Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, bütün problemlərin həllində iqtisadi amilin ön plana çəkilməsidir. Hazırda müvafiq dövlət proqramlarının, fərman və sərəncamların uğurla icrası respublikada gedən iqtisadi inkişafın sürətləndirilməsini təmin edir, tərəqqi prosesində özəl sektorun payı və rolunu davamlı şəkildə artırır.
Azərbaycan hökuməti iqtisadi siyasəti milli iqtisadiyyata təsir edən xarici və daxili iqtisadi amilləri, ortamüddətli proqnozları nəzərə almaqla reallaşdırır. Ona görə də bu gün respublikamızda qeyri-neft sektorunun inkişafı iqtisadi artımın başlıca mənbəyi kimi diqqət mərkəzində saxlanılır. Milli iqtisadiyyatın tərəqqisinə və ixracın şaxələndirilməsinə yönələn tədbirlər isə qeyri-neft sektorunda iqtisadi artıma müsbət təsir edir. Həmin tədbirlər sırasında son illər qeyri-neft məhsulları ixracının stimullaşdırılması, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının artırılması, bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi mühüm önəm daşıyır.
Xatırladım ki, son illər Azərbaycanda yerli istehsala ciddi diqqət yetirilir, həm dövlət, həm də özəl sektora böyük həcmdə vəsait qoyulur. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılmasına xüsusi əhəmiyyət verilir. Maliyyə sektorunun şəffaflaşması prosesi davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərmanında vurğulandığı kimi, dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla iqtisadi tərəqqinin keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir.
Adıçəkilən strateji sənəd onu da deməyə əsas verir ki, ölkə başçısı Azərbaycanın hazırkı uğurları ilə arxayınlaşmağı düzgün saymayaraq uzunmüddətli inkişafın dərin elmi proqnozlar əsasında işlənib hazırlanmasını təmin edib. Bu baxımdan Prezident İlham Əliyevin qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi məqsədilə “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 18 yanvar 2016-cı il tarixdə imzaladığı sərəncam da xüsusi diqqət çəkir. Həmin sənədin tələblərindən irəli gələrək, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi istiqamətində görülən tədbirlər artıq real nəticələr verməkdədir. İxrac məlumat bazasının (elektron portal) formalaşdırılması isə bu istiqamətdə görülən mühüm işlərdəndir. Həmin portal artıq dünya miqyasında özünü tanıtdıra bilib və ona olan maraq da getdikcə artır.
Prezident İlham Əliyev Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində bununla bağlı bildirib ki, “Made in Azerbaijan” brendini dünyada tanıtdırmaq üçün praktiki addımlar atılır: “Artıq bu brend bu gün dünyada şöhrət qazanır. Əlbəttə ki, dövlət tərəfindən təşkil edilmiş sərgilər və o sərgilərdə sahibkarların iştirakı gözəl nəticələrə gətirib çıxarır. Mənə verilən məlumata görə, bir neçə sərgidə artıq kontraktlar da imzalanmışdır. Əgər biz bu sərgilərdə iştirak etməsəydik, kontraktlar da imzalanmazdı. Yəni biz gördük ki, sahibkarlara əlavə kömək göstərilməlidir”.
Yeri gəlmişkən, qeyri-neft məhsulları ixracının təşviqi istiqamətində reallaşdırılan tədbirlər sahibkarların öz məhsullarını ixrac etməyə marağını daha da artırıb. Fikrimin təsdiqi kimi deyə bilərəm ki, cari ilin ilk rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft məhsullarının ixracı 8,6 faiz, o cümlədən, sənaye məhsullarının ixracı 25 faiz artıb. Bu dövr ərzində tərəvəz ixracı 45 faiz, meyvə ixracı 20 faiz, pambıq ixracı 3,6 dəfə, süd məhsulları ixracı 3,6 dəfə, spirtli və spirtsiz içki ixracı 2,3 dəfə, emal olunan meyvə-tərəvəz məhsulları ixracı isə 39 faiz artıb. Kimya sənayesi məhsulları 85 faiz, toxuculuq məmulatları 65 faiz, alüminium və ondan məmulatlar 43 faiz, plastiklər 33 faiz, avadanlıqlar, mexaniki qurğular və hissələri 2,1 dəfə çoxalıb. Qeyri-neft ixracının 45 faizi MDB dövlətləri və Gürcüstanın, 26 faizi Türkiyənin, 12 faizi Avropa İttifaqı ölkələrinin, 4 faizi Çinin, 13 faizi isə digər ölkələrin payına düşüb.
İxracın genişləndirilməsi, rəqabətqabiliyyətli məhsulların ənənəvi və yeni bazarlara çıxışının artırılması ilə bağlı imzalanan sənədlərə uyğun olaraq “İxrac təşviqinin ödənilməsi qaydası”, “İxrac təşviqi şamil olunacaq məhsulların siyahısı” və “İxrac təşviqi üzrə tətbiq olunacaq əmsallar” təsdiq olunub. İxrac təşviqi şamil olunan malların siyahısına bal, xurma, nar, qovrulmuş fındıq kimi kənd təsərrüfatı məhsulları, qurudulmuş meyvələr, konservləşdirilmiş meyvə-tərəvəz, mürəbbə və cemlər, turşular, spirtli içkilər və şərab, mineral sular və şirələr, unlu qənnadı məmulatları, habelə dəri məmulatları, ipək parçalar və xalçalar kimi digər məhsullar daxil edilib. Həmin məhsulların növündən asılı olaraq sahibkarlara ixrac etdikləri qeyri-neft məhsullarının gömrük dəyərinin 3 faizdən 6 faizədək büdcə vəsaitləri hesabına təşviq verilir.
Onu da xatırladım ki, “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin təşviqinə, yerli şirkətlərin xaricdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqramlarına çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilməsi Qaydaları” təsdiq olunduğu tarixdən ötən 5 ay ərzində Çinə, Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana, Pakistana, Qətərə 7 ixrac missiyası həyata keçirilib. Çin Xalq Respublikasında keçirilən beynəlxalq şərabçılıq sərgisində şərab məhsullarımızdan biri qızıl medala layiq görülüb və 500 min şüşə şərabın Çinə ixracına dair imzalanan müqavilənin icrasına başlanılıb. Dubaya ixrac missiyası çərçivəsində nar şirəsi, alma və balın ixracına dair razılaşmalar əldə edilib.
Prezident İlham Əliyev qeyri-neft ixracatçılarının respublika müşavirəsində, eyni zamanda, bildirib ki, növbəti 3-4 il ərzində biz əsas istehlak mallarımızla özümüzü tam şəkildə təmin etməyə çalışmalıyıq. Dövlətimizin başçısı, həmçinin ixrac üçün əlavə imkanlar yaradılacağını da xüsusi vurğulayıb.
“Biz istehsalımızı daim artırmalıyıq ki, daxili tələbatı tam ödəyək və ixraca rəqabətqabiliyyətli mallar təqdim edək”, -deyən Azərbaycan Prezidenti cənab İlham Əliyev diqqətə çatdırıb ki, növbəti illərdə daxili tələbatın yerli məhsullarla təmin olunması birinci dərəcəli vəzifələrdəndir. “Eyni zamanda, biz dövlətin dəstəyi ilə yeni bazarlara çıxış əldə etməliyik. Biz bunu edirik və edəcəyik, ixracyönümlü məhsulların həcmini artırmalıyıq. Ərzaq təhlükəsizliyi də bu iki amillə bilavasitə bağlı olan məsələdir. Biz buna da yaxınlaşırıq ki, ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək”, - deyə dövlət başçısı xatırladıb.
Möhtərəm dövlət başçımız ərzaq təhlükəsizliyi ilə bağlı müvafiq hökumət qurumlarına daim xüsusi göstərişlər verir və qarşıda duran vəzifələri müəyyənləşdirir. Cənab İlham Əliyev bununla bağlı deyib: “...Biz burada iki istiqamət üzrə getməliyik. Əlbəttə, bitkiçilik, heyvandarlıq sahələrində intensiv metodlara daha da çox üstünlük verilməlidir. Eyni zamanda, iri fermer təsərrüfatlarının yaradılması prosesi də başlamışdır. Bizim hələ ki, dövriyyədə olmayan böyük torpaq sahələrimiz vardır. Orada meliorativ tədbirlər, infrastruktur layihələri həyata keçirilməlidir ki, biz on minlərlə hektar yeni torpaqları dövriyyəyə buraxaq. Beləliklə, bu, həm yeni iş yerlərinin açılmasına gətirib çıxaracaqdır, eyni zamanda, ərzaq təhlükəsizliyini tam şəkildə təmin edəcəkdir. Ərzaq təhlükəsizliyi enerji təhlükəsizliyi kimi, bəlkə də ondan da vacib olan məsələdir. İstisna edilmir ki, gələcək illərdə bu, əsas məsələlərdən birinə çevriləcəkdir. Çünki qlobal meyllər bunu göstərir…”.
Prezident İlham Əliyevin tövsiyəsi ilə ölkə iqtisadiyyatının ən vacib sahəsi olan kənd təsərrüfatında hazırda istehsalın və ixracın stimullaşdırılması, məhsulun rəqabətqabiliyyətliliyinin artırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə dövlət dəstəyinin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə bitkiçilik və heyvandarlığın inzibati rayonlar üzrə ənənəvi sahələri tədqiq edilərək sinfi təsnifatı hazırlanıb. Azərbaycanın regionları üzrə ənənəvi kənd təsərrüfatı məhsullarının mövcud vəziyyəti öyrənilərək müvafiq təklif və tövsiyələr verilib, həmçinin, aqrar sektorun əlavə dəyərdə payının dinamikası araşdırılıb, qiymət, gəlirlər, istehsalın həcmi üzrə qiymətləndirmələr aparılıb.
Xatırladım ki, bu gün Azərbaycanda aqrar-sənaye kompleksinin 270 sayda məhsul üzrə məhsullararası balansı tərtib edilib, rəqabətqabiliyyətliliyinin üstünlüyünün qiymətləndirilməsi modeli yaradılıb. Bu əsasda aparılan hesablamalar göstərir ki, respublikamızın həm bitkiçilik, həm də heyvandarlıq məhsullarının əksəriyyəti beynəlxalq rəqabət üstünlüyünə malikdir. Bu rəqabətqabiliyyətliliyi reallaşdırmaq məqsədi ilə ölkədə müxtəlif aqro-xidmətlərin səviyyəsinin yüksəldilməsi, dövlətin subsidiya, kredit, maliyyə və digər dəstəklərindən səmərəli istifadə, istehsal, bazar və sosial infrastruktur sahələrinin inkişafı, müasir yemçilik müəssisələrinin yaradılması, maarifləndirmə, elmi və kadr təminatının yaxşılaşdırılması üzrə təklif və tövsiyələr hazırlanıb. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı zəncirində kompleksliliyin təmin olunması maya dəyərinin azaldılması, əlavə dəyərin artırılması, sosial rifahın yüksəldilməsi və nəticədə rəqabətqabiliyyətliliyin artırılması baxımından çox vacibdir.
Qeyd edim ki, son illərdə əkinə yararlı torpaq sahələrindən səmərəli istifadə olunması, bitkiçiliyin, xüsusən taxılçılığın, meyvəçiliyin, tərəvəzçiliyin, üzümçülüyün, heyvandarlığın, o cümlədən ət və süd məhsulları istehsalının inkişaf etdirilməsi üzrə nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsi ölkədə ərzaq məhsullarının istehsalında artıma və hər bir ölkə vətəndaşının keyfiyyətli, təhlükəsiz ərzaq məhsullarına tələbatının tam ödənilməsinə şərait yaradıb.
Burada bir məqama da diqqət çəkmək yerinə düşər. Hazırda ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan taxılçılıq kənd təsərrüfatı sektorunun aparıcı sahələrindən biridir. Bitkiçiliyə aid olan taxılçılıq təsərrüfatı aqrar sahənin əsasını təşkil edərək, əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır. Ona görə də taxılçılıq təsərrüfatının inkişafına diqqətin artırılması mühüm məsələ kimi qarşıya qoyulub. Fikrimcə, məqsədə nail olmaq üçün vahid əkin sahəsindən yüksək məhsul götürülməsi və taxılçılıqda elmi-texniki tərəqqidən geniş istifadə olunması ön plana çəkilməlidir. Hesablamalar göstərir ki, yalnız məhsuldarlığın yüksəldilməsi hesabına Azərbaycanda illik taxıl istehsalını 3-3,5 milyon tona çatdırmaq üçün real imkanlar var. Bu məqsədlə əkin sahəsini 800-830 min hektar ətrafında saxlamaqla məhsuldarlığı hektardan 4-4,5 tona çatdırmaq kifayətdir.
Yeri gəlmişkən bir məqamı da xatırlatmaq istərdim. Qarabağ taxılçılıq pilot təsərrüfatında 50, 55 sentner taxıl istehsal olunur. Digər təsərrüfatlarda bu məhsuldarlıq əldə edilsə, respublikanın tələbatı tam ödənər və ixrac imkanı yaranar. Bildiyimiz kimi, Azərbaycan ən qədim dövrlərdən əkinçilik ölkəsi olsa da, taxılçılıq XIX əsrdə daha sürətlə inkişaf etmiş, hətta əsrin son onilliklərində respublikada istehsal olunan taxıl məhsulları əhalinin çörəyə olan təlabatını tam ödəməklə yanaşı,onun bir hissəsi İran, Gürcüstan, Rusiya və digər Avropa ölkələrinin bazarlarına çıxarılmışdır.
Onu da deyim ki, taxıl istehsalının artırılmasının əsas yolları fermerlərin tələbatına uyğun qısa rotasiyalı əkin dövriyyələrinin, torpaq becərmələrinin və gübrə verilməsinin səmərəli üsullarının, optimal səpin müddəti və normalarının, yeni intensiv sortların təsərrüfatlara tətbiqindən, keyfiyyətli toxum materialından istifadə edilməsindən və əkinlərin xəstəlik, ziyanverici və alaqlardan mühafizə olunmasından ibarətdir. Göstərilən əhəmiyyətli tədbirlərdən biri də taxıl səpininin vaxtında və keyfiyyətlə aparılmasıdır. Keyfiyyətli səpin aparmaqla sağlam və kütləvi cücərtilərin alınması məhsulun yarısı deməkdir.
Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan dövlət başçımızın respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı məqsədi ilə vaxtaşırı verdiyi tapşırıqlar, tövsiyələr, imzaladığı fərman və sərəncamlar, Dövlət proqramları bundan sonra da Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyət kəsb edəcək və qarşıya qoyulan vəzifələr uğurla icra olunacaq.
Sonda vurğulamaq istərdim ki, möhtərəm Prezidentimizin məhsulların ixracının təşviqi istiqamətində verdiyi göstərişlər, fərman və sərəncamlar yerli sahibkarlarda, istehsalçılarda böyük ruh yüksəkliyi yaradıb. Hazırda ixraca verilən dövlət dəstəyi də bu sahədə öz müsbət təsirini göstərir. Dövlət başçımızın iradəsi nəticəsində Azərbaycanın əkinə yararsız on minlərlə hektar torpağı yenidən yararlı vəziyyətə gətirilib və bu ölkəmizin ərzaq təhlükəsizliyinə mühüm töhfə olub. Eyni zamanda, “Aqrolizinq” vasitəsilə alınan texnikalardan istifadə olunması kənd təsərrüfatı bitkilərinə lazımi aqrotexniki xidmətlər göstərilməsinə və məhsulun vaxtında yığılmasına şərait yaradıb ki, bu da son nəticədə məhsuldarlığın artmasına müsbət təsir edib.
Yaradılan indiki əlverişli şəraitə, həmçinin fermer təsərrüfatlarının inkişafı istiqamətində atılan əhəmiyyətli addımlara, əhatə olunduğumuz yüksək diqqət və xüsusi qayğıya görə regionumuzun bütün iş adamları adından cənab İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm. Biz iş adamları bundan sonra da çalışacağıq ki, bütün bu imkanlardan, göstərilən dövlət dəstəyindən maksimum yararlanıb Azərbaycanın sosial-iqtisadi inkişafına öz töhfəmizi verək.
Məhərrəm ŞƏFİYEV,
iqtisad elmləri üzrə fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.