Son illər ölkəmizdə enerji təhlükəsizliyi məsələlərinin həlli ilə bağlı geniş tədbirlər həyata keçirilmişdir. Artıq Azərbaycan enerji təhlükəsizliyi məsələlərində nəinki bölgədə, eyni zamanda, Avropada mühüm rol oynayır. Təkcə onu demək kifayətdir ki, hazırda ölkəmiz xaricə neft, neft məhsulları, təbii qazla yanaşı, elektrik enerjisi də ixrac edir. Sevindirici haldır ki, ixracın coğrafiyası getdikcə genişlənir və dünya bazarına çıxarılan bu strateji məhsulların həcmi ilbəil artır.
Dövlətimizin enerji siyasətinin uğurla həyata keçirildiyi hazırkı şəraitdə iqtisadi cəhətdən olduqca səmərəli, ucuz başa gələn, eləcə də ətraf mühitin qorunmasında xüsusi əhəmiyyət daşıyan alternativ enerji mənbələrindən istifadə məsələsi getdikcə daha çox aktuallıq kəsb etməyə başlayır. Ölkəmizdə isə alternativ və bərpa olunan enerji növlərindən sayılan günəş, külək enerjisi, eləcə də zəngin su resurslarından istifadə etməklə elektrik enerjisi istehsalı üçün çox böyük imkanlar mövcuddur. Təsadüfi deyil ki, 2010-cu il oktyabr ayının 7-də Naxçıvan Muxtar Respublikasında səfərdə olan dövlətimizin başçısı İlham Əliyev Ordubaddakı Biləv Su Elektrik Stansiyasının açılışında demişdir: "Biz bu yaxınlarda qəbul edilmiş proqramlar əsasında bərpa olunan enerji növlərinə xüsusi diqqət veririk. Biz su, günəş, külək enerji mənbələrini yaratmalıyıq. Çünki bütün bu təbii şərait Azərbaycanda vardır və konkret proqram nəzərdə tutulub. Proqramın icrası nəticəsində Azərbaycanın bütün su mənbələrində, çaylarda kiçik həcmli su elektrik stansiyalarının tikintisi nəzərdə tutulur... Su elektrik stansiyalarının öz xüsusiyyətləri vardır. O, təbiətdən qaynaqlanan bir enerjidir, gücdür. Su mənbələrimizdən səmərəli istifadə etmək üçün Azərbaycanda çoxlu tədbirlər görülüb və bu tədbirlər ardıcıl şəkildə həllini tapır.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkənin su və külək potensialını qiymətləndirən proqram hazırlanmışdır. Azərbaycanın su resurslarının araşdırılması nəticəsində məlum olmuşdur ki, respublikanın müxtəlif bölgələrindəki dağ çayları və kanallar üzərində ümumi gücü 600 meqavat olan 300-ə yaxın kiçik su elektrik stansiyasının tikintisi üçün geniş imkanlar mövcuddur və bu obyektlərin istifadəyə verilməsi iqtisadi cəhətdən olduqca səmərəlidir.
Ötən il dövlət başçısının iştirakı ilə Göyçay, Balakən və Qusar rayonlarında üç kiçik su elektrik stansiyasının təməli qoyulmuşdur. Bundan əlavə, Prezident İlham Əliyevin xeyir-duası ilə təməli qoyulmuş gücü 25 meqavat olan Füzuli Su Elektrik Stansiyasında inşaat işləri yüksək sürətlə davam etdirilir və obyektin 2011-ci ilin ortalarında təhvil verilməsi nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikasının elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq Biləv Su Elektrik Stansiyası isə oktyabr ayında dövlət başçısı tərəfindən işə salınmışdır. Bütün bunlar onu göstərir ki, Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə dövlətin enerji siyasətinin vacib istiqamətlərindən birinə çevrilməkdədir və bu məsələ bilavasitə ölkə rəhbərinin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bu vacib məsələyə toxunan Prezident İlham Əliyev demişdir: "Biz alternativ enerji mənbələrinə böyük əhəmiyyət veririk. Su mənbələrimizdən, bütün su resurslarımızdan bu məqsədlə istifadə etməliyik. Bu il işlər görülür, təməl daşını qoyduğumuz stansiyalar tikilir. Naxçıvandakı Biləv Su Elektrik Stansiyası böyük hadisədir. O, Naxçıvanın enerji potensialını gücləndirəcəkdir. Gələn il bütün başqa rayonlarda kiçik su elektrik stansiyaları tikilməlidir. Büdcədə kifayət qədər vəsait vardır. Bu vəsaitdən səmərəli şəkildə istifadə etməliyik".
Son zamanlar daha yeddi su elektrik stansiyasının layihəsi başa çatdırılmışdır. "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyevin bildirdiyinə görə, ölkədə kiçik su elektrik stansiyalarının tikintisinin sürətlə davam etdirilməsi üçün daxili imkanlar da səfərbər olunmuşdur. Yaxın vaxtlarda kiçik su elektrik stansiyalarının tikintisində tətbiq olunacaq zəruri avadanlıqların, o cümlədən hidroturbinlərin istehsalına başlanılacaq. Bu da öz növbəsində kiçik su elektrik stansiyalarının vaxtında tikilib istifadəyə verilməsinə imkan yaradacaq. Kiçik su elektrik stansiyaları iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı, ətraf mühitin qorunmasında da müstəsna əhəmiyyətə malikdir.
Yeri gəlmişkən, Azərbaycanda alternativ enerji mənbələrindən, xüsusən ölkənin hidroresurslarından geniş istifadə edilməsi ilə əlaqədar dövlət başçısının verdiyi mühüm tapşırıqların icrası istiqamətində daha bir tədbirə start verilib. Bu yaxınlarda Yuxarı Şirvan kanalının Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən əlverişli və münasib hissəsində yeni su elektrik stansiyasının inşasına başlanılıb. Xatırladaq ki, gücü 3 meqavat olan "Göyçay-1" su elektrik stansiyasında tikinti işləri "AZENCO" ASC tərəfindən həyata keçirilir. İnşaat işlərini vaxtında və keyfiyyətlə yerinə yetirmək üçün artıq əraziyə kifayət qədər maşın və mexanizm gətirilib.
Hazırda inşaatçılar müxtəlif istiqamətlərdə iş aparırlar. Artıq bir neçə gündür ki, suqəbuledicinin şlüz hissəsində tikinti-quraşdırma işlərinə başlanılıb. Obyektin elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin edilməsi üçün əraziyə yeni transformator qoyulub, elektrik dirəkləri basdırılıb. Artıq stansiyanın özülündə aparılacaq betontökmə işlərinə də hazırlıq görülür. Bundan əlavə, inşaatçılar zəruri torpaq işləri görərək stansiyanın quraşdırılacağı yeri də hazır vəziyyətə gətiriblər. Məlumat üçün bildiririk ki, ərazidə suyun səviyyə fərqi on iki metr olacaq ki, bu da hidroaqreqatların mükəmməl işləməsinə şərait yaradacaq. Ərazidə qrunt sularının həddindən artıq olması işin sürətinə müəyyən qədər maneəçilik törətməsinə baxmayaraq, inşaatçı və quraşdırıcılar obyekti nəzərdə tutulmuş vaxtda istifadə vermək üçün səylə çalışırlar.
Qeyd etdiyimiz kimi, ölkəmizin, bütün regionlarında alternativ enerji mənbələrindən istifadə üçün əlverişli imkanlar mövcuddur. Bu imkanlardan istifadə edilməsi isə regionların enerji potensialının xeyli dərəcədə güclənməsinə səbəb olacaqdır. Məhz buna görə də "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda da bu vacib məsələyə xüsusi diqqət ayrılmışdır. Belə ki, adıçəkilən proqramda ölkənin alternativ və bərpa olunan enerji mənbələri potensialının müəyyənləşdirilməsi istiqamətində elmi-tədqiqat və layihə-axtarış işlərinin təşkili, eləcə də bu mənbələrdən səmərəli istifadə məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Ötən müddətdə həmin tədbirlərin icraçısı olan Sənaye və Energetika Nazirliyi tərəfindən bir sıra işlər görülmüşdür. Belə ki, Quba rayonunun Xınalıq kəndində alternativ enerji mənbələrindən istifadə etmək üçün Beynəlxalq Ekoenergetika Akademiyası ilə birgə avadanlıqların quraşdırılması və müvafiq ərazilərin seçilməsi məqsədilə nazirlikdə elmi-tədqiqat işləri aparılmışdır. Bundan əlavə, Azərbaycan Mühəndislik Akademiyası və Beynəlxalq Ekoenergetika Akademiyası tərəfindən "Azərbaycan Respublikası Quba rayonunun Xınalıq kəndinin elektrik enerjisi və qaz təchizatı üçün alternativ enerji mənbələrindən istifadə etməklə Hibrid sisteminin yaradılması" layihəsi hazırlanmışdır. Həmin layihədə yerli alternativ enerji mənbələrinin potensialı açıqlanmış və texniki istifadə məqsədilə ayrı-ayrı mənbələr üzrə araşdırmalar aparılmışdır. Hazırda Sənaye və Energetika Nazirliyi Şəki, İsmayıllı, Quba, Oğuz və digər rayonların icra hakimiyyətləri ilə birlikdə bəndsiz kiçik su elektrik stansiyalarının inşası üzrə səmərəli su resurslarının təyin edilməsi, tikiləcək stansiyaların güclərinin və onların yerlərinin müəyyənləşdirilməsi istiqamətində intensiv tədqiqat işləri aparırlar. Yeri gəlmişkən, bu işlərə Avstriyanın "Methanco Energy", Almaniyanın "Noblika", "Azərbaycan Alyans Energy LLC" və s. şirkətlər də cəlb olunmuşdur.
Aparılmış son tədqiqatların nəticəsi olaraq Oğuz rayonu üzrə 124 meqavat Şəki rayonu üzrə isə 60 meqavat ilkin resurslar proqnozlaşdırılır. Yaxın vaxtlarda həmçinin Quba rayonunda gücü 1,2 meqavat olan Nügədi kiçik su elektrik stansiyası sistemə qoşulacaqdır.
Ölkəmizdə alternativ enerji mənbələrindən istifadənin stimullaşdırılması məqsədilə də mühüm tədbirlər həyata keçirilir. Belə ki, hazırda Sənaye və Energetika Nazirliyi alternativ enerji mənbələrindən istifadə sahəsində Avropa İttifaqı, Asiya İnkişaf Bankı, BMT-nin İnkişaf Proqramı, Almaniyanın "Baumgartner GmbH" və Şotlandiyanın "Brumac" şirkətləri ilə əməkdaşlıq edir. Eyni zamanda, Azərbaycan alternativ enerji mənbələrinin inkişafı və bu sahədə dünya ölkələri ilə yaxından əməkdaşlıq edilməsi üçün 2009-cu il iyunun 10-da Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinə üzv olmuşdur. Ötən ilin avqust ayında isə Sənaye və Energetika Nazirliyi ilə Ukrayna Sənaye Siyasəti Nazirliyinin "FİNPROM" dövlət müəssisəsi arasında anlaşma haqqında niyyət protokolu imzalanmışdır. Protokolun şərtlərinə görə, "FİNPROM" yerli şirkətlərlə birgə Bakı şəhərində illik gücü 25 meqavat olan günəş enerji qurğularını istehsal edən müəssisənin yaradılmasını, həmçinin yerli şirkətlərlə birlikdə 5 meqavat gücündə olan günəş panellərinin Azərbaycan ərazisində quraşdırılmasını öz üzərinə götürür.
Göründüyü kimi, artıq Azərbaycanın alternativ enerji potensialından səmərəli istifadə edilməsi üçün konkret işlərin həyata keçirilməsinə başlanılmışdır ki, bu da əlavə generasiya güclərinin yaradılmasına, son nəticədə ölkəmizin enerji potensialının güclənməsinə səbəb olacaqdır.{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.