əməyin ödənişinin təşkilinə nəzarət mexanizmləri təkmilləşdirilir

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunmasına əlverişli şərait yaradıb. Respublikamızda iqtisadi sabitləşməyə imkan verən həmin islahatların uğurları artıq özünü göstərir. Belə ki, cari ilin birinci rübündə ölkədə 15229,7 milyon manat və ya əhalinin hər nəfərinə 1570 manat dəyərində ümumi daxili məhsul istehsal edilib. Bu dövrdə iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunan əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 faiz artıb, neft-qaz bölməsində isə 6,8 faiz azalıb. Nəticə olaraq ÜDM-in 2016-cı ilin birinci rübünə nisbətən artım sürəti 99,1 faizə çatıb.

Görülən kompeks tədbirlər nəticəsində əmək bazarında sabitlik qorunub saxlanıb, işsizliyin artmasına yol verilməyib. 2017-ci il martın 1-i vəziyyətinə əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1515,7 min nəfər olub, onlardan 886,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 628,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

2017-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,9 faiz artaraq 499,9 manata çatıb. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, tikinti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Hesabat dövründə iqtisadiyyatın həm dövlət, həm də qeyri-dövlət sektorlarında işləyənlərin sayında artım özünü göstərib. İqtisadiyyatın şaxələndirilməsi, inşaat və ənənəvi kənd təsərrüfatı sektorlarının inkişaf etdirilməsi şəraitində əmək tutumlu sahələrin yaradılması, kiçik və orta sahibkarlığın genişlənməsinə yönələn investisiya fəallığı, regionların inkişafının hərtərəfli dəstəklənməsi tədbirləri cari ildə də respublikada xeyli sayda yeni iş yerinin yaradılmasını şərtləndirəcək.

Yuxarıda sadalanan bütün müsbət meyillərin yaranmasına, şübhəsiz ki, əmək münasibətlərinin rəsmiləşdirilməsi və işçilərin sosial müdafiəsinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər öz müsbət təsirini göstərib. Bu barədə bir qədər ətraflı danışmaq istərdik. Əvvəlcə xatırladaq ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 17 mart 2017-ci il tarixli sərəncamı bu sahədə fəaliyyətin təkmilləşdirilməsi və daha səmərəli təşkili üçün əlverişli şərait yaradıb. Sərəncama əsasən, yaradılan Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası əminliklə deyə bilərik ki, işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsində, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsində, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsində, bu sahələrdə dövlət orqanları arasında koordinasiya olunan siyasətin həyata keçirilməsində mühüm rol oynayacaq.

Hazırda Azərbaycanda reallaşdırılan sosial-iqtisadi siyasətin prioritetləri sırasında vətəndaşların əmək hüquqlarının qorunması, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin təmin edilməsi mühüm önəm daşıyır. Bu baxımdan vətəndaşların əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminatın yaradılması istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Məhz bunun nəticəsidir ki, son illər ərzində iqtisadi artımın bazasında əhalinin gəlir əldə etmək imkanları daha da genişləndirilib, qeyri-neft sektorunun inkişafı, bu sahədə əlverişli şəraitin yaradılması istiqamətində islahatlar davam etdirilib, yoxsulluğun azaldılması ilə bağlı sosial müdafiə mexanizmləri təkmilləşdirilib. Eyni zamanda, tətbiq edilən və dövlət sosial sığorta sistemində fərdi uçota əsaslanan yeni sığorta-pensiya sistemi işçilərin pensiya və digər sosial təminatlarının daha səmərəli reallaşdırılmasına imkan yaradıb. Elə buna görə də son on il ərzində minimum əməkhaqqının səviyyəsi 3,5 dəfə, ölkə üzrə orta aylıq əməkhaqqı 3,3 dəfə, əmək pensiyalarının baza hissəsi 3,1 dəfə, orta aylıq pensiya isə 4,7 dəfə artıb. Nəticə etibarilə ölkədə yoxsulluğun səviyyəsi 6 faizdən, işsizlik səviyyəsi isə 5 faizdən aşağı enib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilən milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində də Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli işçi qüvvəsi ilə təmin olunması, əmək bazarında çevik siyasətin həyata keçirilməsini reallaşdıran institutlar vasitəsilə sosial dialoqun inkişafı, habelə inklüziv məşğulluğun artması istiqamətində tədbirlər həyata keçirilməsi, əmək resurslarından səmərəli istifadə nəticəsində əmək məhsuldarlığı səviyyəsinin yüksəldilməsi əsas strateji hədəf və prioritetlər kimi müəyyən edilib.

Xatırladaq ki, ölkədə qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması, iqtisadi fəallığın yüksəldilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun yaxşılaşdırılmasına yönələn institusional mühitin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi qarşıda duran vəzifələri gerçəkləşdirmək baxımından xüsusi əhəmiyyət daşıyır.

Onu da qeyd edək ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanının tətbiqi ilə əlaqədar ölkədə işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, işəgötürən–işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, habelə əmək münasibətləri iştirakçılarının digər əmək hüquqlarının, təminatlarının səmərəli müdafiəsinin təmin edilməsi, bu sahədə dövlət orqanları arasında koordinasiya olunan siyasətin həyata keçirilməsi məqsədilə dövlət başçısının 17 mart 2017-ci il tarixli sərəncamı ilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılıb. Adıçəkilən komissiyaya ölkədə əmək bazarının mövcud vəziyyətini, o cümlədən qanunvericiliyi təhlil edərək, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla inzibatçılığın, habelə bu sahənin təkmilləşdirilməsinə dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb. Bununla yanaşı, komissiya qarşısına əmək münasibətlərinin rəsmiləşdirilməsi və işçilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən nəzarət tədbirlərinin əlaqələndirilməsini təmin etmək mühüm vəzifə kimi qoyulub.

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası sözügedən sərəncamın müvafiq bəndlərində müəyyən olunmuş istiqamətlər nəzərə alınmaqla, qeyri-rəsmi əmək münasibətlərinin aşkar edilməsi, rəsmiləşdirilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi də daxil olmaqla, tədbirlər planının hazırlanmasını və təsdiq edilməsini reallaşdıracaq.

Xatırladaq ki, artıq Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının ilk iclası keçirilib. İclasda vətəndaşların əmək hüquqlarının qorunmasının, işçilərin maddi, sosial tələbatlarının ödənilməsinin və layiqli həyat səviyyələrinin təmin edilməsinin ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindən olduğu diqqətə çatdırılıb. Bildirilib ki, son illər dövlət tərəfindən əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi, qanuni mənafelərinin qorunması, əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminatın yaradılması istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilir. Bunun nəticəsində iqtisadi artımın bazasında əhalinin gəlir əldə etmək imkanları daha da genişləndirilib, makroiqtisadi sabitlik təmin edilib, qeyri-neft sektorunun inkişafı dinamik xarakter alıb. Eyni zamanda, müasir prinsiplər əsasında fəaliyyət göstərən sosial müdafiə mexanizmlərinin ölkənin iqtisadi mühitinə inteqrasiyasının prioritet kimi müəyyən olunması milli iqtisadiyyatın sosial yönümlülüyünü daha da artırıb.

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində də Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli işçi qüvvəsi ilə təmin olunması, əmək bazarında çevik siyasətin həyata keçirilməsini təmin edən institutlar vasitəsilə sosial dialoqun inkişafı və inklüziv məşğulluğun artmasına nail olunması, habelə əmək resurslarından səmərəli istifadə nəticəsində əmək məhsuldarlığı səviyyəsinin yüksəldilməsi əsas strateji hədəf və prioritetlər kimi müəyyən edilib. Bu hədəflərə nail olmaq üçün hazırda ölkədə qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması və iqtisadi fəallığın yüksəldilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun yaxşılaşdırılmasına yönələn institusional mühitin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Yeri gəlmişkən, bir məqama da toxunaq. Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının məqsədləri bütövlükdə həmkarlar ittifaqlarının istəklərinə tam cavab verir, hər bir işçinin əmək hüquqlarının müdafiəsini reallaşdırır. Bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi 2017-ci il martın 14-də “Azərbaycan Respublikası 2016-2020-ci illər üçün layiqli əmək üzrə ölkə proqramı”nın həyata keçirilməsinə dair Konsepsiya” qəbul edib. Konsepsiyada adıçəkilən proqramın həyata keçirilməsi və layiqli əməyin təmin edilməsi üçün həmkarlar ittifaqlarının əsas prioritetləri – layiqli əməkhaqqı, qadınların diskriminasiya hallarına qarşı mübarizə, gənclərin məşğulluğu, işçilərin əməyinin və sağlamlığının mühafizəsi, sosial əməkdaşlarla dialoqun inkişafı, mülkiyyət münasibətlərindən asılı olmayaraq bütün müəssisə, təşkilat, firma, şirkətlərdə həmkarlar ittifaqı təşkilatlarının yaradılması və digər məsələlər qarşıda duran vəzifələr kimi müəyyənləşdirilib.

Vaqif BAYRAMOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında