Aprelin 17-də Yevlax şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsi aqrar sahədə çalışan iş adamları tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Azərbaycanda qeyri-neft sektorunun dirçəlməsi baxımından tarixi əhəmiyyəti olan bu müşavirədə bölgələrdə ixracyönümlü müəssisələrin yaradılması da önə çəkilib. Artıq bununla bağlı əməli işlər həyata keçirilməkdədir. Lənkəran rayonunun ən böyük fermer təsərrüfatlarından olan “Yaşıl çay” FT MMC bu sahədə fəaliyyətini uğurla davam etdirir, yeni layihələrə imza atır. Təsərrüfatın rəhbəri Araz Yağubov əməkdaşımızla söhbətində demişdir:
– Möhtərəm Prezidentimiz İlham Əliyevin sədrliyi ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsini hamı kimi mən də diqqətlə izlədim. Möhtərəm Prezidentimiz bir daha Azərbaycanın hərtərəfli tərəqqisi, əhalinin güzəranının daha da yaxşılaşdırılması üçün ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişafının vacib olduğunu vurğuladı.
Qeyd edim ki, ölkəmizdə aqrar sahənin inkişafına dövlət dəstəyi getdikcə artır, bu sahədə bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilir. Aqrar sahədə istehsalçı marağını artırmaq məqsədilə gübrələr və yanacaq da son dərəcə əlverişli şərtlər əsasında paylanılır. Ən başlıcası isə, uzun illərdir ki, fermerlər torpaq vergisi istisna olmaqla bütün digər vergilərdən azaddırlar. Əlbəttə, dövlət başçımızın təbirincə desək, dünyada ikinci belə ölkə tapılmaz ki, fermerlərə bu qədər şərait yaratsın, onlara belə güzəştlər etsin. Bütün bunlar isə, heç şübhəsiz, kənd təsərrüfatının daha da inkişaf etdirilməsinə, aqrar sahədə sahibkarlıq fəaliyyətinin gücləndirilməsinə, daxili bazarda məhsul bolluğunun təmin edilməsinə hesablanmış addımlardır. Hətta yaxın illərdə Azərbaycanın kənd təsərrüfatı məhsulları ixrac edən ölkəyə çevrilməsi də başlıca hədəf olaraq seçilmişdir. Bu məqsədə çatmaq üçün isə hər cür imkan, ən başlıcası isə dövlət dəstəyi mövcuddur. Məhz Yevlax şəhərində məhsul ixracatçıları ilə keçirilən müşavirə də bu məqsədə nail olmaq üçün əsas hədəfləri müəyyənləşdirmişdir.
Müşavirədən əvvəl Prezident İlham Əliyevin imzaladığı “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında Fərmanı” və “Kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam”ı da aqrar sahənin sürətli inkişafında yeni bir mərhələ yaradır. Mən bir fermer kimi dövlət başçımızın ardıcıl şəkildə həyata keçirdiyi tədbirlərdən yararlanaraq “Yaşıl çay” Fermer Təsərrüfatı MMC-ni yaratmışam. Təsərrüfatımız çoxprofillidir. Əsas istiqamətimiz çayçılıq və heyvandarlıq olsa da, əhalinin tələbatına uyğun olaraq digər kənd təsərrüfatı məhsulları da istehsal edirik. 2006-cı ildən fəaliyyətə başlayan təsərrüfatımızın 140 hektar torpaq sahəsi vardır. Bunun 61 hektarında çay plantasiyası salmışıq. Fermamızda mal-qaranın sayını 17 başdan 300 başa çatdırmışıq. Həmçinin ötən ilin payızında 40 hektarda taxıl səpilib, 1,2 hektarda 10150 tut tingi olan bağ salınıb, qalan sahələrdə bostan bitkiləri becərilir.
Qeyri-neft sektorunun istehsal etdiyi məhsulların ixracı ilə bağlı məsələyə toxunan dövlətimizin başçısı Azərbaycan brendinin dünyada təbliğ edildiyini, ticarət-ixrac missiyalarının həyata keçirildiyini xüsusi qeyd etdi. Biz də cənab Prezidentin çağırışına qoşularaq istehsal etdiyimiz yüksək keyfiyyətli yaşıl çay yarpağını özümüzdə emal etmək üçün fəaliyyətimizi genişləndirməyə çalışırıq. Artıq mini çay emal fabrikimiz fəaliyyət göstərir. Bu sahəni daha da genişləndirmək üçün tədbirləri davam etdiririk.
Bu yaxınlarda İqtisadiyyat Nazirliyindən 2 sahə, həm çay əkini, həm də çay emalı fabriki ilə bağlı “İnvestisiya təşviqi sənədi”ni almışıq. Bu sənədlər dövlətimizin biz iş adamlarına böyük qayğısıdır. Artıq yeddi il müddətinə bütün vergilərdən azad olunmuşuq. Aldığımız İnvestisiya təşviqi sənədləri də bizə Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” qanunda nəzərdə tutulan güzəştlərdən yararlanmağa imkan verir. Bu sənədi almaqla biz mənfəət və gəlirin 50 faizinin vergisindən, əmlak və torpaq vergisindən, həmçinin idxal edəcəyimiz texnika, texnoloji avadanlıq və qurğular üzrə idxalda ƏDV-dən və idxal rüsumlarından 7 il müddətinə azad edilirik. Bir sözlə, bu, qeyri-neft sektoruna qoyulan investisiyaların artırılmasına, yeni iş yerlərinin açılmasına əlverişli zəmin yaratmaqla yanaşı, sahibkarlığın inkişafına da əhəmiyyətli töhfə verəcəkdir.
Hazırda mövcud olan mini çay emalı fabrikində ekoloji cəhətdən təmiz “Buket çayı”, Gül çayı”, “Premium”, “Feyxoa çayı”, “Narın çay” və “Ekstra” növlü çaylar istehsal olunur. Bu ildən daha 3 növdə – “Zəncəfil çayı”, “Kəklikotu çayı” və Azərbaycanda ilk dəfə olaraq Tibet texnologiyası əsasında quru çay istehsal etməyi nəzərdə tutmuşuq. Bütün fəaliyyətimizi cənab Prezidentin tələb və göstərişlərinə uyğunlaşdırmağa səy göstərməklə istehsalımızı ildən-ilə artırmağa çalışırıq.
Ötən il bizim üçün də uğurlu olmuşdur. İlk dəfə məhsul verməyə başlayan 42 hektar sahədən 90 ton yüksək keyfiyyətli çay yarpağı əldə etmişik. Bu il sahələrdən daha çox məhsul gözləyirik. İndidən payız əkinlərinə da hazırlıq aparılır. Bu məqsədlə uzun müddət dövriyyədən kənarda qalan 50 hektar torpaq sahəsində şum və digər aqrotexniki tədbirlər həyata keçirilir. Payız aylarında burada yeni çay sahələri salmaqdan ötrü 1 hektara yaxın sahədə çay tingliyi salınır. Burada ilk dəfə öz çay sahələrimizdən toplanmış yüksək keyfiyyətli toxumdan istifadə etməklə əkin aparırıq. Təsərrüfatımızda ailə üzvlərimizlə bərabər, 60-a yaxın kənd sakini çalışır ki, bunların da əksəriyyəti qadınlardır. Başlıca məqsədimiz çay sahələrimizi 100 hektara çatdırmaq, Lənkəran çayının əvvəlki şöhrətini bərpa etməkdir. Möhtərəm Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dediyi kimi: “Bir sözlə, kənd təsərrüfatı ilə bağlı məsələlər xüsusi diqqət tələb edir. Ona görə, mən bu məsələyə bu gün də ümumiyyətlə, çox böyük diqqət ayırıram. Çünki bu sahə həm məşğulluqdur, həm inkişafdır, həm ixracdır”. Biz fermerlər də yeni iş yerləri yaratmaqla məşğulluğu təmin edir, keyfiyyətli məhsul istehsal etməklə ölkədə ərzaq bolluğu yaradır və xarici bazarlara yol tapmaqla ölkəyə valyuta gətiririk.
Qeyd edim ki, “Yaşıl çay” FT MMC olaraq Bakı şəhərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış-yarmarkalarında mütəmadi olaraq iştirak edirik. Novruz bayramı münasibətilə Dənizkənarı Bulvarda təşkil olunan yarmarkada təqdim etdiyimiz çay məhsulları cənab Prezident İlham Əliyevin də diqqətini cəlb etmişdir. Cənab İlham Əliyev “Yaşıl çay”ın istehsalı olan ekoloji cəhətdən təmiz çayla xüsusi maraqlandı və yeni məhsul barədə həmin vaxt Bakıda olan Beynəlxalq Forumun iştirakçılarına həvəslə məlumat verdi. Bu, möhtərəm Prezidentimiz İlham Əliyevin aqrar sahədə çalışanlara nə qədər diqqət və önəm verməsinin əyani nümayişi idi. Buna görə, öz adımdan, “Yaşıl çay” MMC-nin kollektivi adından cənab Prezidentə minnətdarlığımızı bildiririk! Bu diqqət bizdə böyük ruh yüksəkliyi yaratmışdır. Çalışacağıq ki, bundan sonra da cənab Prezidentin müşavirədəki müdrik nitqində səsləndirdiyi tapşırıq və tövsiyələri, biz aqrar sahədə çalışan iş adamlarına göstərilən yüksək etimadı və qayğını əməli işimizlə doğruldaq və işimizin həcmini və keyfiyyətini yüksəltməklə ölkəmizin ərzaq təhlükəsizliyinə öz töhfəmizi verək.
Hazırda ən ümdə məqsədlərimizdən biri çay emalı kompleksinin qurulmasıdır. Çünki ötən il istehsal etdiyimiz 90 ton yaşıl çay yarpağının çoxunu ayrı
emal müəssisəsinə verməli olmuşuq. Nəticədə təsərrüfatımız əhəmiyyətli dərəcədə öz gəlirindən məhrum oldu. Çünki onların təklif etdiyi qiymət bizi heç cür qane etmir, istehsal edilən yaşıl çay yarpağının maya dəyərini ödəmir. Mövcud mini emal fabrikimizdə isə hər il artan yaşıl çay yarpağını emal etmək mümkün deyildir. Cənab Prezidentimizin İran İslam Respublikasına səfərindən sonra İranda çay emalı və qablaşdırıcı avadanlıqlar istehsal edən “Sanat Sazan Namavar CO” müəssisəsinə baş çəkdim. Burada müasir avadanlıqlarla tanış oldum. Həmin zavoddan çay çəkici-bükücü avadanlığının alınması barədə ilkin razılaşma imzaladıq. Yeni avadanlığın alınmasıyla müəssisəmizdə mövcud çay emalı fabrikində müxtəlif çeşidli quru çay məhsullarının istehsalına nail olmağa və ekoloji cəhətdən təmiz təbii məhsullarımızı xarici ölkələrə ixrac etməyi nəzərdə tuturuq.
Xatırladım ki, Prezident İlham Əliyevin “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 18 yanvar 2016-cı il tarixli sərəncamına əsasən bu sahədə qarşıya qoyulan vəzifələrdən biri “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqidir. Oktyabrın 5-də isə Prezident İlham Əliyev “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Fərmanla yerli məhsulların xarici bazarlara çıxarılması işinin təşkili, bazarların araşdırılması, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə çəkilən xərclərin dövlət hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi qaydası, həmçinin Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı görülmüş işlər barədə hesabat forması təsdiq edilib. Bu sənəd, təbii ki, biz aqrar sahədə çalışan iş adamlarına yeni yol açır, mövcud istehsal sahələrinin daha da modernləşməsinə və daha keyfiyyətli məhsul istehsalına sövq edir.
Aprelin 17-də Yevlaxda keçirilən müşavirədə də bu gün qarşıda duran ümdə vəzifələrdən biri – ixracda həm məhsulların çeşidinin, həm də coğrafiyasının artırılmasına hesablanmışdı və cənab İlham Əliyev Azərbaycan məhsullarının yeni bazarlara çıxışını sürətləndirmək məqsədilə öz dəyərli göstəriş və tapşırıqlarını verdi. Biz sahibkarlar da cənab Prezidentin müdrik çıxışından irəli gələn tapşırıqlardan, yaradılan münbit şəraitdən bəhrələnərək, məhsul istehsalını artırmaqla yanaşı, onu keyfiyyətcə Avropa standartlarına çatdırmaqdan ötrü bütün imkanlardan maksimum və səmərəli surətdə istifadə etməklə, ölkəmizin ərzaq təhlükəsizliyinə öz töhfəmizi verməyə çalışırıq.
Araz Yağubov,
“Yaşıl çay”
FT MMC-nin direktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.