1994-cü ildə “Əsrin kontraktı”nın imzalanması ilə Azərbaycanın neft sənayesində yeni dövr başlamışdır. “Əsrin kontraktı” imzalanmasaydı, indi Azərbaycan bu qədər inkişafa nail ola bilməzdi.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycanın zəngin neft ehtiyatları ölkəmizin bugünkü iqtisadi müstəqilliyi üçün möhkəm əsaslar yaratmışdır. Təsadüfi deyil ki, xalqımızın ümummilli lideri Heydər Əliyev hələ ötən əsrin 70-ci illərində neft sənayesinin inkişafına xüsusi önəm verir, respublikamıza müasir texnika və texnologiyaların gətirilməsi üçün səy göstərirdi. Həmin dövrdən başlayaraq ulu öndər Heydər Əliyev Xəzər dənizində qazma işlərinin sürətləndirilməsi məqsədilə müasir qurğulardan istifadə olunmasını daim diqqət mərkəzində saxlayırdı. Təkcə onu qeyd etmək kifayətdir ki, Heydər Əliyevin gərgin səyləri nəticəsində ötən əsrin 70-80-ci illərində Azərbaycana gətirilən “Şelf” tipli qazma qurğuları vasitəsilə Xəzər dənizində kəşfiyyat qazma işləri xeyli sürətləndirilmişdir ki, bunun da nəticəsində bir sıra yeni yataqlar açılmışdır.
Bununla yanaşı, 1970-ci illərdə Azərbaycanın neft sənayesi üçün müstəsna əhəmiyyət daşıyan Dərin Dəniz Özülləri Zavodunun Bakıda inşasına nail olunması da ulu öndərin gərgin əməyinin nəticəsi idi. Bu gün müstəqil Azərbaycanın neft sənayesi üçün yaradılan əsas infrastruktur obyektlərinin böyük əksəriyyəti məhz bu zavodun ərazisində inşa olunur. Ümummilli liderimiz Heydər Əliyevin bilavasitə qayğı və diqqəti nəticəsində ötən əsrin 70-ci illərində neftayırma zavodlarının modernləşdirilməsi və digər layihələrin icrası da bu gün Azərbaycanın neft sənayesinin inkişafına, ölkəmizin iqtisadi dayaqlarının möhkəmləndirilməsinə uğurla xidmət göstərir. Təsadüfi deyil ki, sonralar həmin illərdə görülən işləri xatırladan ulu öndər qeyd edirdi ki, o bütün bunları Azərbaycanın bugünkü müstəqilliyini düşünərək həyata keçirirdi. Yeri gəlmişkən, 1996-cı il avqustun 24-də “Dədə Qorqud” qazma qurğusunun fəaliyyətə başlamasına həsr olunmuş tədbirdə çıxış edən ulu öndər Heydər Əliyev demişdir: “Mən bu gün buraya gələrkən, Xəzərin sahilində, vaxtilə tamamilə boş olan bir yerdə böyük zavod korpuslarını və nəhəng qurğuları, sahili və bu sahənin ətrafında artıq yüksəklərə qalxmış yaşıl ağacları görüb bir daha iftixar hissi keçirdim. Mən bu gün çox xoşbəxtəm, çox sevinirəm. Xoşbəxtəm, sevinirəm ona görə ki, bütün burada gördüklərimizin əsasını qoyanlardan biriyəm, onun təməlini qoyanlardan biriyəm, onun təşəbbüskarıyam. Vaxtilə bu işlərin görülməsi üçün illərlə zəhmət çəkmişəm, illərlə fəaliyyət göstərmişəm, bunların reallığa çevrilməsi üçün illərlə çox çətin yollardan keçmişəm. Azərbaycan neftçiləri ilə, öz həmkarlarımla birlikdə xalqımız, millətimiz üçün, respublikamızın böyük sənayesini qurmaq üçün, neft sənayesini gələcəkdə inkişaf etdirmək üçün bunları yaratmağa çalışmışam”.
Ötən əsrin sonlarında xalqımız yenidən müstəqilliyini əldə etdikdən sonra xilaskarlıq missiyası ilə Azərbaycana qayıdan Heydər Əliyev respublikanı üzləşdiyi dərin iqtisadi böhrandan qurtarmaq üçün neft amilindən məharətlə istifadə etdi. Zəngin ənənələrə və güclü kadr potensialına malik olan Azərbaycan neft sənayesinin yeni konseptual əsaslarını işləyib hazırlayan ulu öndər o zamankı məhdud maliyyə imkanlarımızı nəzərə alaraq dünyanın tanınmış neft şirkətlərini əməkdaşlığa, respublikamıza sərmayə qoymağa dəvət etdi. Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının həqiqiliyinə və Azərbaycandakı əlverişli biznes mühitinə tam əmin olan transmilli şirkətlərin rəhbərləri tezliklə danışıq masası ətrafına toplaşdılar. Bunun nəticəsi olaraq 1994-cü ilin sentyabr ayının 20-də Bakıda “Əsrin müqaviləsi” kimi məşhurlaşan nəhəng neft sazişi imzalandı.
“Dədə Qorqud” qazma qurğusunun istifadəyə verilməsi mərasimində ümummilli lider Heydər Əliyev “Əsrin müqaviləsi”nin imzalanmasını xatırlayaraq demişdir: “1994-cü ilin sentyabrında böyük neft müqaviləsini imzalayarkən biz böyük təmələ əsaslanırdıq. Yəni biz bu müqaviləni boş yerdə imzalamamışdıq. Bizim əlimizdə böyük sərvətlər var. Həm Xəzər dənizində olan böyük neft yataqları, həm burada yaranmış bu böyük sənaye kompleksi, həm də bu gün üzərində durduğumuz, ətrafına toplaşdığımız bu qazma qurğusu Azərbaycan xalqının sərvətidir. Məhz bu sərvətlərimizi hiss edərək, bu sərvətlərimizin sahibi olaraq biz xarici ölkələrin neft şirkətləri ilə danışığa getmişik və onlarla neft müqaviləsi imzalamışıq”. Ulu öndər haqlı olaraq qeyd edirdi ki, xarici ölkələrin neft şirkətləri də Azərbaycan ilə böyük neft müqaviləsini bağlamaq istəyərkən və bu müqaviləni imzalayarkən çox yaxşı bilirdilər ki, Azərbaycanın böyük imkanları var. Əgər onlar xalqımızın, Azərbaycan Respublikasının bu imkanlarının mövcud olduğunu dərk etməsəydilər, tək bir yataqlara görə gəlib bizimlə bu böyük müqaviləni bağlamazdılar, yaxud buna çox ehtiyat edərdilər. Məhz Azərbaycanın belə təbii sərvətləri olduğuna görə, respublikamızın bu böyüklükdə sənaye potensialı, ölkəmizin yüksək səviyyəli mütəxəssisləri, neftçiləri olduğuna görə və burada sərbəst şərait yarandığına görə xarici ölkələrin neft şirkətləri Azərbaycan ilə bu böyük və tarixi əhəmiyyətə malik müqaviləni imzaladılar.
Azərbaycanın yeni neft strategiyasının başlanğıcı sayılan “Əsrin müqaviləsi” çərçivəsində həyata keçirilən ilkin tədbirlər neft sənayesinin infrastruktur imkanlarının genişləndirilməsinə şərait yaratdı. Mövcud infrastrukturun yenidən qurulması, təkmilləşdirilməsi ilə yanaşı, yenilərinin də yaradılması istiqamətində işlərə başlanıldı. “Əsrin müqaviləsi”nin ilkin neft layihəsi çərçivəsində “Çıraq-1” platforması, “Dədə Qorqud” üzən yarımdalma qurğusu, bir sıra kran, yük və borudüzən gəmiləri dünya standartları səviyyəsində modernləşdirildi. Xam neftin sahilə daşınmasını təmin etmək məqsədilə Xəzər dənizinin dibi ilə sualtı nəql boruları çəkildi, Səngəçal terminalı inşa olundu.
Ölkəmizin neft sənayesinin bugünkü inkişafında üzən qazma qurğuları müstəsna rol oynamışdır. Məlum olduğu kimi, müstəqillik illərində modernləşdirilən və ya yeni inşa olunan “Dədə Qorqud”, “İstiqlal”, “Qurtuluş” və “Lider” kimi dünya səviyyəli üzən qazma qurğuları Xəzər dənizinin 700-1000 metr dərinliklərində kəşfiyyat-qazma işlərinin həyata keçirilməsinə imkan yaratdı.
Ulu öndər Heydər Əliyevin işləyib hazırladığı yeni neft strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə hazırda neft strategiyası çərçivəsində yeni-yeni nailiyyətlərə imza atılır. Bu gün Azərbaycanın bilavasitə təşəbbüskarı və əsas iştirakçısı olduğu nəhəng enerji layihələri uğurla reallaşdırılır. Bu da ölkəmizə Avropanın enerji təhlükəsizliyinin təminatında daha yaxından iştirak etməyə imkan yaradır.
Hazırda Azərbaycan dünyada təkcə zəngin neft və qaz ehtiyatlarına malik ölkə kimi deyil, həm də neft sənayesi infrastrukturunun yüksək səviyyədə inkişaf etdiyi bir dövlət kimi tanınır. Məlum olduğu kimi, Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən yeni neft-qaz layihələri ilə əlaqədar yaranmış tələbatı nəzərə alaraq yeni infrastrukturun yaradılmasını daim diqqət mərkəzində saxlayır. Elə dövlətimizin başçısının Xəzər dənizində analoqu olmayan 6-cı nəsil qazma qurğusunun yaradılması haqqında göstəriş verməsi də həmin diqqətin nəticəsi idi. Azərbaycanın iqtisadi və sənaye potensialının daha da möhkəmləndirilməsində mühüm rol oynayacaq Heydər Əliyev adına yarımdalma qazma qurğusunun tikintisi respublikamızda həyata keçirilən iri infrastruktur layihələrindən biridir. Qurğunun tikintisi 2013-cü il iyunun 4-də “Caspian Drilling” və Sinqapurun “Keppel FELS” şirkətləri arasında imzalanmış podrat müqaviləsi çərçivəsində həyata keçirilib. Qurğunun inşaat işlərinin idarə edilməsi, dizayn-mühəndislik işlərinə nəzarət, müvafiq təchizatlar və alqı-satqıların təşkil edilməsi isə SOCAR-a məxsus “Caspian Drilling” Şirkəti tərəfindən həyata keçirilib. Xatırladaq ki, 2013-cü il sentyabrın 20-də Prezident İlham Əliyevin iştirakı ilə Bakı gəmiqayırma zavodunda qurğunun aşağı üzən gövdəsinin – pantonlarının inşasına başlanması ilə bağlı mərasim keçirilmişdi. Həmin ilin dekabr ayında isə Bibiheybət ərazisindəki tərsanədə qurğunun yuxarı gövdəsinin inşasına başlanılmışdı.
Nəhayət, cari ilin may ayında qurğunun tikintisi tam yekunlaşdırıldı. 2017-ci il may ayının 18-də Azərbaycan Respublikaının Prezidenti İlham Əliyevin iştirakı ilə qazma qurğusu istifadəyə verildi. Bu münasibətlə SOCAR-ın “Caspian Drilling” şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun istifadəyə verilməsinə həsr olunmuş təntənəli mərasim keçirildi. Hər şeydən əvvəl qeyd etməək lazımdır ki, sözügedən qurğunun istifadəyə verilməsi ulu öndərin müəllifi olduğu yeni neft strategiyasının təntənəsidir.
Tədbirdə dövlətimizin başçısına yeni qurğunun və burada quraşdırılacaq sualtı əməliyyat aparatı barədə ətraflı məlumat verildi. Qeyd olundu ki, Heydər Əliyev adına yarımdalma qazma qurğusunun imkanları əvvəlkilərlə müqayisədə daha genişdir. Belə ki, dünyada öz texnoloji keyfiyyətləri və qazma xüsusiyyətlərinə görə unikallığı ilə fərqlənən bu qurğu qazma əməliyyatları üçün ən müasir avadanlıqla təchiz edilib. Məlumat üçün bildirirk ki, ümumi uzunluğu 106,5, eni 69,5, hündürlüyü isə 130 metr olan qurğunun ümumi çəkisi 26 min tondur. Dənizdə suyun 1000 metr dərinliyə qədər hissələrində qazma əməliyyatları həyata keçirə bilən qurğu ilə maksimal dərinliyi 12,2 min metr təşkil edən quyular qazmaq mümkün olacaq. Bundan əlavə, qurğuda quraşdırılacaq sualtı əməliyyat aparatı sualtı görüntüləri əldə etməyə və baş verə biləcək qəza zamanı zəruri funksiyaları yerinə yetirməyə imkan verəcək.
Yeri gəlmişkən, Heydər Əliyev adına yarımdalma qazma qurğusu dünyada 1400 atmosfer sistemi texnologiyasına malik olan ilk və yeganə qurğudur. Yükgötürmə qabiliyyəti 5600, su tutumu isə 47500 ton olan qurğuda 160 nəfər çalışacaq. Altıncı nəsil yarımdalma qazma qurğusunun tikintisində 2400-ə yaxın işçi çalışıb ki, onların da təxminən 80 faizi yerli vətəndaşlar olub.
Açılış mərasimində SOCAR-ın və “Caspian Drilling” şirkətinin rəhbərliyi, layihədə çalışanlar, həmçinin ölkədə pay bölgüsü sazişlərində iştirak edən xarici şirkətlərin nümayəndələri ilə görüşən dövlət başçısı yeni yarımdalma qazma qurğusunun istifadəyə verilməsini Azərbaycanın neft sənayesində tarixi bir hadisə kimi dəyərləndirib. İndiyədək Azərbaycanda bu böyüklükdə qazma qurğusunun tikilmədiyini diqqətə çatdıran ölkə rəhbəri demişdir: “...Bu qurğu ilə biz istənilən yerdə qazma işləri apara bilərik. Bu qurğu suyun min metr dərinliyində işləyə bilər. Mənə verilən məlumata görə, qurğunun qazma dərinliyi 12 min metrə bərabərdir, çəkisi isə 26 min tondur. Bax, bu rəqəmlər özlüyündə göstərir ki, biz nə qədər böyük bir layihəyə start verdik. Eyni zamanda, göstərir ki, bizim işçilərimiz, mühəndislər, fəhlələr nə qədər yaxşı iş görüblər”.
Heydər Əliyev tərəfindən başlanan şanlı neft strategiyasının uğurla həyata keçirilməsindən əldə olunan gəlirlər uzun illərdir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsinə, bir sıra ümummilli layihələrin reallaşdırılmasına xidmət edir. Ölkə Prezidenti İlham Əliyevin vaxtilə hədəf seçdiyi neft kapitalının insan kapitalına çevrilməsi ideyası bu gün uğurla həyata keçirilir. Bununla yanaşı, neftdən əldə olunan gəlirlər bir sıra ümummilli sosial və iqtisadi layihələrlə yanaşı, neft sənayesinin infrastruktur imkanlarının genişləndirilməsinə də yönəldilir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin, “Cənub” qaz dəhlizinin, neft-qaz, neft-kimya və neft emalı komplekslərinin tikintisi məhz Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitləri hesabına həyata keçirilib. Eyni zamanda, Heydər Əliyev adına yarımdalma qazma qurğusunun tikintisi layihəsinin iqtisadi əhəmiyyəti nəzərə alınaraq maliyyələşmənin 90 faizi Dövlət Neft Fondu, 10 faizi isə SOCAR tərəfindən icra edilib. Mayın 18-də keçirilən açılış mərasimində bu barədə danışan Prezident İlham Əliyev demişdir: “Biz neftdən əldə edilmiş gəlirləri, o cümlədən belə nəhəng layihələrə yönəldirik. Bu layihənin icrası üçün həm Dövlət Neft Fondundan, həm Dövlət Neft Şirkətindən qoyulan vəsait təqribən 1 milyard dollara yaxındır. Yəni, bu, həm bizim gücümüzü, həm də imkanlarımızı göstərir. Həm də onu göstərir ki, Azərbaycanda neft sənayesi uğurla inkişaf edir”.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.