Azərbaycan fındıq ixrac edən dövlətlər arasında dördüncü yerdədir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində  və  bu il yanvarın 30-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda  bir daha qeyd  olundu  ki, fındıqçılığın inkişaf etdirilməsi dövlətin daimi diqqət mərkəzindədir.

Mən böyük məmnunluq hissi yaşayıram ki, hər iki  tədbirdə həm  iştirak, həm də  çıxış etmişəm.  Həmin  tədbirlərdə hiss etdim ki, möhtərəm  Prezidentimiz  Azərbaycanın qeyri-neft sektoruna aid olan təbii sərvətlərindən dövlətimizin maraqları və ölkə əhalisinin sosial-rifah halının yaxşılaşdırılması üçün maksimum şəkildə istifadə edilməsinə  çalışır.

Məhz onun rəhbərliyi ilə həyata keçirilən islahatlar, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması və sahibkarlara göstərilən dəstək ölkəmizdə biznes imkanlarının genişləndirilməsi və yeni investisiyalar üçün əlverişli şərait yaradıb. Təmsil etdiyim fındıqçılıq da ölkəmizin kənd təsərrüfatının ən önəmli sahələrindən biridir. Prezidentin  2016-cı il 16 noyabr tarixli sərəncamına uyğun olaraq, dövlət tərəfindən fındıq pöhrələrinin alınaraq fermerlərə pulsuz verilməsi məhsul istehsalının genişləndirilməsinə  imkan yaradır. Bununla yanaşı, fındıq istehsalçılarına verilən 10 milyon manat məbləğində güzəştli kreditlər də bu sahənin inkişafına böyük dəstəkdir.

Müşavirədə qeyd etdim ki, hazırda ölkəmizdə 50 min hektardan çox fındıq bağları mövcuddur. 2016-cı ildə yeni bağlar salınıb və bu işlər hazırda da davam etdirilir.  Yeni aqrotexniki qaydaların tətbiqini nəzərə alaraq, bu il 60 min tonadək məhsul yığılmasını və ya keçən illə müqayisədə təqribən 50 faizlik artım gözləyirik. Mən dövlət başçımıza məlumat verdim ki, Azərbaycan dünyada dördüncü fındıq ixracatçısıdır. Keçən il fındıq qeyri-neft sektoru üzrə ən böyük ixrac məhsulu olub. Belə ki, ölkəmizdən 105 milyon ABŞ dolları məbləğində fındıq ixrac olunub. Bu ilin ilk üç ayında isə 20 milyon dollar dəyərində fındıq ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisə etsək, 3 faizlik artıma nail olmuşuq. İlin sonunadək fındıq ixracında böyük həcmdə artım gözlənilir.

Mən bir məqama da toxunmaq istəyirəm. Belə ki, dövlət başçımız  təkcə adını çəkdiyim iki tədbirdə deyil, eləcə də, bütün çıxışlarında“Made in Azərbaycan” brendinin təbliği məsələsini daim diqqət mərkəzində  saxlayır. Cəmiyyət həyatında fəal iştirak edən bir şəxs  kimi şahid oluram ki, möhtərəm  Prezidentin həmin təəssübkeşliyi bütün vətəndaşlarımız, xüsusən, vəzifə sahibləri tərəfindən ən yüksək səviyyədə dəstəklənir.  Prezident tələb edir ki, biz istənilən addımı xalqın rifahı və dövlətin maraqları  naminə atmalıyıq.  Yeri gəlmişkən,  biz İqtisadiyyat Nazirliyi və
AZPROMO ilə əməkdaşlıq edərək yeni dəstək mexanizmləri, xüsusilə ixrac təşviqi və “Made in Azərbaycan” brendinin tanıdılması ilə bağlı tədbirlərdən geniş yararlanırıq.

Bir daha xatırlatmaq istəyirəm ki, bu il  Almaniya və Ukraynaya ixrac missiyaları göndərmişik, o cümlədən Almaniyada keçirilmiş “Yaşıl həftə” və Dubayda keçirilmiş “Gulfood” sərgilərində iştirak etmişik və nəticədə yeni bazarlarda müştərilər tapmışıq. Hazırda onlarla intensiv danışıqlar aparırıq. Beynəlxalq aləmdəki ekspertlərin fikrincə,  2017-ci ildə  dünya üzrə fındıq istehsalının artımı gözlənilir. Nəticədə dünya bazarında əsas fındıq istehsalçı və təchizatçı ölkələri arasında rəqabət artacaq. Bu rəqabətə davamlılığı saxlamaq üçün assosiasiyamız tərəfindən fındığın yüksək keyfiyyətinin saxlanması üçün fermer təsərrüfatları ilə təbliğat işləri aparılır və texniki dəstək göstərilir. Keyfiyyət göstəriciləri ilə yanaşı, məhsulun qiymət baxımından rəqabətqabiliyyətliyi də önəmlidir.

 Sonda qeyd edim ki, Azərbaycan həm də dünyada dördüncü fındıq ləpəsi ixracatçısıdır.  İxrac etdiyimiz məhsullarımız əsasən, İtaliya, Rusiya və Almaniyaya göndərilir. Ümumilikdə, keçən il 25-ə yaxın ölkəyə fındıq ixrac etmişik. Fəaliyyətimiz  zamanı təkcə ölkəyə maddi gəlir gətirməyi deyil, həm də Azərbaycanın adını ucaltmağı, ölkəmizi xaricdə daha keyfiyyətli mal istehsalçısı kimi tanıtmağı da düşünürük. Bu isə dövlət başçımızın tutduğu yola bizim verdiyimiz töhfədir.

İsmayıl ORUCOV, 
Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında