“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq son illər “Azəriqaz” İstehsalat Birliyi respublikanın yaşayış məntəqələrinə təbii qaz verilməsinin bərpası, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, qaz kəmərlərinin və avadanlıqların təmiri və yenidənqurulması istiqamətində geniş miqyaslı işlər görmüşdür.
2017-ci ildə qaz təsərrüfatı infrastrukturunun genişləndirilməsi işləri uğurla həyata keçirilir. Belə ki, ilk növbədə, kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin çəkilməsi, kəmərlər üzərində quraşdırılmış avadanlıqların yeniləri ilə əvəz edilməsi, sonrakı mərhələdə isə mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidən qurulması, eləcə də hər bir istehlakçının mənzilinə yeni qaz sayğaclarının quraşdırılması işləri davam etdirilir. Respublika ərazisində, o cümlədən Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması və istismara yararsız vəziyyətdə olan qaz kəmərlərinin yenidən qurulması məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2017-ci ilin 1-ci rübündə görülmüş məqsədyönlü işlər öz müsbət nəticəsini göstərir.
Respublika ərazisində cari ilin yanvar-mart aylarında 852,9 km müxtəlif diametrli yeni qaz kəmərləri çəkilmiş, 46,2 km qaz kəməri əsaslı təmir edilmiş, yeni qazlaşdırma və qaz təminatının bərpası istiqamətində işlərin nəticəsi olaraq, Goranboy, Quba, Qusar, Oğuz, İmişli, Sabirabad və Biləsuvar rayonları üzrə 18 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilmişdir.
Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilmişdir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır. Xidmət ərazilərində əhali sektoru abonentlərinin, sənaye müəssisələrinin və təşkilatlarının qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə normativ-texniki sənədlərə uyğun yeni qaz ölçü qovşaqlarının tikintisi işləri aparılır və istismara verilir.
İstehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, eləcə də abonent bazasının daha da genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, 2017-cı ilin yanvar-mart ayları ərzində İB-də əhali sektoru üzrə 27 554 yeni abonent qeydiyyata alınmışdır ki, bunun da 12 570-i Bakı, Abşeron və Sumqayıt, 14 984-ü isə regionlar üzrədir.
Ölkə üzrə təbii qazla təmin edilən abonentlərin sayı 2 036 014-ə çatmışdır. 2017-ci il aprelin 1-nə olan məlumata görə, qeyri-əhali sektoru üzrə 422 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılmışdır.
Yeni abonentlərin sayının artmasında cari ildə qazlaşdırılmış və qaz təminatı bərpa olunmuş yaşayış məntəqələri də mühüm rol oynayır. Bununla yanaşı, istehlakçıların dayanıqlı qaz təchizatının təmin edilməsi, təbii qazdan təhlükəsiz istifadə olunması və “Qaz təsərrüfatında texniki istismar qaydaları”nın tələblərinin yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi məqsədi ilə Kütləvi İnformasiya Vasitələrində mütəxəssislərin iştirakı ilə çıxışlar, insanların kütləvi toplaşdığı yerlərdə, küçə və meydanlarda, dayanacaqlarda elanların, plakatların, lövhələrin vurulması təşkil edilir və bu istiqamətdə əməli tədbirlərin həyata keçirilməsi məqsədi ilə aidiyyəti strukturlara müvafiq tapşırıqlar verilmişdir.
Cari ilin birinci rübü ərzində birliyin operativ fəaliyyətinin nəticəsi olaraq, hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılmış və müvafiq sənədləri təqdim etmiş 93 çoxmərtəbəli binaya qaz verilməsi təmin olunmuşdur. Bu isə ümumilikdə 4903 mənzili əhatə edir. “Azəriqaz” İstehsalat Birliyi qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz verilməsinin təmin olunmasında hər zaman maraqlıdır.
Birliyin Çağrı mərkəzi olan “104 qaz qəza” və “185 qaynar xətt” xidmətləri tərəfindən qeydə alınmış müxtəlif xarakterli çağırışlar aidiyyəti üzrə elektron qaydada sahələrə ötürülərək icrasına müvafiq qaydada nəzarət edilir. Bu da icra olunan işlərin səmərəli təşkilinə xidmət edir.
Mərkəzin dispetçeri tərəfindən daxil olan zəng qəbul edilir, abonent haqqında məlumatlar (qəzanın baş veridiyi ünvan, əlaqə telefonu və s.) qeydiyyata alınaraq müraciətə uyğun tabeli təşkilatlara elektron formada göndərilir. Tabeli təşkilatlar müraciəti aldıqda dərhal araşdırma aparır, araşdırmaya uyğun ünvana briqada göndərir və çatışmamazlıqlar aradan qaldırılır. İş başa çatdıqdan sonra isə işin icrası barədə müvafiq strukturlara və abonentə məlumat verilir.
Birlik tərəfindən abonentlərə göstərilən xidmətlərin və vətəndaşların müraciətlərinə baxılması işinin müasir dövrün tələblərinə uyğun şəkildə səmərəli təşkili və davamlı olaraq təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
2017-cı ilin yanvar-mart ayları ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ASAN xidmət mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını təmin etmişdir.
2017-ci ilin yanvar-mart ayları ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı ASAN Komunal mərkəzinə, eləcə də 1, 2, 3, 4, 5 saylı ASAN xidmət mərkəzlərinə, həmçinin, Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən ASAN xidmət mərkəzlərinə ümumilikdə 29442 müraciət daxil olmuş və bu müraciətlərin icrası tam təmin olunmuşdur.
İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, respublikanın qaz təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə qaz şəbəkəsinin yenidənqurulması, abonentlərin qaz təchizatının bərpası ilə yanaşı yeni qaz kəmərlərinin çəkilməsi, yaşayış sahələrinin qazlaşdırılması, təbii qazdan səmərəli istifadə edilməsi “Azəriqaz” İstehsalat Birliyinin başlıca vəzifələrindən biri olmuşdur və bu istiqamətdə işlərin icrası uğurla davam etdirilir.
“Azəriqaz”İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.