Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında vətəndaş cəmiyyətinin rolu mühüm önəm daşıyır

Mayın 1-də Bakıda “Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda konfrans keçirilib.

BMT-nin Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə keçirilən konfransda baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov  bildirdi ki, hazırda dünyada on milyonlarla insan işsizlikdən əziyyət çəkir. Ayrı-ayrı ölkələrdə insanların orta ömrü 50-55 ildir, inkişaf etmiş ölkələrdə isə bu göstərici 75-80 ildir. Bütün bunlar BMT- ni ciddi şəkildə narahat edir. Ona görə də BMT bu problemlərin 2030-cu ilə kimi həll edilməsi məqsədlərini qarşıya qoyub. O da təəssüf doğurur ki, aclıq, yoxsulluq təbii və insan resursları ilə zəngin bir sıra Afrika və Asiya ölkələrində özünü göstərir. ABŞ-ın hərbi xərcləri 600 milyard dolları keçib, Avropa İttifaqında gündəlik 1 iş saatı orta hesabla 8 avrodur, dünyada 1 milyard insan isə gündəlik 1 dollara məhkumdur.

Ə. Əhmədov qeyd etdi ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulan Azərbaycan inkişaf edən ölkələr sırasına daxildir. Belə ki, son 12 ildə Azərbaycan iqtisadiyyatı 3,5 dəfə artıb. Azərbaycanda təhsil, səhiyyə infrastrukturunun yenilənməsi sahəsində mühüm iş görülüb. Azərbaycanda Minilliyin İnkişaf Məqsədlərinin tətbiqi dövründə ifrat yoxsulluq aradan qaldırılıb, mütləq yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə qədər azaldılıb, məktəblərə qeydiyyat dərəcəsi ibtidai, ümumi və tam orta təhsil səviyyələrində 99,8-100 faizə çatdırılıb, gender bərabərliyinin təşviqi və qadınların səlahiyyətlərinin artırılmasında tərəqqiyə nail olunub, 1000 yeni doğulan körpə arasında 5 yaşadək uşaq ölümü göstəricisi 28-dən 12,8-ə düşüb. Uşaq və ana ölümü əhəmiyyətli dərəcədə azalıb,   yoluxucu və digər xəstəliklərə qarşı mübarizə gücləndirilib,   malyariyanın qarşısı tamamilə alınıb, ətraf mühitin mühafizəsi və qorunması üçün qlobal tərəfdaşlığın təmin olunmasında mühüm irəliləyiş əldə edilib. Bütün bunlar ölkəmizdə insanların həyat səviyyəsini köklü şəkildə dəyişib. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulmaqda Azərbaycanın məqsədi əhalinin rifahını daha da yüksəltməkdir. Şübhə yoxdur ki, Azərbaycan iqtisadiyyatının inkişafı yeni mərhələyə qədəm qoyacaq. Məqsəd həyat səviyyəsini Avropa standartlarına yaxınlaşdırmaqdır. Bu hədəf və məqsədlər milli proqramda əksini tapıb.

Baş nazirin müavini Əli Əhmədov  Azərbaycan müstəqilliyinin ilk dövründə vətəndaş müharibəsi, dərin iqtisadi tənəzzül, Ermənistanın hərbi təcavüzü ilə üzləşib, torpaqlarının 20 faizi işğal edilib, 1 milyondan çox azərbaycanlı öz yurdundan didərgin düşüb. Bu çətinliklərə baxmayaraq, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycan postsovet ölkələri arasında Minilliyin İnkişaf Məqsədlərinə (MİM) ilk sıralarda nail olmağı bacarıb. Bu, o deməkdir ki, Azərbaycan MDB ölkələri arasında daha sürətlə inkişaf edib və beynəlxalq ictimaiyyət qarşısında təhsil, səhiyyə, gender bərabərliyi, idarəetmə və iqtisadi inkişaf sahəsində üzərinə götürdüyü öhdəlikləri uğurla yerinə yetirib. 

Prezident İlham Əliyevin inam və əzmkarlıqla həyata keçirdiyi siyasi xətt, davamlı islahatlar Azərbaycan iqtisadiyyatının rəqabətə davamlılığını artırıb, insan inkişafı indeksində yüksəlişini təmin edib,   sürətlə irəliləyən azsaylı dünya ölkələrindən birinə çevirib. Bu siyasət   indiki sosial-iqtisadi inkişaf tempini qorumaqla Azərbaycanın sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin edir.

Azərbaycanda qurulan iqtisadi model öz humanizmi ilə sosial bazar konsepsiyasına, insan kapitalına əsaslanan bilik iqtisadiyyatı fəlsəfəsinə, əhatəliliyinə, davamlı inkişaf prinsiplərinə və maraqların uzlaşdırılmasına görə sosial korporatizmə uyğun gəlir. Bu modelin qeyri-adiliyi ondadır ki, sosial-iqtisadi və mədəni inkişafı balanslı və əhatəli şəkildə təmin edir, ekoloji tarazlığı qoruyur və cəmiyyətin siyasi sabitliyi üçün zəmin kimi çıxış edir. Bunun nəticəsi olaraq Azərbaycan Davamlı İnkişaf Məqsədləri üzrə Milli Məsləhətləşmələr aparmaq üçün seçilən 80 ölkədən biridir.

Baş nazirin müavini daha sonra diqqətə çatdırıb ki, Azərbaycanda güclü vətəndaş cəmiyyəti təsisatı formalaşıb. Bu təsisatın iştirakı ilə qarşıya qoyulan məqsədlərə daha sürətlə çatmaq mümkündür.

Konfransda, həmçinin xatırladıldı ki, Minilliyin İnkişaf Məqsədləri dünyada yüz milyonlarla insanın yaşayış səviyyəsini dəyişib. Müəyyən zaman çərçivəsinin qoyulması və nəticələrə yönəlmə yanaşmasını tətbiq etməklə Minilliyin İnkişaf Məqsədləri beynəlxalq inkişaf siyasətlərinə dərin təsir göstərib. Diqqəti məhdud sayda ölçülə bilən hədəflərə yönəltməklə Minilliyin İnkişaf Məqsədləri beynəlxalq yardımı artırmağa və onu daha səmərəli şəkildə yönləndirməyə, qlobal və milli prioritetləri müəyyənləşdirməyə, fəaliyyəti birləşdirməyə və nəzərə çarpan nəticələrə nail olmağa kömək edib.

Minilliyin İnkişaf Məqsədləri çərçivəsində ötən müddətdə kəskin yoxsulluğun və ­aclığın aradan qaldırılmasında, ümumi ibtidai məktəb təhsilinin reallaşdırılmasında, ana və uşaq ölümü səviyyəsinin azaldılmasında  və malyariya, vərəm və QİÇS kimi ölümcül xəstəliklərlə mübarizə aparılmasında səmərəli tədbirlər həyata keçirilib. BMT-nin statistik məlumatlarına və Dünya Bankının hesablamalarına görə, dünyada kəskin yoxsulluq səviyyəsi yarıya qədər azalıb  və bu məqsəd istiqamətində tədbirlərə bundan sonra da mühüm önəm veriləcək. Bununla yanaşı, dünyada ibtidai təhsildə qızlar və oğlanlar arasında tarazlığa nail olunub, daha yaxşı su mənbələrinə çıxışı olmayan insanların sayını yarıyadək azaltmaq hədəfi reallaşıb. Artıq bu gün iki milyard insan təmiz içməli suya çıxış imkanı əldə edib. 

Lakin qarşıya qoyulan vəzifələrin bir qisminin həyata keçirilməsi ilə bağlı hələ çox iş görülməlidir. Buna görə də Birləşmiş Millətlər Təşkilatı beynəlxalq ictimaiyyətə səhiyyə, təhsil, enerji və sanitariya şəraitinin yaxşılaşdırılması sahələrində hədəflərə yönələn sərmayələri artırmaqla məqsədlərə doğru irəliləyişi intensivləşdirməyi, qadınların və qızların səlahiyyətlərini genişləndirməyi, diqqəti əhalinin aztəminatlı qruplarına yönəltməyi tövsiyə edərək, hökumətləri, beynəlxalq təşkilatları və vətəndaş cəmiyyəti qruplarını nəzərdə tutulan məqsədlərə nail olmaq üçün fəaliyyətləri sürətləndirməyə çağırıb. 

İclasda diqqətə çatdırıldı ki, respublikamız 2015-ci ildən sonrakı inkişafa dair milli dialoqlara başlayan 87 ölkəyə qoşulub. Azərbaycan xalqının yaşamaq istədiyi dünyaya dair baxışlarını müəyyənləşdirmək   üçün geniş tərkibdə maraqlı tərəfləri cəlb edərək məsləhətləşmələrə 2013-cü ilin mart ayında başlanılıb və hazırda bu məsləhətləşmələr uğurla həyata keçirilir.

Milli məsləhətləşmə prosesi 2020-ci ilədək ÜDM-i iki dəfə artırmaq və Azərbaycanı yüksək gəlirli ölkəyə, eyni zamanda, yüksək insan inkişafı, qrupun ən inkişaf etmiş ölkələr sırasında olmaq məqsədilə növbəti səkkiz il ərzində hökumətin siyasətlərini istiqamətləndirəcək “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyasında  müəyyənləşdirilən inkişaf prioritetləri ilə yanaşı aparılır.

Konfransda BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirdi ki, əgər hökumət BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı üzərinə öhdəliklər götürübsə, burada şəffaflığı, monitorinqi vətəndaş cəmiyyəti institutları həyata keçirməlidir.

Ombudsman Elmira Süleymanova isə xatırlatdı ki, Dayanıqlı İnkişaf Məqsədləri əhaliyə sadə dildə çatdırılmalıdır. Bu sahədə görülən işlərlə bağlı vahid elektron bazanın yaradılması daha yaxşı olardı. QHT-lərin insan potensialını səfərbər etmək və bu potensialdan daha səmərəli istifadə edilməsi sahəsində mühüm rolu olmalıdır. Fəal lider qadınların və fəal gənclərin şəbəkələrinin yaradılması da zəruridir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev diqqətə çatdırdı ki, belə proqramların həyata keçirilməsi vətəndaş cəmiyyəti institutlarının iştirakını zəruri edir. Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı Azərbaycan ciddi uğurlara nail olacaq. Əsas gözləntilər odur ki, Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı proqramların hazırlanmasında, icrasında və monitorinqində QHT-lər iştirak etsinlər. Azərbaycanda QHT-lərə yaradılan şərait imkan verəcək ki, QHT-lər belə məsələlərdə partnyor kimi iştirak edə bilsinlər.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında