Ölkəmizdə əhalinin məşğulluğunun təmin olunması daim diqqətdə saxlanılan prioritet vəzifədir. Sosial siyasətin bu istiqamətinə mühüm önəm verilməsinin nəticəsidir ki, son 13 ildə işsizliyin və yoxsulluğun səviyyəsi dinamik olaraq aşağı düşüb, 1,5 milyon yeni iş yeri yaradılıb. Dövlət Statistika Komitəsinin bu il fevralın 1-nə olan məlumatına əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 13,4 min nəfərə şatıb. Cari ilin yanvar ayında isə muzdla işləyənlərin sayı 1 milyon 514 min, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 889,9 min, qeyri-dövlət sektorunda 624,1 min nəfər olub. Bu dövrdə iqtisadiyyatın neft sektorunda 34,1 min, qeyri-neft sektorunda 1 milyon 479,9 min nəfər çalışıb.
İşsizliyin səviyyəsinin aşağı düşməsində regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları mühüm rol oynayıb. Bunun bariz ifadəsi olaraq, belə bir faktı diqqətə çatdırmaq istərdik: III Dövlət Proqramının icrası ilə əlaqədar 2014-cü il yanvarın 1-dən bu ilin əvvəlinədək ümumilikdə 439,7 min olmaqla 351,1 min daimi iş yeri açılıb ki, onun da təxminən 75 faizi bölgələrin payına düşüb. 2016-cı ildə isə Azərbaycanda 196,5 min yeni, o cümlədən 154,9 min daimi iş yerləri yaradılıb. Daimi iş yerlərinin 9,7 faizi yeni yaradılan, 18,2 faizi mövcud, 0,8 faizi fəaliyyətini bərpa edən müəssisə və təşkilatlarda, 71,3 faizi isə fərdi sahibkarlıq subyektlərində açılıb.
Xatırladaq ki, respublikamızda işsizlərin sosial müdafiəsi də diqqət mərkəzində saxlanılır. Cari il fevral ayının 1-i vəziyyətinə görə, məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 34,2 min nəfər olub. İşsizliyə görə müavinətlərin orta məbləği 270,3 manat təşkil edib.
Yeri gəlmişkən, burada mühüm bir məqamı da xatırlatmaq istərdik. Son illər əmək bazarındakı mövcud vəziyyətə xüsusi diqqət yetirilir, işəgötürənlərlə işçilər arasında münasibətlərin hüquqi müstəvidə tənzimlənməməsi məsələsinə mühüm önəm verilir. Ona görə ki, əgər işçilərin qanuni mənafeləri qorunmasa, əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılmasa, bu, həm ölkə büdcəsinə, həm də pensiya fonduna öz mənfi təsirini göstərər. Dövlət başçısı İlham Əliyev bununla bağlı deyib: “Baxmayaraq ki, Azərbaycanda işsizlik aşağı səviyyədədir, ancaq hələ də işsizlik var və bəzi hallarda bu işsizlik reallığı əks etdirmir. Çünki heç kəs üçün sirr deyil ki, qeydiyyata düşməyən, amma müəyyən işlərdə, tikintidə işləyənlər, maaş alanlar vardır. Ancaq heç yerdə bunun qeydiyyatı aparılmır. Yəni belə hallar var və müvafiq göstərişlər verilibdir ki, bu sahədə də şəffaflıq tam şəkildə təmin edilsin və beləliklə, ölkə büdcəsinə daha da böyük vəsait daxil ediləcəkdir, o cümlədən pensiya fonduna. Beləliklə, bu sahədə də qayda-qanun yaradılmalıdır, birdəfəlik və tam şəkildə”.
Ölkəmizdə əhalinin məşğulluğunun təmin edilməsindən danışarkən, bir məqama da toxunmaq istərdik. Prezident İlham Əliyevin 17 mart 2017-ci il tarixli “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamında göstərilir ki, respublikada əmək hüquqlarının qorunması, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin təmin edilməsi sosial-iqtisadi siyasətin prioritet istiqamətləridir. Bu məsələlərə xüsusi əhəmiyyət verilməsinin nəticəsidir ki, son illər dövlət tərəfindən əmək münasibətləri iştirakçılarının hüquq və bərabərliyinin təmin olunması, qanuni mənafelərinin qorunması, əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminatın yaradılması ilə bağlı sistemli və məqsədyönlü tədbirlər həyata keçirilib. Buna görə də iqtisadi artımın bazasında əhalinin gəlir əldə etmək imkanları daha da genişlənib, makroiqtisadi sabitliyin təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, sosial müdafiə mexanizmlərinin ölkənin iqtisadi mühitinə inteqrasiyasının prioritet kimi müəyyən olunması iqtisadiyyatın sosialyönümlüyünü daha da artırıb.
Sadalanan məqamların əyani ifadəsi kimi son 10 ilin bəzi göstəricilərinə nəzər salaq. Sözügedən dövrdə minimum əməkhaqqının səviyyəsi 3,5, ölkə üzrə orta aylıq əməkhaqqı 3,3, əmək pensiyalarının baza hissəsi 3,1, orta aylıq pensiya 4,7 dəfə artıb. Nəticə etibarilə ölkədə yoxsulluğun səviyyəsi 6, işsizlik səviyyəsi 5 faizdən aşağı enib.
Onu da deyək ki, Prezident İlham Əliyevin yuxarıda adıçəkilən sərəncamına əsasən, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılıb. Bundan əsas məqsəd isə ölkədə işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, habelə əmək münasibətləri iştirakçılarının digər əmək hüquqlarının və təminatlarının səmərəli müdafiəsinin təmin olunması və bu sahədə dövlət orqanları arasında koordinasiya olunan siyasətin həyata keçirilməsini təmin etməkdir.
Etiraf edilməlidir ki, buna qədər də respublikada işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı müsbət nəticələr əldə olunub. Belə ki, son on il ərzində Azərbaycanda tətbiq edilən və dövlət sosial sığorta sistemində fərdi uçota əsaslanan yeni sığorta-pensiya sistemi işçilərin pensiya və digər sosial təminatlarının daha səmərəli reallaşdırılmasına imkan verib. Başqa sözlə, əvvəlki illərdən fərqli olaraq, vətəndaşlar tərəfindən əmək müqaviləsinin bağlanmasına daha çox maraq göstərilməyə başlanıb. Bu da təsadüfi deyil. Çünki bu yolla onlar gələcəkdə yüksək məbləğdə pensiya almaq imkanı əldə edirlər.
Azərbaycanda dövlət sosial sığorta sistemində fərdi uçota əsaslanan yeni sığorta-pensiya sisteminin uğurla fəaliyyət göstərməsi, vətəndaşlar tərəfindən əmək müqaviləsinin bağlanmasına daha çox maraq göstərilməyə başlanması ilə diqqəti, eyni zamanda, bir neçə məqama da yönəltmək istərdik. Belə ki, bu gün sığorta-pensiya sistemi hər bir vətəndaşın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet səhifəsində yaradılan müştəri xidmətləri sisteminə daxil olaraq öz fərdi hesabı barədə məlumat almasına, pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablaya bilməsinə imkan verir. Eləcə də pensiya yaşına çatmış şəxslər hər hansı sənəd toplamadan və vaxt itirmədən nazirliyin “Çağrı mərkəzi”nə zəng vurmaqla real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilirlər. Bu sahədə reallaşdırılan islahatlar beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Məsələn, Stokholm şəhərində keçirilən Avropa Regional Sosial Təminat Forumunda Azərbaycanın “Çağrı mərkəzi” vasitəsilə avtomatlaşdırılan pensiya təyinatı” adlı müsbət təcrübəsi müstəqil komissiya tərəfindən xüsusi sertifikata layiq görülüb və Beynəlxalq Sosial Təminat Assosiasiyasının Müsbət Təcrübələr məlumat bankına daxil edilib.
Azərbaycanda fərdi uçota əsaslanan yeni sığorta-pensiya sisteminin fəaliyyətə başlaması sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsində funksiyaların bir-birini tamamladığı vahid mexanizmin formalaşması ilə nəticələnib. Məhz elə buna görə də 2006-cı illə müqayisədə sosial sığorta ödəyicisi olan sığortaolunanların sayı ötən dövrdə 3 dəfədən çox artaraq 3 milyon 300 min nəfəri ötüb. Bununla yanaşı, sözügedən dövrdə əmək pensiyasının baza hissəsinin məbləği 4,4 dəfə, pensiyaların orta aylıq məbləği isə 6 dəfədən çox artıb.
Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində də Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli işçi qüvvəsi ilə təmin olunması, əmək bazarında çevik siyasətin həyata keçirilməsini təmin edən institutlar vasitəsilə sosial dialoqun inkişafı və inklüziv məşğulluğun artmasına nail olunması, habelə əmək resurslarından səmərəli istifadə nəticəsində əmək məhsuldarlığı səviyyəsinin yüksəldilməsi əsas strateji hədəf və prioritetlər kimi müəyyən edilib. Bu vəzifələri reallaşdırmaq üçün hazırda respublikada qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması və iqtisadi fəallığın yüksəldilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.