Azərbaycanın enerji siyasətində mühüm uğurlar əldə edilmişdir

{nl}

Azərbaycan 2010-cu ildə bölgənin bir çox ölkəsinə yanacaq ehtiyatlarının nəqlini həyata keçirməklə diversifikasiya siyasətini gücləndirib. Ölkəmiz yola saldığımız ildə dünyanın 30-a yaxın ölkəsinin enerji təminatında mühüm rol oynamaqla qlobal iqtisadiyyatda xüsusi çəkiyə malik dövlət olduğunu təsdiqləyib.
Yola saldığımız ildə Azərbaycan yanacaq-enerji sektorunda böyük nailiyyətlər əldə edib. Rusiya istiqamətində Şimal marşrutunun nəql gücünün artırılması, İrana qaz ixracına başlanılması, qardaş Türkiyə ilə yeni əsrin ən mühüm iqtisadi hadisələrindən biri olan tranzit sazişinin imzalanması, AGRİ layihəsinin əsasının qoyulması, digər dövlətlərlə yanacaq nəqlinə dair razılaşmaların əldə olunması, karbohidrogen ehtiyatlarının axtarış-kəşfiyyat işlərinin uğurla aparılması və yeni enerji bloklarının kəşf edilməsi 2010-cu ilin uğurlarını şərtləndirən amillər kimi dəyərləndirilə bilər.
Ötən ilin ən zəngin iqtisadi yeniliklərindən biri iyun ayında Azərbaycanla Türkiyə arasında təbii qazın satışı və nəqli üzrə sazişin imzalanmasıdır. Yeni sazişi imzalamaqla Azərbaycan və Türkiyə regionda əməkdaşlıq və təhlükəsizlik dəhlizinin möhkəmlənməsi üçün yeni təməllər yaradıb.
Ötən il Azərbaycan, Gürcüstan və Rumıniyanın dövlət başçılarının, Macarıstanın isə baş nazirinin iştirakı ilə AGRİ layihəsinə dair imzalanan saziş geoiqtisadi əhəmiyyətinə görə, böyük strateji məzmun kəsb edir. Bu layihə Xəzər-Qara-Aralıq dənizlərinin əhatə olunduğu hövzənin enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verməklə yanaşı, yeni strateji əməkdaşlıq platformalarının formalaşmasına və uzunmüddətli perspektivdə davam etdirilməsinə əlverişli zəmin yaradır. Ötən il "Çıraq" neft layihəsinə dair imzalanmış sazişin xüsusi əhəmiyyətini də qeyd edə bilərik. Belə ki, Dövlət Neft Şirkəti ötən ilin mart ayında bp şirkəti ilə dəyəri 6 milyard dollar olan "Çıraq" neft layihəsinə sanksiya verib. Bundan bir müddət sonra isə bp ilə Azərbaycan arasında ən zəngin neft-qaz bloklarından biri sayılan "Şəfəq-Asiman" yatağının işlənməsinə dair saziş imzalanıb. Hazırda isə "Ümid" yatağının kəşfi davamlı uğurların daha bir komponenti kimi ölkəmizin iqtisadi qüdrətini artırır və respublikamızın enerji siyasətini daha da zənginləşdirir.
Ötən ilin ən mühüm hadisələrindən biri Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi olmuşdur. Bu layihə infrastruktur bölməsində ən böyük və ölkəmiz üçün strateji əhəmiyyəti ilə diqqəti cəlb edir. Ümumiyyətlə, ötən il ölkəmizdə iri infrastruktur layihələrinin icrası, yeni sosial və iqtisadi obyektlərin açılması baxımından mühüm əhəmiyyət kəsb edir. 2010-cu ildə ölkənin regionlarında mövcud olan iqtisadi potensialdan səmərəli istifadə olunması, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsi infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, təhsil, səhiyyə, idman-sağlamlıq, mədəniyyət obyektlərinin istifadəyə verilməsinə səbəb olub. Regionların iqtisadi inkişafına dair ilk proqramın uğurla başa çatmasından sonra qəbul olunmuş ikinci Dövlət Proqramının 2010-cu ildə icrasının sürətlənməsi qeyri-neft sektorunun inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, bununla əhalinin məşğulluğunun artırılmasına və yoxsulluğun azaldılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyətinin yüksəldilməsinə, iqtisadiyyata investisiya qoyuluşunun artmasına mühüm təkan verib, bu istiqamətdə geniş imkanlar açıb.
Əvvəlki illərdə olduğu kimi, 2010-cu ildə Prezident İlham Əliyevin bölgələrə müntəzəm səfərlərinin və rayonlarda əhali ilə keçirilən görüşlərinin intensiv xarakter alması, eləcə də, yerlərdə sosial-iqtisadi vəziyyətlə hərtərəfli tanış olması, regionların inkişafı, yoxsulluğun azaldılması ilə bağlı müəyyən edilmiş strateji proqramlar üzrə konkret tapşırıqlar və göstərişlər verməsi proqramın icrasının və əhatəliliyinin daha da sürətlənməsinə səbəb olub.
2010-cu ildə sahibkarlığın davamlı inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması, daxili və xarici investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində özəl sektorun ölkə iqtisadiyyatında payı 80 faizdən çox olub. Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsinin daha effektiv mexanizminin yaradılması sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarını asanlaşdırıb. Ötən dövr ərzində minlərlə sahibkara kreditlərin verilməsi təmin edilib. Bu müddət ərzində vergi yükünün azaldılması və vergi prosedurlarının asanlaşdırılması, dövlət qeydiyyatında və sərhəd-buraxılış məntəqələrində "bir pəncərə" prinsipinin tədbiqi, sahibkarların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi özəl sektorun inkişafını daha da sürətləndirib.
Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı, onun davamlı artımı, maliyyə ehtiyatlarımızın çoxalması, konstruktiv borclanma siyasəti, habelə onun böhrana qarşı nümayiş etdirdiyi dayanıqlılıq beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməkdədir. Dünyanın nüfuzlu reytinq agentlikləri və maliyyə institutları 2010-cu ildə də ölkəmizin makroiqtisadi vəziyyəti barədə qənaətbəxş qiymət verib, nikbin proqnozlarını açıqlayıb. "Fitch" Beynəlxalq Reytinq Agentliyi 2010-cu ildə ölkəmizə ilk dəfə olaraq "sabit" investisiya reytinqini verib. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan "Doing Business 2010" hesabatında isə Azərbaycanın biznes mühitinin yaxşılaşdırılması sahəsində islahatçı ölkə mövqeyi yüksək dəyərləndirilib, həmin hesabatda ölkəmiz öz mövqelərini qoruyub saxlayıb. Dünya İqtisadi Forumunun "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan ötən il olduğu kimi, bu il də MDB ölkələri arasında liderdir. "Standard and Poor's" Beynəlxalq Reytinq Agentliyi isə ölkə iqtisadiyyatını əks etdirən göstəricini "stabil"dən "pozitiv"ə yüksəldib.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında