“Yaşıl çay” fermer təsərrüfatında çay yarpağı yığımına start verilib

Lənkəran rayonundakı “Yaşıl çay” fermer təsərrüfatında bir neçə gündür ki, yaşıl çay yarpağı yığımına başlanılıb. “Yaşıl çay”ın məlumatına görə, ilk yığım kampaniyasını yüksək keyfiyyətlə və optimal müddətdə başa vurmaq üçün çaybecərənlər bütün qüvvələrini səfərbərliyə alıblar.

Ölkəmizdə qeyri-neft sektorunun inkişafına göstərilən dövlət qayğısı, məhsul istehsalçılarına verilən subsidiyalar çayçılığın inkişafı üçün də geniş imkanlar yaradıb. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq son illər Lənkəranda çayçılığın inkişafı istiqamətində bir sıra işlər görülüb, mövcud çay sahələrinin bərpası və yeni çay sahələrinin salınması sahəsində yeni uğurlar əldə edilib.

İş adamı Araz Yağubovun rəhbərlik etdiyi “Yaşıl çay” fermer təsərrüfatının bu sahədəki fəaliyyəti təqdirəlayiqdir. 2015-ci ildə – “Kənd təsərrüfatı ili”ndə ilk dəfə seçmə üsulu ilə yığım aparan “Yaşıl çay” Fermer Təsərrüfatı MMC-nin sahələrində bu il daha bol məhsul gözlənilir.  Ötən il 42 hektardan 90 ton yaşıl çay yarpağı yığan  təsərrüfatda bir neçə gündür ki, seçmə üsulla çay yığımına başlanılıb. 

Təsərrüfata gələndə çaybecərənlər artıq iş başında idilər. Axşamkı bol yağışdan sonra əkilmiş yamyaşıl çay sahələri göz oxşayırdı. Çaybecərənlər həvəslə çay yığımı aparırdılar.

Çaybecərənlərlə salamlaşandan sonra Araz Yağubovla cərgələri gəzirik. Kollardan sıx-sıx qalxan pöhrələr bol məhsuldan xəbər verirdi. Həmsöhbətim  dedi: “Bu il havaların əlverişsiz keçməsi, xüsusən aprel ayında yağışın yağmaması çay kollarının inkişafını xeyli ləngitdi. Bu səbəbdən bu il yaşıl çay yarpağı yığımı da gecikdi. Aprel ayının sonlarından başlayaraq 61 hektar çay sahəsində suvarmaya start verildi.  Bütün plantasiyalarda qapalı suvarma sistemi vasitəsilə yağışvari suvarma həyata keçirilir. Bu işdə rayon melioratorları da təsərrüfata yaxından kömək göstərirlər. Görülən intensiv aqrotexniki tədbirlər öz bəhrəsini verməkdədir. Artıq bir neçə gündür ki, seçmə üsulla çay yığımına başlamışıq. Hər dəfə çay yarpağı yığılanda sanki həyatımın ən sevincli gününü yaşayıram. Azərbaycanın ən qədim çayçılıq təsərrüfatında bu sahənin yenidən bərpa edilməsi məni çox sevindirir. Bu, ölkə başçısının göstərdiyi yüksək diqqət və qayğıya bizim ən yaxşı töhfəmizdir. Çalışırıq ki, ilk fleşlər diqqətlə yığılsın, kollar zədələnməsin. Hazırda “ekstra” və “premium” fleşləri toplanılır. Növbəti mərhələdə isə “buket” fleşlərinin yığımına başlanacaq. Yığılan yaşıl çay yarpağı təsərrüfatın nəzdindəki emal sexinə göndərilir. Emal sexində isə zərif fleşlər bir neçə istehsal mərhəsindən keçib emal edilirək qablaşdırılır”.

Ölkəmizdə sahibkarlığın inkişafı üçün yaradılan münbit şəraitdən faydalanan fermer A.Yağubov Lənkəran rayonunun İstisu qəsəbəsində “Yaşıl çay” təsərrüfatını 2006-cı ildə təşkil edib.

İlk illər təsərrüfatda heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilib. Heyvandarlıqla yanaşı, çayçılıq da inkişaf etdirilib. Çayçılıq daha çox vəsait tələb etdiyindən heyvandarlıqda əldə edilmiş gəlir çayçılığın inkişafına sərf olunub.

A.Yağubov bildirdi ki, son illər Lənkəran rayonunda çayçılıq özünün dirçəliş dövrünü yaşayır: “Rəhbərlik etdiyim fermer təsərrüfatında 61 hektarda çay plantasiyası salınıb. Bu il daha 10 hektarda yeni əkin sahəsi salmaqla mövcud plantasiyaların həcmini 71 hektara çatdırmağı planlaşdırmışıq. Gələcəkdə isə bu rəqəmin 100 hektara çatdırılması nəzərdə tutulub”.

“Prezident İlham Əliyev tərəfindən aqrar sahəyə göstərilən diqqət, bu sahənin inkişafı ilə bağlı ardıcıl verilən sərəncamlar bizi daha həvəslə işləməyə səfərbər edib. Vergi güzəştlərinin tətbiqi və 2007-ci ildən başlayaraq kənd təsərrüfatında məhsul istehsalçılarına hər il əkin sahəsinə görə subsidiyaların ödənilməsi aqrar bölmənin inkişafına böyük təkan verib. Bütün bunlar onu göstərir ki, Azərbaycanda aqrar bölmənin inkişafı dövlətin iqtisadi siyasətinin əsas hədəflərindən biridir. Bunun nəticəsidir ki, biz bu il İqtisadiyyat Nazirliyindən həm yeni çay əkinlərinin salınması, həm də emal fabriki ilə bağlı “İnvestisiya təşviqi sənədi”ni almışıq. Bu isə təsərrüfatımızın torpaq vergisi də daxil olmaqla, bütün vergilərdən tam, həmçinin mənfəət vergisi və gömrük rüsumundan 50 faiz azad olunması deməkdir”, – deyə A.Yağubov vurğuladı.

Hazırda yığılan yaşıl çay yarpağı müəssisənin nəzdindəki mini emal sexində emal edilir və qablaşdırılır. Burada yüksək keyfiyyətli “Lənkəran çayı” brendi altında “Gül çayı”, “Premium”, “Ekstra” “Buket çay”, “Narın çay” və “Feyxoa çayı” istehsal edilir. Bu ildən isə təsərrüfatda “Xan çayı, “Zəncəfil çayı” və “Tibet çayı” istehsal edilməsi planlaşdırılır.

 “Çay sahələrimiz hələ cavandır. Kollar tam məhsuldarlığa bir neçə ildən sonra düşəcək. Bu da növbəti illərdə bizə çay istehsalını dəfələrlə artırmağa imkan verəcək”, – deyə Araz Yağubov bildirdi.

İnanırıq ki, Azərbaycan çayının əvvəlki şöhrətini bərpa etməyi qarşısına məqsəd qoyan “Yaşıl çay” fermer təsərrüfatı qazandığı uğurlar ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafına öz layiqli töhfəsini verəcək.

Sərraf Talıbov


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında