Xızı və Altıağacda içməli su təchizatı sistemləri yenidən qurulur

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində layihələrin icrasını davam etdirir.

Geniş turizm potensialına malik Xızı şəhərində və Altıağac qəsəbəsində də içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlər intensiv şəkildə həyata keçirilir. Xatırladaq ki, Xızı şəhəri və Altıağac qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən birgə maliyyələşdirilən “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində həyata keçirilir. Layihə 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Xızı şəhərində 3294, Altıağac qəsəbəsində isə 1423 nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində rayonun 1562 nəfər əhalisi olan Baxışlı, Tıxlı, Xələc kəndlərinə də içməli su veriləcək.

Layihənin birinci mərhələsində Qars su mənbəyində məhsuldarlığı sutkada 430 kubmetr, Yeddibulaq su mənbəyində isə məhsuldarlığı sutkada 40 kubmetr olan sugötürücü qurğu tikilib, 8,4 kilometr magistral su xətti çəkilib.

Xızı şəhəri və Altıağac qəsəbəsinin içməli suya olan tələbatının tam ödənilməsi və kanalizasiya sistemlərinin yenidən qurulması layihənin növbəti mərhələsində həyata keçirilir. Bu mərhələ çərçivəsində Dahardibi  su mənbəyində sutkalıq məhsuldarlığı 864 kubmetr, Şəfa su mənbəyində isə məhsuldarlığı sutkada 240 kubmetr təşkil edən sugötürücü qurğular və  ümumi uzunluğu 9,6 kilometr olan magistral su kəmərləri inşa olunur. Eyni zamanda, Xızı şəhərində hər birinin tutumu  min  kubmetr olan iki ədəd, Altıağac qəsəbəsində isə hər birinin tutumu  400 kubmetr olan eyni sayda su anbarının inşası davam etdirilir. Hər iki yaşayış məntəqəsində ümumi uzunluğu 52 kilometr olan su şəbəkəsinin 10 kilometrlik hissəsi tikilib.

İlk dəfə olaraq Xızı şəhəri və Altıağac qəsəbəsində kanalizasiya şəbəkəsi də yaradılır. İndiyədək ümumi uzunluğu 32 kilometr təşkil edən  kanalizasiya şəbəkəsinin 17 kilometrlik hissəsi inşa olunub. Tullantı sularının təmizlənərək kənarlaşdırılması məqsədilə Xızı şəhərində və Altıağac qəsəbəsində sutkalıq məhsuldarlığı müvafiq olaraq 1000 və 350 kubmetr olan çirkab su təmizləyici qurğular tikiləcək. Layihənin icrasının 2018-ci ildə başa çatdırılması nəzərdə tututlur.

Yeri gəlmişkən, “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”  çərçivəsində Xızı şəhəri ilə yanaşı, Qusar, Xaçmaz, Naftalan və  Qobustan şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur.  Artıq Qusar və Naftalan şəhərlərində su və kanalizasiya layihələrinin icrası  başa çatdırılıb, digər rayonlarda isə işlər sürətlə davam etdirilir. 

M. YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında