Azərbaycanda dəmir yolunun dinamik inkişafı ulu öndərin adı ilə bağlıdır

Ulu öndərimiz Heydər Əliyev Azərbaycan tarixində özünəməxsus yer tutan nadir tarixi şəxsiyyətlərdəndir. Onun zəngin irsi hələ uzun müddət siyasətşünasların, filosofların, tarixçi və araşdırmaçıların tədqiqat mənbəyi olacaq. Ümummilli lider 14 ildir aramızda olmasa da, onun ideyaları, siyasi irsi, yaratdığı dövlətçilik məktəbi, bizə ərməğan etdiyi müstəqil və demokratik Azərbaycan inkişaf edir, yeni-yeni uğurlar qazanır.

1970-80-ci illərdə respublikamızı keçmiş ittifaq məkanında bütün sahələrdə inkişafına görə qabaqcıl respublikalar sırasına çıxaran görkəmli dövlət xadimi Heydər Əliyev həmin vaxtlarda Azərbaycanın müstəqil gələcəyi üçün hərtərəfli potensialın yaradılmasını təmin etmişdir. 1993-cü ildə xalqın iradəsi ilə respublika rəhbərliyinə qayıtdıqdan sonra da ulu öndərimiz müstəqil Azərbaycan dövlətinin qurulması və inkişaf etidirilməsi kimi mühüm və şərəfli tarixi vəzifəni yüksək səviyyədə həyata keçirmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası, zəngin dövlətçilik təcrübəsi və qətiyyəti müstəqilliyin ilk illərindən respublikada baş verən xaos və anarxiya elementlərinin qısa müddətdə aradan qalxmasına, dərinləşən sosial-iqtisadi böhranın qarşısının alınmasına imkan vermişdir. Bu mühüm amillər, eyni zamanda, Ermənistanla müharibədə atəşkəsin əldə olunması, 1994-cü ildə milli iqtisadiyyatın perspektiv inkişafına yol açan “Əsrin müqaviləsi”nin imzalanması 1995-ci ildən müstəqil Azərbaycanın sabit və uzunmüddətli inkişaf yoluna çıxmasına şərait yaratmışdır.

Bazar iqtisadiyyatı münasibətlərinə keçid şəraitində ulu öndərimiz Heydər Əliyevin əhalinin sosial risklərdən müdafiəsini milli inkişafda ön plana çıxarması, bu məqsədlə bütün zəruri tədbirləri görməsi ölkədə müasir dövlət quruculuğunun, iqtisadi inkişaf strategiyasının ilk növbədə sosial ədalət prinsipi üzərində formalaşmasına səbəb olub. Bunun əyani təzahürü kimi, mütəmadi xarakter alan iqtisadi artım dinamikası sosial müstəvidə də hər il mühüm addımların atılması ilə müşahidə edilib. Ümumilikdə, 1995-2003-cü illərdə respublikada pensiya və müavinətlərin orta aylıq məbləğinin 8 dəfə, orta aylıq əməkhaqqının 6 dəfədən çox artmasına nail olunmaqla, məşğulluq səviyyəsi də ildən-ilə yüksəlib.

Ulu öndərimiz Azərbaycana rəhbərliyinin birinci dönəmində respublikanın inkişaf tempinin, genişmiqyaslı quruculuq işlərinin ardıcıl xarakter alması üçün davamlı islahatlar reallaşdırılmışdır. Dahi şəxsiyyətin rəhbərliyi ilə həyata keçirilən iri layihələrin icrası nəticəsində daha çox kənd təsərrüfatı respublikası olan Azərbaycan sənaye respublikasına çevrilmişdir. Bu dövrdə neft-kimya, maşınqayırma, metallurgiya, mədənçıxarma və digər sahələr əhəmiyyətli dərəcədə inkişaf etməyə başlamışdır.

Azərbaycan həmin dövrdə sənaye məhsulunun artım tempinə görə ittifaq ölkələri arasında ilk yerlərdən birini tutmuşdur. 1970-1980-ci illərdə respublikamızda istehsal olunan sənaye məhsulunun payı ÜDM-də 66 faizə çatmışdır. Bu illər ərzində respublikada 400-ə yaxın yeni sənaye müəssisəsi tikilərək istifadəyə verilmişdir. 1969-cu ildə sənaye obyektlərinin sayı 735 idisə, 1982-ci ildə bu rəqəm 1048-ə çatdırılmışdır.

Azərbaycanın sürətli inkişaf dinamikası tikinti-quraşdırma, nəqliyyat, infrastruktur bölmələrinə də təkan vermişdir. Nəhəng inşaat meydançasını xatırladan respublikamızda aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində bir neçə il ərzində yeni yaşayış massivləri, binalar, məktəblər tikilmiş, yollar salınmışdır.

Respublikamızda dəmir yolunun inkişaf tarixinin böyük bir hissəsi də Heydər Əliyevin adı ilə sıx bağlıdır. Məhz ümummilli liderimizin diqqət və qayğısı sayəsində ötən əsrin sonlarında dəmir yolu infrastrukturu öz tərəqqisinin zirvəsinə çatmışdır. Ulu öndər istər Azərbaycan Respublikasında, istərsə də keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən dəmir yolunun fəaliyyətini daim diqqət mərkəzində saxlamış və onun inkişafına xüsusi önəm vermişdir. Bununla bağlı bəzi faktlara nəzər salaq. Dahi şəxsiyyətin təşəbbüsü və rəhbərliyi ilə keçmiş SSRİ-nin ən böyük çeşidləyici stansiyalarından olan Şirvan stansiyası, Yevlax-Balakən, Güzdək-Qaradağ dəmir yolu xətləri, Azərbaycan Dövlət Dəmir Yolunun öz fəaliyyətini həyata keçirməsində çox mühüm əhəmiyyət daşıyan digər dəmir yolu stansiyaları inşa edilərək istismara verilmişdir. Görülən işlərin nəticəsində dəmir yolu vasitəsilə daşınan yüklərin həcmi həmin dövrdə 80-90 milyon tona çatdırılmışdır.

Bir faktı da xatırlatmaq istərdim. Konteynerlərin təmiri üzrə Keşlə vaqon deposu hazırda Zaqafqaziyada bu sahədə ixtisaslaşdırılmış yeganə müəssisədir. 1975-ci ildə ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə yaradılmış bu depo hazırda dəmir yolunun fəaliyyətində aparıcı rol oynayaraq, bütün konteyner parkının əsaslı və planlı cari təmirini reallaşdırır.

Yuxarıda sadalananlarla yanaşı, 1975-79-cu illərdə Bakı elektrik dairəsində yoldəyişdirici və siqnalların mərkəzləşdirilməsi sahəsində böyük işlər görülmüş, Gəncə şəhərində texnikanın son nailiyyətlərinə uyğun müasir texnologiyalı yük vaqonlarının təmiri və istismarı, habelə sutka ərzində 60 ədəd elektrovoza texniki baxış keçirmək gücündə olan Şirvan dövriyyə depoları tikilib istifadəyə verilmişdir.

Azərbaycanın Baykal-Amur Magistralı (BAM) adlandırılan 160 kilometr uzunluğunda və ən çətin sahədən keçən Yevlax-Balakən dəmir yolu ulu öndərin birbaşa diqqət və qayğısı ilə çəkilmişdir. Həmin xəttin tikintisi zamanı burada yeni stansiyalar, yaşayış evləri, uşaq bağçaları, məktəblər inşa edilmiş və 1985-ci ildə istifadəyə verilmişdir.

Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra dövlətçiliyimizi faktiki olaraq qurmağa, onun milli dövlətçilik atributlarını formalaşdırmağa başladı. Həyata keçirilən iqtisadi siyasət nəticəsində ölkədə planlı təsərrüfatdan bazar iqtisadiyyatına keçid prosesi sürətləndi, iqtisadiyyatın tarazlı inkişafı üçün kompleks tədbirlər reallaşdırıldı. Davamlı iqtisadi qərarların qəbulu qiymət indeksinin 2-3 il ərzində aşağı salınmasına və inflyasiyanın 11-12 faizə düşməsinə gətirib çıxardı. Əhalinin pul gəlirləri, orta aylıq əmək haqqı, pensiya məbləği 3-4 dəfə artdı. 1995-ci ildən sabitləşməyə başlayan iqtisadiyyat inkişaf üçün baza rolunu oynadı və növbəti illərdə bu tendensiya özünü daha qabarıq şəkildə göstərməyə başladı.

Bütün bu iqtisadi uğurların əldə edilməsində, şübhəsiz ki, Azərbaycanın dəmir yolu ­infrastrukturunun inkişafının diqqət mərkəzində saxlanılması da öz müsbət təsirini göstərmişdir.

1998-ci il yanvar ayının 4-də Dübəndi terminalının və stansiyasının açılış mərasimində ümummilli lider Heydər Əliyev iştirak etmiş, burada görülən işləri, dəmir yolunun fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Mən bu gün burada verilən məlumatları çox məmnuniyyət hissi ilə qəbul edirəm ki, Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi buraxılmış səhvləri artıq aradan qaldırır və öz işinin keyfiyyətini yaxşılaşdırır, yaxşı iqtisadi nəticələr əldə edir. Bu, çox vacib məsələdir. Çünki dəmir yolu Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir. Azərbaycan dəmir yolunu on illərlə yaratmışıq, onun ­maddi-texniki bazasını qurmuşuq. Təəssüflər olsun ki, 1990-cı ildən başlayaraq, Azərbaycan Dövlət Dəmir Yolunda da çox şeylər dağılıbdır, itirilibdir. Yaxşı ki, indi bunların qarşısı alınır. Mən indi Azərbaycan Dövlət Dəmir Yolunda inkişafı hiss edirəm”.

2003-cü ildə prezident seçkiləri zamanı namizədliyini İlham Əliyevin xeyrinə geri götürən ulu öndər həmin vaxt qeyd edirdi: “Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var. Son vaxtlar səhhətimdə yaranan bəzi problemlər mənə imkan vermir ki, bütün bu başladığım, nəticələrini aydın gördüyüm işləri tamamlayım. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ulu öndərin siyasi xəttinin layiqli davamçısı, dövlətimizin başçısı cənab İlham Əliyev prezident seçildikdən sonra dəmir yolu sistemində də ardıcıl tədbirlər həyata keçirilməyə başlanıldı. Ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycan Dəmir Yollarının beynəlxalq standartlara uyğun qurulması istiqamətində reallaşdırılan bir sıra mühüm tədbirlər dəmir yolu infrastrukturunun inkişafını sürətləndirdi.

Bu gün inamla deyə bilərik ki, Prezident İlham Əliyev tərəfindən göstərilən xüsusi diqqət və qayğı dəmir yolu sektorunun dinamik inkişafı üçün böyük imkanlar yaratmışdır. Dövlətimizin başçısının respublikamıza rəhbərlik etdiyi 13 il ərzində bu sahədə baş vermiş dəyişikliklərlə yanaşı, mühüm uğurlar da əldə olunmuşdur. Beynəlxalq maliyyə qurumları ilə sözügedən Qapalı Səhmdar Cəmiyyət (QSC) arasında əlaqələr daha da intensivləşmişdir. İslahatların aparılması sürətlənmişdir. QSC-nin vaqon parkının yenilənməsi istiqamətində mühüm addımlar atılmışdır. Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin yeniləşdirilməsi diqqət mərkəzində saxlanılmışdır. Bütün bunlar isə əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına yönəldilməsi ilə nəticələnmişdir.

Dövlət başçısı İlham Əliyev tərəfindən bu gün dəmiryolçular qarşısında qoyulan ən mühüm tapşırıq yük daşımalarının, xüsusi ilə tranzit yük daşımalarının həcminin artırılmasıdır. Bu məqsədə isə daşımaların sürətini artırmaqla, daşınan yüklərin təhlükəsizliyini təmin etməklə, çevik tarif siyasətini, irimiqyaslı logistika və marketinq işini canlandırmaqla çatmaq mümkündür. Yuxarıda xatırlatdığım kimi, hazırda QSC-də bu istiqamətdə önəmli tədbirlər reallaşdırılır, tranzit yüklərin ölkə ərazisindən keçirilməsi nəticəsində əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına cəlb olunmasına xüsusi diqqət yetirilir.

QSC-də son dövrdə əldə edilən ən mühüm uğurlardan biri də 2015-ci il sentyabrın 12-də
84 kilometr uzunluğu olan Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən sürətli elektrik qatarının istifadəyə verilməsidir. Ötən müddət ərzində bu qatardan artıq 1 milyon 400 mindən çox vətəndaş istifadə etmişdir. Hazırda 98 kilometr uzunluğu olan Bakı-Pirşağı-Sumqayıt dəmir yolunun təmiri aparılır ki, bunun nəticəsində Bakı-Biləcəri-Sumqayıt-Pirşağı-Bakı dairəvi dəmir yolu sərnişinlərin istifadəsinə veriləcək.

Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə yenidən qurulmuş Bakı dəmir yolu vağzalı binası əsaslı təmir olunduqdan sonra, 2017-ci il fevralın 10-da, cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilmişdir. Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı artıq fəaliyyətə başlamışdır. Yaxın gələcəkdə isə Astara-Rəşt dəmir yolunun inşası başa çatdırılacaq və bundan sonra Naxçıvan-Bakı qatarı işə salınacaq. Bununla da Naxçıvan əhalisinin Bakı ilə dəmir yolu vasitəsilə rahat və asan əlaqəsi təmin olunacaq.

Azərbaycan dəmir yollarının beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya olunması üçün müvafiq infrastrukturun yaradılması istiqamətində lazımi tədbirlər görülməkdədir. Bakı-Tbilisi-Qars dəmir yolunun artıq bu il istismara verilməsi planlaşdırılır. Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat marşrutları çərçivəsində Azərbaycan və İran dəmir yollarının birləşdirilməsinə dair işlər də sürətlə aparılır. Azərbaycan ərazisində 2016-cı il aprelin 20-də başlayan tikinti işləri qısa müddət ərzində başa çatdırılıb. Görülən işlər nəticəsində, ümumilikdə, 16 kilometrdən çox dəmir yolunun və Azərbaycan-İran sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğu olan körpünün tikintisi tam yekunlaşdırılıb, bu il martın 3-də ilk sınaq qatarı inşa edilən körpüdən keçərək İrana daxil olub. Qonşu ölkənin ərazisində 1,4 kilometr uzunluğunda yolun və yük terminalının inşası isə hazırda davam edir.

Dəmir yolu sistemində idarəetmənin daha səmərəli həyata keçirilməsi istiqamətində tədbirlər də uğurla həyata keçirilir. Azərbaycan Dəmir Yollarında maliyyə hesabatlılığı sistemində səmərəliliyə və şəffaflığa nail olunması məqsədi ilə onun beynəlxalq maliyyə hesabatlılığı standartlarına uyğun qurulması və sənəd dövriyyəsinin tam elektronlaşdırılması işlərinə artıq başlanılması bunun bariz ifadəsidir.

Azərbaycan Prezidentinin ölkədə yürütdüyü müdrik sosial siyasət dəmiryolçuların sosial rifahının yaxşılaşdırılması istiqamətində də əməli işlərin görülməsinə təkan verib. Uzun müddət mənzil növbəsində dayanan 200-ə yaxın dəmiryolçu ailəsi yeni mənzillə təmin olunub. Hazırda Azərbaycan Dəmir Yollarında 22063 işçi çalışır ki, onların da orta aylıq əməkhaqqı 30 faiz artırılıb. Son dövr ərzində isə 2 min yeni iş yeri yaradılıb. Dəmiryolçuların iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Dəmir Yollarının inzibati binası əsaslı təmir edilərək istismara verilib. Möhtərəm dövlət başçımızın təşəbbüsü ilə formalaşdırılan və dünya səviyyəsində tanınan Azərbaycan brendinə çevrilən “ASAN xidmət” innovasiya sisteminin bir hissəsi olan “ASAN qatar” istifadəyə verilib və qısa müddət ərzində regionlarda
10 minə yaxın vətəndaşa xidmət göstərib.

Yuxarıda deyilənlərdən bir daha aydın olur ki, respublika iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti beynəlxalq və regional layihələrdə iştirakını reallaşdırmaqla öz infrastrukturunu qoruyub saxlayır, əhalinin, dövlət strukturlarının daşımalara olan tələbatının ödənilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir.

Müasir müstəqil Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, azərbaycançılıq ideologiyasının bərqərar olması nəticəsində bu gün Azərbaycan yüksək səviyyədə inkişaf edən bir ölkəyə çevrilib. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

İqtisadiyyatın şaxələndirilməsi, ixrac potensialının genişləndirilməsi və qeyri-neft sektoru məhsullarının ixrac həcminin artırılması bu gün ölkə iqtisadiyyatının prioritet istiqamətlərindəndir. Hazırda Azərbaycanda turizm, kənd təsərrüfatı və digər qeyri-neft sahələrində önəmli işlər görülür, əlverişli biznes mühiti yaradılır.

2003-cü ildən ötən dövrdə ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasi kursunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dünyada və regionda baş verən proseslər nəzərə alınmaqla, praqmatik əsaslar üzərində uğurla davam etdirilməsi respublikanın dinamik inkişaf yolunda yeni möhtəşəm nailiyyətlər əldə etməsinə şərait yaradıb. 2003-2016-cı illər ərzində ümumdaxili məhsul istehsalının 8,4 dəfə artdığı, 1,7 milyon yeni iş yerinin yaradıldığı ölkəmizdə xüsusən qeyri-neft sektoruna əsaslanan iqtisadi inkişaf təmin olunur. Milli iqtisadiyyatın artıq 70 faizini təşkil edən bu sektorda hətta qlobal iqtisadiyyatda kəskin böhranın hökm sürdüyü şəraitdə də artım davam edir. Təkcə bu ilin ilk rübündə qeyri-neft sektoru 2,4 faiz, o cümlədən kənd təsərrüfatı 3,5 faiz, ölkənin valyuta ehtiyatları isə 1 milyard dollar çoxalıb.

Xeyrulla HÜMBƏTOV,
Yeni Azərbaycan Partiyası “Azərbaycan Dəmir Yolları”
Qapalı Səhmdar Cəmiyyəti üzrə təşkilatının sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında