Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirmişlər ki, 2010-cu ilin birinci rübündə bölgədə əvvəlki ilin eyni dövründəkindən 21 faiz çox - 197 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilmişdir. ÜDM-in adambaşına düşən həcmi 75 manat artaraq 491 manata çatmışdır.
Sənayenin dövlət sektorunda 9 milyon 956 min 800 manatlıq, qeyri-dövlət sektorunda isə 59 milyon 892 min 700 manatlıq məhsul istehsal olunmuşdur. Yanvar-mart ayları ərzində muxtar respublikada iqtisadiyyatın bütün sahələrində dövlət texniki, maliyyə və innovasiya dəstəyi ilə 11 layihə üzrə istehsal və xidmət obyektləri istifadəyə verilmişdir.
Hazırda iqtisadi fəaliyyətin müxtəlif sahələrində 58 layihə icra edilir. Bu sırada su elektrik stansiyasının inşası, sement, beton, metal profil, metal boru, döşəmə üçün parket, güzgü, müxtəlif geyim paltarlarının istehsalı və kimyəvi təmizləmə sahəsi, nəşriyyat və poliqrafiya məhsulları istehsalı sahəsi, çörək və şirniyyat məhsulları, ət və süd məhsulları, balıqçılıq təsərrüfatları, quşçuluq təsərrüfatları, məişət evləri, ticarət mərkəzləri, soyuducu anbarlar, istixana kompleksləri, taxıl emalı və digər bu kimi istehsal və xidmət sahələri vardır.
Muxtar respublikada sənaye potensialının davamlı yüksəlişini, o cümlədən emal sənayesinin yüksək inkişafını və yerli məhsulların ixracına göstərilən xüsusi dövlət dəstəyini sübuta yetirən mühüm bir göstərici ondan ibarətdir ki, birinci rübdə daxili tələbatdan artıq istehsal olunmuş 14 milyon 542 min 300 ABŞ dolları dəyərində, 56 növdə sənaye məhsulları qonşu xarici ölkələrə və respublikamızın digər bölgələrinə ixrac olunmuşdur.
Hesabat dövründə bütün maliyyə mənbələri hesabına əsas kapitala 78 milyon 178 min 500 manat məbləğində investisiya yönəldilmişdir. 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə istifadə edilmiş investisiyanın həcmi 34,3 faiz və ya 19 milyon 973 min 300 manat artmışdır. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi 44,1 faiz artaraq 71 milyon 803 min 600 manat olmuşdur. Bu, əsas kapitala yönəldilmiş investisiyanın 91,8 faizini təşkil edir. Tikinti və ya əsaslı təmirdən sonra ümumilikdə 98 müxtəlif təyinatlı obyekt istifadəyə verilmiş, 213 obyektin isə tikintisi və ya əsaslı təmiri davam etdirilməkdədir.
2010-cu ilin yanvar-mart aylarında muxtar respublikada sahibkarlara 9 milyon 383 min 862 manat güzəştli kreditlər verilmişdir. Bu dövr ərzində sənaye sahəsinə 4 milyon 6 min 57 manat, tikinti sahəsinə 898 min manat, kənd təsərrüfatı sahəsinə 2 milyon 264 min 673 manat, topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri sahəsinə 477 min 600 manat, nəqliyyat, anbar təsərrüfatı və rabitə sahəsinə 90 min manat, maliyyə fəaliyyətinə 800 min manat, digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi sahəsinə isə 847 min 532 manat məbləğində kreditlər verilmişdir. Kreditlərin 4 milyon 680 min manatını və ya 49,9 faizini Sahibkarlığa Kömək Fondunun vəsaitləri, 2 milyon 636 min 562 manatını və ya 28,1 faizini bankların öz vəsaitləri, 2 milyon 67 min 300 manatını və ya 22 faizini isə bank olmayan kredit təşkilatları və kredit ittifaqlarının vəsaitləri təşkil etmişdir. Əhalinin gəlirləri 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 19,3 faiz artaraq 186 milyon 413 min manata, onun adambaşına düşən həcmi isə 15,4 faiz yüksələrək 463 manata çatmış, 601 daimi iş yeri açılmışdır.
Əhalinin yaşayış səviyyəsini xarakterizə edən mühüm iqtisadi göstəricilərdən biri orta aylıq əmək haqqının məbləğidir. Hesabat dövründə muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əmək haqqının məbləği 2009-cu ilin müvafiq dövrünə nisbətən 9,2 faiz artmış, 273,3 manat olmuşdur.
2010-cu ilin ilk rübündə muxtar respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlar, fiziki şəxslər tərəfindən 29 milyon 285 min 600 ABŞ dolları məbləğində xarici ticarət dövriyyəsi aparılmışdır. Bu, 2009-cu ilin müvafiq dövründəki səviyyəni 7,5 faiz üstələyir. İxracın həcmi 2009-cu ilin yanvar-mart aylarına nisbətən 5 dəfədən çox artmış, xarici ticarət dövriyyəsində 18 milyon 137 min 200 dollarlıq müsbət saldo yaranmışdır.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.