Ölkəmizdə sahibkarlığın inkişafı üçün əlverişli mühit formalaşdırılıb

Həyatını xalqına xidmətə həsr edən ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra neft sektoru ilə yanaşı, digər sahələrdə də genişmiqyaslı islahatlara başlanıldı. Bazar iqtisadiyyatına uyğun dövlət əmlakının özəlləşdirilməsi, əlverişli biznes mühitinin yaradılması nəticəsində sahibkarlıq sinfi təşəkkül tapdı.

Özəl bölmənin inkişafının hüquqi əsaslarının formalaşdırılması istiqamətində qəbul edilən qanunlar və digər qanunvericilik aktları sahibkarlığın bir sistem halında hüquqi bazasını təşkil etdi. Bu, qısa zaman kəsiyində öz bəhrəsini verərək ölkənin iqtisadi potensilanın daha dolğun şəkildə reallaşması ilə xarakterizə olundu. Ümummilli liderin rəhbərliyi altında iqtisadi və dövlət idarəetmə sistemi sahəsində aparılan kompleks islahatlar da sahibkarlığın inkişafına güclü təkan verdi.

Sahibkarlar sinfinin yaranması məsələsini Heydər Əliyev daim diqqət mərkəzində saxlayırdı. Çünki keçmiş SSRİ-nin dağılması ilə yeni yaranan müstəqil dövlətlərin, o cümlədən Azərbaycanın bazar iqtisadiyyatına keçidlə bağlı ilkin təcrübəsi göstərdi ki, sahibkarlığın, özəl sektorun inkişafına normal şərait yaratmadan iqtisadi yüksəlişi təmin etmək, əhalinin məşğulluq səviyyəsini artırmaq, infrastrukturu yeniləşdirmək, sosial problemlərin uğurlu həllinə nail olmaq heç də asan deyil. Bu reallığı aydın görən dahi öndərin iqtisadi sahədə həyata keçirdiyi siyasətin əsas cəhətlərindən biri də məhz sahibkarlığın inkişafının təmin edilməsi idi. Ona görə də “Sahibkarlıq fəaliyyəti haqqında”, “Müəssisələr haqqında”, “Səhmdar cəmiyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Əmtəə birjası haqqında”, “Lizinq xidməti haqqında” qanunların qəbul olunması, Sahibkarlığa Kömək Milli Fondu, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi, bir sıra şəhər və rayonlarda sahibkarlığın inkişafı mərkəzlərinin yaradılması özəl bölmənin dinamik fəaliyyətinə müsbət təsir göstərdi. 

Ümummilli lider sahibkarların problemləri ilə bilavasitə tanış olmaq üçün onlarla mütəmadi görüşlər keçirilməsinə və iş adamlarını hansı məsələlərin narahat etməsini birbaşa öz dillərindən eşitməyə də xüsusi diqqət yetirirdi. Buna bariz nümunə kimi ulu öndərin 2002-ci il aprel ayının 25-də yerli sahibkarlarla, mayın 14-də isə xarici sahibkarlarla görüşünü, onların hər birinə şifahi və ya yazılı surətdə öz problemlərini söyləmək üçün əlverişli şərait yaratmasını göstərmək olar. Bu, yeni iqtisadiyyatın inkişaf etdirilməsinin, yeni dövlət idarəçilik metodlarından istifadə olunmasının ən gözəl və səmərəli forması idi.

Ulu öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin hakimiyyəti dövründə sahibkarlığın inkişafında yeni dövr başlandı. Dövlət başçısının Prezident kimi fəaliyyət göstərdiyi 13 ildən çox bir müddətdə elmi əsaslarla yürütdüyü sosial-iqtisadi strategiya nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlülüyü təmin edib. Paytaxtın və regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün görülən kompleks tədbirlər ölkəmizin bugünkü uğurlarını şərtləndirib. Həyata keçirilən məqsədyönlü iqtisadi siyasət hesabına Azərbaycanda özəl sektor yeni inkişaf dönəminə qədəm qoyub.

Bu gün sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir. Bu siyasət, eyni zamanda, iqtisadiyyatın bütün sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldilir. Bununla yanaşı, davamlı iqtisadi inkişafın reallaşdırılması baxımından kiçik və orta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində onların rolunun gücləndirilməsi nəzərdə tutulur.

Xatırladım ki, möhtərəm dövləti başçısı cənab İlham Əliyevin ölkədə sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. Azərbaycan Prezidenti hesab edir ki, bazar mexanizminin hərəkətverici qüvvəsi olan sahibkarlığın inkişafı sosial-iqtisadi sistemin möhkəmlənməsinə, sosialyönümlü problemlərin kompleks həllinə mühüm təsir göstərir. Eyni zamanda, sahibkarlığın hüquqi bazasının sistem halına gətirilməsini təmin edən qanunlar və bir sıra digər mühüm normativ sənədlərin qəbul edilməsi isə özəl bölmənin güclənməsini şərtləndirir.

Bu gün Azərbaycanda güclü sahibkarlar ordusu formalaşıb. Kənd təsərrüfatının inkişafı üçün kompleks tədbirlər görülür, müasir texnika alınır, lizinqlər, aqroservislər yaradılır, subsidiyalar, güzəştli şərtlərlə gübrə və yanacaq verilir. Şübhəsiz ki, kənd təsərrüfatının, özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyi bundan sonra da gücləndiriləcək. Dövlət də, insanlar da aparılan işlərin keyfiyyətli görülməsinə, istehsalın həcminin və keyfiyyətinin dünya standartlarına uyğun olmasına görə sahibkarlara daha böyük ümidlər bəsləyir.

Qlobal və regional səviyyədə mürəkkəb siyasi- iqtisadi proseslərin hökm sürdüyü, iqtisadiyyata xarici neqativ təsirlərin gücləndiyi indiki şəraitdə sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı Azərbaycanda reallaşdırılan sistemli tədbirlər mühüm önəm daşıyır. Bu baxımdan Prezident İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində son illərdə sahibkarlığın inkişafı ilə bağlı imzaladığı mühüm sənədlər strateji əhəmiyyət kəsb edir. Dövlət başçısının qeyd etdiyi kimi, sahibkarlığın inkişafı Azərbaycanın ümumi tərəqqisinin əsas şərtidir. Ona görə də iş adamlarına maksimum sərbəstlik verilməlidir və verilir. Son vaxtlar qəbul edilən qərarlar, imzalanan qanun və sərəncamlar sahibkarlığın inkişafında nəzərə çarpan süni əngəllərin aradan qaldırılması, sahibkarların maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləmələri və Azərbaycanda biznes mühitinin daha da yaxşılaşması məqsədi daşıyır.

Hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Bu gün ölkədə aparılan hər bir iqtisadi islahatın kökündə sosial problemlərin aradan qaldırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və hər bir ölkə vətəndaşının rifahının artırılmasına imkan verən mühitin yaradılması məqsədi dayanır. Belə bir mühitin yaradılması isə dayanıqlı iqtisadi inkişafın reallaşdırılması, maliyyə sisteminin, sahibkarlıq mühitinin inkişaf etdirilməsi, insanların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi yolu ilə, həmçinin sosial problemlərin birbaşa həllinə yönələn tədbirlər vasitəsilə həyata keçirilə bilər.

Azərbaycan Respublikası Prezidentinin dərin iqtisadi islahatlar paketi çərçivəsində biznes mühitinin yaxşılaşdırılması, lisenziya tələb olunan fəaliyyət növlərinin sayının 59-dan 37-yə endirilməsi, sahibkarlıq fəaliyyəti növlərinə verilən icazələrin sayının təqribən 4 dəfə azaldılaraq 330-dan 87-yə endirilməsi ilə bağlı mühüm qərarlar qəbul olunmuşdur. Bununla yanaşı, dövlət başçısının ötən ilin əvvəlində imzaladığı müvafiq fərmanlarla ölkədə sahibkarların şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuraları yaradılmışdır. Eyni zamanda, Azərbaycan Prezidentinin 2016-cı il 1 mart tarixli “Qeyri-neft ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə 2016-2020-ci illərdə respublika ərazisində istehsal olunan və istehsal prosesində istifadə edilən yerli komponentlərin və qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac edilən həmin məhsulların növündən asılı olaraq, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi nəzərdə tutulmuşdur. İnvestisiya təşviqi sənədini almış sahibkarlar isə mənfəət və gəlirin 50 faizinin vergisindən, əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə idxalda ƏDV-dən və idxal rüsumlarından 7 il müddətinə azad edilmişlər.

Azərbaycan sahibkarları bu gün dövlət başçısı cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunublar. İş adamları bundan ruhlanaraq qeyri-neft sektorunun inkişafında, əhalinin daimi iş yerləri ilə təmin olunmasında, ölkəmizin ixrac potensialının artmasında və sosial layihələrin icrasında fəallıq göstərir, bütün səylərini Azərbaycan iqtisadiyyatının möhkəmlənməsinə, ölkəmizin daha da qüdrətlənməsinə səfərbər edirlər.

Yusif NƏSİBOV,
“Nəzər” kənd təsərrüfatı məhsullarının istehsalı
və emalı müəssisəsinin direktoru, sahibkar


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında