Azərbaycan məhsullarının xarici bazarlara çıxışı təmin olunur

Son illər dünya iqtisadiyyatında davam edən neqativ proseslərdən qaynaqlanan amillərin, xüsusilə Azərbaycanın ənənəvi əsas ixrac məhsulu olan neftin qiymətinin kəskin enməsinin iqtisadiyyata təsirini neytrallaşdırmaq, ölkənin davamlı inkişafını təmin etmək məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli islahatların mühüm istiqamətlərindən biri də qeyri-neft məhsulları ixracının artırılması, yeni bazarlara çıxışının təmin olunmasıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində bu barədə ətraflı danışılıb. Lerik rayonundakı “Elalt” MMC heyvandarlıq təsərrüfatının rəhbəri, iş adamı Gülab Abbasov söhbət zamanı dedi:

– Azərbaycan Prezidenti müşavirədə vurğulayıb ki, növbəti 3-4 il ərzində biz əsas istehlak mallarımızla özümüzü tam şəkildə təmin etməyə çalışmalıyıq. Dövlətimizin başçısı, eyni zamanda,    ixrac üçün əlavə imkanlar yaradılacağını da xüsusi vurğulayıb.

“Biz istehsalımızı daim artırmalıyıq ki, daxili tələbatı tam ödəyək və ixraca rəqabətqabiliyyətli mallar təqdim edək”, -deyən Azərbaycan Prezidenti bildirib ki, növbəti illərdə daxili tələbatı yerli məhsullarla təmin etmək məsələləri birinci dərəcəli vəzifələrdir. “Eyni zamanda, biz dövlətin dəstəyi ilə yeni bazarlara çıxış əldə etməliyik. Biz bunu edirik və edəcəyik, ixracyönümlü məhsulların həcmini artırmalıyıq. Ərzaq təhlükəsizliyi də bu iki amillə bilavasitə bağlı olan məsələdir. Biz buna da yaxınlaşırıq ki, ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək”, - deyə dövlət başçısı xatırladıb. 

Qeyd edim ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin  təşəbbüsü və rəhbərliyi ilə aparılan islahatların əsas məqsədi məhz qeyri-neft sektorunun inkişafı olub və onların uğurlu icrası sayəsində son illərdə bu sahədə dönüş əldə edilib. Ötən müddət ərzində dövlət investisiyaları hesabına rəqabətqabiliyyətli məhsul istehsalının əsas şərtləri olan etibarlı elektrik enerjisi, qaz, su, suvarma, yol-nəqliyyat və digər infrastruktur layihələri həyata keçirilib və bu istiqamətdə işlər hazırda uğurla davam etdirilir. 

Son illərdə sənaye parklarının və zonalarının, aqroparkların yaradılmasının, inzibati prosedurların sadələşdirilməsinin, dövlət xidmətlərinin göstərilməsində şəffaflığın təmin olunmasının, habelə “ASAN xidmət” mərkəzləri, Sahibkarlığa Kömək Milli Fondu, Aqrolizinq, AZPROMO, Azərbaycan İnvestisiya Şirkəti və digər təşkilatlar vasitəsilə sahibkarlığa verilən dəstəyi də xüsusilə vurğulamaq istərdim. 

Onu da deyim ki, görülən işlər nəticəsində yüksək texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələr açılıb, yerli tələbatın ödənilməsi ilə bərabər, bir sıra istiqamətlər üzrə ixrac potensialı güclənməyə başlayıb. Məsələn, indiyədək təkcə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilmiş güzəştli kreditlər hesabına 20 iri fermer, 23 müasir heyvandarlıq və digər istehsal müəssisələrinin yaradılması, son illərdə istixanaların ərazisinin dəfələrlə genişləndirilməsi aqrar sektorda ixracın artırılmasına böyük töhfə verib.

Möhtərəm Prezidentimizin məhsulların ixracının təşviqi istiqamətində verdiyi göstərişlər, fərman və sərəncamlar yerli sahibkarlarda, istehsalçılarda böyük ruh yüksəkliyi yaradıb. Hazırda ixraca verilən dövlət dəstəyi də bu sahədə öz müsbət təsirini göstərir. Qeyd etməliyəm ki, dövlət başçımızın iradəsi və dəstəyi nəticəsində Azərbaycanın əkinə yararsız on minlərlə hektar torpağı yenidən yararlı vəziyyətə gətirilib və ölkəmizin ərzaq təhlükəsizliyinə mühüm töhfə olub. Eyni zamanda, “Aqrolizinq” vasitəsilə gətirilən aqrar texnikalardan istifadə məhsuldarlığın artmasına səbəb olub. Belə ki, artıq ölkəmizin müxtəlif bölgələrində sahibkarlıq təsərrüfatlarında dünyanın məşhur şirkətlərinə məxsus müasir kənd təsərrüfatı texnikalarından istifadə edilməkdədir. Bu da kənd təsərrüfatı bitkilərinə lazımi aqrotexniki xidmətlər göstərilməsinə və məhsulun vaxtında yığılmasına şərait yaradır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev müşavirədə, yuxarıda sadalanan məsələlərlə yanaşı, eyni zamanda, heyvandarlığın inkişafı perspektivlərinə də toxunub. Dövlətimizin başçısı deyib: “Yun tədarükü məsələlərinə əvvəlki illərdə o qədər də böyük diqqət göstərilmirdi. Məndə olan məlumata görə, bizim cəmi bir fərli-başlı tədarük məntəqəmiz olub. Bizim bütün bölgələrimizdə yun tədarükü təşkil edilməlidir. Vaxt gəlib çatıb ki, Azərbaycanda böyük yun fabriki də yaradılsın. Bu sahəyə də çox ciddi diqqət göstərilməlidir. Bu, fermerlərə əlavə qazanc mənbəyi olacaq, ölkəyə isə valyuta gətirəcək.

Biz indi az da olsa ət və toyuq ətinin ixracına başlamışıq. Hələ ki, biz özümüzü toyuq əti ilə təmin edə bilmirik. Ancaq ixrac da artıq başlanıb və bu, yaxşı haldır. Ümid edirəm ki, yaxın zamanlarda özümüzü tam şəkildə təmin edəcəyik və ixrac potensialı daha da artacaq.

Heyvandarlığın inkişafı gedir, cins mal-qara gətirilir, Süni Mayalanma Mərkəzi yaradılıb. Biz bir neçə il ərzində böyük potensial yaratmalıyıq ki, özümüzü həm süd və həm də ət məhsulları ilə tam şəkildə təmin edək. Cins mal-qaranın gətirilməsi və cinsin yaxşılaşdırılması prosesi daha da geniş vüsət almalıdır. Yeni fermalar yaradılmalıdır. Sahibkarlar buna daha böyük diqqət göstərməlidirlər. Biz süd məhsulları ilə özümüzü təxminən 80 faiz səviyyəsində təmin edirik. Bir neçə il ərzində tam təmin edə bilərik”.

Ulu öndərin başladığı işlər sonrakı illərdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanın dayanıqlı və bütün sahələr üzrə inkişafını təmin edən islahatlar strategiyası ölkəmizin hərtərəfli inkişafında, qazanılan nailiyyətlərdə öz parlaq təsdiqini tapır. Respublikamızın inkişafının hazırkı mərhələsində qarşıya qoyulmuş əsas hədəflər çoxşaxəli, innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, əhalinin rifahının davamlı olaraq yaxşılaşdırılmasıdır. 

Yaradılan indiki əlverişli şəraitə, həmçinin fermer təsərrüfatlarının inkişafı istiqamətində atılan əhəmiyyətli addımlara, əhatə olunduğumuz yüksək diqqət və xüsusi qayğıya görə regionumuzun bütün iş adamları adından cənab İlham Əliyevə   öz dərin minnətdarlığımı bildirirəm. Biz iş adamları da öz növbəmizdə çalışacağıq ki, yaradılan bütün imkanlardan, göstərilən dövlət dəstəyindən maksimum yararlanıb Azərbaycanın sosial-iqtisadi inkişafına öz töhfəmizi verək.

Söhbəti qələmə aldı:
 Vaqif BAYRAMOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında