Növbəti illərdə ixracyönümlü müəssisələrin yaradılmasına daha böyük diqqət göstərilməlidir. Əslində, Azərbaycanda bundan sonra da yaradılacaq müəssisələr hər iki məqsədi güdməlidir - həm daxili tələbat ödənilməli, həm də ixrac imkanları olmalıdır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
2017-ci ilin əvvəlindən ölkəmizin iqtisadi və sosial həyatında dinamik inkişafı davam etmiş, istehsal və xidmət sahələrində qazanılan uğurların sayı bir qədər də artmışdır. Bir sıra istehsal sahələrində məhsul buraxılışının həcminin artması, investisiya fəallığının daha da güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi ölkənin iqtisadi dayaqlarını xeyli möhkəmləndirmişdir.
Dövlət Statistika Komitəsinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafına dair hesabatına əsasən, yanvar-mart aylarında Azərbaycanda 15 milyard 229,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. İqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan ümumi daxili məhsulun (ÜDM) 46,6 faizi sənaye sahələrinin, 12 faizi ticarət; nəqliyyat vasitələrinin təmirinin, 7,8 faizi tikintinin, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatının, 2,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşənin, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 1,7 faizi informasiya və rabitənin, 12,7 faizi isə digər sahələrin payına düşmüşdür. ÜDM-in strukturunda məhsula və idxala görə ödənilmiş xalis vergilərin payı 7 faiz təşkil etmişdir.
Yanvar-mart aylarında ölkənin qeyri-neft sektorunda 8 milyard 566,3 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çoxdur. Bu sahədə əldə olunmuş nailiyyətlər, heç şübhəsiz, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi hesabına qeyri-neft sahələrinin inkişaf etdirilməsi istiqamətində reallaşdırılan tədbirlərin məntiqi nəticəsidir. Göründüyü kimi, dünyanın əksər ölkələrinin maliyyə böhranından əziyyət çəkdikləri bir şəraitdə Azərbaycanda sosial və iqtisadi həyatın bütün sahələrində inkişaf tendensiyası davam etmiş, nəzərdə tutulmuş sosial proqramlar uğurla icra olunmuşdur. Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında demişdir: “Birinci rübdə ölkəmiz uğurla inkişaf edib, bizim bütün proqnozlarımız həyatda öz əksini tapır. Hələ keçən ilin sonlarında mən tam əminliklə qeyd etmişdim ki, 2017-ci ildə ölkəmizin sürətli inkişafı təmin ediləcəkdir. Birinci rübün nəticələri göstərir ki, Azərbaycan bütün sahələrdə çox sürətlə inkişaf edib, bizim beynəlxalq mövqelərimiz möhkəmlənib, ölkə daxilində proseslər müsbət istiqamətdə gedir, iqtisadi inkişaf təmin edilir, bütün sosial məsələlər öz həllini tapır”.
Son illər Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən sənayenin inkişaf etdirilməsi üçün ölkədə rəqabət qabiliyyətli müasir istehsal sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələrin icrası davam etdirilmiş, bu istiqamətdə stimullaşdırıcı tədbirlər həyata keçirilmişdir. Bir sözlə, bu sahədə mühüm malların istehsalının davam etdirilməsi ölkə sənayesinin iqtisadiyyatda xüsusi çəkisini qoruyub saxlamışdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin yanvar-mart aylarında sənaye müəssisələri, fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən 10 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Sənayenin qeyri-neft sektorunda istehsalın həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 faiz artmış, neft sektorunda isə 8,3 faiz azalmışdır. Sənaye məhsulunun 71,8 faizi mədənçıxarma, 22,6 faizi emal, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində yaradılmışdır.
Beynəlxalq iqtisadi fəaliyyət növlərinin təsnifatına gəlincə isə, 2017-ci ilin birinci rübündə mədənçıxarma və ya hasilat sənayesində 7,2 milyard manatlıq məhsul istehsal olunmuşdur. Sahənin əsas məhsulu olan xam neftin hasilatı (qaz kondensatı daxil olmaqla) 9 milyon 464,5 min ton, təbii qazın istehsalı isə 6 milyard 954 milyon kubmetr təşkil etmişdir. Bundan əlavə, ötən üç ayda mədənçıxarma bölməsində fəaliyyət göstərən sahibkarlar tərəfindən 606 ton mis filizləri və konsentratları, 143,4 min ton tikinti qumu, 59,3 min ton inşaat üçün əhəng daşı, 16096 ton duz, 287,9 kiloqram qızıl, 76 kiloqram gümüş və s. istehsal edilmişdir.
Ölkə sənayesində ikinci böyük xüsusi çəkiyə malik olan emal bölməsinin müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 2,3 milyard manatlıq məhsul istehsal olunmuş, sənaye xarakterli xidmətlər göstərilmişdir. İstehsalın çox hissəsi qida məhsullarının və içkilərin payına düşmüşdür. Belə ki, ilin üç ayı ərzində sözügedən sahələrdə müvafiq olaraq 3,4 faiz və 37,1 faiz artım müşahidə olunmuşdur. Hesabat dövründə mühüm növ qida məhsullarından sayılan ət, kolbasa, süd və süd məhsulları, duru bitki yağları və marqarin, cem və marmeladlar, duz, çörək və çörək-bulka məmulatları, eləcə də konyak, üzüm şərabı, pivə, likörlər, alkoqolsuz içkilərin istehsalı xeyli artmışdır.
Emal bölməsinin toxuculuq, tikiş, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı ilə məşğul olan müəssisələr tərəfindən cari ilin üç ayında 62,8 milyon manatlıq məhsul buraxılmışdır. Ötən dövrdə sahənin əsas mallarından sayılan pambıq lifi, hazır pambıq parçalar və pambıq yataq ağları, pambıq iplik, xalça və xalça məmulatları, üst və alt trikotajlar, corab, kişilər üçün kostyum və komplektlər, aşılanmış xəz dərilər və ayaqqabı istehsalında əhəmiyyətli artım qeydə alınmışdır.
Emal sənayesinin ikinci böyük xüsusi çəkiyə malik olan neft məhsullarının istehsalı sahəsində məhsul buraxılışının həcmi 622,5 milyon manat təşkil etmişdir. Hesabat dövründə ölkəmizin neft məhsullarının istehsalı müəssisələri tərəfindən 306,4 min ton avtomobil benzini, 52,1 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 148,6 min ton ağ neft, 461,1 min ton dizel yanacağı, 195,9 min ton yanacaq mazutu, 3,7 min ton sürtkü yağları, 17,3 min ton neft bitumu və 41,5 min ton neft koksu istehsal olunmuşdur.
Adıçəkilən bölmənin kimya sənayesində, rezin və plastmas məmulatlarının, həmçinin əczaçılıq məhsullarının istehsalı ilə məşğul olan müəssisələr isə ötən üç ayda 201,9 milyon manatlıq məhsul istehsalına nail olmuşlar. Əsas kimya məhsullarından propilen, lak-boya məmulatları, etilen, rezin və plastmas məmulatlarından isə bərk polietilen borular, plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlər, məsaməli polistirol lövhələr və zolaqların istehsalı xeyli artmışdır.
2017-ci ilin ilk rübü ərzində ölkənin tikinti materialları sənayesində məhsul istehsalı 50,2 faiz artaraq 111,3 milyon manat təşkil etmişdir. Hesabat dövründə müəssisələr tərəfindən 473,1 min ton sement, 26,5 min ton tikinti gipsi, 6703 ton tikinti əhəngi, 19 min 824,8 ton sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpicləri, 39,2 min kubmetr betondan yığma tikinti konstruksiyaları, 50,8 min kubmetr tikinti kərpici, 102,4 min ton hazır beton qarışığı və s. mallar istehsal olunmuşdur.
Emal bölməsinin metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələri isə ötən üç ay ərzində 127 milyon manatlıq məhsul istehsal etmiş və xidmətlər göstərmişlər. Adıçəkilən bölmənin mühüm növ məhsullarından sayılan armatur, polad borular, alüminium çubuqlar, qara metallardan qeyri-elektrik radiatorlar və onların hissələri, qara metallardan sair konstruksiyalar, mayelər üçün çənlər, sisternlər və misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, buraz və kabellər istehsalında əhəmiyyətli artım qeydə alınmışdır.
Bu ilin birinci rübündə Azərbaycanda kompüter, elektron və elektrik avadanlıqlarının istehsalı sahələrində 159,7 milyon manatlıq mallar istehsal olunmuşdur ki, bu da əvəlki ilin eyni dövründəkindən 2,9 dəfə çoxdur. Hesabat dövründə ölkəmizdə maşın və avadanlıqların, eləcə də nəqliyyat vasitələrinin, avtomobil və qoşquların istehsalı sahələrində isə məhsul istehsalının həcmi 34,5 milyon manat təşkil etmişdir. İlin əvvəlindən bu sahədə azalma qeydə alınsa da, ölkə üzrə 770 ədəd xüsusi təyinatlı kommunal maşın və 67 ədəd traktor istehsal olunmuşdur.
Ölkə sənayesinin digər sahəsi olan elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən bu ilin üç ayında 493,9 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,6 faizlik artım deməkdir. Yanvar-mart aylarında ölkədə 6 milyard 220,6 milyon kilovat-saat elektrik enerjisi istehsal olunmuş, onun 5 milyard 568,2 milyon kilovat-saatı istilik, 373,9 milyon kilovat-saatı isə su elektrik stansiyalarının payına düşmüşdür. Yeri gəlmişkən, son illər Azərbaycanda alternativ enerji mənbələrinin hərəkətə gətirilməsi istiqamətində konkret tədbirlər həyata keçirilmiş, ölkənin bir sıra yerlərində günəş, külək və bioenerji ilə işləyən qurğular tikilib istifadəyə verilmişdir. Bu ilin üç ayında ölkəmizdə alternativ enerji mənbələri hesabına 20,5 milyon kilovat-saat elektrik enerjisi istehsal olunmuşdur. Hesabat dövründə sənayenin su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul və xidmətlərin həcmi 72,3 milyon manat təşkil etmişdir.
2017-ci ilin yanvar-fevral aylarında ölkənin sənaye müəssisələrində çalışan işçilərin sayı 195,3 min nəfər olmuş, onların orta aylıq əmək haqları isə 10,4 faiz artaraq 928,1 min manat təşkil etmişdir.
Göründüyü kimi, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi sənayeləşmə siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda sənayeləşmənin tempi yüksəlmiş, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Dövlət başçımızın dediyi kimi, Azərbaycan öz sənaye potensialını inkişaf etdirir və sənayeləşmə siyasəti uğurla həyata keçirilir.
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” qarşıdakı illərdə sənayenin inkişaf istiqamətlərini müəyyənləşdirməklə, inkişaf konsepsiyasında bu sahədə qarşıya qoyulmuş məqsədlərə nail olunmasına yönəlmişdir. Adıçəkilən Dövlət Proqramında sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, enerjidən səmərəli istifadə edən, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, elmtutumlu və innovativ istehsalın genişləndirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması kimi mühüm məqsədlər irəli sürülmüşdür. Bu məqsədlərin həyata keçirilməsi üçün proqramda sənayenin rəqabət qabiliyyətinin artırılması və potensialının gücləndirilməsi, mövcud istehsal sahələrinin inkişaf etdirilməsi və yeni sahələrin yaradılması, sənayenin regional strukturunun təkmilləşdirilməsi, sənayenin infra-struktur təminatının yaxşılaşdırılması, sənaye zonalarının və klasterlərinin təşkili, sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi, sənaye müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi və s. olmaqla 24 istiqamət müəyyənləşdirilmişdir.
Yeri gəlmişkən, sənaye parklarında və zonalarında müasir müəssisələrin fəaliyyətə başlaması ölkəmizin qeyri-neft sektorunda istehsal və ixrac potensialını artırmağa imkan yaradır. Elə son zamanlar qeyri-neft sənaye mallarının ixracının artması da bunu deməyə əsas verir. Belə ki, bu ilin birinci rübündə Azərbaycanda kimya sənayesi məhsulları 85 faiz, toxuculuq məmulatları 65 faiz, alüminium və ondan məmulatlar 43 faiz, plastiklər 33 faiz, avadanlıqlar, mexaniki qurğular və hissələrin ixracı isə 2,1 dəfə artıb. Bununla belə, aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində Azərbaycanın ixrac potensialından söhbət açan dövlət başçısı İlham Əliyev ölkəmizdə bəzi kimya məhsulları, qara metal və alüminium, elektrik avadanlıqları, mebel, şərab, şirələr, meyvə-tərəvəz, pambıq, tütün, fındıq, barama, xalça və bir sıra digər məhsullar üzrə ixracın genişləndirilməsi üçün xüsusilə böyük imkanların mövcudluğunu diqqətə çatdırıb. Ölkə Prezidenti, həmçinin ixracyönümlü müəssisələrin yaradılmasının dəstəklənməsinin, prioritet ixrac bazarlarında ticarət evlərinin açılmasının və ticarət nümayəndələrinin təyin olunmasının, ixrac prosedurlarının daha da sadələşdirilməsinin, Azərbaycanda istehsal olunan məhsullara verilən sertifikatların xarici ölkələrdə tanınması, ixrac məhsullarında keyfiyyət, qablaşdırma və etiketlənmə sahəsində beynəlxalq standartların tətbiqinin, eləcə də ixrac üzrə mütəxəssislərin hazırlanması tədbirlərinin bundan sonra da davam etdiriləcəyini bildirib.
Hazırda ölkəmizdə qeyri-neft sənayesinin inkişaf etdirilməsi məqsədilə bir neçə iri sənaye müəssisəsi yaradılır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sumqayıtda inşa edilən karbamid zavodu da məhz belə müəssisələrdəndir. Prezident İlham Əliyevin 2008-ci ilin avqustunda imzaladığı sərəncamla təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na və 2014-cü ilin dekabrında imzaladığı sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən icra edilən 750 milyon avro dəyərində olan karbamid zavodu layihəsi ölkəmizin sənaye potensialının artırılmasına mühüm töhfələr verəcək. Gələn il istifadəyə verilməsi nəzərdə tutulan müəssisə ammonyak, karbamid istehsalı və karbamidin qranulyasiyası sahələrindən ibarət olacaq. Zavodda gündəlik 1200 ton ammonyak və 2000 ton karbamid istehsal ediləcək. Ölkə iqtisadiyyatının əsas sektorlarından biri olan kənd təsərrüfatına böyük dəstək verəcək zavodda il ərzində təxminən 650-660 min ton karbamid istehsal olunacağı nəzərdə tutulur ki, bu da daxili tələbatı tam ödəməyə imkan verəcək. Bununla yanaşı, gələcəkdə məhsulun dəmir yolu ilə Türkiyə, habelə Qara dəniz limanları vasitəsilə dünya bazarlarına çıxarılması Azərbaycanın qeyri-neft sənayesi sahəsində ixrac potensialının artmasına səbəb olacaq. Yeri gəlmişkən, aprelin 28-də ölkə Prezidenti İlham Əliyev tikintisi davam etdirilən karbamid zavodunda işlərin gedişi ilə tanış olub, lazımi tövsiyə və tapşırıqlarını verib.
Sumqayıt Kimya Sənaye Parkındakı zavodlar da ölkənin qeyri-neft sənayesinin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Burada biznes, kiçik və orta sahibkarlıq, ixrac üçün çox böyük potensial var. Bu yaxınlarda Sumqayıt polimer və gübrə zavodlarının, eləcə də Mingəçevir Sənaye Parkının istifadəyə verilməsi nəzərdə tutulur. Bundan əlavə, Neftçala, Masallı, Balaxanı və Pirallahı sənaye zonalarının yaradılması istiqamətində işlər davam etdirilir. Həmin müəssisələrin işə düşməsi sənaye mallarının xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan yaradacaq. Eyni zamanda, bu cür layihələrin icrası ölkədə yeni iş yerlərinin yaradılması baxımından da mühüm əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev yeni müəssisələrin potensialını yüksək qiymətləndirməklə yanaşı, sahibkarlara həmin müəssisələrdə istehsal olunan xammaldan səmərəli şəkildə istifadə etməklə yeni fabriklər, zavodlar qurmağı tövsiyə edib. Bu da idxaldan asılılığı azaltmağa və hazır məhsul ixracına imkan yaradacaq. Bununla da, neft-qaz ölkəsi olan Azərbaycan, həm də yaxın gələcəkdə regionun qeyri-neft sənayesinin inkişaf etdiyi bir dövlət kimi tanınacaq.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.