Qubada suvarma suyundan səmərəli istifadə etməyə çalışırlar

Son illər ölkəmizdə iqtisadiyyatın neftdən asılılığını azaltmaq, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək məqsədilə kənd təsərrüfatının davamlı inkişafına böyük diqqət və qayğı göstərilir. Bununla əlaqədar olaraq Azərbaycanın, demək olar ki, bütün bölgələrində suvarma suyuna olan tələbatı ödəmək üçün meliorasiya və irriqasiya işlərinin həyata keçirilməsinə diqqət artırılır.

Qədim yaşayış məskəni olan, zəngin əkinçilik mədəniyyəti ilə seçilən Quba rayonunda da bu məsələ diqqət mərkəzindədir. Qeyd edək ki, rayonda məskunlaşan 168 min nəfər əhalidən 40 mini Quba şəhərində, qalanları isə kəndlərdə yaşayır. Rayon əhalisinin böyük əksəriyyətinin güzəranının əsas hissəsini bağçılıq, əkinçilik və tərəvəzçilik sahələrində əldə edilən gəlirlər təşkil edir.

Regionda kənd təsərrüfatının inkişafı üçün əlverişli torpaq və iqlim şəraiti olduğundan ilbəil fərdi əkin və bağ sahələri genişləndirilir. Məqsəd kənd təsərrüfatına yararlı torpaqların daha səmərəli istifadəsinə nail olmaqdır. Rayonda bu ildən yeni bir təsərrüfat sahəsi də yaradılıb. Belə ki, 2000 hektar ərazidə fındıq bağları salınıb. Bütün bunlar, təbii ki, rayonda suvarma suyuna tələbatın artmasına səbəb olur.

Təbii haldır ki, istənilən təsərrüfat sahəsi üçün su olduqca əhəmiyyətlidir. Bunu Quba Rayon Suvarma Sistemləri İdarəsinin kollektivi yaxşı başa düşür. Kollektiv üzvləri son illər rayonda davamlı olaraq torpaqların meliorativ cəhətdən sağlamlaşdırılması və əkin dövriyyəsinə qaytarılması, susuz ərazilərin su ilə təmin edilməsi, çay axarlarının təmizlənməsi, yeni bəndlər və dambaların tikilməsi və s. kimi vacib işləri uğurla həyata keçirirlər. Bir sözlə, melioratorlar ölkə, rayon əhalisinin kifayət qədər ərzaq məhsulları ilə təmin edilməsi üçün öz üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirirlər.

Qubalı melioratorlar bu günlərdə böyük həvəslə öz peşə bayramlarına hazırlaşırlar. Belə ki, qarşıdan Meliorasiya və Su Təsərrüfatı işçilərinin peşə bayramı gəlir. Bu ərəfədə Quba Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Nazir Dadaşovla görüşdük. Nazir müəllim 25 ildən çoxdur ki, bu idarəyə rəhbərlik edir.Yüksək təşkilatçılığına, uzun illər səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. Dəfələrlə Meliorasiya və Su Təsərrüfatı ASC və Quba Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanlarla təltif olunub.

Nazir Dadaşov əvvəlcə rayonda bu istiqamətdə son vaxtlar görülən işlər barədə məlumat verərək dedi:

– Hazırda rayonumuzda 13843 hektardan çox bağ, 3369 hektar əkin, 310 hektardan artıq tərəvəz-bostan, 2949 hektar həyətyanı sahə mövcuddur. 7215 hektar sahənin payına isə yem bitkiləri ilə yanaşı, biçənək və otlaqlar düşür. Ümumilikdə, Quba Suvarma Sistemləri İdarəsi 26033 hektar suvarılan torpaq sahələrinə xidmət göstərir. 2016-cı ildə sahələrin suvarılmasına 53,5 milyon kubmetr su sərf olunub.

Ötən il rayon ərazisindən keçən çaylarda suyun səviyyəsinin artması suvarma işlərinə müsbət təkan verib. Kənd təsərrüfatı bitkilərinin suvarılmasında Quruçay, Qusarçay, Qaraçay, Caqacuqçay və Vəlvələçayın suyundan geniş istifadə olunur. Bunun sayəsində çoxillik və cavan bağlar orta hesabla 2,5, tərəvəz-bostan sahələri 7, dənli bitkilərin əkildiyi bütün sahələr 2, digər əkin sahələri isə 3 dəfədən çox suvarılıb. Həmçinin limit çərçivəsində Samur-Abşeron kanalından 4 min hektar sahə suvarma suyu ilə təmin olunub. 2017-ci il ərzində kənd təsərrüfatı bitkilərinin suvarılması üçün 56,1 milyon kubmetr suyun verilməsi nəzərdə tutulub.

N.Dadaşov daha sonra bildirdi ki, Qubada torpaq sahələrinin meliorativ vəziyyəti qənaətbəxşdir. Rayon ərazisində, demək olar ki, şoranlaşmış torpaq sahələri yoxdur. Eyni zamanda, burada yeraltı qrunt sularının da səviyyəsi çox aşağıdır. Ona görə də bu torpaqlarda geniş meliorativ tədbirlərin həyata keçirilməsinə ehtiyac yoxdur. Torpaqların suvarma suyuna olan tələbatının ödənilməsi tərtib olunmuş suvarma rejimi qrafikinə əsasən aparılır. Bununla yanaşı, suvarma işləri hər bitkinin növündən asılı olaraq öz suvarma normasına uyğun həyata keçirilir. Azərbaycan Suvarma–drenaj infrastrukturunun bərpası və tamamlanması layihəsinin reallaşdırılması üzrə rəhbərliyin nəzarəti altında rayonda fəaliyyət göstərən Zərdabi Sudan İstifadə Birliyi (SİB) üzrə 2158, Qımılqışlaq SİB-i üzrə 1170, Dağlı SİB-i üzrə 1685, Alekseyevka SİB-i üzrə 2158, Gülüstan SİB-i üzrə 2430 hektar ərazidə mövcud suvarma - paylayıcı sistemin təmir-bərpa işləri üzrə kompleks tədbirlər həyata keçirilib.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına suvarma suyunun çatdırılması mexanizminin təkmilləşdirilməsi istiqamətində də bir sıra işlər görülüb. Belə ki, Qudyalçaydan birbaşa su götürən Xanarx torpaq kanalın 1300 metr uzunluğunda olan hissəsinin betonlanması həyata keçirilir. Əkin və bağ sahələrinin su təminatını yaxşılaşdırmaq məqsədilə Pirvahid, Küpçal, Qımıl-qışlaq, Aşağı-Atuc kəndlərində beş subartezian quyusu qazılaraq istifadəyə verilib. Hazırda Mirzəqışlaq, Atuc, Birinci Nügədi, Pirvahid kəndlərində, Zərdabi qəsəbəsində yeni quyuların qazılması istiqamətində iş görülür. Eyni zamanda, cari ildə Amsar-qışlaq, Küpçal-qışlaq və Birinci Nügədi kəndlərində də yeni quyuların qazılaraq istismara verilməsi planlaşdırılıb.

Mirzəqışlaq kəndinin torpaq sahələrinin su təminatını yaxşılaşdırmaq üçün Samur-Abşeron kanalından birbaşa su götürəcək nasos stansiyası binasının tikintisi başa çatdırılıb. Bunun davamı olaraq cari ildə nasos stansiyasının boru xəttinin çəkilməsi nəzərdə tutulub.

Hazırda bu ilin vegetasiya dövründə hazırlıq məqsədilə əkinə yararlı torpaq sahələrinin su təminatının yaxşılaşdırılması üçün 32 kilometr uzunluğunda təsərrüfat kanallarında təmir-təmizləmə işləri üzrə kompleks tədbirlər həyata keçirilir. Eyni zamanda yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin, torpaq sahələrinin sel və daşqından mühafizəsi məqsədilə Qusarçayın sağ sahilində yerləşən Cek kəndi ərazilərinin və nəqliyyat yolunda 162 metr uzunluğunda daş-beton bəndin inşasına başlanılıb. Rayon ərazisindən keçən çayların təhlükə gözlənilən hissələrində daşqın və selə qarşı mübarizə üçün 96,3 min kubmetr çay məcraları təmizlənib, sahilqoruyucu və su istiqamətləndirici torpaq bəndlər qurulub. Digər çaylarda da bu kimi tədbirlərin aparılması nəzərdə tutulub.

N.Dadaşov Sudan İstifadəedənlər birliklərinin (SİB) yaradılması məqsədləri barədə də açıqlama verdi. O qeyd etdi ki, 12 Sudan İstifadəedənlər Birliyi rayonun müxtəlif ərazilərində yerləşən suvarılan torpaq sahələrinə xidmət göstərir. Eyni zamanda, suvarmaya yararlı sahələri birbaşa suvarma suyu ilə təmin edir. Bu birliklər əsasən su pulunun yığılmasını, təsərrüfatdaxili suvarma sistemlərinin təmirini, onların qorunub, saxlanılmasını və suvarma suyunun özəl torpaq sahiblərinə limit çərçivəsində düzgün bölüşdürülməsini təmin etmək məqsədilə yaradılıb. Dağlı, Gülüstan, Qudyalçay, Alekseyevka, Zərdabi, Birinci Nügədi, Bulaqdərə, Ramin, Qızılqaya, Vəlvələ, Paşaoba-Bərqov və Quba adlı SİB ərazilərində yerləşən sualtı torpaq sahələrinin suvarılmasını təmin etmək üçün idarə ilə onların arasında ikitərəfli müqavilənin bağlanması təmin edilib.

Nazir müəllim bizimlə söhbətində qeyd etdi ki, melioratorların işi təbiətdən çox asılıdır. Belə ki, idarə bütün kanalları, hidrotexniki post və qurğuları təmir etsə belə, əgər çayda yağıntı və sel suları hesabına suyun səviyyəsi artmazsa və ya quraqlıq olarsa suvarma işində ciddi çətinlik yaranar. Əkin və bağ sahələrinə suyun nəql edilməsi tam şəkildə mümkün olmaz. Lakin qubalı melioratorlar ən çətin şəraitdə belə ölkəmizdə məhsul bolluğu yarartmaq üçün əllərindən gələni etməyə hazırdırlar.

N.Dadaşov kollektivin üzləşdiyi bir sıra çətinliklərdən də söz açdı. Belə ki, son illər rayonda suvarılan torpaqların genişləndirilməsi, məişətdə və sənayedə suya olan tələbatın artması, su ehtiyatlarının region üzrə qeyri-bərabər paylanması, iqlim dəyişiklikləri su qıtlığı kimi problemləri gündəmə gətirir. Bütün bunları nəzərə alaraq, kollektiv təbiətin şıltaqlıqlarının fəsadlarını azaltmağa və rayonda su çatışmazlığını alternativ mənbələr hesabına aradan qaldırmağa çalışır.

Bəli, rayonun iqtisadiyyatı dirçəldikcə su çatışmazlığı günün ən aktual probleminə çevrilir. Çıxış yolunu yeni sututarların yaradılmasında, əldə olan vasitələrdən səmərəli istifadə etməklə problemləri aradan qaldırmaq üçün alternativ üsullardan yararlanmaqda görən N.Dadaşov sel və daşqınlarla mübarizə qaydaları haqqında da məlumat verdi. Bildirdi ki, təsərrüfat sahələrini, əkinaltı torpaqları sel və daşqın sularından mühafizə etmək üçün qabaqlayıcı tədbirlər görülür. Sel təhlükəsi olan çaylarda beton bəndlər tikilir, mühafizə zolaqları yaradılır. Son on il ərzində Dünya Bankının hesabına Alekseyevka, Zərdabi inzibati ərazi dairəsində yerləşən, rayonun əsas suvarma sistemi sayılan torpaq kanallar ciddi su itkisinə səbəb olduğu üçün onların beton kanallarla əvəz olunması da bu qəbildən görülən işlərdir.

Nazir Dadaşov sonra dərin minnətdarlıq hissi ilə vurğuladı ki, ölkəmizdə kənd təsərrüfatının davamlı inkişafı, o cümlədən meliorasiya və irriqasiya işlərinin genişlənməsi və bu qəbildən olan başqa vacib məsələlər dövlət başçısı cənab İlham Əliyevin gündəlik diqqətindədir. Məhz onun diqqət və qayğısı sayəsində bu sahədə Azərbaycanın hər yerində, o cümlədən Quba rayonunda irimiqyaslı layihələr həyata keçirilir, suvarma suyundan daha səmərəli istifadə olunması üçün bütün zəruri tədbirlər görülür.

Qəhrəman QASIMOV,
Qubada çıxan “Şəfəq”
qəzetinin redaktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında