Neftin vətəni Azərbaycandır. Bu gün–artıq 200 ilə yaxın vaxt keçəndən sonra da Azərbaycan dünyada neft ölkəsi, qaz ölkəsi kimi öz sözünü deyir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycanın neft sənayesi zəngin tarixə, şanlı ənənələrə malikdir. Bu gün haqlı olaraq Azərbaycanın neft epopeyası xalqımızın çoxəsrlik tarixinin öyünclü səhifələri kimi qəbul olunur. Azərbaycanın şanlı neft salnaməsinin yaradıcıları isə fədakar, qəhrəman neftçilərdir.
Xatırladaq ki, Azərbaycanda neft hasilatı haqqında ilkin məlumatlara erkən orta əsr alim və səyyahlarının əsərlərində rast gəlmək mümkündür. Həmin dövrlərdə neft ancaq məişətdə yanacaq kimi, tibbi və hərbi məqsədlər üçün istifadə olunduğundan ona tələbat çox olmamışdır. Yeri gəlmişkən, Balaxanıdakı neft quyularından birində aşkar edilmiş daş üzərindəki yazıda 35 metr dərinliyində olan həmin quyunun 1594-cü ildə usta Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir.
2001-ci il iyun ayının 5-də Bakıda keçirilən 8-ci beynəlxalq “Xəzər neft, qaz, neftayırma və neft kimyası” sərgisi və konfransının açılış mərasimində ulu öndər Heydər Əliyev demişdir: “Azərbaycanda neft öncə quruda hasil olunubdur. Təsadüfi deyil ki, Azərbaycana “Odlar diyarı” deyirlər... Bizim tarixçilərin fikrincə, məhz Azərbaycanda hələ qədim zamanlardan, heç insanın özünün müdaxiləsi olmadan yerdən qazın, neftin çıxması, onun yanması Azərbaycanı odlar diyarına çevirib və tarixən Azərbaycan “Odlar diyarı” kimi məşhur olubdur”.
XVIII-XIX əsrlərin sənaye inqilabları neftə tələbatı kəskin şəkildə artırmışdır. Belə bir şəraitdə xarici iş adamları, Rotşildlər və Nobel qardaşları kimi iri neft şirkətləri Azərbaycana gələrək bu qiymətli sərvətin çıxarılmasına sərmayə yönəltməyə başlayırlar. Bununla yanaşı, zəngin yeraltı sərvətimiz milli burjuaziyanın formalaşmasına və inkişafına da geniş imkanlar yaradır. Həmin dövrdə neft sənayesinin sürətli inkişafı nəticəsində yerli sahibkarların böyük bir nəsli yetişir. Neft hasilatının ilbəil artması nəticəsində Bakı şəhəri dünyanın sənaye mərkəzlərindən birinə çevrilir.
1847-ci ildə Bibiheybətdə sənaye üsulu ilə qazılmış 21 metr dərinlikdə ilk kəşfiyyat quyusu müsbət nəticə verir. Bununla da, Azərbaycanda neftin sənaye üsulu ilə hasilatına başlanılır. Daha sonra isə Balaxanıda texnikanın tətbiqi ilə ilk neft quyuları qazılır. Tarixə Azərbaycanda neft sənayesinin birinci mərhələsi kimi düşmüş həmin dövrdə neft hasilatı sürətlə artmağa başlayır. Təkcə onu qeyd etmək kifayətdir ki, 1901-ci ildə Azərbaycan 11,5 milyon ton neft hasil edərək dünyada birinci yerə çıxmışdır. Müqayisə üçün deyək ki, həmin il ABŞ-da 9,1 milyon ton neft hasil edilmişdir.
Azərbaycanın neft sənayesinin birinci mərhələsinin başlanğıcı kimi tarixə düşən həmin hadisədən 170 il ötür. Prezident İlham Əliyevin tapşırığına əsasən, Bibiheybət ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpası başa çatdırılmışdır. Aprelin 26-da dövlət başçısı ilk quyunun bərpadan sonrakı vəziyyət ilə tanış olmuşdur. Xatırladaq ki, Azərbaycan şanlı neft sənayesi tarixinin başlanğıcı sayılan bu quyu ilə yanaşı, XIX əsrdə “Nobel qardaşları neft hasilatı şirkəti”nə məxsus neft və neft məhsullarının daşınması üçün ağcaqayın ağacından hazırlanmış faner borunun bir hissəsi, həmçinin həmin şirkətin sifarişinə əsasən, Bakıya gətirilmiş quyuüstü avadanlıqlar da nümayiş olunur. Bu da dünya neft sənayesinin tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Elə tarixi mənbələr, xüsusən də son illərdə Rusiyanın Mərkəzi Dövlət Tarix Arxivindən tapılmış sənədlər də dünyada sənaye üsulu ilə neft quyusunun qazılmasına Bibiheybətdə başlanıldığını bir daha sübut edir.
1920-ci ildə Azərbaycanda bolşevik hakimiyyətinin bərqərar olunmasından sonra mədənlər, bütövlükdə neft sənayesi milliləşdirilmə adı ilə imperiya maraqlarına xidmətə yönəldildi. Azərbaycan neftçilərinin əzablı və gərgin əməyi sayəsində hasil olunan neftin fasiləsiz olaraq respublikanın hüdudlarından kənara daşınmasına başlanıldı. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanda neft hasilatının kəskin şəkildə azalaraq 2,4 milyon tona düşməsi, heç şübhəsiz, mərkəzi hakimiyyəti qane edə bilməzdi. Məhz buna görə də nəhəng bir imperiyanın getdikcə artmaqda olan sənaye potensialının neftə olan tələbatının ödənilməsini təmin etmək üçün Azərbaycanda axtarış-kəşfiyyat işləri genişləndirildi. Bunun da nəticəsində Abşeronda bir sıra yeni neft yataqları kəşf edilərək istismara verildi. Beləliklə də, Azərbaycanda neft hasilatı kəskin şəkildə artırılaraq 1941-ci ildə 23 milyon 482 min tona çatdırıldı ki, bu da o dövrdə SSRİ üzrə ümumi neft hasilatının təqribən 71,3 faizini təşkil edirdi. Elə SSRİ-nin İkinci Dünya müharibəsindəki qələbəsinin təmin edilməsində, xalq təsərrüfatının qarşısında duran bir çox məsələlərin həllində Bakı nefti misilsiz rol oynamışdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev aprelin 26-da Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanışlıq zamanı demişdir: “İkinci Dünya müharibəsi dövründə Azərbaycan neftçilərinin əməyi olmasaydı, müharibənin nəticələri tam başqa cür ola bilərdi. Azərbaycan neftçiləri faşizm üzərində qələbədə həlledici rol oynayıblar”. Yeri gəlmişkən, müharibə illərində Baltik dənizindən Qara dənizə qədər uzanmış cəbhənin tələb etdiyi bütün benzinin 80 faizini, sürtgü yağlarının isə 90 faizini Azərbaycan təmin etmişdir. Bununla belə, İkinci Dünya müharibəsi illərində Hitler Almaniyasının Bakı neftini hədəf seçməsi ilə əlaqədar neft avadanlıqlarının və neftçi mütəxəssislərin SSRİ-nin şərq rayonlarına köçürülməsi nəticəsində Azərbaycanda neft hasilatı 11,1 milyon tona düşür.
Azərbaycanın neft-qaz ehtiyatlarının təkcə qurudakı yataqlarla məhdudlaşmaması da mütəxəssislərə çoxdan məlum olmuşdur. Müxtəlif illərdə bir sıra xarici səyyahlar Xəzər dənizinin neft ehtiyatları ilə zəngin olması barədə mülahizələr irəli sürmüşlər. Bununla belə, texnika və texnologiyanın məhdud imkanları ilə həmin ehtiyatları istismara cəlb etmək mümkün olmamışdır. Yeri gəlmişkən, 1803-cü ildə dünyada ilk dəfə olaraq bakılı Hacı Qasımbəy Mənsurbəyov Bibiheybət körfəzində, sahildən 18 və 30 metr aralıda iki quyudan neft çıxarmağa başlamışdır. Lakin 1825-ci ildə güclü fırtına səbəbindən dəniz mədəninin ömrü çox qısa olmuşdur. Sevindirici məqamdır ki, son dərəcə çətin olan bu işin öhdəsindən də məhz ilk dəfə Azərbaycan neftçiləri gəlmişlər. Belə ki, 1949-cu il noyabrın 7-də “Neft Daşları” yatağında qazılmış 942 metr dərinlikli 1 nömrəli quyunun istismara verilməsi ilə dünyada ilk dəfə açıq dənizdə neftçıxarmanın əsası qoyulmuşdur. Azərbaycan neft sənayesi tarixinin üçüncü mərhələsinin başlanğıcı hesab olunan bu hadisə bütün dünyaya səs salır. Dünya təcrübəsində ilk dəfə açıq dənizdə estakada dirəkləri üzərində dəniz mədəninin tikintisi də məhz “Neft Daşları” yatağında reallaşdırılır. Ötən əsrin 50-60-cı illərində respublikamızda dəniz geoloji-kəşfiyyat işləri genişlənir, bir sıra yeni neft və qaz yataqları aşkar edilib istismara verilir. Bununla əlaqədar olaraq dəniz qazma işlərinin, hidrotexniki neft qurğularının tikilməsinin texnika və texnologiyası, dənizdə neftçıxarmanın infrastrukturu sürətlə inkişaf etdirilir.
Azərbaycanın neft sənayesi tarixinin mühüm bir dövrü xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesi də dinamik inkişaf mərhələsinə qədəm qoyması ilə səciyyələnir və bu da ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edir. Bu dövrdə Azərbaycanın neft və qaz sənayesinin, xüsusilə dəniz neftinin hasilatının inkişaf tarixində yeni mərhələ başlanır. Həmin illər dənizdə neft və qazın hasilatının artırılması üçün daha böyük dərinliklərdəki neft və qaz yataqlarının istismara cəlb edilməsi ilə əlamətdar olmuşdur. Belə ki, yeni 8 neft və qaz yatağının kəşf edilməsi ilə əlaqədar Azərbaycanın neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırılmışdır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində neft sənayesinin infrastruktur imkanları xeyli genişləndirilmiş, Azərbaycana 75 növdə 400-dən çox ağır yükqaldıran kran gəmisi, boruçəkən gəmilər, seysmik, sərnişin və s. gəmi növləri gətirilmişdir. Bu gün də Azərbaycanın neft sənayesinin inkişafına uğurla xidmət edən Bakı Dərin Özüllər Zavodunun tikilib istifadəyə verilməsi də Heydər Əliyevin gərgin əməyinin, respublika iqtisadiyyatına göstərdiyi misilsiz xidmətlərin nəticəsidir.
Yeri gəlmişkən, Azərbaycan neft sənayesinin şanlı səhifələrindən birini təşkil edən bir milyardıncı ton neftin çıxarılması da Heydər Əliyevin respublikamıza ilk dəfə rəhbərlik etdiyi dövrə təsadüf edir. Xatırladaq ki, 1971-ci il martın 28-də Azərbaycan neftçiləri bu əlamətdar hadisəni iftixar hissi ilə qeyd edərək respublika rəhbərinə raport verirlər. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin bildirdiyinə görə, həmin il aprelin 2-də Moskvada keçirilən 24-cü qurultayda ulu öndər Heydər Əliyev öz çıxışında bu barədə məlumat verir. Aprelin 21-də Bakıda müşavirə keçirən respublika rəhbəri bu əlamətdar hadisə münasibətilə Azərbaycan neftçilərini təbrik edir.
Azərbaycanın yeni neft erasının başlanması da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, ötən əsrin sonlarında Azərbaycan yenidən tarixi müstəqilliyini əldə etdikdən sonra xalqımız öz gələcək taleyini Heydər Əliyevə etibar etdi. Xilaskarlıq missiyası ilə hakimiyyətə qayıdan ulu öndər ölkəni xaos və anarxiyadan, separatçılıq meyillərindən qurtardı. Azərbaycanı üzləşdiyi dərin iqtisadi böhrandan qurtarmağın dəqiq yolunu nişan verən ümummilli lider neft amilindən məharətlə istifadə etdi. Qısa müddətdə ölkəmizin yeni neft strategiyasının işlənib hazırlanmasına nail olan Heydər Əliyev dünyanın transmilli neft şirkətlərini bu strategiyanın həqiqiliyinə inandırmağı məharətlə bacardı. Eyni zamanda, Azərbaycanda yaradılmış siyasi sabitlik və əlverişli biznes mühiti xarici neft şirkətlərini ölkəmizin neft sənayesinə sərmayə yönəltməyə sövq etdi. Nəhayət, 1994-cü il sentyabr ayının 20-də Bakıda dünyanın 7 ölkəsini təmsil edən 11 neft şirkətinin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş imzalandı. Öz əhəmiyyətinə və miqyasına görə sonradan “Əsrin müqaviləsi” adlandırılan bu nəhəng neft layihəsinin reallığa çevrilməsi ilə xalqımız özünün yeraltı sərvətlərinin əsl sahibi olmaq hüququnu əldə etdi. Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev Bibiheybət ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanışlığı zamanı demişdir: “Biz neftdən gələn gəliri ölkəmizin inkişafına yönəltdik, insan kapitalına, infrastruktur layihələrinə qoyduq və bu gün neft Azərbaycan xalqının inkişafını təmin edir. Bax, müstəqillik budur və 25 il müstəqil dövlət kimi yaşayan Azərbaycan bu gün ayaqda möhkəm dayanır. Neft bizim təbii sərvətimizdir, xalqımızın böyük sərvətidir, biz də ondan istifadə edib ölkəmizi inkişaf etdiririk”.
Ötən illərdə ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin gərgin əməyi sayəsində Azərbaycanın yeni neft strategiyası uğurla reallaşdırıldı. “Əsrin müqaviləsi” çərçivəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində ölkəmizdə illik neft hasilatı kəskin şəkildə artaraq 2010-cu ildə 50 milyon tonu ötdü. Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə irəli sürdüyü alternativ ixrac marşrutları ideyasının həyata keçirilməsi nəticəsində Azərbaycan dünyanın neft ixracatçıları sırasındakı mövqeyini getdikcə möhkəmləndirməyə nail oldu. Artıq uzun illərdir ki, Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. “Şahdəniz” qaz-kondensat yatağının istismara verilməsi isə ölkəmizin bu sahədə əhəmiyyətini qat-qat artırır.
Yeri gəlmişkən, bu il Azərbaycanın neft sənayesi üçün daha bir əlamətdar hadisə ilə yadda qalacaq. Belə ki, ilin sonunadək ölkəmizdə iki milyardıncı ton neft və 700 milyardıncı kubmetr qaz çıxarılacaq. Bir sevindirici məqam da ondan ibarətdir ki, Azərbaycanda bir milyardıncı ton neft ulu öndərin respublikamıza birinci rəhbərliyi dövrünə təsadüf edirsə, iki milyardıncı ton neft isə onun layiqli davamçısı, Prezident İlham Əliyevin hakimiyyəti dövründə hasil olunacaq. Bu isə onu deməyə əsas verir ki, ümummilli lider Heydər Əliyevin xalqımıza, dövlətimizə bəxş etdiyi zəngin ənənələr yaşayır və bundan sonra da yaşayacaqdır.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.