“Made in Azerbaijan” brendi bu gün dünyada şöhrət qazanır

Son illər dünyada iqtisadi böhranın davam etməsinə baxmayaraq Azərbaycan iqtisadiyyatının diversifikasiyası, dövlətin investisiya siyasəti, ixrac perspektivləri yeni mərhələyə qədəm qoymaqdadır. Belə ki, bu ilin əvvəllərindən başlayaraq həyata keçirilən yeni iqtisadi siyasətin əsas istiqamətlərindən biri də sahibkarlığın inkişafı və genişləndirilməsidir. Prezident dəfələrlə bildirmişdir ki, Azərbaycanda sahibkarlığa diqqət dövlət səviyyəsindədir və bütün məmurlar bu qayğının icrasına məsuliyyət daşıyırlar. Milli sahibkarlığın inkişafına dəstəyin göstərilməsi Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritetlərindəndir.

Bu istiqamətdə uğurla həyata keçirilən islahatların məqsədi ixracın genişləndirilməsinə söykənən, iqtisadiyyatın şaxələndirilməsi və “Made in Azerbaijan” brendi altında qeyri-neft məhsullarının istehsalının və xarici ölkələrə satılmasının təşviqidir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların xarici bazarlarda “Made in Azerbaijan” brendi altında təşviqi istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən kompleks            tədbirlər  görülməkdədir.

Məlumdur ki, Prezident İlham Əliyevin “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 18 yanvar 2016-cı il tarixli sərəncamına əsasən bu sahədə qarşıya qoyulan vəzifələrdən biri də “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi idi. Keçən il oktyabrın 5-də Prezident İlham Əliyev “Xarici ölkələrə ixrac missiyalarının təşkili, xarici bazarların araşdırılması və marketinq fəaliyyəti, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər alması, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Fərmanla yerli məhsulların xarici bazarlara çıxarılması işinin təşkili, bazarların araşdırılması, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə çəkilən xərclərin dövlət hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi qaydası, həmçinin Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı görülmüş işlər barədə hesabat forması təsdiq edilib.

Qeyd edək ki, həmin sənəddə “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi və marketinq fəaliyyətinin dəstəklənməsi daha geniş yer alıb. Bu məqsədlə sahibkarların beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə və ya fərdi qaydada iştirak etməsini təmin etmək, “Made in Azerbaijan” brendinin təşviqi üzrə isə dövlət mülkiyyətində olan hüquqi şəxslər vasitəsilə xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda, o cümlədən rüsumsuz ticarət (“duty free”) mağazalarında rəflərin təşkili və xarici ölkələrin ictimai yerlərində, kütləvi informasiya vasitələrində təbliği üçün tədbirlər həyata keçiriləcək. Bu zaman ödənilən dəstək məbləğinə “Made in Azerbaijan” brendinin təşviqi üzrə reklam kampaniyasının həyata       keçirilməsi xərcləri daxildir.

İqtisadiyyat Nazirliyinin Kollegiyasının 18 oktyabr tarixli qərarına əsasən isə “Made in Azerbaijan” brendi təşviq ediləcək xarici ölkələrin, həmin ölkələrdə reklam yerləşdiriləcək ictimai yerlərin və kütləvi informasiya vasitələrinin müəyyən edilməsi meyarları” təsdiq edilib. Beləliklə, qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı qəbul edilmiş bu qərarlar qeyri-neft sektoruna dəstək olmaqla ixracın stimullaşdırılmasına əhəmiyyətli təkan verməkdədir.

 Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində dövlət başçısı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və “Made in Azerbaijan” brendi barədə mühüm fikirlər söylədi. Prezident bildirdi ki, Azərbaycan öz iqtisadi potensialını şaxələndirə bilib. Hazırda qeyri-neft sektorumuz iqtisadiyyatımızın təxminən 65 faizini təmin edir. İxracatda isə biz bunu hələ ki, deyə bilmərik. İxracımızın böyük hissəsi hələ ki, neft və qazla bağlıdır. Bu da, yəqin ki, indiki dövr üçün təbiidir. Çünki biz neft-qaz potensialımızı artırırıq. Ancaq qarşıda duran vəzifələrdən biri də odur ki, biz ixracda da şaxələndirməyə nail olaq. Necə ki, buna ümumi daxili məhsulda nail olmuşuq, ixracda da buna nail olmalıyıq.

Bundan əlavə, dövlət başçısı qeyd etdi ki, “Made in Azerbaijan” brendini dünyada tanıtdırmaq üçün praktiki addımlar atılır. Artıq bu brend dünyada şöhrət qazanır. Əlbəttə ki, dövlət tərəfindən təşkil edilmiş sərgilərdə sahibkarların iştirakı gözəl nəticələrə gətirib çıxarır: “Mənə verilən məlumata görə, bir neçə sərgidə artıq kontraktlar da imzalanmışdır. Əgər biz bu sərgilərdə iştirak etməsəydik, kontraktlar da imzalanmazdı. Yəni biz gördük ki, sahibkarlara əlavə kömək göstərilməlidir”.

Brend barədə danışarkən dövlət başçısı bildirdi ki, mən artıq qeyd etmişəm, kreditlər verilir, fermerlər torpaq vergisindən başqa bütün vergilərdən azaddırlar. Texnika alınır, güzəştli şərtlərlə gübrələr, yanacaq, subsidiyalar verilir. Bütün bunlar qeyri-neft sektorumuzu canlandırdı. Ancaq sahibkarlara əlavə dəstək verilməlidir ki, onlar artıq öz məhsullarını xarici bazarlara çıxarsınlar. Çünki bu, onlara da, dövlətə də lazımdır. Bu, ölkəmizə valyuta gətirir. Ona görə, biz bu sərgilərdə iştirakımızı genişləndirməyə başladıq. Xarici ölkələrə bir neçə ixrac missiyası ezam edilmişdir. Bu missiyaların da çox böyük faydası var. Qərara gəldik ki, bir neçə ölkədə Azərbaycanın ticarət evlərini yaradaq və biz artıq buna yaxınlaşırıq. Yəni, dövlət tərəfindən atılmış bütün bu addımlar, əlbəttə ki, sahibkarlar üçün yeni imkanlar yaradır.

Dövlət başçısı son illərdə əldə olunan rəqəmlərə toxunaraq qeyd etdi ki, bu ilin göstəriciləri də çox sevindiricidir: “Mən bu barədə artıq demişəm, bir daha demək istəyirəm ki, bu ilin üç ayının göstəriciləri bizi çox ruhlandırır. Bu, bir daha göstərir ki, 2016-cı ildə qəbul etdiyimiz qərarlar və başladığımız islahatlar qısa müddət ərzində öz gözəl nəticələrini vermişdir. Bu ilin üç ayında iqtisadiyyatımızın qeyri-neft sektoru 2,4 faiz artmışdır. Bu, çox yaxşı göstəricidir. Qeyri-neft sənayemiz 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artmışdır. Üç ay ərzində səksən mindən çox yeni iş yeri yaradılmışdır. Ticarət dövriyyəmiz 15 faiz, ixrac 50 faizə yaxın artmış, idxal 17 faiz azalmışdır. Kənd təsərrüfatı məhsullarının ixracı isə 44 faiz artmışdır. Müsbət saldomuz 1 milyard dollardan artıqdır. Biz üç ayda 1 milyard dollar vəsait qazanmışıq. Bizim valyuta ehtiyatlarımız artır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz il ərzində daha da böyük nəticələrə gəlib çatacağıq. Çünki götürdüyümüz bu temp və geniş vüsət almış islahatlar, o cümlədən sahibkarlar tərəfindən bizim siyasətimizə göstərilən praktiki dəstək, – onlar öz işi ilə, öz investisiyaları ilə bunu göstərirlər, – deməyə əsas verir ki, 2017-ci il çox uğurlu il olacaq. Eyni zamanda, biz yeni iqtisadi modelə keçməklə bundan sonra iqtisadiyyatımızı ancaq islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdirəcəyik”.

Ümumiyyətlə, son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara dövlət tərəfindən ciddi qayğı göstərilmiş, 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Bu kreditlər də öz növbəsində qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır. Dövlət başçısının vurğuladığı kimi, sahibkarlığa göstərilən siyasi, mənəvi, maliyyə dəstəyi və sahibkarlığın inkişafı üçün aparılan ciddi islahatlar və onlara edilən güzəştlər bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verən əsas amillərdəndir. Prezident İlham Əliyev bu barədə bildirdi ki, biz istehsalımızı daim artırmalıyıq ki, daxili tələbatı tam ödəyək və ixraca rəqabətqabiliyyətli mallar təqdim edək. Ona görə, növbəti illərdə daxili tələbatı yerli məhsullarla təmin etmək məsələləri birinci dərəcəli vəzifələrdir. Eyni zamanda, biz dövlətin dəstəyi ilə yeni bazarlara çıxış əldə etməliyik. Biz bunu edirik və edəcəyik, ixracyönümlü məhsulların həcmini artırmalıyıq. Ərzaq təhlükəsizliyi də bu iki amillə bilavasitə bağlı olan məsələdir. Biz buna da yaxınlaşırıq ki, ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək.

Beləliklə, bu gün ölkəmizdə qeyri-neft sektorunun inkişafının artırılması, kənd təsərrüfatı, tikiş-toxuculuq, maşınqayırma sənayesinin inkişafının əsas hərəkətverici qüvvəsi olan sahibkarlara göstərilən dövlət qayğısından asılıdır. Dövlətin əsas iqtisadi hədəflərindən biri də sahibkarlara dəstəyi artırmaq nəticəsində keyfiyyətli ixrac məhsullarının müxtəlifliyini təmin etmək və Azərbaycan brendinin dünya iqtisadi bazarlarında təbliğatına nail olmaqdır.

Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında