2010-cu ildə təməli qoyulmuş Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi həmin prosesi daha da sürətləndirəcək
{nl}
Limanın bu ərazidə yaradılmasının əsas məqsədi Azərbaycanda nəqliyyatın təhlükəsizlik məsələlərini uğurla həll etmək, Bakını Xəzər hövzəsində çox müasir və böyük logistika, nəqliyyat mərkəzinə çevirmək, Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı dərinləşdirmək və nəticədə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə şərait yaratmaqdır.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
{nl}
Bir zaman uzaqgörən insanlar söyləyirdilər ki, yeni əsrin ilk onilliklərində Azərbaycan regionun ən aparıcı dövlətinə, Avropa və Asiya iqtisadiyyatlarının qovuşduğu məkana çevriləcək. Onda bu proqnoza şübhə ilə yanaşanlar və hətta inanmayanlar da çox idi. Zaman həmin proqnozları reallığa çevirdi. İnsanlar gördülər və inandılar ki, mükəmməl siyasi kurs, uğurlu idarəetmə və elmi proqramlar əsasında icra edilən layihələr gözlənilən bütün müsbət nəticələri verir.
İndi artıq dünyanın bütün iqtisadçıları etiraf edirlər ki, Azərbaycan region iqtisadiyyatının inkişafına özünəməxsus töhfələr vermək iqtidarındadır. Bütün tanınmış siyasətçilər dönə-dönə bildirdilər, bəyan etdilər ki, SSRİ dağılandan sonra yaranmış gənc müstəqil dövlətlər arasında öz siyasi kursu və iqtisadi məqsədləri olan ölkələrin önündə məhz Azərbaycan gedir. Bu proses 2010-cu ildə də iti sürətlə davam etdi. Dünya iqtisadçılarının "böhrandan sonrakı il" adlandırdıqları 2010-cu ildə Azərbaycan dövləti nəhəng yerli və beynəlxalq layihələrin icrası ilə yeni nümunələr yaratdı.
2010-cu ilin böyük nailiyyətləri sırasında Azərbaycanın kosmosa rabitə peyki çıxarmaq üçün apardığı hazırlıq işlərinin uğurla yekunlaşdırılması, Bakıda Bayraq meydanının yaradılması və başqa göstəricilər özünəməxsus yer tutur. Ancaq ekspertlərin fikrincə, 2010-cu ilin əsas göstəricilərindən biri də Bakının Qaradağ rayonu ərazisində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin təməlinin qoyulması idi. Mütəxəssislərin fikrincə, Prezident İlham Əliyevin iştirakı ilə reallaşdırılan həmin tədbir təməli hələ ötən əsrin 90-cı illərinin birinci yarısında ulu öndər Heydər Əliyev tərəfindən qoyulan möhtəşəm bir prosesin tərkib hissəsi, davamıdır. Belə ki, ümummilli lider hələ o illərdə Qədim İpək Yolunun bərpası üçün səmərəli təkliflərlə, perspektivli təşəbbüslərlə çıxış edirdi. Avrasiya iqtisadçılarının böyük önəm verdiyi TRASEKA layihəsi, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizi layihələri məhz Heydər Əliyevin böyük dəstəyini görmüşdü.
Heydər Əliyevin xüsusi uzaqgörənliyi nəticəsində Xəzərin Azərbaycan sektorundan hasil edilmiş karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması üçün reallaşdırılan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzrum qaz ixrac kəmərləri regional nəqliyyat şəbəkəsinin müasirləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Çünki bu kəmərlər çəkilməsəydi, hasil edilən yanacaq dünya bazarına ya gəmilərlə, ya da dəmir yolu ilə daşınmalı idi. Bu isə təkcə baha başa gəldiyinə görə deyil, həm də çox vaxt tələb etdiyinə görə əlverişsiz idi. Üstəlik, Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərinə qoşulmasından sonra həmin ölkənin neft donanması ilə yanaşı, Azərbaycan neft donanması da kifayət qədər müasirləşdirildi və ən yeni tankerlər alındı.
Bakıda İpək Yolu beynəlxalq konfransının keçirilməsinə nail olan ulu öndərin başladığı prosesi Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılmasına verdiyi töhfələrlə davam etdirdi. Prezident İlham Əliyevin həmin səylərini yüksək qiymətləndirən Avropa iqtisadçıları yazırlar ki, Azərbaycanın dövlət başçısı Avropa təşkilatları ilə əməkdaşlıqda səmimi tərəfdaşlıq və etibarlı partnyorluq nümunəsi göstərmişdir. Şanxaydan Londona qədər uzanacaq dəmir yolunun hər iki qitənin iqtisadiyyatına hansı töhfələri verəcəyi hamıya gün kimi aydındır. Rəsmi Bakının bu layihənin icrasında tutduğu mövqeni Avropa Birliyinin rəsmiləri Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rol ilə müqayisə edirlər.
Prezident İlham Əliyev təkcə bu sahələrdə deyil, eləcə də ölkədaxili quru yollarının müasir dünya standartları səviyyəsində yenidən qurulmasını təmin etməklə beynəlxalq yollar şəbəkəsinin müasirləşdirilməsinə, nəqliyyat daşımalarının tezləşdirilməsinə və səmərəliliyinin artırılmasına öz töhfələrini verir. Eləcə də Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanının müasirləşdirilməsi, Naxçıvan, Gəncə, Lənkəran və Zaqatalada müasir beynəlxalq hava limanlarının açılması da həmin məqsədə xidmət edirdi. Bütün bu müasirləşdirmə tədbirləri fonunda 80 il əvvəl tikilmiş Bakı Dəniz Ticarət Limanının əvvəlki vəziyyətdə qalması nəinki beynəlxalq yollar şəbəkəsinin tələblərinə cavab vermirdi, üstəlik, Azərbaycanın öz daxili dəniz yolları üçün də səmərəli deyildi.
Məhz həmin amilləri nəzərə alan Prezident İlham Əliyev 2007-ci ilin oktyabrında Bakının Qaradağ rayonu ərazisində, Ələt qəsəbəsi yaxınlığında yeni beynəlxalq dəniz ticarət limanının yaradılması haqqında sərəncam imzalamışdı. Bakı şəhərində nəqliyyat infrastrukturunun yeniləşdirilməsi, Azərbaycanın tranzit potensialının artırılması üçün nəzərdə tutulan bu layihəni reallaşdırmaq missiyasını Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Niderlandın "Royal Haskoninq" şirkəti yerinə yetirirlər. Ötən ilin oktyabr ayında 400 hektar ərazini əhatə edən layihələndirmə işləri başa çatdırılmış, noyabrın 3-də Prezident İlham Əliyevin iştirakı ilə təməlqoyma mərasimi keçirilmişdir.
Mərasimdə qeyd edilmişdir ki, limanın tikinti işləri üç mərhələdə aparılacaqdır. 3 il 6 ay davam edən birinci mərhələdən sonra liman kompleksində ildə 10 milyon tona qədər yük və TEU standartlarında 40 min konteyner daşınacaqdır. İkinci mərhələdə bu rəqəmlər müvafiq olaraq 17 min tona və 150 min konteynerə çatdırılacaqdır. Üçüncü mərhələdə isə limanın yükötürmə imkanları ildə 25 milyon tona və 1 milyon konteynerə bərabər olacaqdır.
Əlbəttə, bütün bunlar layihə müəlliflərinin limanın imkanları barədə əvvəlcədən söylədikləri rəqəmlərdir. Ancaq Prezident İlham Əliyevi başqa bir məqam daha çox maraqlandırır və dövlət başçımız təməlqoyma mərasimində həmin məqamı dilə gətirərək demişdir: "Mən çox şadam ki, dəniz ticarət limanının fəaliyyətə başlaması nəticəsində, eyni zamanda, birinci mərhələdə 1400, üçüncü mərhələdə isə 3 min Azərbaycan vətəndaşı işlə təmin olunacaqdır. Bu, özlüyündə çox böyük sosial məsələlərin həllinə gətirib çıxaracaqdır. Xüsusilə, Ələt qəsəbəsində yaşayan insanlar burada işləyəcək, öz xidmətlərini göstərəcəklər".
Qeyd edək ki, tikintisinə 100 milyonlarla manat vəsait xərclənəcək bu liman 2014-cü ilədək istifadəyə veriləcəkdir. Limanın Bakını Azərbaycan-İran sərhəddi ilə birləşdirən magistral yolun 66-cı kilometrliyində, həmçinin Bakını Gürcüstan və digər istiqamətlərlə əlaqələndirən avtomobil və dəmir yollarının yaxınlığında, Xəzər dənizinin sahilində tikilməsi bu beynəlxalq obyektin əhəmiyyətini xeyli artırır. Sahildən 4 kilometr aralıda olan Gil adası bu liman üçün təbii dağlaqıran rolunu oynayacaq.
Prezident İlham Əliyev limanın təməlqoyma mərasimini ölkə tarixində çox əhəmiyyətli hadisə adlandırmaqla yanaşı bu nəhəng qurğunun istifadəyə veriləcəyi günün də maraqla gözləniləcəyini yada saldı: "Bu gün və 2014-cü ildə limanın istismara veriləcəyi gün Azərbaycan tarixinə yazılacaqdır. Biz və gələcək nəsillər bu gözəl işlərin nəticələrini görəcəyik. Azərbaycan daha da güclü dövlətə çevriləcəkdir, bizim bölgədəki mövqelərimiz daha da möhkəmlənəcək, regional əməkdaşlıq daha da sürətlə gedəcək və biz yeni qələbəni əldə edəcəyik".
Beləliklə, Azərbaycan Avrasiya ölkələrinin iqtisadiyyatını bir-birinə qovuşduran beynəlxalq nəqliyyat şəbəkəsinin əsas mərkəzlərindən birinə çevrilir. Təməlqoyma mərasimi 2010-cu ilin bəxtinə düşmüş Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi isə sadəcə həmin prosesi sürətləndirir.
{nl}
İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.