Ölkəmizdə tütünçülük sahəsi böyük ixrac potensialına malikdir

Azərbaycan Respublikasının Prezidenti, möhtərəm İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsi  bütün sahibkarlar kimi, mənim də heç zaman unuda bilməyəcəyim faktlarla zəngin oldu. Çünki orada cənab Prezident ölkəmizin ixrac edə biləcəyi bütün məhsullar haqqında əhatəli şəkildə danışmaqla yanaşı, həm də bütün sahibkarlara və fermerlərə yüksək səviyyədə şərait yaradılacağını söylədi. Əslində, dövlət bizim  üçün lazım olan şəraiti yaradıb. Əks-təqdirdə biz indiki uğurlara nail ola bilməzdik. Ancaq Yevlaxdakı müşavirədə bir daha qeyd edildi ki, istənilən sahibkar və ya fermer dövlətin ixrac məhsulları istehsalı siyasətinin icrasına kömək etməlidir və bu sahədə çalışanların hamısı dövlət qayğısı ilə təmin olunmalıdır. Mən  həmin müşavirənin materiallarından danışarkən, daha çox özümüzə aid olan sahə barədə söz açmaq istəyirəm.

Cənab Prezident müşavirədəki nitqində dedi: “Tütünçülüyün böyük potensialı var. Biz bu sahəni də bərpa etməliyik. Sovet vaxtında indikindən 10 dəfə, bəlkə də ondan da çox tütün tədarük edilirdi. İndi bu il 3 min hektarda tütün əkilibdir və təqribən 3-4 min ton quru tütün tədarük ediləcək. Biz bu rəqəmi qısa müddət ərzində 10 min ton səviyyəsinə qaldırmalıyıq. Buna da nail olmaq mümkündür. Pambıqçılıqda olduğu kimi, subsidiyalar verilir. Əlbəttə ki, yeni, müasir siqaret fabriklərinin tikintisi də nəzərdə tutulmalıdır. Ona görə yox ki, bizim vətəndaşlar daha çox siqaret çəksinlər, xeyr, siqaret çəkmək çox pis vərdişdir. Mən özüm siqaret çəkmirəm, heç kimə də məsləhət görmürəm. Ümid edirəm ki, Azərbaycanda siqaret çəkənlərin sayı azalacaq. Ancaq bunun ixracı çox gəlir gətirən bir sahədir və təbii şəraiti olan ölkədə tütünçülüyün inkişaf etdirilməməsi başadüşülən deyil. Ona görə, biz tezliklə bu sahədə ciddi artıma nail olmalıyıq. Mən real rəqəmi səsləndirirəm. Bir daha demək istəyirəm ki, 10 min ton quru tütünün tədarükü real rəqəmdir”.

Bəri başdan deyim ki, rəhbərlik etdiyim cəmiyyət Azərbaycan iqtisadiyyatının daha  da  gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin icraçılarından biri kimi fəaliyyət göstərir. Xatırladım ki, "İnter Tobacco" MMC 2010-cu ildə – Zaqatala rayonunun Yuxarı Tala kəndində  müasir texnologiya əsasında   tütün emalı zavodu kimi tikilərək istifadəyə verilmişdir. İki hektardan çox ərazidə inşa olunan zavodun illik emal gücü 3300-3600 tondur. Ərazisi 7800  kvadratmetr  olan  istehsal  sahəsində  tütün  emalının  bütün  prosesləri həyata keçirilir.

Müəssisənin  istehsal  parametrlərinə uyğun olaraq,  sürətli emal  prosesinə keçilməsi nəticəsində zavod rəqabətədavamlı məhsullarını həm daxili, həm də xarici bazara çıxara bilir.

Zavodun bu rayonda tikilməsi də təsadüfi deyil. Çünki  tütünçülük Zaqatala rayonunun iqtisadiyyatında  mühüm yer tutur. Zavod həm Zaqatalada,  həm də ətrafda olan Balakən, Şəki, Qax və Oğuz rayonlarında kənd təsərrüfatının bu sahəsinin sürətli inkişafına şərait yaradır. Eyni zamanda, bu müəssisə ölkədə tütün sənayesinin daha da inkişafında mühüm əhəmiyyətə malikdir.

 Bir faktı da qeyd  edim. Əgər 2007-ci ildə  Zaqatala, Qax və Şəki rayonlarında ümumilikdə  102 hektar sahədə tütün əkilmişdisə, 2010-cu ildə əkin sahələri artırılaraq 950 hektara çatdırılmışdır. Lakin məhsul istehsalının artırılması üçün əkin sahəsinin genişləndirilməsinə ciddi ehtiyac vardır. Müəssisənin əsas istehsal sexində Amerikanın və İtaliyanın şirkətlərindən alınmış, müasir texnologiyalarla işləyən avadanlıqlar quraşdırılıb.

Bundan əlavə, “İnter Tobacco” MMC Zaqatala, Şəki və Qax rayonları ərazisində Bolqarıstandan alınıb quraşdırılmış 180 tütünqurutma kamerasından ibarət 3 tütün qəbulu-qurudulması məntəqəsi inşa edib.  Həmçinin, tütün şitillərinin yetişdirilməsi üçün Amerika texnologiyası ilə işləyən 14 istixana da quraşdırılaraq  istifadəyə verilib.

  “İnter Tobacco” MMC 2017-ci ildə 180  hektardan çox  sahədə “Virciniya”, 228,3 hektar sahədə “Berley” tipli olmaqla, cəmi 2 min 328  hektar sahədə tütün  yetişdirərək emal olunmasını planlaşdırır. Zaqatala rayonunda  675,6, Qaxda 517, Balakəndə  163,3, Şəkidə 572, Oğuzda 15, Tovuzda 50, Yardımlıda isə 40 hektar  sahədə tütün yetişdirilməsi nəzərdə tutulur.                                                                                                

Sahənin inkişaf  etdirilməsi “İnter Tobacco MMC , bank və fermerlər arasında üçtərəfli müqavilələr bağlanılmaqla, fermerlərə ayrılacaq kredit hesabına cəmiyyət tərəfindən tütün toxumu və yaxud hazır şitil materialı, kübrə, lazımi dərman preparatları və texniki yardımların göstərilməsi yolu ilə təmin edilməsi nəzərdə tutulur.

 Başqa bir məqamı da xatırladım. Belə ki, tütün xarici valyuta ilə ixrac olunduğu üçün devalvasiya nəzərə alınmaqla, məhsulun  yetişdirilməsində fermerlərin maddi maraqlarının təmin edilməsi məqsədi ilə tədarük qiymətlərinin 2016-cı il mövsümünə nisbətən  artırılması nəzərdə tutulur. “Virciniya” tipli tütünün minimal olaraq hər hektardan 12 ton yaşıl tütün yarpağı yığılaraq mövsüm ərzində ümumi yaşıl yarpaq yığımının  21,7 min ton, quru tütün yarpağı istehsalının 2880 ton , “Berley” tipli tütünün isə  hər hektarında 2,4 ton olmaqla 547,9 ton quru tütün   olacağı gözlənilir.

Bu isə o deməkdir ki, biz cənab Prezidentin aqrar sektor təmsilçiləri qarşısında qoyduğu vəzifələrin yerinə yetirilməsinə müəyyən töhfələr verə biləcəyik.

Fazil RÜSTƏMOV,
“İnter Tobacco” MMC-nin direktoru 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında