Birinci vitse-prezident Mehriban Əliyeva: Məqsədimiz hər bir Azərbaycan vətəndaşının rahat yaşamasına nail olmaqdır

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin salınaraq, qaçqın və məcburi köçkünə çevrilən soydaşlarımıza dövlətimiz tərəfindən daim diqqət göstərilir. Bu istiqamətdə reallaşdırılan dövlət siyasəti, müvafiq proqramların uğurla   icrası göz önündədir.

Azərbaycan dövləti məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və onların məşğulluğunun artırılması üçün çox böyük işlər görür. Son 13 ildə 400 min qaçqın və məcburi köçkün işlə təmin edilib. Ödənişli formada təhsil alan məcburi köçkünlər təhsil haqqını ödəməkdən azad olunublar. Qaçqın və məcburi köçkünlər üçün 100-dək müasir yaşayış kompleksi salınıb, 250 min məcburi köçkün yeni mənzillə təmin olunub. Bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin qaçqın və məcburi köçkünlərə olan diqqət və qayğısının bariz ifadəsidir. 

Birinci vitse-prezident xanım Mehriban Əliyeva da bu kateqoriyadan olan insanların sosial problemlərini hər zaman diqqət mərkəzində saxlayıb. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində məcburi köçkünlər üçün müasir tipli məktəblərin tikilməsində, təmir olunmasında, orada təhsil alacaq şagirdlər üçün kompüter otaqlarının, zəngin fənn kabinetlərinin, məktəb ləvazimatları ilə təmin olunmasında mühüm rolu var.   

Bütün bunlar barədə Bakı şəhəri Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində, Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində məcburi köçkünlər üçün salınacaq yeni müasir yaşayış kompleksinin təməlqoyma mərasimində ətraflı danışılıb. Mərasimdə iştirak edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya yaşayış kompleksinin baş planı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, yaşayış kompleksinin tikinti layihəsi üzrə hər biri 2 bloklu, 9 mərtəbəli 11 yaşayış binasının inşası nəzərdə tutulub. Yaşayış binalarında ümumilikdə 1026 mənzil olacaq. Binalardakı mənzillərin ümumu sahəsi 73 min kvadratmetrdir. Mənzillər 1, 2, 3 və 4 otaqdan ibarət olacaq. Bütün mənzillər təmir edilərək  mətbəx mebeli ilə təchiz olunub istifadəyə veriləcək. Yeni yaşayış kompleksində hazırda qəzalı binalarda məskunlaşmış 1026 məcburi köçkün ailəsi mənzillə təmin olunacaq. Yaşayış kompleksinə, həmçinin 624 şagird yerlik üçmərtəbəli məktəb binası və 220 yerlik uşaq bağçası, tibb məntəqəsi daxildir. Ərazidə istirahət parkı salınacaq, uşaq meydançaları yaradılacaq.

Mərasimdə diqqətçəkən bir fakta da toxunulub. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi ilk müşavirəni Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda ağır şəraitdə yaşayan 4 min məcburi köçkün ailəsinin mənzil şəraitinin yaxşılaşdırılmasına həsr etdiyi xatırladılıb. Bildirilib ki, Birinci vitse-prezidentin verdiyi tapşırıqlara əsasən, müşavirədən dərhal sonra bu istiqamətdə genişmiqyaslı işlərə başlanılıb. Hazırda 1026 məcburi köçkün ailəsi üçün yaşayış kompleksinin təməlinin qoyulması da bu işlərin davamıdır.

Mərasimdə çıxış edən Birinci vitse-prezident bildirib ki, artıq 20 ildən çoxdur ki, 1 milyondan artıq azərbaycanlı Ermənistanın hərbi təcavüzü və işğalından əziyyət çəkir. Soydaşlarımızın üzləşdiyi problemlər Azərbaycan dövlətinin diqqət mərkəzindədir.

Müstəqilliyimizin ilk illərindən bu istiqamətdə həyata keçirilən tədbirlərdən söhbət açan Mehriban xanım Əliyeva diqqətə çatdırıb ki, öz doğma torpaqlarından didərgin düşən soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması, işlə, təhsillə, tibbi və digər xidmətlə təmin edilməsi üçün 2004-cü ildə Dövlət Proqramı qəbul olunub, 2007-ci və 2011-ci illərdə bu proqrama əlavələr təsdiqlənib. Ümumiyyətlə, bu istiqamətdə həyata keçirilən tədbirlərin icrası üçün 6 milyard manatdan çox vəsait ayrılıb. 

Azərbaycan Prezidenti cənab İlham Əliyev hələ 2003-cü ildə seçkiqabağı çıxışlarında bildirmişdi ki, respublikada bütün çadır şəhərcikləri 5 il ərzində ləğv ediləcək. Qarşıya qoyulan bu vəzifə 4 il ərzində yerinə yetirilib. Son çadır şəhərciyi 2007-ci ildə ləğv olunub və   ağır şəraitdə yaşayan insanlar 100-dək müasir yaşayış qəsəbəsinə köçürülüblər. Bu isə 50 min ailənin, 250 mindən çox insanın yaşayış şəraitinin yaxşılaşdırılması, yeni mənzillə təmin olunması deməkdir.  

Birinci vitse-prezident Mehriban xanım Əliyeva çıxışında, həmçinin son 13 ildə 400 mindən çox qaçqın və məcburi köçkünün yeni iş yeri ilə təmin olunması, hər bir qəsəbədə məktəblərin, uşaq bağçalarının salınması, ali və orta ixtisas təhsili ocaqlarında ödənişli formada təhsil alan qaçqın və məcburi köçkünlərin təhsil haqqı ödəməkdən azad edilmələri ilə bağlı faktları diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanda həm çadır şəhərciklərinin ləğvi, həm də humanitar faciənin qarşısının alınması çox nadir bir təcrübədir. Bu, bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir. Həmin sahədə hələ də öz həllini tapmayan problemlər mövcuddur. Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı vəziyyətdə olan binalarda hələ də minlərlə insan yaşayır. Bu ilin mart ayında məhz bu problemə - qaçqın və məcburi köçkün ailələrinin Bakı və Sumqayıt şəhərlərində qəzalı binalardan köçürülməsinə həsr olunan müşavirə keçirilib, bütün lazımi tapşırıqlar verilib. Birinci mərhələdə ən qəzalı binalarda yaşayan 4 min ailənin köçürülməsi üçün tədbirlər planı hazırlanıb. Hazırda bu plana uyğun olaraq Abşeron rayonunun Masazır qəsəbəsində 3 bina, Sabunçu rayonunun Ramana qəsəbəsində 1 bina inşa olunur. Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün artıq 5 binanın tikintisi başlayıb və digər 5 binanın inşası üçün yer ayrılıb, yaxın zamanda tikinti işləri başlayacaq. Bununla yanaşı, həm Bakı şəhərində, həm də Sumqayıtda artıq tikilən hazır binalarda həmin məqsəd üçün dövlət tərəfindən mənzillər alınır.

 Birinci vitse-prezident Mehriban xanım Əliyeva daha sonra deyib ki, hər bir azərbaycanlının ən böyük arzusu ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızın işğaldan azad edilməsidir: “Mən inanıram ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq və soydaşlarımız doğma torpaqlarına qayıdacaqlar. İşğaldan azad olunan torpaqlarda Azərbaycan dövləti bütün lazımi infrastrukturu quracaq, şəhərlərimizi, qəsəbələrimizi bərpa edəcək. Bir daha deyirəm ki, bizim əziz soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqlar. Buna heç bir şübhə ola bilməz”.

Mehriban xanım Əliyeva sonda bildirib ki, bu gün dövlət qurumları ilə bərabər, özəl sektor, biznes strukturları da məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində önəmli rol oynayır. Azərbaycan dövləti bu sahədə böyük uğurlar əldə edib. Bir çox beynəlxalq təşkilatlar Azərbaycanı nümunə göstərirlər. Baxmayaraq ki, müstəqilliyimiz bərpa olunandan sonra ölkəmiz ilk illəri çox ağır vəziyyətdə yaşayırdı. Amma, biz bu humanitar faciənin qarşısını ardıcıl surətdə almağa nail olduq. İndi qarşımızda duran əsas məqsəd ilk mərhələdə 4 min ailəni yeni mənzillərlə təmin etmək, qəzalı, yararsız binalardan köçürməkdir. Əminəm ki, biz buna birlikdə nail olacağıq.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında