Dünyanın başı üzərində dolaşan qara kabus – korrupsiya istənilən sahədə inkişafa mane olan, müasir dövrümüzdə beynəlxalq ictimaiyyəti ən çox narahat edən bəladır. Korrupsiyanın mövcudluğu hər bir ölkədə hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsinə, demokratik prinsiplərin inkişafına əngəllər törədir, milli-mənəvi dəyərləri sarsıdır, iqtisadi və sosial inkişafa mane olur. Ona görə korrupsiyaya qarşı mübarizə demokratik və sivil inkişaf yolu seçmiş hər bir dövlətin qarşıya qoyduğu əsas məqsədlərdən hesab olunur.
Demokratiya yolunu seçmiş hər bir ölkədə korrupsiyaya qarşı mübarizə prioritet vəzifə kimi qarşıya qoyulur və cəmiyyətin bütün səviyyələrini bu qorxulu kabusdan xilas etmək üçün bütün imkanlardan istifadə olunur. Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərlərinin və ombudsmanlarının üçüncü iclasında bu barədə geniş müzakirələr aparılmış, cəmiyyətin bu bəladan xilas olamsının yolları araşdırılmış, “Korrupsiyaya qarşı mübarizədə beynəlxalq və regional əməkdaşlıq mexanizmləri” müzakirə obyektinə çevrilmişdir.
Yüksək səviyyəli tədbirə Türkiyə, İran, Qazaxıstan, Pakistan, Əfqanıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın prokurorluq orqanlarının, ixtisaslaşdırılmış antikorrupsiya qurumlarının, ombudsmanların və digər dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri, ECO baş katibinin müavini, Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) icraçı katibi və digər beynəlxalq təşkilatların nümayəndələri qatılmışdılar. Tədbirdə, həmçinin dövlət və hökumət rəsmiləri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın, mərkəzi icra hakimiyyəti orqanlarının, Baş Prokurorluğun, habelə ölkəmizin digər hüquq-mühafizə qurumlarının və QHT-lərin nümayəndələri, Milli Məclisin deputatları iştirak etmişlər.
Belə əhəmiyyətli tədbirin Bakıda keçirilməsi təsadüfi deyil. Çünki son illər ölkəmiz korrupsiyaya qarşı ən ciddi mübarizə aparan ölkələrdən biridir. Bundan başqa, Azərbaycan artıq dünyada söz sahibinə çevrilmiş dövlətlərdəndir.
Azərbaycanın korrupsiyaya qarşı çox ciddi mübarizə aparması beynəlxalq aləmdə də öz təsdiqini tapıb. Qeyd edilir ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizənin uğurla aparılması üçün möhkəm siyasi iradə mövcuddur. Şəffaflığın gücləndirilməsi, elektron xidmətlərin inkişafı və korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən davamlı strategiya çərçivəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verilir. Bu baxımdan respublikamızın BMT, Avropa Şurası, OECD, Beynəlxalq Antikorrupsiya Akademiyası ilə sıx əməkdaşlıq əlaqələri qurması və bu fəaliyyətdə mühüm nailiyyətlər əldə etməsi müsbət hal kimi dəyərləndirilir. Ölkəmizin Avropa Şurasının korrupsiyaya qarşı dövlətlər qrupunun GRECO və OECD Antikorrupsiya Şəbəkəsinin 3-cü qiymətləndirmə raundundan uğurla keçməsi də bu sahədə qazanılan uğurlardandır.
Artıq Azərbaycanda korrupsiyaya qarşı mübarizədə əsaslı addımlar atılır, bu sahədə qanunvericilik bazası getdikcə möhkəmləndirilir, müxtəlif qanunlar qəbul olunur. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun qəbul edilməsindən 13 il keçir. Qanunda birmənalı olaraq qeyd edilir ki, bu sənəd korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlmişdir. Bu qanun, habelə dövlət orqanlarına əhalinin etimadının möhkəmləndirilməsi, peşəkar kadrların dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında qulluğa həvəsləndirilməsi, həmin şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozma törətməsini istisna edən şəraitin yaradılması məqsədini daşıyır.
Bu müddət ərzində beynəlxalq standartlara cavab verən daha bir neçə qanunvericilik aktı qəbul olunmuşdur. Ümumiyyətlə, son 15 il ərzində ölkəmizdə antikorrupsiya islahatları sistemli şəkildə həyata keçirilmişdir. Faktlar da bunu təsdiqləyir. Belə ki, 2004-2007-ci illərdə Korrupsiyaya qarşı mübarizə sahəsində Dövlət Proqramı qəbul edilmiş, iki ixtisaslaşmış qurum – Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi yaradılmışdır. Komissiya korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, dövlət orqanlarının fəaliyyətini əlaqələndirir, dövlət proqramlarının icrasını həyata keçirir.
“Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın qəbul edilməsi şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasının prioritet istiqamətlər kimi müəyyən edilməsində böyük rol oynamışdır. Bu sənəd korrupsiyaya qarşı mübarizə aparan ixtisaslaşmış qurumların fəaliyyətini daha da təkmilləşdirmiş, vətəndaş cəmiyyətinin üzvləri ilə səmərəli əməkdaşlıq əlaqələri qurulmasında böyük rol oynamışdır .
Korrupsiyaya qarşı mübarizə və Açıq hökumət prinsiplərinin genişlənməsi, bu sahədə həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə Azərbaycan Prezidentinin 2016-cı il 27 aprel tarixli sərəncamı ilə Açıq hökumətin təşviqinə dair 2016-2020-ci illəri əhatə edən növbəti Milli Fəaliyyət Planı qəbul edilib. Bütün bunlar dövlətimizin başçısının korrupsiyaya qarşı mübarizədə siyasi iradə nümayiş etdirdiyini təsdiqləyən faklardır.
Dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” mərkəzləri korrupsiyaya qarşı mübarizə sahəsində uğurlu formul nümunəsinə çevrilib. “ASAN xidmət” məhz Azərbaycan brendi kimi dünyada ad çıxarmış, bir sıra ölkələrdə bu mütərəqqi təcrübənin tətbiq edilməsi müzakirə mövzusuna çevrilmişdir. Bu xidmət korrupsiya hallarını tam istisna edir və vətəndaşların dövlət qurumlarına etimadını artırır. 2013-cü ildən fəaliyyətə başlayan “ASAN xidmət” Mərkəzinin hazırda 11 şöbəsi fəaliyyət göstərir. Onlardan beşi Bakıda, altısı isə respublikanın bölgələrindədir. Bu xidmətdən indiyə qədər bir milyondan artıq insan yararlanıb.
“ASAN xidmət” mərkəzlərində on dövlət orqanının səlahiyyətlərinə uyğun olaraq, vətəndaşlara funksional yardımçı xidmətlər də təklif edilir. Həmçinin mərkəzlərdə sosial layihələr də həyata keçirilir. “Vətəndaş həmişə haqlıdır” prinsipinin əsas meyar kimi götürüldüyü “ASAN xidmət” modeli artıq bir neçə ölkədə tətbiq olunmağa başlayıb.
Hər dəfə ölkəmizə hansısa bir tədbirdə iştirak etmək üçün gələn nümayəndələr “ASAN xidmət”in işi ilə yaxından tanış olur, onun korrupsiyaya qarşı mübarizədə böyük rol oynadığını xüsusi vurğulayır və öz ölkələrində də belə bir modelin olmasını arzulayırlar.
Korrupsiyaya qarşı mübarizə Azərbaycanda dövlət siyasətinin prioritetini təşkil edir. Bunun nəticəsidir ki, də son illər ölkəmizdə korrupsiyaya qarşı mübarizədə böyük uğurlar, irəliləyişlər əldə edilib. Bu gün qazanılan uğurlar təkcə ölkə daxilində deyil, bir sıra beynəlxalq qurumlar, xarici ekspertlər tərəfindən də etiraf olunur. Məsələn, Britaniya Standartlar İnstitutunun (BSİ) MDB və Baltikyanı ölkələr üzrə baş direktoru Dmitri Yartsev deyib ki, Azərbaycan qlobal məkanda beynəlxalq təcrübəni ən yaxşı mənimsəyən ölkələrdəndir. Onun qənaətinə görə, respublikamızda Avropanın ən qabaqcıl standartları uğurla tətbiq edilir. D. Yartsev bundan sonra da “Antikorrupsiya idarəetmə sistemi” standartının tətbiqi üzrə uğurlar əldə olunacağına əminliyini ifadə edib.
Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO)-nun müvafiq komitəsinin katibi Maykl Heniqan Azərbaycanda şəffaflığın artırıldığı və korrupsiyaya qarşı mübarizə sahəsində tədbirlərin uğurla həyata keçirildiyini bildirib.Açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi, sahibkarların hüquqlarının müdafiəsi sahəsində beynəlxalq standartın tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyini deyən M.Heniqan bütün bunlarla Azərbaycanda rastlaşmasından məmnunluğunu ifadə edib.
Göründüyü kimi, son illər ölkəmizdə korrupsiyaya qarşı ciddi mübarizə aparılması artıq beynəlxalq aləmdə də etiraf olunur. Bu barədə Bakıda keçirlən ECO-ya üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə təşkilatları rəhbərlərinin 3-cü iclasında geniş məlumat verilməsi bu sahədə əldə olunan nailiyyətlərə yeni bir töhfə olmuşdur. Üstəlik, Azərbaycanın ECO-ya sədr seçilməsi ölkəmizin nüfuzlu beynəlxalq qurumlarla fəal əməkdaşlığının bariz nümunəsidir. Eyni zamanda, ölkəmizin bu qurumla da əməkdaşlığa mühüm önəm verdiyinin məntiqi nəticəsidir. Bir faktı da qeyd edək ki, korrupsiyaya qarşı mübarizəyə həsr olunan bu iclasın ölkəmizdə keçirilməsi korrupsiyaya qarşı ən kəsərli vasitələrlə mübarizə apararaq, bu sahədə beynəlxalq əməkdaşlığa mühüm töhfə verən Azərbaycanda görülən işlərə yüksək qiymət kimi dəyərləndirilməlidir. Onu da qeyd edək ki, Azərbaycan ECO-nun fəal üzvü olmaqla, qurumun iki zirvə görüşünə ev sahibliyi etmiş, o cümlədən 2012-ci və 2017-ci illərdə təşkilata sədrliyi həyata keçirmişdir. Azərbaycan ECO-ya sədrliyi dövründə bu təşkilatın inkişafına və əməkdaşlığın dərinləşməsinə mühüm töhfələr verib.
Tədbir iştirakçılarına bir daha bəlli olmuşdur ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, qazanılan nailiyyətlər, qəbul olunan qanunlar korrupsiyaya qarşı mübarizədə böyük əhəmiyyət kəsb edir. Mütəmadi həyata keçirilən tədbirlər nəticəsində korrupsiya halları aradan qaldırılır, dövlətin maraqları və zərərçəkmiş vətəndaşların hüquqları təmin olunur. Korrupsiyaya qarşı mübarizədə siyasi iradənin önəmi xüsusi qeyd olunmalıdır. Həyata keçirilən tədbirlər, habelə beynəlxalq əməkdaşlıq da təsdiqləyir ki, ölkəmizdə bu sahədə güclü siyasi iradə nümayiş etdirilir. Bu da Azərbaycanı korrupsiyaya qarşı ən ciddi mübarizə aparan ölkələr sırasına qoşub.
Ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasətin uğurlu davamı nəticəsində hazırda Azərbaycanda korrupsiya ilə mübarizədə daha yüksək hədəflərə nail olunmuş, korrupsiyaya qarşı mübarizə tədbirləri daha da gücləndirilmişdir.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.