Bakıda keçirilən beynəlxalq “Xəzər neft-qaz sərgi və konfransı öz işini başa çatdırdı. Xatırladaq ki, Azərbaycan paytaxtında 24-cü dəfə keçirilən builki sərgidə 30 ölkədən gəlmiş 300-dən çox şirkət iştirak edirdi. Onların bir çoxu ənənəvi neft-qaz sərgisinin daimi iştirakçıları olsalar da, bu mötəbər tədbirə ilk dəfə qoşulanlar da az deyildi. Sərginin ümumi sahəsinin təqribən 15 faizini tutan debütant şirkətlər isə ABŞ, Böyük Britaniya, Rumıniya və digər ölkələri təmsil edirdilər.
Azərbaycanın həm regionda, həm də Avropada enerji təhlükəsizliyi sahəsində önəmli rol oynadığını bir daha təsdiqləyən 24-cü beynəlxalq Xəzər neft və qaz sərgisinin platin sponsorunun Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR-ın ayrı-ayrı şirkət və müəssisələrinin öz nailiyyət və perspektivlərini geniş nümayiş etdirməsi tədbirə marağı qat-qat artırırdı. Yeri gəlmişkən, iştirakçıların istər bu müəssisələrin, istərsə də öz ekspozisiyalarını göstərən digər ölkələrin şirkətlərinin imkanları, nailiyyət və perspektivləri ilə yaxından maraqlanmaları bir daha sübut edirdi ki, ənənəvi Xəzər neft və qaz sərgisi beynəlxalq əməkdaşlıq meydanı kimi mühüm statusunu qoruyub saxlaya bilib. Elə sərgi barədə rəy və təəssüratlarını öyrəndiyimiz iştirakçılar da bu mötəbər tədbirdə əməkdaşlıq əlaqələrini genişləndirmək, sərginin yaratdığı imkanlardan səmərəli istifadə etmək məqsədində olduqlarını vurğulayırdılar.
“BOS ŞELF” şirkətinin baza meneceri Moumen Qayor dedi:– SOCAR-a məxsus şirkət olan müəssisəmiz Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun, eləcə də Azərbaycanda iri neft-qaz layihələrinin əməliyyatçısı olan BP-nin dünyadakı ən böyük bazasının operatorudur. Azərbaycanda 2001-ci ildə fəaliyyətə başlayan “BOS ŞELF” şirkəti 2012-ci ildən Heydər Əliyev adına Bakı Dərin Dəniz Özülləri Zavodunun operatoru kimi mühüm layihələr həyata keçirir. Hazırda bütün səy və bacarığımız “Cənub” qaz dəhlizinin reallaşmasına yönəldilib. Belə ki, bu dəhlizin ehtiyat mənbəyi olan “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi üçün tikilən dəniz qurğularının bir çoxu məhz burada inşa edilir. Yataqda quraşdırılacaq hər iki platformanın dayaq bloklarının tikintisini artıq başa çatdırmışıq. Birinci dayaq bloku ötən il sentyabrın 1-də Prezident İlham Əliyevin iştirakı ilə dənizə yola salındı. Bu ilin mart ayında ikinci qurğunu da öz daimi yerinə göndərdik. Hazırda isə “Şahdəniz-2”nin sualtı qurğuları ilə məşğuluq. Qeyd edim ki, bu qurğular ilk dəfədir ki, Azərbaycanda tikilir. Yeri gəlmişkən, neft-qaz mütəxəssisi olaraq belə bir müəssisədə çalışmaq mənim üçün olduqca xoşdur.
Azərbaycana ilk dəfə 1999-cu ildə gəlmişdim. Bir müddət sonra mənə tapşırılan işi başa çatdırıb geriyə qayıtdım. Lakin yeni layihələrdə çalışmağımla əlaqədar Azərbaycana döndüm. Azərbaycanda işləməyimdən çox məmnunam və bundan hədsiz qürur duyuram. Artıq bu diyara sıx tellərlə bağlanmışam. Özüm Mərakeş əsilli Fransa vətəndaşıyam. Oğlum isə, belə demək mümkünsə, bakılıdır. Çünki o, 2004-cü ildə Bakıda, Leyla Şıxlinskaya klinikasında dünyaya gəlib. Biz ailəliklə özümüzü burada çox yaxşı, təhlükəsiz hiss edirik. Xalqınız sülhsevərdir və zəngin ənənələrə malikdir. Son 15 ildə qazandığınız yüksək nailiyyətlər bütün dostlarınız kimi, bizi də ürəkdən sevindirir.
O ki qaldı “Xəzər neft-qaz” sərgisinə, deməliyəm ki, bu tədbir beynəlxalq əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki burada iştirak edən bütün şirkətlər bir-birini daha yaxından tanımaq imkanı qazanırlar. Bir sözlə, burada hər şey möhtəşəmdir. Yeganə təklifim budur ki, sərgiyə marağı qoruyub saxlamaq məqsədilə burada müəyyən tədbirlər, məsələn, müxtəlif konkurslar təşkil etmək faydalı olar.
Hüseyn Abdi, İran Milli Qaz Şirkətinin meneceri:–Çalışdığım şirkət İranın Neft Nazirliyinin dörd ən böyük müəssisəsindən biridir. Bu şirkət ölkənin böyük hissəsini enerji ilə təmin edir, eləcə də onlarca neft-kimya və sənaye kompleksinə yanacaq verir. Azərbaycanın neft-qaz sənayesi haqqında geniş məlumatımız var. Qaz alqı-satqısı sahəsində əməkdaşlığımız da uğurla davam edir. Artıq üçüncü dəfədir ki, beynəlxalq “Xəzər neft və qaz sərgisi”ndə iştirak edirik. Bu, ölkəniz haqqında bilgilərimizi daha da zənginləşdirir.
Azərbaycana ilk gəlişimdir. Valideynlərim isə 20 il əvvəl burada olmuşdular. Azərbaycan, Bakı haqqında onlardan çoxlu məlumatlar almışdım. Ancaq etiraf etməliyəm ki, təəssüratım gözlədiklərimi xeyli üstələyir. Azərbaycan yüksək səviyyədə inkişaf etmiş bir ölkədir, xalqınızın çox müdrik Prezidenti var, qısa müddətdə ölkədə bu qədər təqdirəlayiq yeniliklər yaradıb. Bakı olduqca gözəl şəhərdir, mehriban, qonaqpərvər insanları var.
İştirak etdiyimiz neft-qaz sərgisi olduqca möhtəşəmdir. Bu bizə imkan verir ki, həm azərbaycanlı həmkarlarımızın gördüyü işlərlə ətraflı tanış olaq, həm də ümumiyyətlə, əməkdaşlıq çevrəmizi genişləndirək. Sərgidə iştirak edən xarici şirkətlərin mütəxəssisləri ilə söhbətlər aparırıq. Məqsədimiz budur ki, İranda işləmək istəyi olan servis müəssisələrini ölkəmizə dəvət edək.
Dilmurad Şəripov, Özbəkistan Neft-Qaz Elmi-Tədqiqat Layihə İnstitutunun idarə heyətinin sədri: –Özbəkistanın neft-qaz müəssisələri, bu sahədə fəaliyyət göstərən elmi-tədqiqat institutları son illərdə əməkdaşlıq əlaqələrini xeyli genişləndiriblər. Rusiyanın “LUKoyl”, Koreyanın bir neçə şirkəti ilə birgə işləyirik. Üç ildən çoxdur ki, SOCAR-la da əməkdaşlıq və tərəfdaşlıq edirik. Daşkənddə birgə müəssisə yaratmağa da müvəffəq olmuşuq.
Bu ilə qədər Xəzər neft və qaz sərgisində yalnız nümayəndə heyətimiz iştirak edirdi. Daşkənddən gələn bir qrup mütəxəssis sərgi və konfransdakı müzakirə və diskussiyalara qatılırdı. Bu il isə ilk dəfədir ki, öz stendimizi nümayiş etdiririk. Müxtəlif ölkələrdən olan həmkarlarımız deyirlər ki, sərgiyə stendimizlə çoxdan gəlməli idik. Çünki bu, sıx əməkdaşlıq qurmağa çox kömək edir. İndi biz bunu əyani görürük. Məktublaşmaq, internet vasitəsilə daim əlaqə saxlamaq yaxşıdır. Qarşı-qarşıya oturub söhbət etmək, məsləhətləşmək, vacib məsələləri müzakirə etmək isə daha çox fayda verir. Bu mənada sərginin əhəmiyyəti çox böyükdür.
Sərgidə iştirakım da, Azərbaycana gəlişim də birincidir. Açığı, təəssüratımı sözlə ifadə etməyə çətinlik çəkirəm və hər sözün sonunda nida işarəsi qoymaq istəyirəm. Buradakı gözəlliklərə valeh olmamaq mümkün deyil...
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.