Neft gəlirləri ölkə iqtisadiyyatının şaxələndirilməsinə geniş imkanlar yaradır

Ötən əsrin sonlarında tarixi müstəqilliyinə qovuşan Azərbaycan Respublikası ciddi böhran, xaos və anarxiya ilə üzləşmişdi. Bir tərəfdən, paytaxtda hakimiyyət kreslosu uğrunda gedən amansız çəkişmələr, digər tərəfdən, cəbhədə baş verən uğursuzluqlar və ayrı-ayrı bölgələrdə  baş qaldıran separatizm meyilləri Azərbaycanın müstəqilliyi üçün ciddi təhlükə yaradırdı. Yalnız həmin çətin günlərdə xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən xilas edə bildi. Ümummilli liderin həyata keçirdiyi qətiyyətli və ardıcıl tədbirlər sayəsində ölkədə siyasi sabitlik bərqərar olundu, dövlətçiliyimiz üçün yaranmış təhlükə aradan qaldırıldı.

Ölkəni bürümüş dərin iqtisadi böhrandan xilas etmək üçün ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə düşünülmüş, bitkin iqtisadi konsepsiyanın işlənilməsinə başlanıldı. Azərbaycanın zəngin yeraltı sərvətlərindən xalqın rifahı, respublikanın  gələcək inkişafı naminə istifadə etmək məqsədilə yeni neft strategiyası işlənib hazırlandı. Neft amilindən məharətlə istifadə edən ümummilli liderimiz Heydər Əliyev dünyanın transmilli neft şirkətlərini ölkəmizə  dəvət etdi. Azərbaycanda yaradılmış siyasi sabitliyə və əlverişli biznes mühitinə əmin olan xarici şirkətlər respublikamızın neft sənayesinə sərmayə yetirmək qərarını qətiləşdirdilər. Beləliklə, 1994-cü il sentyabr ayının 20-də Bakıda “Əsrin müqaviləsi” adlı tarixi sazişə imza atıldı. Bu günlərdə Bakıda keçirilmiş 24-cü beynəlxalq “Neft və qaz” sərgisində müstəqilliyin ilk illərində Azərbaycanın üzləşdiyi çətinlikləri xatırladan Prezident İlham Əliyev deyib: “...O vaxt Azərbaycan müəyyən dərəcədə asılı vəziyyətdə idi, pulumuz yox idi, xəzinə boş idi, iqtisadiyyat iflic vəziyyətinə düşmüşdü. Odur ki, Heydər Əliyevin neft strategiyasının nə dərəcədə əhəmiyyətli olması bir daha gözümüzün önündə canlanır. Çünki o vaxt “Əsrin kontraktı”nın imzalanması ilə vəziyyət tamamilə dəyişdi və Azərbaycan böyük həcmdə xarici sərmayəni cəlb edə bildi. 1994-cü ildə imzalanmış “Əsrin kontraktı” tarixi layihədir. Əgər o vaxt “Əsrin kontraktı” imzalanmasaydı, Azərbaycanda neft-qaz sahəsinə investisiyalar, “Şahdəniz” yatağına heç bir sərmayə qoyulmazdı”.

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının reallaşdırılmasına başlanıldığı ötən 23 ilə yaxın bir dövr ərzində xarici şirkətlər tərəfindən Azərbaycanın neft sənayesinə təqribən 66 milyard ABŞ dolları investisiya qoyulub. Həmin investisiyalar hesabına neft sənayesinin infrastruktur imkanları əhəmiyyətli dərəcədə genişlənib, respublikamıza ən mütərəqqi texnologiyalar gətirilib. Təkcə onu qeyd etmək kifayətdir ki, “Əsrin müqaviləsi” nin reallaşdırılması ilə bağlı həyata keçirilmiş tikinti-quraşdırma işləri çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda 6 hasilat və 2 texniki təchizat platforması quraşdırılıb, xam neftin sahilə nəqli məqsədilə sualtı boru şəbəkəsi yaradılıb, dünya səviyyəli Səngəçal terminalı inşa olunub. Neftin dünya bazarına çıxarılması üçün şaxələndirilmiş boru kəmərləri sisteminin yaradılması isə Azərbaycanın ixrac potensialının xeyli genişləndirilməsinə səbəb olub. Ulu öndər Heydər Əliyevin ideya müəllifi olduğu Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri Azərbaycan nefti ilə yanaşı, Türkmənistan və Qazaxıstanın neft həcmlərinin də müəyyən hissəsinin dünya bazarına ixracını təmin edir.  Yeri gəlmişkən, 2006-cı ilin yayından etibarən Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə 360 milyon tondan çox xam neft nəql edilərək 3550-dən artıq tankerlə dünya neft bazarlarına göndərilib.

1996-cı ilin iyun ayında xarici şirkətlərlə  “Şahdəniz” yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişinin imzalanması ilə Azərbaycan dünyanın potensial qaz ölkəsi kimi tanınmağa başladı. “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi çərçivəsində genişmiqyaslı tikinti-quraşdırma işləri həyata keçirildi, Xəzər dənizində nəhəng hasilat platforması quraşdırıldı, qazın sahilə nəqli üçün sualtı boru kəməri çəkildi. Nəhayət, “Şahdəniz” qazının ilkin mərhələdə Gürcüstan və Türkiyə bazarlarına çıxarılmasını təmin etmək məqsədilə Cənubi Qafqaz boru kəməri çəkilib istifadəyə verildi. “Şahdəniz” layihəsinin əhəmiyyətini dönə-dönə vurğulayan Prezident İlham Əliyev bu barədə deyib: “Şahdəniz” layihəsinin icrası Azərbaycanı həm neft, həm qaz hasil edən, ixrac edən ölkəyə çevirdi. Bu gün “Şahdəniz” layihəsi olmadan biz regional əməkdaşlığı təsəvvür edə bilmərik. Çünki “Şahdəniz” layihəsi məhz enerji təhlükəsizliyi məsələlərini həll edən layihədir”. Dövlət başçısı  İlham Əliyevin qeyd etdiyi kimi, enerji təhlükəsizliyi məsələləri ölkələrin milli təhlükəsizliyi məsələləridir. Hazırda kifayət qədər neft və qaz ehtiyatlarına malik olan Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin etməklə yanaşı, dost və tərəfdaş ölkələrin enerji təhlükəsizliyi məsələlərinin həllində də yaxından iştirak edir.  Təkcə onu qeyd etmək kifayətdir ki, 1997-ci ilin noyabr ayında “Çıraq” yatağından ilkin neftin hasilatına başlanıldığı vaxtdan indiyədək “Əsrin müqaviləsi” çərçivəsində 430 milyon tona yaxın neft hasil edilib. Bundan əlavə, “Əsrin müqaviləsi”nin şərtlərinə əsasən, neftlə bərabər çıxarılan 30 milyard kubmetr səmt qazı təmənnasız olaraq Azərbaycanın qazpaylama şəbəkəsinə təhvil verilib. "Şahdəniz" yatağından isə indiyədək 83 milyard kubmetr qaz və 21 milyon ton kondensat hasil edilib. Bu ilin iyunun 1-dək "Şahdəniz-1" layihəsi üzrə Cənubi Qafqaz boru kəməri vasitəsilə regional bazarlara 80 milyard kubmetrdən artıq qaz nəql edilib. Həmin qazın  6,3 milyard kubmetri Gürcüstana, 46,5 milyard kubmetri isə Türkiyəyə satılıb.

Ümummilli lider Heydər Əliyevin uzaqgörən siysətini, uğurlu iqtisadi konsepsiyasını müasir dövrün tələblərinə uyğun böyük yaradıcılıqla davam etdirən Prezident İlham Əliyev ötən illərdə neft strategiyasından əldə olunan gəlirlərin ölkənin qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə  yönəltməyi başlıca vəzifə kimi qarşıya qoymuşdur. Artıq biz cənab Prezidentin vaxtilə böyük uzaqgörənliklə söylədiyi  “Neft bizim üçün məqsəd yox, qarşıya qoyulmuş hədəflərə çatmaq üçün bir vasitədir” fikrinin praktiki olaraq tam həyata keçməsinin şahidiyik. “Əsrin müqaviləsi”nin  Azərbaycan dövlətinin inkişafında müstəsna əhəmiyyətinə toxunan Prezident İlham Əliyev deyib: “Bu kontraktın uğurla icra edilməsi imkan verdi ki, biz neftdən əldə edilən vəsaiti insan kapitalına, qeyri-neft sektoruna, infrastruktur layihələrinə yönəldək və ölkəmizi inkişaf etdirək. Bugünkü Azərbaycan, bölgələrimiz, çiçəklənən şəhərlərimiz və dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı, bax, gördüyümüz işlərin bariz nümunəsidir. Görülən işlər göz qabağındadır. Bütün bu işləri biz düşünülmüş siyasət nəticəsində görmüşük və əlbəttə ki, iqtisadi potensialımızı gücləndirərək ölkəmizi böyük dərəcədə qabağa apara bilmişik”.

Məlum olduğu kimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının növbəti mərhələsində ölkəmizin karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən neft gəlirlərınin toplanaraq artı-rılması və səmərəli idarə edilməsi, həmin vəsaitlərin öncül sahələrin inkişafına və sosial-iqtisa-di baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsıni tə-min etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə Dövlət Neft Fondu yaradılmışdır. Ötən illər ərzində mənfəət neftindən əldə edilən gəlirlər hesabına ölkə iqtisadiyyatının şaxələndirlməsi və bir sıra infrastruktur layihələrinin reallaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

Yeri gəlmişkən, artıq 18-ci ildir ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları “mənfəət nefti”ndən gəlir əldə edirlər. Azərbaycanın payına düşən  “mənfəət nefti” isə 1999-cu ilin dekabrından xarici bazarlara çıxarılır. Həmin vaxtdan cari ilin aprel ayının 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 237 milyon tona qədər “mənfəət nefti” satılmışdır. Mənfəət neftindən əldə edilən gəlirlər hesabına ölkə iqtisadiyyatının şaxələndirlməsi və bir sıra infrastruktur layihələrinin reallaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Dövlət Neft Fondu bir sıra ümummilli dövlət proqramlarının və layihələrin icrasına mühüm töhfələr verir. Dövlət Neft Fondu tərəfindən qaçqınlarin və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma problemlərinin həlli tədbirlərinin, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihələri, “Azərbaycan İnvestisiya Şirkəti”nin nizamnamə kapitalının formalaşdırılması kimi tədbir və layihələrin maliyyələşdirilməsi bu baxımdan diqqəti cəlb edir.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci ilin yanvar–mart ayları üzrə gəlir və xərclərinə dair məlumata əsasən, hesabat dövründə fondun büdcə gəlirləri 3 milyard 272,5 milyon manat, büdcə xərcləri isə 3 milyard 847,5 milyon manat təşkil etmişdir. Yanvar–mart ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 2 milyard 899,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 2 milyard 894,4 milyon manat, bonus ödənişləri 0,1 milyon manat, tranzit gəlirləri isə 4,6 milyon manat  olmuşdur. Hesabat dövrü ərzində fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 373,4 milyon manat təşkil etmişdir.

Bu ilin ilk rübündə fondun 2017-ci il büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 1 milyard 525 milyon manat vəsait transfert edilmişdir. Rüb ərzində Neft Fondundan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 27,8 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 8,5 milyon manat, "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə  1,3 milyon manat, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 2 milyon manat , "Star" neft emalı kompleksinin tikintisinə isə 372,6 milyon manat vəsait xərclənmişdir. Bundan əlavə, ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə 2 milyard 279 milyon manat Azərbaycan Respublikasının Mərkəzi Bankına transfert edilmişdir. 2017-ci ilin yanvar-mart ayları ərzində fondun idarə edilməsi ilə bağlı xərcləri 3,9 milyon manat, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı büdcədənkənar xərci isə 873,9 milyon manat təşkil etmişdir. Bütövlükdə isə 2017-ci il aprelin 1-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivləri ilin əvvəlinə (33 milyard 147 milyon ABŞ dolları) nisbətən 0,18 faiz artaraq 33 milyard 207,2 milyon ABŞ dollarına bərabər olmuşdur.

Yeni neft strategiyasının uğurları ölkə iqtisadiyyatının strukturunun dəyişməsinə imkan yaratmışdır. Hazırda Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Artıq neftdən əldə olunan gəlirlər iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına yönəldilir. Məhz bunun nəticəsidir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf dinamikası getdikcə artır. Təkcə onu demək kifayətdir ki, 2017-ci ilin yanvar-aprel aylarında birinci rübündə ölkəmizin qeyr-neft iqtisadiyyatında 1,9 faiz artım baş vermişdir. Hesabat dövründə sənayenin qeyri-neft sahələrində 2,8 faiz, kənd təsərrüfatında isə 3,2 fazlik artıma nail olunmuşdur. Göründüyü kimi, artıq keçid iqtisadiyyatını uğurla başa vurmuş Azərbaycan üçün indi əsas prioritet istiqamət iqtisadiyyatın şaxələndirilməsinə nail olmaqdan, qeyri-neft sektorunun sürətli inkişafını təmin etməkdən ibarətdir.

Hazırda Azərbaycan iqtisadiyyatı ümummilli lider Heydər Əliyevin yarat-dığı təməl üzərində hərtərəfli və dinamik inkişaf edir. Güclü, qüdrətli Azərbay-can quruculuğu davam edir. Qlobal proqramlar, irimiqyaslı sosial və infrastruktur layihələri, çoxsaylı dövlət proqramları ən ümdə məqsədə -- Azərbaycanın iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun artmasına xidmət edir. Qarşıdakı perspektivlər onu deməyə əsas verir ki, Azərbaycan dövlətinin iqtisadi qüdrəti bundan sonra daha da artacaq, iqtisadiyyat sürətlə inkişaf edəcək, xalqımızın maddi-rifah halı daha da yaxşılaşacaqdır.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında