Ölkə üzrə fasiləsiz su təchizatının səviyyəsi 65,9 faizə çatdırılıb

 Azərsu” Açıq Səhmdar Cəmiyyətində 2017-ci ilin birinci rübü üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.

 İclası giriş sözü ilə açan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində 2017-ci ilin birinci rübündə  Azərbaycanda  dinamik inkişaf  təmin olunub, qlobal iqtisadi böhranın təsirlərinə baxmayaraq, sosial və infrastruktur layihələrinin icrası davam etdirilib.

 “Azərsu” ASC-nin sədri 14-18 mart 2017-ci il tarixlərində Bakı şəhərində keçirilmiş 1-ci Bakı beynəlxalq su həftəsini və Şollar-
Bakı Su Qurğuları Kompleksinin 100 illik yubileyini əhəmiyyətli hadisələr kimi qiymətləndirib, bu tədbirlərin su sektorunda mövcud problemlərin öyrənilməsi və onların həlli yollarının müəyyənləşdirilməsi baxımından səmərəli olduğunu diqqətə çatdırıb. 

İstehlakçılara göstərilən içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində mühüm layihələrin həyata  keçirildiyini vurğulayan Q.Hüseynov bildirib ki, cari ilin ilk rübündə Saatlı şəhərinin su təchizatı sistemlərinin yenidən qurulması işləri başa çatıb və Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib. Qeyd olunub ki, əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin davam etdirilməsi məqsədilə Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, 22 rayonun 267 min nəfərdən çox əhalisi olan 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemlərinin qurulması üçün “Azərsu” ASC-yə 14 milyon manat ayrılıb. Ötən müddətdə Hacıqabul rayonunun Navahı qəsəbəsində  yeni  su təchizatı sistemləri yaradılıb və 2300 nəfərin içməli su təchizatı yaxşılaşdırılıb. Əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədilə Zərdab, Hacıqabul və Şamaxı rayonlarında suvarma layihələrinin icrasına başlanılıb.

Natiq daha sonra bildirib ki, 2017-ci ilin ilk üç ayında istehlakçılara 57 milyon kubmetr həcmində  su verilib, 41 milyon kubmetr həcmində kanalizasiya xidmətləri göstərilib. Hesabat dövründə 38,4 kilometr içməli su, 71 kilometr kanalizasiya xətləri çəkilib, 3 su anbarı tikilib və  6 ədəd subartezian quyusu qazılıb.  Görülmüş işlər nəticəsində 70 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 69 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Beləliklə, fasiləsiz rejimdə su təchizatı səviyyəsi ölkə üzrə 65,9 faizə, Bakı şəhəri üzrə isə 80,8 faizə çatdırılıb.

 “Azərsu” ASC-nin sədr müavinləri Etibar Məmmədov və Köçərli Həsənov,  işlər idarəsinin rəisi Möhsün Quliyev, mərkəzi laboratoriyanın müdiri Elçin  Əliyev, Nərimanov Rayon Sukanal İdarəsinin rəisi Rövşən Əliyev hesabat məruzəsi ilə çıxış edərək müvafiq sahələr üzrə  2017-ci ilin yanvar-mart ayları ərzində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat veriblər.

 “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov iclasa yekun vuraraq görüləcək işlər və qarşıda duran vəzifələr barədə tapşırıqlarını verib. Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlərin davam etdiriləcəyini deyən səhmdar cəmiyyətin sədri yeni texnologiyaların tətbiqi ilə bağlı tədbirlərin davam etdirilməsinin  vacibliyini bildirib. “Azərsu” ASC-nin sədri iqtisadi səmərəliliyin artırılması, abunəçilərlə işin təkmilləşdirilməsi, sayğaclaşma işlərinin sürətləndirilməsi və digər məsələlərlə bağlı da tapşırıqlar verib. Qeyd olunub ki, Bakı şəhərində  IV İslam Həmrəyliyi Oyunları, “Formula-1” yarışları ilə əlaqədar ölkəmizə xaricdən xeyli sayda idmançı və turistin gələcəyi nəzərə alınaraq idman yarışlarının keçiriləcəyi yerlərdə, turizm və iaşə obyektlərində içməli su və kanalizasiya sistemlərinin normal fəaliyyətinin təmin olunması diqqətdə saxlanılacaq.

M. YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında