“AtaBank”ın konsolidasiya prosesi uğurla tamamlanıb

İyunun 1-də “Caspian Development Bank”ın “AtaBank”a qoşulması, bankların konsolidasiya prosesi və ilkin nəticələrinə həsr edilən mətbuat konfransı keçirilib. Tədbirdə “AtaBank”, “Synergy Group” və “PricewaterhouseCoopers” şirkətinin rəhbərliyi iştirak edib.

Tədbiri giriş sözü ilə açan "AtaBank" idarə heyətinin sədri Dəyanət Quliyev ölkənin bank sektorunda ilk konsalidasiya prosesinin uğurla başa çatdığını, “AtaBank” və “CDB” bankın birləşməsi nəticəsində bank sektorunda keyfiyyətcə yeni, müştəriyə fokuslanan, innovativ və güclü maliyyə göstəricilərinə malik, 100 faiz yerli kapitallı bir bankın yarandığını qeyd edib. Onun sözlərinə görə, bankların resurslarının birləşdirilməsi nəticəsində kifayət həcmdə maliyyə ehtiyatları formalaşıb, bankın kapital mövqeyi möhkəmlənib, müştərilərin banka etimadı artıb.

Bu prosesin maliyyə xidmətlərinin inkişafına dair strateji yol xəritəsinin hədəflərinə cavab verdiyini, ölkə rəhbərliyinin bankların yüksək dünya standartlarına cavab verməsi, bu məqsədlə konsolidasiya siyasətinin davam etdirilməsi zəruriliyi ilə bağlı tövsiyələri çərçivəsində həyata keçirildiyini qeyd edən D.Quliyev sözügedən sektorda başlanan islahatların, habelə  konsolidasiya proseslərinin ümumilikdə maliyyə sisteminin sağlamlaşdırılmasına müsbət təsir göstərdiyini və ölkənin davamlı iqtisadi inkişafında önəmli rol oynadığını bildirib.

Bankın strateji hədəfinin geniş müştəri kateqoriyasına fokuslandığını vurğulayan D.Quliyev uğurlu korporativ menecment sayəsində bankın 2017-ci ilin ötən müddəti ərzində 2,5 milyon manatlıq mənfəətə çıxdığını və bununla da ötən ilin illik göstəricilərini artıq 2 dəfədən çox qabaqladığını diqqətə çatdırıb. Bildirib ki, hazırda “Atabank”ın xarici kreditorlar qarşısında heç bir öhdəliyi yoxdur.

“AtaBank” idarə heyəti sədrinin müavini Etibar Babaşlı “Caspian Development Bank”ın “AtaBank”la konsolidasiyası prosesinin uğurla tamamlandığını, bankın kapital mövqeyinin möhkəmləndiyini, likvidliyinin yüksəldiyini qeyd edib. Prosesin korporativ idarəetmə sisteminin ən yüksək standartları çərçivəsində aparıldığını bildirən E.Babaşlı konsolidasiya prosesi nəticəsində maliyyə dayanıqlığı göstəricilərinin qanunvericiliyin müəyyənləşdirdiyi  kriteriyalara uzlaşdırıldığını, bankın sağlam və effektiv fəaliyyətinin təmin edildiyini vurğulayıb.

E.Babaşlının sözlərinə görə, konsolidasiyadan sonra “AtaBank”ın bazar mövqeləri əhəmiyyətli şəkildə güclənib. Bankın cəmi kapitalı 142,8 milyon manat təşkil etməklə ölkə bankları arasında 4-cü mövqeyi tutur (inteqrasiya prosesindən öncə 18-ci yer). Konsolidasiya prosesi nəticəsində bankın kapitalı 87,7 milyon  manat artıb. Bankın aktivləri əvvəlki illə müqayisədə 29,8 faiz artıb və 607,3 milyon manat təşkil edərək ölkənin 31 bankı arasında 14-cü yerdən 8-ci yerə yüksəlməyə   imkan verib.

Prosesin birləşmiş bank üçün sinerji effekti verdiyi və uğurlu nəticələr yaratdığı vurğulanıb. Konsolidasiya prosesi nəticəsində “AtaBank”ın müştəri bazası əhəmiyyətli dəyişikliyə uğrayıb. Bankın konsolidasiya prosesi müştərilərin inamının artmasına, xidmətin yaxşılaşdırılmasına, etibarın möhkəmlənməsinə imkan verib. Nəticədə bankın xidmət etdiyi fiziki şəxslərin sayı 11,9 faiz, hüquqi şəxslərin sayı isə 15,9 faiz artıb. Müddətli əmanət portfelinə görə, banklar arasında 6-cı yerdə sıralanan “AtaBank” ASC-də fiziki şəxslərin əmanətləri 222,7 milyon  manata çatıb ki, bu da bank sektorunda 6-cı mövqedir.

Bankın xidmət və maliyyə infrastrukturu möhkəmlənib. Hazırda “AtaBank” filial şəbəkəsinə görə 31 filial və şöbə ilə ölkə bankları arasında 5-ci, ATM şəbəkəsinə görə 3-cü, POS-terminal sayına görə isə 1-ci yerdə qərarlaşıb. “AtaBank” ASC-nin bu günə kredit portfeli 546,1 milyon manat təşkil edir. E.Babaşlının sözlərinə görə, bu göstəriciyə görə təmsil etdiyi kredit təşkilatı ölkə bankları arasında 4-cü yerdədir.

Aktivlərin qiymətləndirilməsinin aparılmasına məsul olan “PwC” şirkəti ilə birlikdə prosesin maksimal tez müddətdə, müştərilər üçün fasiləsiz, menecment üçün çevik və rahat şəkildə həyata keçirildiyini bildirən E.Babaşlı qarşıya qoyulan əsas məqsədə - yüksək səmərəli, cəlbedici müştəri xidməti, daha güclü və dayanıqlı bank yaradılmasına nail olunduğunu söyləyib. Birləşmə prosesi zamanı ilkin mərhələdə qiymətləndirmənin aparıldığı, mövcud maliyyə, hüquq, kommersiya vəziyyətinin yoxlanıldığı və inteqrasiya prosesinin yol xəritəsinin hazırlandığını qeyd edilib.

“PricewaterhouseCoopers” şirkətinin təmsilçisi Mövlan Paşayev bildirib ki, son bir neçə ay ərzində Azərbaycanda ilk hüquqi qoşulma prosesinə dəstək olmaq məqsədilə “AtaBank” və “CDB” Bank ilə yaxından əməkdaşlıq edilib. Prosesin mürəkkəbliyini nəzərə alaraq və konsolidasiya prosesinin müxtəlif istiqamətlərini (hüquq, vergi, audit və texnologiya, insanlar və dəyişikliklərin onlara təsirinə dair məsləhət xidmətləri və s.) paralel və sürətli şəkildə aparmaq məqsədilə “PwC” tərəfindən bir sıra müxtəlif ekspertlər layihəyə cəlb edilib. İnteqrasiya prosesinin uğurla başa çatdırılması məqsədilə bank sektoru üzrə ən qabaqcıl təcrübələrə müraciət edilib və prosesin mümkün qədər səlis və problemsiz, həmçinin biznes fəaliyyətini dayandırmamaq şərti ilə keçməsi təmin edilib.

Mətbuat konfransında KİV nümayəndələrinin sualları cavablandırılıb.

V. BİNYƏTOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında