Aqrar sektor keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub

Bakıda keçirilən qida sənayesi və kənd təsərrüfatı sərgilərində respublikamızı aqrar sahədə təmsil edən müəssisələrin fəaliyyəti bunu bir daha göstərir

Son illərdə ölkəmizdə kənd təsərrüfatının modernləşdirilməsi, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşılması, dövlətin inzibati və maliyyə resurslarından səmərəli istifadə olunması, ölkənin aqrar potensialının təbliği istiqamətində mühüm uğurlar əldə edilib.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyri-neft sektoruna göstərdiyi yüksək diqqət nəticəsində bu gün iqtisadiyyatın prioritet istiqamətlərindən olan aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi və regionların inkişafı istiqamətində mühüm uğurlar qazanılıb. Aqrar sahədə aparılan uğurlu islahatlar nəticəsində Azərbaycanda bir sıra strateji məhsullara tələbatın yerli istehsal hesabına tam ödənilməsinə, ölkənin ərzaq təhlükəsizliyində xarici bazardan asılılığın azalmasına, ixracyönümlü məhsulların istehsal həcmini artırmaqla regionların inkişafına nail olunub. Fermerlərin dövlət tərəfindən çoxşaxəli subsidiyalarla təmin edilməsi kənd təsərrüfatı ilə məşğul olanların rifah halının yüksəldilməsinə gətirib çıxarıb.

Həyata keçirilən islahatların nəticəsidir ki, artıq aqrar sektorda dayanıqlı inkişaf reallaşıb, kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə müsbət nəticələr əldə edilib. Məsələn, keçən il artım barama üzrə 300 dəfə, soya üzrə 2,8 dəfə, pambıq üzrə 2,5 dəfə, yaşıl çay yarpağı üzrə 75 faiz, şəkər çuğunduru üzrə 73 faiz, düyü üzrə 72 faiz, buğda üzrə 9,8 faiz, kartof üzrə 7,5 faiz olub. Bununla da kənd təsərrüfatı məhsullarının artım tempi ölkə əhalisinin artım tempini xeyli üstələyib. Belə əlverişli şərait, eyni zamanda, respublikada ayrı-ayrı məhsullar üzrə özünütəminetmə səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərib.  

Bu gün qarşıda duran əsas vəzifələrdən biri kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılmasıdır. Bununla bağlı möhtərəm dövlət başçımız İlham Əliyev tərəfindən ərzaq bolluğu yaratmaq, bu sahədə idxalı azaltmaq, ixrac məhsullarının sayını və həcmini artırmaq kimi qarşıya prioritet vəzifələr qoyulub. Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə bu məsələyə diqqət yönəldilərək, 2020-ci ilədək ölkədə kənd təsərrüfatı məhsullarının ixracı üzrə 200 fermerin ixtisaslaşması nəzərdə tutulub. Bununla yanaşı, Azərbaycan Prezidentinin ixracın təşviqi üzrə qəbul etdiyi qərarlara uyğun olaraq, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, ixrac missiyalarının təşkilinə və digər tədbirlərin icrasına başlanılıb.

Ötən ilin noyabrından etibarən şərab, pambıq ipliyindən məmulatlar, konservlər, su və şirələr, fındıq və digər məhsulların Rusiya, ABŞ, Çin, Almaniya, Türkiyə, Belarus və digər ölkələrə ixracı ilə əlaqədar ixrac təşviqinin ödənilməsinə dair qərarlar qəbul edilib. Export.az ixrac portalı istifadəyə verilib, şərab, nar, fındıq, meyvə-tərəvəz, tikinti materialları, arıçılıq məhsulları istehsalçıları və ixracatçıları assosiasiyaları yaradılıb, mənşə sertifikatının verilməsi sadələşdirilərək müddəti üç gündən bir günə endirilib.

Bakı Ekspo Mərkəzində keçirilən XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2017” və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” sərgilərində respublikamızı aqrar sahədə təmsil edən müəssisələrin fəaliyyəti də bir daha göstərir ki, dünya bazarlarında xam neftin qiymətinin kəskin ucuzlaşması ölkəmizin ixrac potensialına və valyuta daxilolmalarına təsir göstərsə də, kənd təsərrüfatının inkişafı bu azalmanı əhəmiyyətli dərəcədə kompensasiya etmək iqtidarındadır. Məhz elə buna görə də Prezident İlham Əliyev bununla bağlı xüsusi tapşırıqlar verib. Aqrar sektorda ənənəvi sahə olan pambıqçılıq, baramaçılıq, çayçılıq, tütünçülük, fındıqçılıq və digər valyuta gətirən, ixracyönümlü və sosialyönümlü sahələrin inkişafına diqqət artırılıb. Bu da təsadüfi deyil. Çünki əsas hədəf Azərbaycanı dünyada təkcə neft-qaz ölkəsi kimi deyil, həm də aqrar ölkə kimi tanıtmaqdır. Bunun üçün ilk növbədə yüksəkkeyfiyyətli və ekoloji təmiz məhsullar istehsal olunmalıdır.

Xatırladaq ki, sözügedən sərgidə dünyanın 28 ölkəsini təmsil edən 331 şirkət iştirak edir. İştirakçıların 70 faizi xarici şirkətlərdir. Belarus, Çin, Gürcüstan, Macarıstan, Niderland və Şri-Lanka sərgilərdə milli stendlərini təqdim edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mayın 17-də sərgilərlə tanışlıq zamanı məlumat verilərək bildirilib ki, “Made in Azerbaijan” brendi ilə çıxış edən yerli şirkətlər də sərgidə fəal təmsil olunurlar. Onlardan biri 1991-ci ildən fəaliyyətə başlayan “Azersun Holding”dir. Xatırladılıb ki, bu şirkət Azərbaycan iqtisadiyyatına mühüm töhfələr verən özəl qurum kimi tanınır. Son illərdə şirkətin tabe müəssisələrində bir sıra layihələrin uğurla reallaşdırılması nəticəsində istehsal həcmi artıb, yerli xammalla təminat xeyli yaxşılaşıb. Adı çəkilən özəl qurumda aparılan uğurlu elmi-tədqiqat işlərinin sayəsində artıq qış aylarında da şəkər çuğunduru əkinlərinin həyata keçirilməsinə başlanılıb. Bu il 14 min hektar ərazidə şəkər çuğunduru əkilib.

“Azersun Holding” istehsal etdiyi məhsulların çeşidinin artırılmasını da diqqət mərkəzində saxlayır. Şirkətin müəssisələrində buraxılan çay, şəkər, yağ, duz, konserv, süd, sous və digər məhsullar keyfiyyətinə görə alıcılar tərəfindən rəğbətlə qarşılanır. 

Sərgidə məhsullarını nümayiş etdirən “Grow Group Azərbaycan” şirkəti isə müasir istixana komplekslərinin qurulması, idarə edilməsi zamanı lazım olan alətlərin, avadanlıqların satışı, habelə kənd təsərrüfatı məhsullarının istehsalı və satışını həyata keçirir. “Grow Group Azərbaycan”ın bacarıqlı, təlim keçmiş işçiləri müasir istixana komplekslərinin tikintisi və idarə olunmasında yerli və beynəlxalq təcrübəyə malikdirlər. Şirkət hollandiyalı tərəfdaşları ilə birgə şüşə örtüklü istixanaların da quraşdırılmasını reallaşdırır. Özəl qurum damla sulama və mikroirriqasiya sistemləri üzrə dünyada tanınır. 

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərgilərdə respublikamızın digər şirkətlərinin imkanlarına da diqqət yetirərək, ölkəmizin  kənd təsərrüfatı sektorunda kifayət qədər tanınan “Lerik broyler”, istixana tikintisi sektorunda ilk və innovativ özəl qurum sayılan,  Hollandiya, Türkiyə, Rusiya və MDB ölkələrində böyük bazar payına sahib olan “A-SERA-Azərbaycan”, fəaliyyətində meyvə-tərəvəz məhsullarının yetişdirilməsi üçün müasir texnologiya tətbiq edən “Binə-Aqro” müəssisələrinin iş prinsipləri ilə tanış olublar.

Sərgidə iştirak edən yerli şirkətlərdən olan “Meyvəli” Logistik Mərkəzinin də fəaliyyəti diqqət çəkib. Bu qurum ölkə Prezidentinin “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamının icrası məqsədilə yaradılıb. Qafqazın ən böyük logistik subyekti kimi tanınan bu mərkəz 54 hektar ərazidə yaradılıb. Burada müxtəlif təyinatlı anbarlar, soyuducular, açıq ticarət yerləri və çoxsaylı mağazalar var. Ölkəmizin iri ticarət şəbəkələrilə sıx əlaqə quran “Meyvəli” kənd təsərrüfatı şirkətlərinin iri və orta biznes üçün əlverişli investisiya təminatçısı kimi tanınıb.

Dövlət başçımızın “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin stendi ilə də tanışlığı zamanı bildirilib ki, sərgidə nümayiş etdirilən yeni traktorlar bu qurum ilə “YTO GROUP” tərəfindən Qusar rayonunda yerləşən istehsal müəssisəsində yığılacaq. İlkin olaraq ildə 800 orta ölçülü traktorun istehsalı həyata keçiriləcək. İstehsalın ikinci ilindən etibarən traktorların mühərrikləri və ötürücü qurğuları istisna olmaqla, digər ehtiyat hissələri ölkəmizdə fəaliyyət göstərən müxtəlif müəssisələrdə hazırlanacaq. “Made in Azerbaijan” brendi altında buraxılan bu traktorlardan kənd təsərrüfatının müxtəlif sahələrində geniş istifadə olunacaq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva pambıq istehsalı, onun tədarükü və emalı ilə məşğul olan “Azərpambıq”, təbii ipəkdən müxtəlif məhsullar istehsal edən “Şəki-İpək”, müxtəlif çeşiddə məhsullar buraxan “Sumqayıt Tekstil və Trikotaj”,  Şəki, Zaqatala və Qaxda istehsal sahələri fəaliyyət göstərən, öz məhsullarını xarici ölkələrə ixrac edən “İntertobacco”, qida sənayesi sektorunda işlədilən qlükoza, fruktoza, quru nişasta istehsal edən “Oğuz Qarğıdalı Emalı Məhsulları Kompleksi”, SOCAR-ın və regionlarda ailə təsərrüfatına yardım məqsədilə “ASAN xidmət”in nəzdində yaradılan “ABAD”, gündə 10 ton yaşıl çay emal etmək gücünə malik  “Astaraçay”, intensiv bağçılıq üçün nəzərdə tutulan məhsullar buraxan “METAK”, habelə “Gilan Holding” və  “Gəncə Avtomobil Zavodu” müəssisələrinin məhsulları ilə də tanış olublar.

XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2017” və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” sərgilərində Qazaxıstan,  İtaliya, Hollandiya, Almaniya, Belarus və  Gürcüstanı təmsil edən şirkətlərin məhsulları da böyük maraq doğurub.

Sərgilərdə iştirak edən Azərbaycan müəssisələrinin fəaliyyətindən də göründüyü kimi, son illərdə aqrar sektorda köklü dəyişikliklər baş verib, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb. Normativ hüquqi baza təkmilləşdirilib. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sisteminin tətbiqinə başlanılıb. Kənd təsərrüfatına dövlət dəstəyinin gücləndirilməsi, müvafiq institusional dəyişikliklər, yeni çağırışlara uyğun strateji hədəflərin müəyyən edilməsi keyfiyyətcə yeni mərhələyə keçidin təməlini qoyub. Artıq ölkəmizdə elmə və müasir texnologiyaya əsaslanan, modern istehsal və emal şəbəkələrinə istiqamətlənən kənd təsərrüfatının ştrixləri, qarşıdakı üfüqlər getdikcə daha aydın görünür. Bu, özünü aqrar bölmənin inkişafı ilə bağlı həm orta, həm də uzunmüddətli dövrdə strateji inkişaf hədəfləri açıq göstərilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə də daha qabarıq büruzə verir. Ölkəmizin ərzaq təhlükəsizliyinin təminatı, iqtisadiyyatın şaxələndirilməsi, ixracyönümlü məhsulların istehsalının artırılması baxımından bu sənəd mühüm önəm daşıyır.

Adıçəkilən strateji yol xəritəsində nəzərdə tutulan prioritetlərin həyata keçirilməsi nəticəsində 2020-ci ildə 2015-ci illə müqayisədə real ümumi daxili məhsul 1235 milyon manat artacaq. Burada birbaşa təsirin təxminən 575 milyon manat, dolayı təsirin isə 660 milyon manat olacağı gözlənilir. Eyni zamanda, regionlar üzrə nəzərdə tutulmuş tədbirlərin reallaşdırılması ilə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda 20 min yeni iş yeri açılacaq. Bütün bunlarla yanaşı, 2020-ci ilədək (2015-ci illə müqayisədə) ət istehsalının 20 faiz, süd istehsalının 30 faiz, pambıq istehsalı, habelə emalı üzrə istehsal həcminin ən azı 4 dəfə, barama istehsalı, eləcə də emalı üzrə istehsal həcminin ən azı 1000 dəfə, kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika, maşın və avadanlıqlarla  təminatının 20 faiz artması əsas hədəf indikatorları kimi müəyyən edilib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında