Azərbaycanda işçilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı nəzarət tədbirləri həyata keçirilir

Ölkə Prezidenti İlham Əliyev bu il martın 17-da imzaladığı “Azərbaycanda əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamla əmək münasibətlərinin tənzimlənməsi və koordinasiyası komissiyası yaradılıb. Komissiyanın qarşısında “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” dövlət başçısının 2016-cı il 6 dekabr tarixli fərmanının tətbiqi ilə əlaqədar ölkədə işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, işəgötürən–işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, habelə əmək münasibətləri iştirakçılarının digər əmək hüquqlarının və təminatlarının səmərəli müdafiəsinin təmin edilməsi,  bu sahədə dövlət orqanları arasında koordinasiya olunan siyasətin həyata keçirilməsi əsas məqsəd kimi qoyulub. 

Əmək münasibətlərinin tənzimlənməsi və koordinasiyası komissiyasının sədri, Baş nazirinin müavini Əli Əhmədov dünən tikinti sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə görüşündə bildirdi ki, hazırda Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində iqtisadi artımın bazasında əhalinin gəlir əldə etmək imkanları daha da genişlənib, makroiqtisadi sabitliyin təmin edilməsi, qeyri-neft sektorunun tərəqqisi yoxsulluğun azaldılmasına istiqamətlənən inkişafı reallaşdırıb, müasir prinsiplər əsasında fəaliyyət göstərən sosial müdafiə mexanizmlərinin ölkənin iqtisadi mühitinə inteqrasiyası prioritet kimi müəyyən olunub və bütün bunlar milli iqtisadiyyatın sosial yönümlülüyünü daha da artırıb. 

Baş nazirin müavini Əli Əhmədov, həmçinin diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin  rəhbərliyi ilə reallaşdırılan islahatlar nəticəsində Azərbaycan dünya miqyasında ən yüksək iqtisadi göstəricilərə nail olub. Bu, iqtisadi yüksəlişdə, əməkhaqlarının və pensiyaların artımında, işsizlik səviyyəsinin azalmasında özünü daha qabarıq büruzə verib. 

Bu gün vətəndaşların əmək hüquqlarının qorunması, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin təmin edilməsi respublikada həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetləri kimi diqqət çəkir. Eyni zamanda, dövlət tərəfindən əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi, onların qanuni mənafelərinin qorunması, əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminatın yaradılması istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilir.

Baş nazirinin müavini çıxışında, eyni zamanda, konkret rəqəmlərə əsaslanaraq vurğuladı ki, son 10-12 il ərzində Azərbaycanda möhtəşəm inkişaf müşahidə edilib. Sözügedən dövrdə ölkə iqtisadiyyatı 3,5 dəfə artıb, 1,5 milyona yaxın yeni iş yeri yaradılıb. Təkcə ötən il ölkədə 90 min yeni iş yeri açılıb. Əməkhaqları, pensiya və müavinətlər 3,4 dəfə artıb. Yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə qədər azalıb. Yoxsulluğun səviyyəsinin  aşağı düşməsi ilə bağlı Azərbaycan dünya ölkələri üçün nümunə olub.

Hazırda yeni iş yerlərinin yaradılması ilə işsizlik səviyyəsinin azaldılması istiqamətində ciddi islahatlar reallaşdırılır. İndi Azərbaycanda işsizliyin səviyyəsi 6 faizdən aşağıdır. Bunların hər biri isə mühüm, dünya üçün nümunə ola biləcək göstəricilərdir. Digər sahələrdə də böyük inkişaf müşahidə edilir. Dünyada hökm sürən maliyyə böhranı şəraitində Azərbaycan möcüzə sayıla bilən bu yüksəlişi qoruyub saxlaya bilir. Bu iqtisadi yüksəliş, eyni zamanda,  dövlətin qarşısında duran öhdəliklərin yerinə yetirilməsi üçün möhkəm baza yaradıb.

Baş nazirin müavini Əli Əhmədov tikinti sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə görüşdə, həmçinin bildirib ki, hökumət tikinti sektorunun inkişafına da mühüm önəm verir. Azərbaycanda neft sektorundan sonra geniş həcmdə investisiyanın sözügedən sektora qoyulması da məhz bunun bariz ifadəsidir. Belə ki, təkcə ötən il ölkə iqtisadiyyatına yatırılan 15 milyard manat investisiyanın 11,4 milyard manatı tikintiyə yönəldilib.  Bu vəsait hesabına 3,9 milyard manatlıq əsaslı kapital qoyuluşu həyata keçirilib. Hesabat dövründə 1 milyon 670 min kvadratmetr mənzil tikintisi reallaşdırılıb. Başqa sözlə, 13 min mənzil tikilib istifadəyə verilib. Məktəb, xəstəxanalar, uşaq bağçaları və digər ictimai xidmət üçün nəzərdə tutulan obyektlərin inşası başa çatdırılıb. Bu, bir tərəfdən dövlət, digər tərəfdən isə tikinti sahəsində fəaliyyət göstərən sahibkarların vəsaiti hesabına icra olunub.

Tikinti sektorunun Azərbaycanın əmək bazarında da rolu böyükdür. Rəsmi statistikaya əsasən, həmin sektorda 343 min nəfər çalışır. Bu, Azərbaycanda iqtisadi fəal əhalinin 7 faizini təşkil edir.

Baş nazirin müavini, əmək müna-sibətlərinin tənzimlənməsi və koordinasiyası komissiyasının sədri Əli Əhmədov vurğulayıb ki, hazırda ölkədə yeni iqtisadi inkişaf modelinə keçidlə əlaqədar mühüm tədbirlər görülür. Strateji yol xəritələrinin qəbul edildiyini xatırladan natiq bildirib ki, nəzərdə tutulan tədbirlər ölkənin daha sürətli inkişafına müsbət təsir göstərəcək. Həmin tədbirlər sırasında ölkə Prezidentinin “Azərbaycanda əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı ilə yaradılan əmək münasibətlərinin tənzimlənməsi və koordinasiyası komissiyası mühüm önəm daşıyır. Komissiyanın qarşısında yuxarıda qeyd edildiyi kimi,  qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı çox vacib vəzifə qoyulub. Gələcəkdə bu sərəncamdan irəli gələn tədbirlərin həyata keçirilməsi üçün tikinti sektorunun da üzərinə böyük vəzifə düşür.

Baş nazirin müavini daha sonra xatırladıb ki, adıçəkilən komissiyanın qarşısında qoyulan hədəflərə nail olmaq üçün yaxın vaxtlarda tikinti sektorunda qeyri-rəsmi şəkildə məşğulluğa cəlb edilən işçilərlə əlaqədar xüsusi layihə hazırlanacaq. Bu layihə qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına müsbət təsir göstərəcək.

Əli Əhmədov çıxışının sonunda bildirib ki, qeyri-rəsmi məşğulluq anlayışının aradan qaldırılmasına tədricən nail olmaq mümkündür. Bu problemə daha çox tikinti sektorunda rast gəlinir. Bu da işçilər qarşısında bir sıra öhdəliklərin yerinə yetirilməsini çətinləşdirir. Başqa sözlə, bu yolla işəgötürənlər vergi, sosial və digər məcburi ödənişlərdən yayınırlar. Qeyri-rəsmi məşğulluq aradan qaldırıldığı təqdirdə həmin çətinliklər də aradan qalxacaq.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında