Biz bu gün inamla deyə bilərik ki, Azərbaycan öz iqtisadi potensialını şaxələndirə bilib. Hazırda qeyri-neft sektorumuz iqtisadiyyatımızın təxminən 65 faizini təmin edir. İxracatda isə biz bunu hələ ki, deyə bilmərik. İxracımızın böyük hissəsi hələ ki, neft və qazla bağlıdır. Bu da yəqin ki, indiki dövr üçün təbiidir. Çünki biz neft-qaz potensialımızı artırırıq. Ancaq qarşıda duran vəzifələrdən biri də odur ki, biz ixracda da şaxələndirməyə nail olaq. Necə ki, buna ümumi daxili məhsulda nail olmuşuq, ixracda da buna nail olmalıyıq.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Son illər dünya bazarında neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi iqtisadiyyatda yeni yanaşmalara gətirib çıxarıb. Bu tendensiya neft iqtisadiyyatına malik ölkələrdə özünü daha qabarıq şəkildə büruzə verib. Azərbaycanın əsas ixrac məhsulu olan neftin qiymətinin kəskin enməsinin iqtisadiyyata təsirini neytrallaşdırmaq, ölkənin davamlı inkişafını təmin etmək məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi ilə çevik islahatlara start verilib, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı etdirilməsi prioritet elan olunub. Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev ötən müddətdə ölkə miqyasında keçirilən bütün tədbirlərdə qeyri-neft sektorunda rəqabətqabiliyyətli məhsul istehsalına nail olunması ilə bağlı konkret tövsiyə və tapşırıqlar verib. Bundan məqsəd isə, şübhəsiz, neftin ucuzlaşması fonunda ixracın strukturunda qeyri-neft məhsullarının xüsusi çəkisinin artırılmasına nail olunmasından ibarətdir.
Bununla yanaşı, ötən ilin son ayında Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində hədəf indikatorlardan biri kimi adambaşına qeyri-neft ixracının 2025-ci ildə ən azı üç dəfə artırılaraq 450 dollara çatdırılması müəyyənləşdirilib. Buna nail olunması üçün Azərbaycanda güclü potensial, konkret proqramlar, ən əsası isə siyasi iradə mövcuddur. Artıq Azərbaycan iqtisadiyyatında güclü və rəqabətqabiliyyətli qeyri-neft sektorunun yaradılması istiqamətində reallaşdırılan konkret tədbirlər müsbət nəticələr verir. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən müddətdə iqtisadi potensialını şaxələndirməyə nail olan Azərbaycanda qeyri-neft sektorunun iqtisadiyyatdakı xüsusi çəkisi 65 faizə çatıb. Bu tendensiya 2017-ci ilin birinci rübündə də davam edib, iqtisadiyyatın qeyri-neft sektorunda 2,4 faizlik artıma nail olunub. Cari ilin ilk üç ayında ölkəmizdə qeyri-neft sənayesi 2 faiz, kənd təsərrüfatı isə 3,5 faiz artıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsi də ölkənin iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı yeni prioritetlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Yeri gəlmişkən, tədbirdən öncə dövlət başçısı Aran iqtisadi rayonunun sosial-iqtisadi inkişafı baxımından xüsusi əhəmiyyət daşıyan bir neçə avtomobil yolunun, Varvara Su Elektrik Stansiyasının yenidənqurmadan sonra istismara verilməsi mərasimində, Varvara balıqartırma müəssisəsinin açılışında və Yevlaxda Aran Regional İnkişaf Mərkəzinin təqdimat mərasimində iştirak edib.
Daxili tələbatı yerli istehsal hesabına ödəməyi və ölkənin ixrac potensialını artırmağı iqtisadi inkişafın əsas istiqamətlərindən biri kimi müəyyənləşdirən dövlət başçısı bu sahədə özəl sektorun rolunu xüsusi qiymətləndirərək deyib: “Sahibkarlar yaxşı bilirlər ki, onların fəaliyyətinə dövlət tərəfindən çox böyük dəstək, həmçinin siyasi dəstək verilir. Bu gün cəmiyyətdə sahibkarlara münasibət müsbətə doğru dəyişir və əlbəttə ki, sahibkarların sosial məsuliyyəti gündəlikdə duran məsələlərdən biridir. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm. Bu, həm sahibkarlara lazımdır ki, cəmiyyət onların işini daha yüksək qiymətləndirsin, eyni zamanda, sahibkarlar da öz tərəflərindən nəinki biznes maraqları, ümumiyyətlə, ölkə qarşısında duran vəzifələrin, o cümlədən sosial vəzifələrin icrası üçün də səylərini qoysunlar. Əminəm ki, onlar maddi imkanları artdıqca bu məsələyə daha da böyük diqqət və vəsait ayıracaqlar. O ki qaldı, dövlət siyasətinə, bir daha demək istəyirəm, sahibkarlığın inkişafı bizim üçün prioritet məsələlərdən biridir... Dövlət siyasəti, sahibkarlığa göstərilən həm siyasi dəstək, mənəvi dəstək, maliyyə dəstəyi və sahibkarlığın inkişafı üçün aparılan ciddi islahatlar və onlara edilən güzəştlər bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verən əsas amillərdən biridir”. Yeri gəlmişkən, ötən müddətdə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılmış güzəştli kreditlər hesabına 51 logistik mərkəzin, 23 taxıl anbarının, 16 meyvə-tərəvəz emalı, 20 iri fermer, 23 müasir heyvandarlıq, 56 istixana, 16 üzümçülük, 23 bağçılıq və 39 quşçuluq təsərrüfatının, 10 süd emalı, digər istehsal müəssisələrinin yaradılması, son illərdə istixanaların ərazisinin dəfələrlə genişləndirilməsi aqrar sektorda ixracın artırılmasına mühüm töhfələr verib.
Azərbaycanın dinamik və tarazlı inkişafının təmin olunmasında Prezident İlham Əliyev tərəfindən qəbul olunmuş regional proqramların müstəsna əhəmiyyəti olub. Belə ki, sözügedən proqramların icrası nəticəsində regionlarda müasir infrastrukturun yaradılmasına nail olunub. Yeri gəlmişkən, dövlət başçısının qeyd etdiyi kimi, ötən müddətdə ölkə üzrə reallaşdırılan bütün infrastruktur layihələri sosial xarakter daşıyıb. Belə ki, son 13 ildə Azərbaycanda 30-a yaxın elektrik stansiyası tikilib istifadəyə verilib, enerji infrastrukturu yeniləşdirilib, yarımstansiyalar tikilib, yeni xətlər çəkilib, elektrik dirəkləri təzələnib. Bundan əlavə, iqtisadiyyatın və əhalinin “mavi yanacaq”la təminatının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb, ölkə üzrə qazlaşdırmanın səviyyəsi 92 faizə çatdırılıb. Ötən müddətdə iqtisadiyyatın inkişafı və əhalinin sosial rifahının yaxşılaşdırılması baxımından müstəsna əhəmiyyət daşıyan yol infrastrukturunun yeniləşdirilməsi sahəsində genişmiqyaslı işlər görülüb, ölkənin magistral yollarının əsaslı təmiri və ya yenilərinin çəkilməsi ilə yanaşı, kəndlərdə də müasir, rahat yollar salınıb. Son illər sosial infrastrukturun yaradılması tədbirləri çərçivəsində ölkədə 3 mindən çox məktəb, 600-dən çox xəstəxana tikilib və ya təmir edilib. Eyni zamanda, regional inkişaf proqramları çərçivəsində nəzərdə tutulmuş tədbirlərin reallaşdırılması ölkədə məşğulluq strategiyasının da uğurlu həllinə təkan verib, minlərlə yeni müəssisə yaradılıb, bir milyon 300 mini daimi olmaqla bir milyon 700 min yeni iş yeri açılıb.
Yanvar-mart ayları ərzində Azərbaycanın ticarət dövriyyəsi 15 faiz, ixrac 50 faizə yaxın artıb, idxal isə 17 faiz azalıb, xarici ticarətdə 1 milyard dollarlıq müsbət saldo əldə olunub. İlin ilk rübündə əldə edilmiş 1 milyard dollar həcmində vəsait ölkənin ümumi valyuta ehtiyatlarının artmasına səbəb olub. Rüb ərzində kənd təsərrüfatı məhsullarının ixracı sahəsində 44 faiz artıma nail olunması isə ixracda qeyri-neft sektorunun xüsusi çəkisinin artmasını sübut edən əsas amillərdəndir. Bu tendensiyanı müsbət qiymətləndirən Prezident İlham Əliyev Yevlaxda keçirilən müşavirədə deyib: “Keçən il qəbul edilmiş qərarlar, qanunlar, imzaladığım fərman və sərəncamlar iqtisadiyyatımızı daha da şaxələndirmək üçün yaxşı imkanlar yaratdı. Xüsusilə qeyri-neft ixracı ilə bağlı atılmış addımlar artıq öz gözəl nəticələrini verməkdədir. Biz təşviq sistemini tətbiq etməyə başladıq. Mən əvvəlki illərdə də bu barədə demişdim. Çünki bir neçə ölkədə təşviq sistemi özünü doğrultmuş və ixracın sürətli artımına gətirib çıxarmışdır. Biz dünyada mövcud olan ən qabaqcıl təcrübəni öyrənmişik və Azərbaycanda investisiyanın və ixracın təşviqi sistemlərini tətbiq etməyə başlamışıq. Hər iki mexanizm işə salınıb və artıq uğurla icra edilir”.
İxracın stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən sayılan “Made in Azerbaijan” brendini dünyada tanıtdırmaq üçün atılan praktiki addımlar da müsbət nəticələr verir. Dövlət başçısının qeyd etdiyi kimi, artıq bu brend dünyada şöhrət qazanır. Eyni zamanda, dövlət tərəfindən təşkil edilmiş sərgilər və o sərgilərdə sahibkarların iştirakı yaxşı nəticələrə gətirib çıxarır. Bütövlükdə isə dövlət tərəfindən verilən kreditlər, fermerlərin torpaq vergisindən başqa bütün vergilərdən azad edilməsi, xaricdən lazımi texnikaların alınması, güzəştli şərtlərlə gübrələr, yanacaq və subsidiyaların verilməsi son nəticədə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına böyük bir dinamizm, canlanma gətirib.
Bununla yanaşı, qeyri-neft sənayesi və kənd təsərrüfatı, o cümlədən fındıqçılıq, üzümçülük və şərabçılıq, tütünçülük, pambıqçılıq, baramaçılıq, ipəkçilik sahələrində, turizm və tranzit potensialının genişləndirilməsi və digər sektorların inkişaf etdirilməsi üçün mövcud qanunvericilik təkmilləşdirilib, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması təmin edilib. Qeyri-neft sektorunun inkişafına göstərilən dövlət dəstəyi nəticəsində son illər ölkəmizdə yüksək texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələr açılıb, yerli tələbatın ödənilməsi ilə bərabər, bir sıra istiqamətlər üzrə ixrac potensialı güclənməyə başlayıb. Sənaye parklarında və zonalarında müasir müəssisələrin fəaliyyətə başlaması, indiyədək verilmiş 130 investisiya təşviqi sənədi üzrə 1,2 milyard manatlıq investisiya qoyuluşunun nəzərdə tutulması, hazırda 24 rayon üzrə 142,5 min hektar ərazidə 32 aqroparkın, o cümlədən 12 heyvandarlıq kompleksinin, 20 iri bitkiçilik təsərrüfatının yaradılması və digər işlər yaxın illərdə qeyri-neft sektorunda istehsal və ixrac potensialını daha da artıracaq.
Özünütəminetmə səviyyəsi yüksək olan məhsullar üzrə yerli istehsala böyük dəstək baxımından istehsalın və ixrac potensialının genişləndirilməsi məqsədilə 84 məhsul üzrə idxala ikiillik spesifik rüsumlar tətbiq edilib. Bunun da nəticəsində cari ilin ilk rübündə ümumi idxal 17 faiz, qeyri-neft idxalı isə 20 faiz azalıb. Belə ki, hesabat dövründə spesifik rüsumlar tətbiq edilən məhsullardan sayılan sement və klinker idxalı 92 faiz, kafel-metlax idxalı 55 faiz, alçipan idxalı 49 faiz, fındıq idxalı 58 faiz, pomidor idxalı 49 faiz, armud idxalı 37 faiz, alma idxalı 33 faiz azalıb, ölkəyə ərzaqlıq yumurta və soğan idxalına isə ehtiyac duyulmayıb. Bu sahədə həyata keçirilən tədbirlər isə gələcəkdə ölkədə məhsullar üzrə təminetmə səviyyəsinin artmasına səbəb olacaqdır.
Ötən il Prezident İlham Əliyevin ixracın təşviq edilməsi sahəsində imzaladığı fərman və sərəncamlar Azərbaycanın həm iqtisadi inkişafında, həm də xarici iqtisadi əlaqələrinin genişləndirilməsində yeni mərhələnin əsasını qoyub. İxracın genişləndirilməsi, rəqabətqabiliyyətli məhsulların ənənəvi və yeni bazarlara çıxışının artırılması ilə bağlı imzalanmış sənədlərə uyğun olaraq, “İxrac təşviqinin ödənilməsi qaydası”, “İxrac təşviqi şamil olunacaq məhsulların siyahısı” və “İxrac təşviqi üzrə tətbiq olunacaq əmsallar” təsdiq olunub. İxrac təşviqi şamil olunan malların siyahısına bal, xurma, nar, qovrulmuş fındıq kimi kənd təsərrüfatı məhsulları, qurudulmuş meyvələr, konservləşdirilmiş meyvə-tərəvəz, mürəbbə və cemlər, turşular, spirtli içkilər və şərab, mineral sular və şirələr, unlu qənnadı məmulatları, habelə dəri məmulatları, ipək parçalar və xalçalar kimi digər məhsullar daxil edilib. Bütövlükdə isə qeyri-neft məhsulları ixracının təşviqi istiqamətində həyata keçirilən tədbirlər sahibkarların öz məhsullarını ixrac etməyə marağını xeyli artırıb. Təkcə onu qeyd etmək kifayətdir ki, 2017-ci ilin birinci rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft məhsullarının ixracı 8,6 faiz, o cümlədən, kənd təsərrüfatı və emalı məhsullarının ixracı 44 faiz, sənaye məhsullarının ixracı isə 25 faiz artıb. Müşavirədəki yekun nitqində ölkənin ixrac potensialının artırılması üçün növbəti illərdə ixracyönümlü müəssisələrin yaradılmasına böyük diqqət göstərilməsinin vacibliyini önə çəkən Prezident İlham Əliyev qeyd edib ki, yeni müəssisələr daxili tələbatı ödəməklə yanaşı, rəqabətqabiliyyətli məhsulların ixracına da mühüm töhfələr verməlidir. Eyni zamanda, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə gələcəkdə ödəniləcək kreditlərin də ixracyönümlü müəssisələrin yaradılmasında əhəmiyyətini vurğulayan dövlət başçısı bu məsələlərin həllində yerli icra orqanlarını fəal iştiraka səsləyib və gələcəkdə onların fəaliyyətinə veriləcək qiymət zamanı bu amilin də əsas götürüləcəyini bəyan edib.
Azərbaycanda istehsal olunan məhsulların ixracının stimullaşdırılmasıı ilə bağlı müvafiq tapşırıqlar verən Prezident İlham Əliyev, ilk növbədə, ixrac prosedurlarını sadələşdirməyin vacibliyini diqqətə çatdırıb, bu sahədə institusional tədbirlərin görülməsini və bir sıra əlavə səylərin göstərilməsini tapşırıb. Qeyd olunub ki, yaxın vaxtlarda ilkin təcrübə olaraq Belarusda Azərbaycanın ticarət evi yaradılacaq, sonrakı illərdə isə bu şəbəkə genişləndirilərək Rusiya, Ukrayna, Qazaxıstanı, hətta Asiya ölkələrini əhatə edəcək. Dövlət başçısının qeyd etdiyi kimi, bu, ölkəmizi təbliğ etmək və ixracatçılar üçün yeni imkanlar yaratmaq baxımından xüsusi əhəmiyyət daşıyacaq. Bu baxımdan ölkəmiz üçün prioritet olan ixrac bazarlarında böyük satış şəbəkələri ilə işgüzar əməkdaşlıq qurulması da gündəlikdə duran vacib məsələlərdəndir. Müşavirədə bu məsələyə toxunan ölkə Prezidenti deyib: “...Onları Azərbaycana dəvət etmək, imkanlarımızı göstərmək, bizim əsas, qabaqcıl müəssisələrə səfərlərini təşkil etmək lazımdır. Gəlib öz gözləri ilə görsünlər ki, burada həm böyük potensial var, həm də bizim məhsullarımız rəqabətqabiliyyətlidir. Əlbəttə, mən öz həmkarlarımla, başqa ölkələrin dövlət və hökumət başçıları ilə görüşlər zamanı daim bu məsələni qaldırıram. Çünki bizim ticarət dövriyyəmiz artmalıdır və mallarımız o ölkələrin bazarlarına çıxmalıdır. Əlbəttə ki, siyasi dəstək göstərilir, ancaq biz müxtəlif səviyyələrlə işləməliyik və ən yaxşı yol, yenə də deyirəm, böyük satış şəbəkələri ilə münasibətlər qurmaq və onları Azərbaycana dəvət etməkdir”. Ölkə rəhbəri “Azexport” portalını müfəssəl məlumatlarla təmin etməyin vacibliyin önə çəkərək sahibkarlara bu portala öz fəaliyyətləri haqqında məlumat yerləşdirməyi və onunla mütəmadi olaraq maraqlanmağı tövsiyə edib. Bütün bunlar isə ixrac məsələlərinin mütəşəkkil qaydada, kompleks həlli baxımından müstəsna əhəmiyyətə malikdir.
Qeyri-neft iqtisadiyyatının digər mühüm sahəsi sayılan kənd təsərrüfatı da hazırda özünün yeni inkişaf dövrünü yaşayır. Sevindirici haldır ki, ölkəmizdə bu sahədə son dərəcə geniş ixrac potensialı mövcuddur. Hazırda ölkənin 24 rayonunda dəyəri 1,1 milyard manat təşkil edən 33 aqropark yaradılır. Heç şübhəsiz, həmin parkların fəaliyyətə başlaması nəticəsində daxili bazarın kənd təsərrüfatına olan tələbatı 100 faiz ödənilməklə bərabər, çox böyük ixrac potensialı da yaranacaq. Ölkənin ixrac potensialının genişləndirilməsinə imkan yaradan suvarma layihələrinə də diqqət getdikcə artırılır. Cari ildə bunun hesabına 150 min hektar əlavə əkin sahəsinin dövriyyəyə cəlb edilməsi nəzərdə tutulur.
İxracın strukturunda əhəmiyyətli rola malik olan meyvə-tərəvəz, pambıq, üzüm, tütün və digər kənd təsərüfatı məhsullarının istehsalının genişləndirilməsi də qarşıda duran mühüm vəzifələrdəndir. Artıq dövlətin sözügedən sahələrə göstərdiyi güclü dəstək istehsalçı marağının xeyli artmasına səbəb olmuşdur. Bununla yanaşı, artıq Azərbaycan az da olsa, ət və toyuq ətinin ixracına başlamışdır ki, bu da heyvandarlıq sahəsinə marağı getdikcə artırır. Bu ilin ilk rübündə tərəvəz ixracı 45 faiz, meyvə ixracı 20 faiz, pambıq ixracı 3,6 dəfə, süd məhsulları ixracı 3,6 dəfə, spirtli və spirtsiz içki ixracı 2,3 dəfə, emal olunmuş meyvə-tərəvəz məhsulları ixracı isə 39 faiz artıb.
Heç şübhəsiz ki, Prezidenti İlham Əliyevin sədrliyi ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində səsləndirilən fikirlər, qarşıya qoyulan mühüm vəzifələr daxili tələbatı daha çox yerli məhsullarla təmin etməyə imkan yaratmaqla yanaşı, ölkəmizin ixrac potensialının da artmasına səbəb olacaqdır.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.