2003-2013-cü illər ərzində Azərbaycanın çox sürətli sosial-iqtisadi inkişafının təmin olunmasında ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyən etdiyi neft strategiyasının mühüm tərkib hissəsi olan və 1994-cü ilin 20 sentyabrında imzalanmış  “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyəti vardır.

Neft kapitalının insan kapitalına çevrilməsi Prezident İlham Əliyevin sürətli iqtisadi inkişaf xəttinin əsas leytmotivlərindən biri olmuşdur. Məhz bu siyasi kursun uğurlu tətbiqi nəticəsində ölkədə 3 mindən çox təhsil müəssisəsi tikilmiş, yaxud yenidən qurulmuş, 600-dən çox tibb müəssisəsi müasir tələblər səviyyəsində vətəndaşlara xidmət imkanı əldə etmiş, 11 min kilometrdən çox yeni yol çəkilmiş, yüzlərlə park, mədəniyyət obyekti, idman kompleksləri vətəndaşların istifadəsinə verilmişdir. Modern dövlət quruculuğu dövründə Azərbaycan vətəndaşının sosial rifah halı həmişə diqqət mərkəzində olmuş, 1 milyon 300 mindən çox yeni iş yeri açılmış, yaşayış minimumu, orta aylıq əməkhaqqı, orta aylıq pensiya dəfələrlə artmış, əhalinin təhsil, səhiyyə, mədəniyyət, ekoloji sağlamlıq və s. xidmətlərə əlçatanlığı xeyli yüksəlmişdir.

2008-ci ildən başlayaraq davam edən ümumdünya maliyyə-iqtisadi böhranı 2014-cü ildə özünün 3-cü – ən ağır mərhələsinə qədəm qoymuşdur. Bu mərhələ həm də hərbi-siyasi vəziyyətin gərginləşməsi, neftin qiymətinin dünya bazarlarında kəskin aşağı düşməsi, milli valyutaların devalvasiyası ilə xarakterizə olunur. Dünyada gedən qlobal iqtisadi tənəzzül Azərbaycanın iqtisadiyyatına da öz təsirini göstərmiş və daha çevik siyasət yürütmək zərurətini ortaya qoymuşdur. Artıq Azərbaycan dövləti özünün yeni sosial-iqtisadi inkişaf mərhələsinə – postneft iqtisadiyyatı dövrünə qədəm qoymuşdur. İnkişafın postneft dövründə ölkə iqtisadiyyatını daha da gücləndirmək, əhalinin sosial-rifah halını yaxşılaşdırmaq, aztəminatlı insanların sosial müdafiəsini gücləndirmək, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun və tutduğu yerin daha da möhkəmləndirilməsini təmin etmək üçün dövlət başçısı dərin iqtisadi islahatların aparılması konsepsiyasını müəyyən etmişdir və hal-hazırda bu konsepsiya uğurla həyata keçirilir. Prezident İlham Əliyevin 2016-cı ilin oktyabrında verdiyi fərmanla ölkənin iqtisadi, sosial-mədəni həyatının 11 istiqaməti üzrə strateji islahatların yol xəritəsi hazırlanmışdır.

Əsasən maliyyə-iqtisadi yönümlü olan strateji inkişafın yol xəritəsində insan kapitalı, sosial rifah, həyat keyfiyyətinin yüksəldilməsi kimi sosial əhəmiyyətli məsələlər də öz əksini tapmışdır. Postneft dövründə dərin iqtisadi islahatların aparılması nəticəsində 2025-ci ildə Azərbaycan həyat səviyyəsi və insan inkişafı indeksinə görə yeni mərhələyə qədəm qoyacaqdır. Yaxşı həyat keyfiyyəti üçün vacib olan şərtlər əlçatan və təhlükəsiz ərzaq təminatı, ekoloji sağlamlıq, sosial rifah, səhiyyə və təhsil kimi insan həyatının, ömür uzunluğunun müsbət inkişafına təsir edən amillərdir. Strateji yol xəritəsinə görə, 2025-ci ildən sonrakı dövrdə yoxsulluq tam şəkildə aradan qaldırılacaq, qeyri-məşğul əhalinin sayı minimuma endiriləcək, ölkə üzrə yaşayış minimumundan aşağı olmayan səviyyədə pensiya, əməkhaqqı və sosial müavinətlər tam həyata keçiriləcəkdir. Bu məqsədlə qəbul olunmuş pensiya islahatları konsepsiyası uğurla həyata keçirilir və bu islahatların nəticəsində əhalinin sosial müdafiəsi daha da güclənəcək, sosial ədalət, şəffaflıq və ünvanlılıq tam təmin olunacaqdır. Yeni və layiqli əməkhaqqı verəcək iş yerlərinin açılması, yeni texnologiyaların tətbiqi nəticəsində fiziki əməyin yüngülləşdirilməsi, iş saatlarının və iş günlərinin azaldılması, bunun nəticəsində vətəndaşların istirahət və ailədə daha çox vaxt keçirmək imkanları genişlənəcəkdir. Layiqli iş yerlərinin sayının çoxalması minimum əməkhaqqı məbləğində işləyən insanların sayının azaldılmasına, ölkə üzrə minimum əməkhaqqının orta əməkhaqqı səviyyəsinin
60 faizə çatmasını təmin edəcəkdir.

İnsanların keyfiyyətli həyat səviyyəsinin yüksəldilməsi üçün ərzaq məhsulları ilə təminatının və qida təhlükəsizliyinin də böyük əhəmiyyəti vardır. Bununla əlaqədar olaraq, istər hüquqi bazanın genişləndirilməsi, istərsə də təşkilati, struktur və idarəetmə islahatlarının aparılması sahəsində ardıcıl olaraq işlər görülür. Prezident İlham Əliyevin 2017-ci il fevralın 10-da “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə Qida Təhlükəsizliyi Agentliyinin və bu siyasətin formalaşmasına xidmət edəcək dövlət komissiyasının yaradılması Azərbaycan vətəndaşlarının keyfiyyətli və təhlükəsiz ərzaqla təminatında yeni mərhələ olacaqdır. Hazırda Qlobal Ərzaq Təhlükəsizliyi indeksində Azərbaycan qida təminatına görə dünyada 61-ci, qida məhsullarının keyfiyyətinə görə isə 86-cı yerdədir. Heç şübhəsiz ki, bu göstəricilər Azərbaycanın kənd təsərrüfatı sistemi modernləşdikcə, yerli və ekoloji təmiz ərzaq məhsulları ilə özümüzü təmin etmək imkanları genişləndikcə, daha da yaxşılaşacaq və 2025-ci ildə ölkəmiz bu göstəriciyə görə təxminən 40-cı yerdə qərarlaşa biləcəkdir.

Həyat keyfiyyətinin yüksəldilməsi üçün vacib şərtlərdən biri də insanların mənzil təminatının yaxşılaşdırılmasıdır. Bu sahədə də görülən işlər dərin islahatlar dövründə daha yüksək nəticələr əldə etməyə imkan verəcəkdir. Hazırda sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşlarımız – qaçqın və məcburi köçkünlər, şəhid ailələri və Qarabağ əlilləri dövlət büdcəsi vəsaiti hesabına tikilən mənzillərlə təmin olunublar. Digər kateqoriyadan olan vətəndaşların mənzil təminatının həyata keçirilməsi üçün İpoteka fondu fəaliyyət göstərir. Prezidentin bir il öncə verdiyi fərman əsasında yaradılmış Mənzil İnşaatı Dövlət Agentliyi artıq fəaliyyətə başlamışdır və ölkəmiz üçün yeni olan sosial mənzillər layihəsini uğurla həyata keçirir. Ötən ilin dekabr ayında ­Prezident İlham Əliyevin təməlini qoyduğu ilk çoxmənzilli sosial bina bu ilin sonunda istifadəyə veriləcək və 2000-ə yaxın vətəndaşımız tam təmirli, hər cür şəraiti olan mənzillərlə təmin olunacaqdır. Bu il ərzində daha 29 belə binanın Bakı şəhərində və regionlarda tikilməsi nəzərdə tutulur.

İnsan kapitalının inkişafında əsas yerlərdən birini səhiyyə sisteminin inkişafı, tibbi xidmətlərin keyfiyyəti və insanların bu xidmətlərə əlçatanlığı dayanır. Son 10 ildə səhiyyə sahəsində görülən işlər, əldə edilən uğurlar vətəndaşlarımızın sağlamlığının möhkəmlənməsi, rifahının yüksəlməsi və orta ömür uzunluğunun artmasına nail olmağa imkan vermişdir. Hazırda Azərbaycanda orta ömür uzunluğu kişilər arasında 72,7 yaş, qadınlar arasında isə 77,6 yaş təşkil edir ki, bu da dünya üzrə yaxşı göstərici sayılmaqdadır.

Son dövrlərdə səhiyyənin maddi-texniki bazası xeyli möhkəmləndirilmiş, ən müasir texniki avadanlıqlarla təchizat, yüksək ixtisaslı peşəkar kadrlarla təminat, bütün bölgələrdə ən ağır əməliyyatların belə həyata keçirilməsi imkanları xeyli yüksəlmişdir. Tibbi xidmətlərin maliyyələşdirilməsinin və idarəetmənin optimallaşdırılmasının ən effektiv üsulu sayılan icbari tibbi sığortanın tətbiqi işinə start verilmişdir. 2016-cı ilin sonlarında Yevlax və Mingəçevir rayonlarında icbari tibbi sığorta pilot layihə kimi elan olunmuş və hazırda uğurla tətbiq edilməkdədir.

İnsan kapitalının inkişafında mühüm amillərdən biri də təhsildir. Azərbaycanda ibtidai və orta təhsil icbaridir və tam dövlət vəsaiti hesabına həyata keçirilir. Təhsilin bütün pillələrində uğurlu islahatlar aparılır, qanunvericilik bazası genişlənir və möhkəmlənir. Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 16 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə 2007-2015-ci illər ərzində 3000-dən çox azərbaycanlı gənc dünyanın müxtəlif aparıcı universitetlərində ali təhsil almaq imkanı əldə etmişdir. Bir çox aztəminatlı ailələrin övladları dövlət və özəl universitetlərdə dövlət vəsaiti hesabına təhsil alırlar.

Azərbaycan sosial dövlətdir və dövlətimizin ali məqsədi vətəndaşlarımız üçün maksimum firavan həyat şəraitinin təmin edilməsidir. Sosial dövlətin əsas göstəricilərini müəyyən edən indekslərdən biri də Ümumdünya İqtisadi Forumunun hazırladığı “İnsan Kapitalı İndeksi” reytinq cədvəlidir. 2016-cı ilin nəticələrinə görə, Azərbaycan bu göstəriciyə görə dünyada 64-cü yeri tutmuşdur. Ölkəmiz təhsil səviyyəsinə görə 71-ci, əlverişli sosial mühit, işçi qüvvəsi və məşğulluğa görə isə 55-ci yerdə qərarlaşmışdır. Azərbaycan beynəlxalq reytinq göstəricilərini ildən-ilə yaxşılaşdıraraq, insan kapitalı inkişafına görə dünyada yüksək insan inkişafı qrupunda yer almışdır.

Ölkədə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası uğurla həyata keçirilir. Bu gün respublikamızda yoxsulluq 5 faizə, işsizlik 5,1 faizə enmiş, minimum əməkhaqqı, yaşayış minimumu, orta aylıq pensiya, orta aylıq əməkhaqqı
5 dəfədən çox artmışdır.

Dərin sosial-iqtisadi islahatlar dövründə aqrar sahənin modern və intensiv inkişafı əhalinin həyat səviyyəsinin yüksəlməsində və sosial rifahın artmasında mühüm istiqamətlərdən biri kimi nəzərdə tutulur. Dövlətimizin bu sahəyə diqqəti ilbəil artır. Heç təsadüfi deyildir ki, ölkə başçısı tərəfindən 2015-ci il Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunmuşdur. Ənənəvi kənd təsərrüfatı sahəsi sayılan pambıqçılıq, baramaçılıq, tütünçülük, çayçılıq, arıçılıq son illərdə daha intensiv inkişaf etdirilir, bu sahələrə güzəştli kreditlər ayrılır, texniki, təşkilati və maliyyə dəstəyi göstərilir. Bununla yanaşı, heyvandarlığın intensiv inkişafı, məhsuldar sortların gətirilməsi və tətbiqi, yeni bağların salınması, suvarma-meliorasiya sistemlərinin qurulması, bir tərəfdən ölkədə ərzaq bolluğu yaradılmasına, Azərbaycan brendi adı altında məhsulların dünya bazarına çıxarılmasına imkan verirsə, digər tərəfdən də urbanizasiya və demoqrafiya proseslərinin kəndin xeyrinə dəyişməsinə şərait yaradır.

Azərbaycanda aparılan sosial-iqtisadi islahatların bir mühüm xüsusiyyəti də onların proqram xarakterli olması, konkret hədəflərə yönəlməsi, mərhələli şəkildə həyata keçirilməsi və nəticəyə hesablanmasıdır. Son illər istər iqtisadi, istərsə də sosial sahədə aparılan islahatlar proqramlar şəklində müəyyənləşmiş və uğurlu nəticələr əldə etməyə imkan vermişdir. Məhz bu islahatların nəticəsində son 12 ildə ümumdaxili məhsul 3,7 dəfə artmış, özəl sektorun ümumdaxili məhsulda xüsusi çəkisi 81,2 faizədək yüksəlmiş, ölkə iqtisadiyyatına 206,7 milyard ABŞ dolları həcmində investisiya qoyulmuş, 1,5 milyon yeni iş yerləri açılmışdır. Əldə edilən uğurlu iqtisadi nəticələr, heç şübhəsiz ki, Azərbaycan vətəndaşının həyat səviyyəsinin yüksəlməsinə xidmət etmişdir. Son 13 ildə ölkədə minimum əməkhaqqının məbləği 11,7 dəfə, orta aylıq pensiya 10 dəfə artmış, orta aylıq əməkhaqqı isə 490 manata çatdırılmışdır. Dünya Bankı tərəfindən dərc edilən “Doing Business” hesabatında 2009-cu ildə Azərbaycan ən islahatçı ölkə, 2016-cı ildə isə dünyada 3 və daha çox islahat aparan 29 ölkədən biri olmuşdur. Bütün bunlar isə qeyri-neft sektoruna investisiyaların artırılmasına, yeni iş yerlərinin açılmasına əlverişli zəmin yaratmaqla yanaşı, sahibkarlığın inkişafı üçün geniş imkanlar açır.

Qəbul edilən proqramlar çərçivəsində regionların sürətli sosial-iqtisadi inkişafı təmin olunmuş, yol-nəqliyyat strukturu, elektrik enerjisi, qaz, içməli su ilə təminat kimi infrastruktur xarakterli böyük layihələr uğurla həyata keçirilmişdir. Bu dövlət proqramlarının uğurlu tətbiqi nəticəsində regionların siması dəyişmiş, müasirləşmiş, əhalinin həyat səviyyəsi yüksəlmiş, yoxsulluq, işsizlik kimi problemlər minimuma endirilmişdir. İnsan amilinin inkişafında, vətəndaşlarımızın rahat və layiqli həyat şəraitinin təmin olunmasında, heç şübhəsiz ki, dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” layihəsinin çox böyük əhəmiyyəti vardır. Hazırda 11 mərkəz fəaliyyət göstərir. Onlardan beşi Bakıda, altısı isə Azərbaycanın regionlarında yaradılmış, ASAN – avtobus, ASAN – qatar layihələri vətəndaşlarımıza uğurla xidmət etməkdədir. İndiyədək “ASAN xidmətə” 1,3 milyondan çox müraciət olunmuşdur, müraciət edənlərin məmnunluq indeksi isə 98 faiz təşkil edir.

Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsində dövlət tərəfindən qəbul olunan sosial proqramların icrası ilə yanaşı, Heydər Əliyev Fondunun böyük rolu və xidmətləri də vardır. Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında aparılan çoxşaxəli və çoxprofilli layihələr sağlamlığın qorunması və möhkəmləndirilməsi, aztəminatlı ailələrdən hesab edilən və valideyn himayəsindən məhrum olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, təhsilin səviyyəsinin qaldırılması, iş və mənzil təminatının yaxşılaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə etməyə imkan vermişdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi təqdim edilərkən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fondun fəaliyyətini dəqiq ifadə edərək demişdir: “Rəhbərlik etdiyim Heydər Əliyev Fondu artıq 13 ildir ki, öz fəaliyyətini humanizm prinsipləri əsasında qurub. Biz bu illər ərzində bir çox irimiqyaslı layihələr icra etmişik. Biz Azərbaycanın ictimai və siyasi həyatında fəal iştirak edirik. Biz infrastruktur layihələri icra edirik. Eyni zamanda, biz 13 il ərzində ayrı-ayrı insanların problemlərinə heç zaman biganə qalmamışıq. İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək və eşitmək, köməyə ehtiyacı olana kömək etmək, mənəvi dəstək vermək Heydər Əliyev Fondunun hər bir əməkdaşının birbaşa vəzifəsidir. Hesab edirəm ki, bu, dövlət qurumlarında çalışan bütün insanların əsas borcu və vəzifəsidir. Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar.”

2017-ci il yanvarın 30-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının 3-cü ildönümünə həsr olunmuş konfransda Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Artıq dünya Azərbaycanı daha yaxşı tanıyır. Görürlər ki, bu müstəqil dövlətdir, ləyaqətli dövlətdir. Azərbaycan xalqı qürurlu xalqdır, biz öz ləyaqətimizi həmişə saxlamışıq və saxlayırıq. Ölkəmizi bundan sonra da daha inamla qabağa aparmaq üçün biz lazım olan bütün məsələləri həll etməliyik.”

Azərbaycan xalqı böyük və şərəfli tarixi, zəngin mədəniyyəti, əsrlərin dərinliyindən gələn adət-ənənəsi olan istedadlı və qüdrətli xalqdır. Xalqımız həm də dünyanın ən xoşbəxt xalqlarından biridir. Bu xoşbəxtliyin əsasında müstəqil dövlətçiliyimiz dayanır. Xalqımız bir də onunla şanslıdır ki, ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin hüquqi, ictimai-siyasi və sosial-iqtisadi əsaslarının formalaşdırılması strategiyası XXI əsrdə Prezident İlham Əliyev tərəfindən böyük dövlətçilik istedadı və cəsarəti ilə inkişaf etdirilir, ulu öndərin “Azərbaycan dünyaya Günəş kimi doğacaq” – ideyası reallığa çevrilərək xalqımızın tərəqqisinə və xoşbəxtliyinə təminat verir.

Musa Quliyev, 
Milli Məclisin deputatı,
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında