Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Qələbənin varisləri” adlı konfrans keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Qələbənin varisləri” adlı tarixi-mədəni konfrans keçirilib. Konfrans Böyük Vətən müharibəsində Qələbənin 72-ci ildönümünə həsr olunub. “Poklonnaya qora”da yerləşən Böyük Vətən Müharibəsi Mərkəzi Muzeyində keçirilmiş konfransda RAGB fəalları, müharibə veteranları, Moskvanın aparıcı ali məktəblərinin tələbələri iştirak ediblər.

Konfransdan əvvəl tədbir iştirakçıları “Poklonnaya qora”da beynəlmiləl döyüşçülər abidəsi önünə güllər qoyublar.

Tədbiri açan RAGB idarə heyətinin sədri Emin Hacıyev konfrans iştirakçılarını Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-ın sədri Leyla Əliyevanın adından salamlayıb. O, faşizm üzərində Qələbəyə Azərbaycanın böyük töhfəsindən danışıb. “Azərbaycan alman faşizmi üzərində Qələbədə həlledici rol oynayıb. Çünki Azərbaycan nefti, Azərbaycan neftçiləri olmasaydı, müharibənin nəticələri tamam başqa cür ola bilərdi. Qırxıncı illərdə biz yaşda olanlar faşizm üzərində ümumi qələbə yolunda həyatlarını qurban veriblər. Bu, bizim ümumi qələbəmizdir – keçmiş Sovet İttifaqının bütün xalqlarının qələbəsidir”, - deyə RAGB nümayəndəsi bildirib. E.Hacıyev vurğulayıb ki, Azərbaycanda veteranlar dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunublar. XX əsrin sonunda Azərbaycan xalqının Qarabağ problemi ilə üzləşdiyini təəssüflə xatırladan E.Hacıyev deyib: “Azərbaycan sülhsevər ölkədir və məhz buna görə biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə tənzimlənməsini istəyirik ki, bizim regionda sülh yaransın”, - deyə E.Hacıyev bildirib.

Moskva Veteranlar Şurasının üzvü, Moskvada ilk dəfə olaraq 141 nömrəli məktəbdə Rixard Zorge Muzeyini yaradan Violetta Stromskaya məşhur bakılı, Sovet İttifaqı Qəhrəmanı, hərbi kəşfiyyatçı Rixard Zorgenin həyat və fəaliyyətindən maraqlı faktlar danışıb. O, həmçinin qeyd edib ki, Veteranlar Şurası və Azərbaycanın Rusiyadakı diasporu sıx əməkdaşlıq edir, birgə tədbirlər keçirir. “Mən gözəl və mərd azərbaycanlıları sevirəm. Arzu edirəm ki, Rusiya və Azərbaycan arasında dostluq getdikcə daha da möhkəmlənsin”, - deyə Violetta Stromskaya bildirib.  

Müharibə dövrü Stalinqradının sakini Yekaterina Zavyalova “Müharibə dövrü Stalinqradının uşaqlarının xatirəsi” (“Vospominaniya detey voyennoqo Stalinqrada”) kitabının nəşrindən danışıb. Kitabda uşaq yaşlarında Stalinqrad döyüşünü görmüş 34 nəfərin xatirələri yer alıb. Onlar doğma şəhərin dağılmasını, yaxınlarının həlak olmasını öz gözləri ilə görüblər, müharibənin gətirdiyi qorxu, aclıq, soyuq və digər məhrumiyyətlərə düçar olublar. 

Veteranlar bu görüşün təşkilinə görə RAGB və onun rəhbəri Leyla Əliyevaya təşəkkürlərini bildiriblər.

Konfrans çərçivəsində RAGB fəalları İlahə Ələkbərova, Əbülfəz Şahbazov, Aleksandr Poqodin, Validə Rzayeva, Susanna Qəhrəmanova, Kənan Rüstəmov və başqaları “Böyük Vətən müharibəsinin nəticələri və dərsləri”, “Azərbaycan Böyük Vətən müharibəsində”, “Gənclər və veteranlar – nəsillərin əlaqəsi” mövzularında məruzələrlə çıxış ediblər.

“Qələbəyə yol” 3D instalyasiyası konfrans iştirakçılarında xüsusi maraq doğurub. Müharibənin 1941-ci il iyunun 22-dən 1945-ci il iyunun 24-dək olan dövründə baş vermiş əsas hadisələrin tarixini canlandıran xüsusi effektlər tamaşaçının özünü həmin hadisələrin mərkəzində hiss etməsinə imkan yaradır. “Qələbəyə yol” işıq-səs instalyasiyası muzeyin konfrans keçirilən “Şöhrət” zalının divarlarında nümayiş etdirilir.

Fəridə Abdullayeva,
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında