Yevlax Gömrük İdarəsində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin “Gömrük xidməti ilə biznes subyektlərinin nümayəndələrindən ibarət ictimai şuraların yaradılması” haqqında sərəncamına əsasən təşkil olunmuş İctimai Şuranın “Qeyri-neft məhsullarının istehsalının və ixrac potensialının artırılması” mövzusunda görüşü keçirilib.
Tədbirdə Yevlax Gömrük İdarəsinin ərazisində fəaliyyət göstərən sahibkarlarla yanaşı, Dövlət Fitosanitar Nəzarəti və Dövlət Baytarlıq Nəzarəti xidmətlərinin Yevlax şəhəri üzrə nümayəndələri iştirak ediblər.
Görüşdə gömrük orqanları tərəfindən xarici ticarətin asanlaşdırılması və daxili bazarın qorunması istiqamətində görülən işlər, gömrük ödənişləri zamanı sahibkarlara tətbiq olunan güzəştlər, göstərilən elektron gömrük xidmətləri haqqında məlumat verilib. Əlaqəli dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin dəyərləndirildiyi tədbirdə, həmçinin iş adamlarına xarici iqtisadi fəaliyyətin inkişaf etdirilməsi, dövlətin iqtisadi təhlükəsizliyinin, iqtisadi maraqlarının qorunması, ticarət dövriyyəsinin sürətləndirilməsi, o cümlədən daxili istehsalın stimullaşdırılması və ixrac potensialının inkişaf etdirilməsi məqsədilə aparılan islahatlar, qanunvericilik bazasının daha da təkmilləşdirilməsi və biznes subyektləri üçün əlverişli infrastrukturun qurulması üçün görülən işlər barədə məlumat verilib.
Yevlax Gömrük İdarəsinin rəisi Arif Mehdiyev tədbiri giriş sözü ilə açaraq, görüşün mahiyyətindən, müzakirə olunacaq məsələlər barədə məlumat verib. O, həmçinin Azərbaycan iqtisadiyyatının inkişafında və qeyri-neft sektorunun şaxələndirilməsində özəl sektorun xüsusi rolundan və bu baxımdan sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən söhbət açıb.
Tədbirdə idarənin yük şöbəsinin rəisi Nurlan Nuriyev çıxış edərək Prezident İlham Əliyevin “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq Azərbaycanda innovativ sahibkarlığın stimullaşdırılması və inkişafı üçün özəl bölməyə göstərilən xüsusi diqqət barədə məlumat verib, Dövlət Gömrük Komitəsi tərəfindən son illərdə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, biznes subyektlərinə dəstəyin genişləndirilməsi ilə bağlı görülmüş işlərdən danışıb.
Qeyd olunub ki, gömrük sistemində qanunvericiliyin təkmilləşdirilməsi, "bir pəncərə" prinsipinin tətbiqi xidmətlərin elektron qaydada həyata keçirilməsinin rəsmiləşdirilməsini asanlaşdırmaqla yanaşı, həm də prosesin sürətləndirilməsinə imkan yaradır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Yevlax rayonlararası bitkilərin karantini məntəqəsinin rəisi Habil Qəhrəmanov çıxış edərək bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısının alınmasına, xəstəliklərin aradan qaldırılmasına, məhsul itkisinə yol verilməməsinə, ətraf mühitin və əhalinin sağlamlığının, habelə flora və faunanın pestisidlərin, digər zəhərli kimyəvi maddələrin zərərli təsirindən qorunmasına yönəldilmiş bitki mühafizəsi tədbirləri və bu sahədə sahibkarlara göstərilən dəstək barədə ətraflı məlumat verib.
Dövlət Baytarlıq Nəzarəti Xidməti Yevlax Rayon Baytarlıq İdarəsinin rəisi Vaqif Kərimov isə çıxışında Azərbaycan Respublikası ərazisində bütün növ heyvanların (mal-qaranın, quşların, xəzdərili heyvanların, balıqların, arıların, vəhşi heyvanların) müxtəlif xəstəliklərdən qorunmasını və onların müalicəsini, əhalinin insan və heyvanlar üçün ümumi olan xəstəliklərdən qorunmasını, ölkə ərazisinin xarici dövlətlərdən keçə biləcək yoluxucu xəstəliklərdən mühafizə edilməsini təmin etmək, heyvan mənşəli məhsulların və xammalın zəruri baytarlıq (baytarlıq-sanitariya) keyfiyyətinə nəzarəti həyata keçirmək, ölkənin epizootik vəziyyətinin sabitliyini təmin etmək, bu sahədə sahibkarlara verilən dəstək məsələlərinə toxunub.
Tədbirdə çıxış edən sahibkarlar gördükləri işlər barədə məlumat verərək hazırda xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlıq subyektlərinin dəstəklənməsi məqsədilə əlaqəli dövlət qurumları tərəfindən görülən işlərə, həmçinin sahibkarlıq fəaliyyətinin düzgün istiqamətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyan belə bir görüşün keçirilməsinə görə minnətdarlıqlarını bildiriblər.
M.YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.