Azərbaycanda azad iqtisadi zonaların yaradılması diqqət mərkəzində saxlanılır

Milli iqtisadiyyatın aparıcı sahəsi olan nəqliyyat sistemi respublikamızın iqtisadi təhlükəsizliyinin etibarlı təminatında çox mühüm önəm daşıyır. Dünya təcrübəsi də sübut edir ki, bir çox ölkələr tərəfindən etibarlı nəqliyyat sisteminin yaradılması milli iqtisadi təhlükəsizliyin təminatında xüsusi rol oynayır. 

Hazırda Azərbaycanın milli nəqliyyat sistemi də Avropa və Asiya nəqliyyat sisteminə sürətlə inteqrasiya edərək Avroatlantik məkanın mühüm nəqliyyat-tranzit qovşaqlarından birinə çevrilib. Asiya ilə Avropa arasında birləşdirici körpü rolunu oynayan ölkəmiz öz nəqliyyat infrastrukturunu möhkəmləndirməkdə davam edir. Yaxın zamanlarda isə Azərbaycan qonşu ölkələrlə sərhəddə azad ticarət zonaları yaradacaq. Belə layihələrin reallaşdırılması respublikamız vasitəsilə yüklərin daşınma həcminin daha da artmasına imkan yaradır və ölkənin beynəlxalq logistik haba çevrilməsinin tərkib hissəsini təşkil edir.

Ölkə Prezidenti cənab İlham Əliyevin “Azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında” 31 may 2017-ci il tarixli sərəncamında deyilir ki, son illər ərzində aparılan davamlı islahatlar siyasəti respublikamızın iqtisadi qüdrətinin daha da güclənməsinə imkan yaradıb, dinamik sosial-iqtisadi inkişafa təkan verib. Transmilli enerji infrastrukturu və beynəlxalq nəqliyyat layihələrinin Azərbaycanda reallaşdırılması investorların ölkəmizə marağını xeyli artırıb. Şübhəsiz ki, xarici investisiyaların cəlb edilməsi əlverişli coğrafi mövqeyi ilə seçilən ərazilərin logistik və sənaye potensialından tam istifadə olunmasına, iqtisadiyyatımızın daha da möhkəmlənməsinə, büdcə gəlirlərinin diversifikasiyasına və əhalinin məşğulluğuna böyük töhfə verə bilər.

Elə buna görə də “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan  Prezidentinin 2016-cı il 17 mart tarixli sərəncamının icrası ilə əlaqədar hazırlanan normativ hüquqi aktlarının layihələri “azad iqtisadi zona” elan ediləcək ərazilərdə həyata keçiriləcək iqtisadi fəaliyyət üçün əlverişli hüquqi rejimin müəyyənləşdirilməsini nəzərdə tutur.

Sərəncama əsasən, hazırda azad iqtisadi zonaların yaradılmasının sürətləndirilməsi məqsədilə işçi qrup yaradılıb. Həmin qrup üç ay müddətində azad iqtisadi zonaların yaradılması ilə bağlı hazırlanan qanun layihəsinin ekspertizasını keçirməklə, dövlətin mənafelərinin və investorların qanuni maraqlarının tarazlı şəkildə nəzərə alınmasını reallaşdıran sənədin yekun variantını hazırlayıb ölkə rəhbərinə təqdim edəcək. Bundan savayı, işçi qrup azad iqtisadi zonaların inkişaf etdirilməsi məqsədilə bu sahədə təcrübəsi olan xarici investor (developer) şirkətləri ilə bağlanılacaq müqavilələrin əsas şərtlərinə dair təkliflər də verəcək. 

Onu da qeyd edək ki, Transxəzər beynəlxalq nəqliyyat marşrutuna qoşulan limanların sayının artırılması nəzərdə tutulur. Qazaxıstanın Aktau limanından əlavə Kurık, eləcə də Türkiyənin Samsun və digər limanların da bu dəhlizə qoşulması planlaşdırılır.

Burada diqqəti bir məqama yönəltmək istərdik. Ötən il noyabrın 16-da Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində çıxış edən Prezident İlham Əliyev ölkəmizin həyata keçirdiyi beynəlxalq layihələrə toxunaraq bildirib ki,   Azərbaycan Xəzərin nəhəng enerji ehtiyatlarını dünya bazarlarına çıxaran ilk ölkədir. Xəzər dənizinin şaxələndirilmiş boru kəmərləri sistemi vasitəsilə Qara və Aralıq dənizləri ilə birləşdirilməsi Azərbaycanın ən mühüm nailiyyətlərindəndir.

Dövlət başçısı, həmçinin xatırladıb ki, üstün coğrafi mövqeyə malik olan ölkəmiz etibarlı nəqliyyat dəhlizinin yaradılması istiqamətində mühüm işlər görür: “Bizim səylərimiz nəqliyyat sahəsində regional əməkdaşlığın yaradılmasına yönəldilib. Xüsusilə də Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində. Bu layihə yekunlaşmaq üzrədir və artıq ilk sınaq yük qatarı Asiyadan Avropaya Azərbaycan ərazisindən hərəkət edib. Bundan başqa, icra edilməkdə olan digər layihə Şimal-Cənub nəqliyyat dəhlizi layihəsidir. Azərbaycan bu layihənin icrası çərçivəsində vacib tədbirlər görmüş və mühüm addımlar atmışdır”.

Prezident, eyni zamanda, vurğulayıb ki, bu gün Azərbaycan “Cənub” qaz dəhlizi adlanan qlobal enerji layihəsi üzərində çalışır. Onun icrası nəticəsində ölkəmiz bir sıra ölkələr üçün etibarlı qaz ixracatçısına çevriləcək. Layihənin dəyəri təqribən 45 milyard dollardır və Azərbaycan onun həyata keçirilməsində aparıcı rol oynayır.

Sonda azad ticarət zonaları ilə əlaqədar bir məsələni də xatırlatmaq yerinə düşərdi. Azad ticarət zonaları azad iqtisadi zonaların, demək olar ki, dünyada ən geniş yayılmış növüdür. Azad ticarət zonaları ölkənin onun milli gömrük məkanından kənarda hesab edilən məhdud əraziləridir. Bu zonaların azadlığı o deməkdir ki, orada mallar gömrük rüsumlarından, idxal vergilərindən və maliyyə nəzarətinin digər formalarından azaddır. Azad ticarət zonalarına gətirilən mallar bəyan edilmir, lakin gömrük orqanları qaçaqmalçılığa və qadağan olunmuş malların gətirilməsinə yol verməmək məqsədilə zona daxilində nəzarət tədbirləri həyata keçirə bilərlər.

Azad ticarət zonalarında adətən anbar əraziləri olur ki, bu anbarlarda da malların saxlanılması, çeşidlənməsi, qablaşdırılması, markalanması və keyfiyyətin seçimli yoxlanması həyata keçirilir. Zonada yerləşdirilmiş mallar orada qeyri-müəyyən müddətə qala bilər. Malların saxlanılmasına görə haqlar, saxlanılma dövrü və anbarın növündən asılı olaraq, sığorta xərcləri də daxil olmaqla müxtəlif ola bilər.

Bir sözlə, azad ticarət zonaları ixracın və xarici investisiyaların genişləndirilməsi, həmçinin ölkənin və regionların iqtisadi inkişafının stimullaşdırılması məqsədilə yaradılır.

Azad Ticarət Zonasında (ATZ) hüquqi rejimin tənzimlənməsi ilə bağlı qanun layihəsi bu ilin sonunadək Milli Məclisə təqdim ediləcək. “DP World” şirkəti ATZ ilə bağlı görüləcək işləri yekunlaşdıraraq dövlətə təhvil verib. Hazırda isə ATZ-də hüquqi rejimin tənzimlənməsi ilə bağlı qanun layihəsi hazırlanır. Bunun üçün işçi qrupu yaradılıb və ora dövlət qurumları daxildir.  gətiriləcək.

Vaqif BAYRAMOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında