Yeraltı qazsaxlama anbarları genişləndirilir

Son illər Azərbaycanın zəngin qaz ehtiyatlarının işlənməyə cəlb edilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər ölkəmizin ixrac imkanlarının xeyli artmasına səbəb olmuşdur. Artıq Azərbaycan dünyanın potensial qaz ixrac edən ölkələrinin siyahısında öz mövqeyini getdikcə möhkəmləndirir.
Bununla yanaşı, ölkə əhalisinin və iqtisadiyyatın "mavi yanacaq"la təminatının yaxşılaşdırılmasına da xüsusi diqqət yetirilir. Bu məqsədlə Dövlət Neft Şirkəti tərəfindən hazırlanmış yeni qaz proqramı uğurla həyata keçirilir. Həmin proqramda qaz hasilatının artırılması, yığım-nəql sisteminin təkmilləşdirilməsi və s. tədbirlər nəzərdə tutulur. Adı çəkilən proqramın reallaşdırılmasına başlanıldığı ötən dörd il ərzində hasilatın artırılması məqsədilə dənizdə ən müasir platformalar quraşdırılmış, yeni qaz quyuları qazılıb istismara verilmişdir. Bundan əlavə, yeni neft strategiyası çərçivəsində hasil olunmuş səmt qazı, eləcə də "Şahdəniz" yatağının istismara daxil edilməsi Azərbaycanın "mavi yanacaq"la təminatında ciddi dönüşə səbəb olmuşdur.
Artıq bir neçə ildir ki, ölkənin qaz təsərrüfatının işinin günün tələbləri səviyyəsində yenidən qurulması üçün mühüm tədbirlər həyata keçirilir. Xüsusən də payız-qış mövsümündə əhalinin "mavi yanacaq"la fasiləsiz təminatı üçün ciddi işlər görülür. Bu məqsədlə yeraltı qazsaxlama anbarları yenidən qurulur, ölkənin qaz təsərrüfatı üçün son dərəcə vacib olan həmin obyektlərin imkanları artırılır.
"Azneft" İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsində son illər bu baxımdan məqsədyönlü işlər görülmüşdür. Məlumat üçün bildiririk ki, hazırda idarənin tərkibində Qalmas və Qaradağ yeraltı qaz anbarları ilə yanaşı, quyuların əsaslı və yeraltı təmir sexi fəaliyyət göstərir. Yeraltı qaz anbarları mühüm dövlət əhəmiyyəti kəsb edən obyektlər kimi əhalinin payız-qış aylarında "mavi yanacağa" olan tələbatının tənzimlənməsində, magistral və ixrac qaz kəmərlərinin fasiləsiz istismarında mühüm rol oynayır.
Yeri gəlmişkən, Cənubi Qafqazda ilk yeraltı qaz anbarı Azərbaycanda yaradılmışdır. Bu ideyanın təşəbbüskarı isə ulu öndər Heydər Əliyev olmuşdur. Belə ki, ötən əsrin 70-ci illərində məhz onun göstərişi ilə ehtiyatları tükənmiş yataqların ərazisində yeraltı qaz anbarlarının yaradılmasına başlanılmışdır. Beləliklə, 1974-cü ildə Qalmas, 12 il sonra isə Qaradağ yeraltı qaz anbarları respublikanın qaz təsərrüfatının vacib obyektləri kimi istismara verilmişdir. Yeraltı qaz anbarları uzun illər istismarda olmasına baxmayaraq, buradakı qaz-kompressor aqreqatlarının gücü, qaz-şleyf xətləri, kollektorlar, avadanlıqlar və kommunikasiyalar günün tələblərinə cavab vermirdi. Buna görə də unikal obyektlərdən sayılan yeraltı qaz anbarlarının yenidən qurulmasına, qorunub saxlanmasına, onların düzgün istismarına, qabaqcıl texnologiyaların tətbiqinə və digər göstəricilərin yaxşılaşdırılmasına ciddi ehtiyac yaranmışdı. Təkcə onu demək kifayətdir ki, respublikamızın müstəqilliyi dövründə Qalmas və Qaradağ yeraltı qaz anbarlarına il ərzində ən yaxşı halda 1 milyard kubmetr qazın vurulması təmin olunmuşdur.
Ölkə Prezidenti İlham Əliyevin "Neft-qaz sənayesinin idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi" haqqında 2009-cu il 1 iyul tarixli sərəncamına əsasən "Azəriqaz" QSC Dövlət Neft Şirkətinin tabeliyinə verildikdən sonra yeraltı qaz anbarlarının imkanlarının artırılması istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Dövlət Neft Şirkəti tərəfindən reallaşdırılan yeni qaz strategiyasının tərkib hissələrindən olan yeraltı qaz anbarlarının tutumunun artırılmasına dair xüsusi proqram hazırlanmışdır. Ötən müddətdə bu istiqamətdə xeyli iş görülmüş, dövlət başçısı İlham Əliyevin müvafiq göstərişinə əsasən ölkənin yeraltı qaz anbarlarının tutumu üç dəfədən çox artırılmışdır. Belə ki, 2009-cu ildə Qaradağ yeraltı qaz anbarında 32 qaz qovşağı və təmizləyici qurğulardan, eləcə də digər müasir avadanlıqlardan ibarət olan yeni qazpaylama məntəqəsi tikilmiş, quyulara 50 kilometr uzunluğunda yüksək təzyiqli qaz- şleyf xətləri çəkilmiş və istismara verilmişdir.
2010-cu ildə quyularda əsaslı və cari təmir işlərinə diqqət xeyli artırılmışdır. İl ərzində Qalmas və Qaradağ yeraltı qazsaxlama anbarları üzrə müvafiq olaraq 46 və 26 quyuda əsaslı təmir işləri aparılmışdır. Bununla da, Qaz Anbarlarının İstismarı İdarəsi üzrə fəaliyyətdə olan quyuların sayı 137-yə çatdırılmışdır. Quyularda əsaslı və cari təmir işləri hazırda da davam etdirilir. Bütövlükdə isə idarənin ümumi istismar fonduna 155 quyu daxildir. Müqayisə üçün deyək ki, 2-3 il əvvəl istismar fondu cəmi 88 quyudan ibarət idi.
Son illər Qaz Anbarlarının İstismarı İdarəsinin kompressor təsərrüfatının işi də əsaslı şəkildə yaxşılaşdırılmışdır. Belə ki, Qalmas kompressor stansiyasında gündəlik məhsuldarlığı 7,5 milyon kubmetr olan əlavə iki ədəd müasir qaz-kompressor aqreqatı quraşdırılmışdır. Qaz anbarlarının həcminin artırılması məqsədilə 2009-cu ildə Qalmas qazsaxlama sexinin ərazisində 3 yeni quyu qazılmış və quyuağzı avadanlıqlar fontan armaturlarla quraşdırılmışdır. Cari ildə burada daha 6 quyunun qazıntısı planlaşdırılmışdır. Bundan əlavə, Qaradağ yeraltı qazsaxlama sexində bu il əlavə 2 yeni quyu qazılacaq. Məlumat üçün bildiririk ki, Qaradağ və Qalmas yeraltı qaz anbarlarında quyuların orta dərinliyi müvafiq olaraq 3000 və 1800 metrdir. Bu yaxınlarda hər iki anbarın qaz-mədən sahələrində quyuağzı fontan armaturları dəyişdirilmiş, quyuətrafı sahələr abadlaşdırılmış, quyulararası yollar çəkilmişdir. Bu işlər hazırda da davam etdirilir. Bundan əlavə, anbarların elektrik enerjisi ilə etibarlı təminatı məqsədilə yeraltı və hava elektrik ötürücü xətləri çəkilmiş, iki ədəd yeni transformator quraşdırılmışdır. Qaradağ yeraltı qaz anbarı üzrə quyulara vurulan və götürülən qazın uçotunun dəqiq aparılması məqsədilə müasir tələblərə cavab verən "Flobos-107" tipli elektron qaz sayğacları quraşdırılmışdır. Həmin sayğaclar qazın parametrlərini mərkəzləşdirilmiş şəkildə kompyuterə ötürür. Bu da texnoloji proseslərin gedişinə nəzarət edilməsinə və mümkün qəza hallarının qarşısının alınmasına imkan yaradır.
2009-cu ildə Qaradağ yeraltı qaz anbarında ikinci qaz-kompressor stansiyasının tikintisinə başlanılmış və burada müasir tələblərə cavab verən 5 ədəd "MKS-12" tipli qaz-kompressor aqreqatı quraşdırılmışdır. Həmin aqreqatların məhsuldarlığı isə əvvəlkilərdən beş dəfə artıqdır.
Qaz Anbarlarının İstismarı İdarəsinin rəisi Namiq Rəfiyev dedi: - Qaz anbarlarının həcminin artırılması, müasir tələblərə cavab verən kompressor stansiyalarının tikintisi, yeni qaz quyularının qazılması, eləcə də sosial və ekoloji problemlərin həlli məqsədilə hazırlanmış kompleks tədbirlər proqramının icrası ilə bağlı tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək üçün bütün imkanları səfərbər etmişik. Artıq dövlət başçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin ilkin mərhələdə qaz anbarlarını tutumunun 3 milyard kubmetrə çatdırılması ilə bağlı verdiyi tapşırıq yerinə yetirilmişdir. Proqramda nəzərdə tutulmuş texniki tədbirlərin uğurla həyata keçirilməsi üçün Dövlət Neft Şirkəti və "Azneft" İstehsalat Birliyi rəhbərliklərinin lazımi diqqət və qayğısı tapşırılan işlərin vaxtında yerinə yetirilməsinə imkan yaratmışdır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2010-cu ildə Qaradağ və Qalmas yeraltı qaz anbarlarına 3 milyard 57 milyon kubmetr "mavi yanacaq" vurulmuşdur. Bu da ölkənin payız-qış aylarında təbii qazla təminatı üçün imkan yaratmışdır. Onu da deyim ki, bu, ölkə üzrə indiyədək qeydə alınmış ən yüksək göstəricidir.
İdarə rəisi onu da bildirdi ki, hazırda yeraltı anbarlarda qaz qəbulu davam etdirilir. İndi ölkənin təbii qaza tələbatına uyğun olaraq anbarlara gün ərzində orta hesabla 15-20 milyon kubmetr qaz vurulur. Artıq yanvar ayının 4-nə hər iki anbar üzrə ümumilikdə 210 milyon kubmetr qaz götürülərək boru kəmərləri sisteminə nəql edilmişdir. Bu isə ölkənin sutkalıq təbii qaza olan tələbatının 40-50 faizini təşkil edir. Artıq 2011-ci ilin qazvurma mövsümünə hazırlıq məqsədilə Qaradağ və Qalmas yeraltı qaz anbarlarında yenidənqurma işləri davam etdirilir. Belə ki, hazırlanmış layihə-smeta sənədlərinə əsasən "Neftqaztikinti" Tresti tərəfindən Qalmas yeraltı qaz anbarı üçün 125 ədəd qaz qovşağından ibarət iki qazpaylama məntəqəsi tikilir, yeni qaz-şleyf xətləri çəkilir. Ötən müddətdə kollektivimizin sosial vəziyyətinin və iş şəraitinin yaxşılaşdırılması istiqamətində geniş tədbirlər həyata keçirilmişdir. Bu da işçilərin dərin rəğbətinə səbəb olmuşdur. Yeri gəlmişkən, ölkə Prezidenti cənab İlham Əliyev yaxın vaxtlarda qaz anbarlarına vurulan "mavi yanacağın" həcminin 5 milyard kubmetrə çatdırılması ilə bağlı konkret göstəriş vermişdir. Bu isə bizdən daha böyük məsuliyyətlə çalışmağı, anbar təsərrüfatı üzrə yeni işlərin həyata keçirilməsini tələb edir...{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında