Azərbaycanın qazma sənayesində növbəti rekorda nail olunub

Azərbaycanın neft sənayesinə ən müasir qazma texnologiyaları gətirən SOCAR-AQŞ MMC birgə müəssisəsi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib.

Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının müxtəlif üsullarla qazılması, mənimsənilməsi, quyuların əsaslı təmiri, eləcə də çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir. Hazırda SOCAR-AQŞ “Günəşli” yatağının dayaz sulu hissəsində yerləşən  7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı, “Ümid’’ yatağının 1 saylı və  “Bulla’’ yatağının 6 saylı stasionar dərin dəniz özüllərində  qazma işləri aparır.

Bu günlərdə müəssisə  “Bulla” yatağında 78 nömrəli quyuda ümumi çəkisi 530 ton olan qoruyucu kəmərin birdəfəyə endirilməsi və sementlənməsini yekunlaşdırıb. Bu, Azərbaycanın qazma sənayesində növbəti rekord göstərici sayıla bilər. 6 saylı dərin dəniz stasionar özülünün qurğu rəisi Nəriman Müstafayev sözügedən quyuda aparılan qazma işləri barədə məlumat verərək bildirib ki, indiyə kimi dərin quyularda qoruyucu kəmərin endirilməsi bir neçə mərhələdə həyata keçirilməklə yanaşı, vaxt itkisi, maliyyə vəsaitinin sərfiyyatı və əlavə risklərlə müşayiət olunduğu halda, SOCAR-AQŞ MMC-nin peşəkar qazma briqadası bu əməliyyatı qısa müddətdə və  uğurla başa çatdırmağa nail olmuşdur. Milli qazma sənayesində ilk dəfə olaraq yeni texnika və texnologiyalardan istifadə etməklə dərin quyularda ağır çəkili qoruyucu kəməri birdəfəyə endirmək cəhdinin uğurla həyata keçirildiyini deyən qurğu rəisi əlavə edib ki, sementləmə əməliyyatı da bir mərhələdə uğurla aparılmışdır.

Hazırda müəssisə buradakı 6 saylı dərin dəniz stasionar özülündən layihə dərinliyi 5900 metr olan 78 nömrəli axtarış quyusunda qazma işlərini uğurla davam etdirir. Azərbaycan milli qazma sənayesində analoqu olmayan Drillmec HP 3 min at gücünə malik olan yeni nəsil qazma avadanlığından uğurla istifadə edilərək uzunluğu 4938 metr, ümumi çəkisi havada 530 ton olan13 3/8 qoruyucu kəmərin quyuya birdəfəyə endirilməsinə və uğurla sementlənməsinə nail olunub.

SOCAR-AQŞ-dən verilən məlumata görə, artıq 78 nömrəli axtarış quyusunda növbəti seksiyanın qazılmasına hazırlıq işlərinə başlanılıb. Yeni quyunun məhsuldar qatın VIII horizontuna qazılması planlaşdırılır və növbəti seksiyada qazla zəngin məhsuldar qata daxil olunması nəzərdə tutulur. Layların litoloji və kollektor xüsusiyyətlərini müəyyən etmək üçün 5-ci, 7-ci və 8-ci horizontlardan süxur nümunələri götürüləcək.

Bu günlərdə isə müəssisə “Günəşli” yatağının dayaz sulu hissəsindəki 11 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 4075 metr olan 31 saylı quyunun tikintisi işlərini təhlükəsiz və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırib.

Bundan əlavə, SOCAR-AQŞ-nin kollektivi “Qərbi Abşeron” yatağında da qazma işlərini uğurla davam etdirir. Bir neçə gün bundan əvvəl qazmaçılar 20 saylı stasionar dəniz özülündən 32 nömrəli quyunun tikintisi işlərinə start veriblər. Layihə dərinliyi 740 metr olan yeni quyunun Qırməki Dəsti-3 horizontuna qazılması planlaşdırılır. Xatırladaq ki, sözügedən quyuların sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

Yeri gəlmişkən, qazma sahəsində zəngin təcrübəyə əsaslanan, dəyərlərinə daim sadiq qalan SOCAR-AQŞ həmişə olduğu kimi, bu və növbəti quyuları da sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtda və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil vermək əzmindədir.

   Mirbağır YAQUBZADƏ, 
  “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında